Artilleriyanın
generalı
1918-1920-ci illərdə mövcud
olmuş Azərbaycan Xalq
Cümhuriyyətinin dövlət quruculuğu
sahəsində əldə etdiyi çox mühüm uğurlardan biri, heç şübhəsiz ki,
qısa müddət ərzində döyüşkən bir ordunun yaradılması
oldu. Bu, Azərbaycanın
ərazi bütövlüyünə və mövcudluğuna
qarşı yönəlmiş real təhlükələrin
qarşısının alınması baxımından da böyük əhəmiyyət
kəsb edirdi. Cümhuriyyət Ordusunun çox qısa bir zamanda güclü
və döyüş qabiliyyətli orduya çevrilməsində artilleriya
generalı Səməd bəy Mehmandarovun əməyi
danılmazdır.
Səməd bəy Sadıq bəy oğlu Mehmandarov 16 oktyabr 1856-cı ildə Lənkəran qəzasında məmur ailəsində anadan olub. Orta təhsilini Bakı Realnı Məktəbində alıb. 1 sentyabr 1873-cü ildə 2-ci Konstantinovsk Hərbi Məktəbinə daxil olub və 4 avqust 1875-ci ildə həmin məktəbi artilleriya ixtisası üzrə "praporşik" (Çar ordusunda ilkin zabit hərbi rütbəsi) hərbi rütbəsində bitirib.
Hərbi məktəbdəki təhsilini tamamladıqdan sonra 12 sentyabr 1875-ci ildə 1-ci Türküstan artilleriya briqadasının 3-cü artilleriya batareyasına təyin edilib. 9 dekabr 1876-cı ildə "podporuçik", 26 dekabr 1877-ci ildə isə "poruçik" hərbi rütbələrinə layiq görülüb. Səməd bəy Mehmandarov 16 aprel 1879-cu ildə Rusiya imperiyasında müsəlmanlara qarşı sərt qaydaların olduğu bir vaxtda Sankt-Peterburq şəhərindəki Mixaylovsk Artilleriya Akademiyasında təhsil almaq üçün cəhdlər etsə də, süni maneələrə görə bu, baş tutmayıb. Amma Mehmandarov ruhdan düşməyib və hərbi xidmətini daha həvəslə davam etdirib. 31 oktyabr 1879-cu ildə Səməd bəy Mehmandarov 2-ci artilleriya briqadasının 6-cı yüngül artilleriya batareyasına təyin edilib. 18 sentyabr 1881-ci ildə isə xidmət yeri həmin briqadanın 5-ci yüngül artilleriya batareyasına dəyişdirilib. 29 noyabr 1882-ci ildə o, nümunəvi xidmətinə görə "ştabs-kapitan" hərbi rütbəsi alıb. 1 yanvar 1898-ci ildə isə "podpolkovnik" hərbi rütbəsi verilməklə, 3-cü atıcı artilleriya divizionunun 1-ci artilleriya batareyasının komandiri təyin edilib. 2 iyul 1900-cü ildən 26 mart 1901-ci ilədək Çin kompaniyasında iştirak edib. Burada fərqləndiyinə görə 31 yanvar 1901-ci ildə ona "polkovnik" hərbi rütbəsi verilib.
1904-cü ildə rus-yapon müharibəsi başlayanda Səməd bəy Mehmandarovun 48 yaşı olub. Yaponlar yanvarın 26-na keçən gecə Port-Arturda yerləşən rus eskadrilyasına hücum edərək "Retvizan", "Sesareviç" zirehli gəmilərini və "Pallada" kreyserini yandırıblar. Bununla da münaqişə başlayıb. Səməd bəy Mehmandarov ertəsi gün Yeddinci Sibir atıcı diviziyasının komandiri təyin edilib. 3 may-21 dekabr 1904-cü il tarixlərində rus-yapon müharibəsində və xüsusən də Port-Artur qalasının müdafiəsində iştirak edib. 13 oktyabr 1904-cü ildə yaponların Port-Artur qalasının 3 saylı istehkam hissəsinə hücumu zamanı başından kontuziya alıb. 13 iyul 1904-cü ildə yaponlara qarşı döyüşlərdə fərqləndiyinə görə "general-mayor" hərbi rütbəsi verilib. Topçuların əməliyyatına bacarıqla rəhbərlik edən Mehmandarov qala mühasirədə olanda həmişə ön mövqelərdə və çox təhlükəli yerlərdə sərrast atəşlə samurayların hücumunu dəf edirdi. Səməd bəy Mehmandarovun ən təhlükəli döyüşdə belə özünü itirmədiyinin şahidi olan Əliağa Şıxlinski yazır: "Oktyabrın on dördündə qala top atəşinə tutulan zaman Səməd bəy Mehmandarov mənim mövqeyimə gəldi. Həmin mövqe yaponlar tərəfindən on bir düyməli topdan, otuz yeddi millimetrlik xırda dəniz topuna qədər müxtəlif toplarla atəşə tutulmuşdu. Həm də bu mövqe yaponların tüfəng və pulemyot atəşi altında idi. Bu zaman Mehmandarovun yaxınlığında altıdüymə mərmi partladı və yerdən qalxan qara palçıq onun üstünü buladı, amma yaralanmadı. Mehmandarov buna əsla əhəmiyyət verməyərək, böyük bir soyuqqanlılıqla cibindən ağ dəsmalını çıxarıb, təzə paltosunun üzərinə sıçrayan palçığı silməyə başladı".
Bununla belə, Səməd
bəy Mehmandarov 23 dekabr
1904-cü ildən 18 noyabr 1905-ci ilədək
yapon əsirliyində olub.
Burada bir məqamı qeyd etmək
lazımdır ki, Mehmandarov
yaponların təklif etdiyi Yaponiyaya qarşı bir daha vuruşmayacaqlarına dair
öhdəliyə digər zabitlərdən fərqli olaraq imza
atmadığına görə tabeliyində olan
əsgərlərlə birlikdə əsir alınıb və
əsir düşərgəsinə göndərilib.
Əsirlikdən azad edildikdən sonra göstərdiyi
şücaətə görə onun 1
may-20 dekabr 1904-cü il
tarixlərində Port-Artur
qalasındakı xidməti Hərbi Nazirliyin
1905-ci il tarixli 351
saylı əmri ilə 1 il hesablanıb və
Hərbi Nazirliyin 1906-cı il tarixli 494 saylı əmri
ilə yapon əsirliyindəki müddəti
həqiqi hərbi xidmət illərinə sayılıb.
Əsirlikdən azad edildikdən sonra 13 dekabr 1905-ci ildə
75-ci artilleriya briqadasının komandiri təyin edilib. 13 iyul 1908-ci ildə isə "general-leytenant"
hərbi rütbəsini alıb.
Birinci Dünya
müharibəsi başladığı zaman
isə Səməd bəy Mehmandarov 21-ci piyada diviziyasına başçılıq edib. Bu illərdə Mehmandarov bir çox uğurlu əməliyyatların
öhdəsindən gələn, alman
qoşunlarına ağır zərbə vuran
istedadlı sərkərdə kimi artıq
ad-san qazana bilib. Bu müharibədə
misilsiz qələbələrə görə
Mehmandarova tam artilleriya generalı rütbəsi verilib. 1915-ci ildə o, ikinci Qafqaz ordu
korpusuna komandan təyin
edilib. General Səməd
bəy Mehmandarovun döyüşlərdə
göstərdiyi igidliyi və əsgərlərlə
xoş rəftarı haqqında onun müasirləri iftixarla
söhbət açırlar. Mayor
Hacıağa İbrahimbəyli yazırdı ki,
general Mehmandarov Birinci Dünya müharibəsi
zamanı çox böyük
şöhrət qazanıb. Vuruşmaların ən qorxulu dəqiqələrində onun misilsiz
soyuqqanlılığı və hədsiz
qoçaqlığı rus ordusunda məşhur idi.
O, təbiətən ədalətli, namuslu,
düz danışan adamları sevir, onlara kömək
göstərir, ürəyi düz olmayanlara qarşı isə amansız idi. Ona tabe
olanların hamısı ondan çəkinər,
lakin onu sevər və
ona inanardılar.
Səməd bəy Mehmandarov Birinci Dünya müharibəsində yeganə azərbaycanlı hərbi sərkərdə olaraq "Brilyantla bəzədilmiş qızıl Georgi silahı" ilə təltif olunub. 1917-ci ilin əvvəlində Rusiyanın bütün hərbi ordenləri ilə, eləcə də İngiltərənin, Fransanın, Rumıniyanın bir neçə hərbi ordenlərinə də layiq görülüb. 1917-ci il fevral burjua inqilabı baş verərkən Mehmandarov Qafqazda olub. Həmin ilin aprel ayında o, vəzifəsini həmişəlik tərk edib, bir müddət Vladiqafqaz şəhərində yaşadıqdan sonra Azərbaycana gəlib.
1918-ci il noyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Hərbi Nazirliyi bərpa etmək barədə qərar qəbul edərkən Mehmandarov Cümhuriyyət ordusunda xidmətə çağırılaraq, hərbi nazirin müavini təyin edilib. 1918-ci il dekabrın 25-də isə o, hərbi nazir vəzifəsinin icrasına başlayıb və qısa müddət ərzində 30 minlik ordu yaratmağa nail olub. Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti ordusu quruculuğunun memarı hesab oluna bilər. O, hər şeydən əvvəl, bu prosesin mahiyyətini, onun dövlət quruculuğundakı yerini dəqiqliklə müəyyənləşdirib və bütün imkanları da bu məsələlərin həllinə istiqamətləndirib. Mehmandarovun mövqeyi hakimiyyətdə təmsil olunan siyasi qüvvələr tərəfindən də yüksək qiymətləndirilib. Bunun nəticəsidir ki, Cümhuriyyətin mövcud olduğu dövrdə hökumətdə hərbi nazir portfeli yalnız ona tapşırılıb. Ordu quruculuğunun milli zəmində qurulması və aparılması Mehmandarovun hərbi nazir kimi izlədiyi əsas xətt olub. Mehmandarov orduda rəsmi dilin Azərbaycan dili olduğunu elan edərək, azərbaycanlı döyüşçülərin Vətənə sədaqət andı içmələrini təmin edib, əsgərlərin marşları Azərbaycan dilində oxumasını tələb edib, milli və tarixi rəmzləri özündə əks etdirən döyüş bayraqlarının və geyim formalarının layihələrini təsdiqləyib.
Sovet işğalından sonra isə Mehmandarov vəzifəsindən istefa
verdi. Azərbaycanın
müstəqilliyinə qənim
kəsilmiş qüvvələr
onu Gəncə üsyanının təşkilində
günahkar bilərək,
1920-ci il iyunun 4-də Ə.Şıxlinski
ilə birlikdə həbs ediblər. O, bolşevik terrorundan xilas olsa da,
Şıxlinski ilə
bərabər bir il Moskvada
yaşamaq məcburiyyətində
qalıb. 1921-ci ilin yayında isə Bakıya qayıdıb,
1924-cü ildən başlayaraq
4 il müddətində
Birləşmiş Komandirlər
məktəbində müəllim
işləyib. 1928-ci ildə Mehmandarov səhhətinə görə
orduda xidmətdən tərxis olunub və ona fərdi
dövlət təqaüdü
verilməsi müəyyən
edilib. Rus, türk və fars dillərini
yüksək səviyyədə
bilən Səməd bəy ömrünün
son üç ilində
islam tarixi və fəlsəfəsi ilə məşğul olub. 12 fevral
1931-ci ildə isə Bakıda vəfat edib və Çəmbərəkənd
qəbiristanlığında dəfn edilib.
Səməd bəy Mehmandarov
haqqında ölümündən
sonra "Sizi dünyalar qədər sevirdim", "Səməd
bəy", "Artilleriyanın
allahı sayılırdı",
"Tənha ruh",
"Cümhuriyyət generalları",
"Sərdar" filmləri
çəkilib. Aleksandr Stepanovun
"Port-Artur" və
"Zvonaryov ailəsi"
romanlarında da Səməd bəy təsvir olunub. Hazırda Bakı küçələrindən
biri və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin
tankerlərindən biri
Mehmandarovun adını
daşıyır. Çünki generalın dürüstlüyü,
Azərbaycan xalqı qarşısında göstərdiyi
təmənnasız və
sədaqətli xidmətləri
gələcək nəsillərin
də xatirələrində
yaşamalı və hər bir müasir
Azərbaycan zabitinin dürüstlük və sədaqət nümunəsi
sayılmalıdır.
Jalə QASIMZADƏ
Respublika .- 2023.- 15 oktyabr., №225.-
S.15.