İnamla, mətin addımlarla firavan sabahlara doğru
Müasir Azərbaycanın müstəqilliyinin qorunub
möhkəmləndirilməsi, yeni inkişaf mərhələsinə
qədəm qoyması ulu öndər Heydər Əliyevin
ikinci dəfə hakimiyyətə gəldiyi dövrə təsadüf
edir. Mürəkkəb tarixi proseslərdən
xalqımızı cəsarətlə çıxaran, ölkəmizi
beynəlxalq aləmdə tanıdan ümummilli liderin müstəsna
xidmətlərinin nəticəsidir ki, bu gün nəinki
regionda, bütün dünyada irimiqyaslı iqtisadi layihələr
Azərbaycanın iştirakı, xalqımızın milli
maraqlarının nəzərə alınması ilə həyata
keçirilir. Dahi şəxsiyyətin
müdrik siyasəti Azərbaycana hər zaman böyük
uğurlar gətirmiş, bütün sahələrdə əldə
olunan nailiyyətlər, yüksəliş beynəlxalq aləmdəki
yerini müəyyənləşdirmişdir. Bu gün müstəqil siyasət yürüdən,
heç bir ölkədən asılılığı
olmayan, ərazi bütövlüyünü, suverenliyini tamamilə
təmin edən dövlətimizin imzalar içində öz
imzası var.
Azərbaycanlı olduğu ilə qürur duyan,
bütün varlığı qədər sevdiyi xalqına,
dövlətinə, dövlətçiliyinə xidmət etməyi
həyat amalına çevirən ümummilli lider hər zaman
doğma xalqından güc almış, tarixin sərt
sınaqlarında millətinə arxalanmışdır. Dahi lider
bütün mənalı ömrünü onun tərəqqisinə,
intibahına həsr etmişdir. Heydər
Əliyev Azərbaycanın inkişaf strategiyasını
müəyyənləşdirmiş, bütün fəaliyyəti
boyu ölkəmizin tərəqqisinə
çalışmışdır. Özündən
sonra xalqına müdrik siyasətçi, məharətli
lider, böyük sərkərdə qoyub gedən ümummilli
lider özü qədər inandığı siyasi varisi
İlham Əliyevin Azərbaycanı xoşbəxt gələcəyə
aparacağını, onu zəngin, qüdrətli dövlətə
çevirəcəyinə əmin idi. Bu əminliyi
2003-cü il 1 oktyabr tarixində xalqa
müraciətində ifadə etmişdir:
"Üzümü Sizə - həmvətənlərimə
tutaraq, qarşıdan gələn prezident seçkilərində
prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan
Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə
çağırıram. O, yüksək intellektli, praqmatik
düşüncəli, müasir dünya siyasətini və
iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar
bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm
İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası
bundan sonra da xalqımızın ən layiqli
övladlarını öz ətrafında sıx birləşdirərək
Azərbaycan dövlətinin inkişafı və
xalqımızın firavanlığı yolunda çox
işlər görəcəklər. İnanıram ki, mənim
axıra çatdıra bilmədiyim taleyüklü məsələləri,
planları, işləri Sizin köməyiniz
və dəstəyinizlə İlham Əliyev başa
çatdıra biləcək. Mən ona
özüm qədər inanıram və gələcəyinə
böyük ümidlər bəsləyirəm".
20 il bundan öncə, 2003-cü il oktyabr
ayının 15-də Azərbaycan Respublikası Prezidentinin
seçkiləri zamanı xalqın böyük əksəriyyətinin
seçki məntəqələrinə gələrək
öz səsini İlham Əliyevə verməsi xalqın ulu
öndər ideyaları işığında yaşamaq istəyinin
təzahürü idi. Və həmin gün Azərbaycan
xalqı arzusunu reallığa çevirməyi bacardı.
Özünün xilaskarı, ümummilli lideri olan Heydər
Əliyevi bundan 10 il əvvəl təkidlə
rəhbərliyə gətirən xalq oktyabr ayının 15-də
onun layiqli davamçısını dövlətinə
Prezident seçdi. Azad, şəffaf, demokratik prinsiplər əsasında
keçirilən seçkilərdə qalib gələn cənab
İlham Əliyev oktyabr ayının 31-də paytaxtın
Respublika Sarayında müasir Azərbaycanın qurucusu,
böyük şəxsiyyət Heydər Əliyevin müəyyənləşdirdiyi
siyasi kursu şərəflə, vicdanla davam etdirəcəyinə
sədaqət andı içdi: "Azərbaycan
Respublikasının Prezidenti seçilməyimdə mənə
göstərilmiş bu böyük etimada görə Azərbaycan
seçicilərinə, Azərbaycan vətəndaşlarına,
bütün Azərbaycan xalqına öz dərin təşəkkürümü
bildirirəm. Mən bu böyük etimadı
doğruldacağam, bu vəzifənin öhdəsindən
layiqincə gələcəyəm. Heydər Əliyevin
siyasətini davam etdirəcəyəm… Mən bu gün bu
yüksək kürsüdən əziz Prezidentimiz cənab
Heydər Əliyevə müraciət edərək deyirəm:
Əziz Prezident, əsərin olan müasir Azərbaycanı
gücləndirəcəyik, zənginləşdirəcəyik,
hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə
doğru gedəcəyik".
Azərbaycan Prezidenti İlham Əliyev prezidentliyinin ilk
dövrlərindən düşünülmüş,
xalqının mənafeyinə xidmət edən siyasət həyata
keçirdi. Ölkədə demokratiya, siyasi plüralizm, söz
azadlığı təmin olundu. Azərbaycanın
qüdrətli, nüfuzlu dövlətə çevrilməsi
istiqamətində mühüm işlər görüldü,
ölkə iqtisadiyyatı möhkəmləndirildi, beynəlxalq
münasibətlər genişləndirildi, yeni əməkdaşlıq
əlaqələri quruldu, ordu quruculuğu sahəsində
genişmiqyaslı islahatlar aparıldı, milli ordunun
maddi-texniki bazası möhkəmləndirildi.
Bütün bunların fonunda isə ölkə
başçısı Azərbaycanın Ermənistan tərəfindən
torpaqlarının işğalı ilə
barışmayacağını, nəyin bahasına olursa-olsun
ərazilərini düşməndən azad edəcəyini
mötəbər kürsülərdən qətiyyətlə
bəyan etdi.
Bəli,
müstəqil Azərbaycan 20 il ərzində
tərəqqiyə, inkişafa, quruculuğa, əmin-amanlığa
doğru uzun yol qət etdi. Qarşıya çıxan hər
bir problemin həlli istiqamətində məqsədyönlü
iş aparıldı. Genişmiqyaslı
islahatlar iqtisadiyyatın dinamik inkişafına imkan yaratdı,
Azərbaycan sürətlə inkişaf edən bir ölkəyə
çevrildi. Əldə olunan uğurlar
iqtisadiyyatın əsas göstəricisi olan Ümumi Daxili Məhsulun
artımını şərtləndirdi. Müəyyənləşdirilən
hədəflərə çatmaq üçün
qarşıya qoyulan bütün vəzifələr uğurla
icra olundu. Sənaye potensialının
inkişafı istiqamətində əhəmiyyətli
addımlar atıldı. Azərbaycan xarici
investorlar üçün cəlbedici ölkə olduğunu
bir daha təsdiq etdi. Ölkəmizə
yatırılan xarici investisiyaların həcmi gündən-günə
artmağa başladı. Azərbaycan beynəlxalq
səviyyəli irimiqyaslı layihələrin həm təşəbbüskarı,
həm də icraçısına çevrildi. Yerli sahibkarların fəaliyyətinə geniş
imkanların yaradılması daxili investisiyaların
artımı ilə müşahidə olundu. Dövlətin valyuta ehtiyatları, büdcə gəlirləri
çoxaldı. Regionların sosial-iqtisadi inkişafı
üzrə Dövlət proqramlarının uğurlu
icrası respublikanın bölgələrinin inkişafı
ilə yanaşı, yeni iş yerlərinin
açılmasına, dövlətin qarşısında duran
ən vacib məsələlərdən biri olan işsizlik
faizinin minimum həddə düşməsinə səbəb
oldu. Həmçinin beynəlxalq maliyyə
qurumları ilə birgə reallaşdırılan layihələr
yoxsulluq səviyyəsinin azalmasına geniş imkanlar
açdı. Sosial məsələlərin
həlli istiqamətində düşünülmüş
addımların atılması ölkə vətəndaşlarının
rifah halının yaxşılaşdırılmasını,
əməkhaqlarının, pensiyaların artmasını
şərtləndirdi.
İlham Əliyevin Ali Baş Komandanlığı
dövründə ölkəmizdə ordu quruculuğunun yeni mərhələsi
başladı və Azərbaycan Ordusunun formalaşması, təkmilləşməsi
istiqamətində təxirəsalınmaz tədbirlər
görüldü. Ulu öndərin ordu quruculuğu siyasəti son 20 il ərzində nəinki uğurla davam etdirildi,
eyni zamanda miqyas və mahiyyət etibarı ilə yeni mərhələyə
qədəm qoydu. Bu istiqamətdə dövlət rəhbərinin
atdığı çoxsaylı mühüm addımlar, həyata
keçirdiyi kompleks tədbirlər cəmi bir neçə il ərzində Azərbaycan ordusunu adi,
sıradan bir ordudan dünyanın ən qüdrətli
orduları sırasında qərarlaşdırdı. Maddi-texniki bazasının möhkəmləndirilməsi,
hərbçilərin sosial təminatının gücləndirilməsi
bu gün Azərbaycan Ordusunu dünyanın 50 ən
güclü ordusu sıralarına yüksəltdi. Görülən işlər, qəbul edilmiş
proqramlar, həyata keçirilən infrastruktur layihələr,
sahibkarlara göstərilən dəstək, investisiya
mühitinin yaxşılaşdırılması iqtisadi, eyni
zamanda siyasi sahədə uğurların qazanılmasına əlverişli
şərait yaratdı.
20 il
prezidentliyi dövründə torpaqlarımızın 30 illik
işğalına son qoyulması, ərazi
bütövlüyümüzün, suverenliyimizin tamamilə bərpa
olunması istiqamətində yorulmadan, usanmadan
çalışan Prezident İlham Əliyev xarici ölkələrə
səfərləri zamanı ölkəmizin haqq səsini
dünyanın diqqətinə çatdırdı. Bütün siyasi görüşlərində,
xarici televiziyalara verdiyi müsahibələrində ölkə
başçımız Azərbaycanın haqlı mövqeyindən
çıxış edərək ölkəmizin ərazi
bütövlüyünün pozulması, xalqımızın
soyqırımlarına məruz qalması, vətəndaşlarımızın
məcburi köçkün vəziyyətinə düşməsi
faktlarının öz təsdiqini tapmasına nail oldu.
2020-ci il sentyabrın 27-də Ali Baş Komandan
İlham Əliyev ölkəmizin ərazi
bütövlüyünün təmin olunması,
torpaqlarımızın işğaldan azad edilməsi
üçün əks-hücum əməliyyatının
keçirilməsinə əmr verdi. Artıq
müstəqil Azərbaycanın düşməni məhv etməyə
yetərincə hərbi potensiala malik olduğuna, yenilməz
milli ordusunun formalaşdığına əmin olan ölkə
başçısının bu qərarı da vaxtında,
zamanında verilmiş, qalibiyyətə hədəflənmiş
qərar oldu. Hər zaman düşünülmüş
addım atan, qarşıya qoyduğu məqsədə
çatmaq üçün hədəflərini dəqiq,
düzgün müəyyənləşdirən İlham
Əliyevin 30 il ərzində zəbt olunan torpaqları 44
gündə alması bunu bir daha sübut etdi. Bu gün Azərbaycan
öz ərazilərini düşməndən geri alan, işğaldan azad etdiyi əraziləri
heç bir ölkədən kömək istəmədən
dünyanın ən son texnologiyaları əsasında yenidən
quran qalib, qüdrətli, müstəqil dövlət olaraq qətiyyətli
liderinin rəhbərliyi ilə inamla, mətin addımlarla
firavan sabahlara doğru irəliləyir.
Mehparə
ƏLİYEVA
Respublika .- 2023.- 15 oktyabr, № 225.-
S.7.