Ömrünü xalqına həsr edən liderin layiqli davamçısı

 Tarixi şəxsiyyət konkret məkan və zaman daxilində fəaliyyət göstərdiyindən onun dövrünə də həmin müddət ərzində yanaşılır. Zamandan uca olanlar isə xalqın illər sonrakı inkişaf yolunu əvvəlcədən müəyyənləşdirməyə qadirdir. Böyük liderlər ömrünü xalqın tərəqqisinə, dövlətin qüdrətlənməsinə həsr edir.

Beləliklə, xalqın öz liderinə inam və etimadı son dərəcədə artdı. Bu isə özünü 2008-ci, 2013-cü və 2018-ci illərdə keçirilən prezident seçkilərində də İlham Əliyevin yenidən qələbə qazanması ilə nəticələndi.

İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə demokratik prosesləri geniş vüsət aldı. Azərbaycanda ötən dövrdə bütün istiqamətlərdə böyük irəliləyişlərin əldə edilməsi, ölkəmizin regionda və beynəlxalq müstəvidə mövqelərini gücləndirməsi Prezidentin uğurlu siyasətinin göstəricisi idi. Milli maraqlarımızı hər şeydən üstün tutan İlham Əliyev müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinə, vətəndaş həmrəyliyinin bərqərar olmasına çalışırdı. İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycanın müttəfiqlərinin və dostlarının sayı artdı. Ölkə başçımızın milli mənafelərlə bağlı problemlərin həllinə həssas və fəal yanaşması böyük güclərin diqqətindən yayınmadı. Məhz dövlət başçımızın uzaqgörən xarici siyasəti nəticəsində ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Təsadüfi deyil ki, məhz bu zaman beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Prezidentin o zamanlar aktual olan Qarabağ məsələsindəki birmənalı mövqeyi təsdiqlədi ki, bölgənin Azərbaycandan ayrılması qeyri-mümkündür. Bununla belə, Ermənistanın apardığı etnik təmizləmə və işğal siyasəti nəticəsində Azərbaycanın Qarabağ bölgəsindən, doğma torpaqlarından qovulan bir milyon insanın həyat şəraitinin yaxşılaşdırılması, yeni qəsəbələrin salınması prioritetlərdən biri kimi müəyyənləşdirildi.

Prezident İlham Əliyevin göstərişi ilə ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər Azərbaycanda güclü müdafiə sənayesinin qurulmasına gətirib çıxardı.

Praqmatik lider, Müzəffər Ali Baş Komandan İlham Əliyev qətiyyətinin zirvəsi isə xalqımızın əbədi torpağı Qarabağa qovuşması hesab olunur. 44 günlük Vətən müharibəsi dövründə ölkə başçımız bütün siyasi təzyiqlərə və təhdidlərə də sinə gərməyi bacardı. Prezident İlham Əliyev qətiyyət nümayiş etdirərək Azərbaycan xalqının milli maraqlarını müdafiə etdi, məqsədyönlü, ardıcıl siyasət apardı. Məhz bütün bunların nəticəsində ordumuz döyüş meydanında tarixi qələbə qazandı. İkinci Qarabağ müharibəsində əldə edilən zəfər elə gözəl bir nəticəyə gətirib çıxardı ki, üç rayonumuz - Ağdam, Kəlbəcər və Laçın bir güllə atılmadan, şəhid vermədən ölkəmizə qaytarıldı. Heç bir qan tökülmədən, şəhid vermədən, bir əsgər belə yaralanmadan düşməndən torpaq alınması dünya tarixində az rast gəlinən təcrübədir ki, bu, Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində reallığa çevrildi. Məlum olduğu kimi, hər bir müharibədə ordu üçün hücum etmək, taktiki manevr edərək geri çəkilmək praktikası da mövcuddur. Amma Azərbaycan ilk günlərdən qələbə qazandı. İkinci Qarabağ müharibəsi davam etdiyi dövr ərzində bir gün də olmamışdır ki, Ali Baş Komandanın rəhbərliyi ilə olan ordumuz geriyə çəkilsin. Döyüş zamanı Azərbaycan Ordusunun dərindən düşünülmüş düzgün hərbi strategiyası, peşəkarlığı və vəziyyəti nəzarətdə saxlamağa imkan verən taktikasının tətbiq edilməsi hesabına Azərbaycan öz itkilərini tam minimallaşdıra bildi.

XXI əsrdə Azərbaycanın müharibəni qələbə ilə başa vurması bu gün inkişaf etmiş ölkələrin bizim təcrübəmizə maraq göstərməsinə zəmin yaradıb. 44 günlük Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan Ordusunun yüksək peşəkarlığı, nizam-intizamı, mobillik, müasir hərbi texnologiyalara malik olması və ondan məharətlə istifadə etməsi qələbimizi şərtləndirən amillərdən idi. Xalqımızın Ali Baş Komandanın ətrafında sıx birləşməsi, ordumuza güvənməsi Vətən, doğma torpaqlar uğrunda vuruşan Azərbaycan hərbçilərinin yüksək mənəvi-psixoloji durumuna müsbət təsirini göstərdi. Yaralanmış və ağır vəziyyətdə olan hər bir əsgər və zabitimizin tezliklə sağalaraq döyüş bölgəsinə qayıtmağa can atmaq istəyi də bunun əyani sübutudur. Şübhəsiz, bunun əsasında zabitlərimizin Vətən sevgisi, eyni zamanda Ali Baş Komandana olan sonsuz güvəni dayanır.

İkinci Qarabağ müharibəsindən dərhal sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərin bərpasına başladı. Sürətlə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, təməli qoyulan kəndlər, şəhərlər Qarabağın və Şərqi Zəngəzurun tezliklə ölkəmizin çiçəklənən diyarına çevriləcəyinin carçısıdır. Bölgədə Füzuli və Zəngilan beynəlxalq hava limanlarının tikintisi ilə işğaldan azad edilmiş ərazilərin sürətli bərpası və gələcək inkişafı təmin edilir. Laçın rayonundakı aeroportun tikintisi isə davam etməkdədir. Xüsusi vurğulamaq lazımdır ki, Qarabağın "yaşıl enerji" zonası elan edilməsi müasir texnologiyalar əsasında infrastrukturun yaradılması istiqamətindəki təqdirəlayiq işlərdən hesab edilir. Yaşayış massivlərinin məhz "ağıllı kənd" konsepsiyası əsasında salınması isə yenidənqurma işlərinin modernliyindən xəbər verir. Müharibədən sonra işğaldan azad olunmuş ərazilərdə yol layihələri həyata keçirilib. Ümumilikdə nəzərdə tutulmuş 22 yol layihəsindən 6-nın tikintisi artıq yekunlaşıb. Bərdə-Ağdam, Horadiz-Ağbənd dəmir yolu xətləri üzrə tikinti işləri isə davam etməkdədir.

İşğaldan azad olunmuş ərazilərin bərpası ilə yanaşı, Böyük Qayıdış prosesiPrezidentin diqqət mərkəzindədir. Təsadüfi deyil ki, Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri məhz böyük qayıdışın uğurla icrasıdır. Bu məqsədlə, azad edilmiş ərazilərdə keçmiş məcburi köçkünlərin daimi məskunlaşmasının təmin edilməsi, həmin ərazilərin cəmiyyətin ən sağlam, müasirabad yaşayış mühitinə çevrilməsi, müasir prinsiplərə əsaslanan komfortlu yaşayış mühitinin yaradılması əsas tələblərdəndir. Hazırda Böyük Qayıdış prosesi uğurla icra olunur. Daha bir uğurlu addım isə Prezidentin "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncamıdır. Hazırda proqrama müvafiq olaraq işlər davam etdirilir. Belə ki, proqram çərçivəsində nəzərdə tutulmuş 100 yaşayış məntəqəsinin 52-nin layihəsinin konseptual həlli baş tutub. Ölkə başçımız, həmçinin 29 yaşayış məntəqəsinin təməlini qoyub.

Daha bir mühüm məqam isə müharibə bitdikdən cəmi yarım il sonra işğaldan azad olunmuş ərazilərə ümumilikdə 679 ailə olmaqla, 2715 nəfərin geri qayıtmasıdır. Ümumilikdə, bu ilin sonuna qədər isə 1400-ə yaxın ailə olmaqla, 5000 nəfərin doğma yurdlarına geri qayıtması planlaşdırılır.

Xatırladaq ki, Azərbaycan öz iqtisadiyyatının gücü, qüdrəti hesabına "Böyük Qayıdış" proqramını reallaşdırır. Məhz bunun nəticəsində bu gün biz mərhələ-mərhələ bütün hədəflərimizə çatırıq. Ölkə rəhbərinin, cənab Prezidentin "Böyük Qayıdış" proqramının uğurla icrası Qarabağı yenidən cənnətməkana çevirir.

Sonda isə demək yerinə düşər ki, biz çox xoşbəxt xalqıq. Çünki ölkəmizin müasir tarixinin qısa bir kəsiyində ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimiz qurulub. Bu gün Prezident İlham Əliyev tarixi qələbələrə imza atır, suveren və müstəqil Azərbaycanımızın firavan gələcəyinə doğru zəfər yolunu inamla davam etdirir.

 

Nəzrin ELDARQIZI

Respublika  2023.- 15 oktyabr, № 225.- S.1;7.