Əsrə bərabər 20 il

 2003-cü il oktyabrın 31-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə andiçmə mərasimi keçirilib

20 il bundan əvvəl - 15 oktyabrda Azərbaycan xalqının İlham Əliyevi özünə prezident seçməsilə milli dövlətçilik tariximizin yeni erası başlandı. Bu gün xalqımız, millətimiz, o təntənəni yaşayır və xüsusən keçən üç il müddətində Azərbaycan xalqı bütün hədəflərinə öz lideri ilə birlikdə nail oldu. Qüdrətli Azərbaycan dövləti ərazi bütövlüyünüsuverenliyini tam bərpa edərək adını tarixə qızıl hərflərlə yazdırdı. 20 il əvvəl xalqına verdiyi vədləri bir-bir reallığa çevirən liderin rəhbərliyi ilə qazanılan tarixi qələbə yaddaşlara əbədi həkk olundu. İnaqurasiya mərasimində ümummilli lider Heydər Əliyevin siyasi kursunu davam etdirəcəyinə söz verən, işğal edilmiş ərazilərin azad ediləcəyini qətiyyətlə bildirən ölkə başçımız 200 illik tarixi gedişatı dəyişməyi bacardı.

Prezident İlham Əliyev beynəlxalq tribunalarda dəfələrlə Ermənistana işğal altında saxladığı tarixi torpaqlarımızı qaytarmaqla bağlı çağırış etdi. Bu müddət ərzində dövlət başçısı nəinki işğalçı dövlətlə, onun havadarları ilə də mübarizə apardı və bu mübarizə hələ də davam etməkdədir. Anti-Azərbaycan bloku düşünürdü ki, məsələni dondurmağı bacaracaqlar. Lakin 30 il boyunca zərgər dəqiqliyi ilə hesablanmış planın reallaşdırılması düşmənin kapitulyasiya aktına imza atması ilə nəticələndi. Baş nazir Nikol Paşinyanın Şuşada "yallı" oynaması və "Qarabağ Ermənistandır, nöqtə" deməsi Azərbaycanın səbir kasasını daşıran son damla oldu. Prezident İlham Əliyev Soçidə "Valday" Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında Paşinyana cavab olaraq "Qarabağ Azərbaycandır - nida!" deməsi ilə bir daha bu məsələdə rəsmi Bakının qətiyyətli mövqeyi beynəlxalq məkanda vurğulandı. "Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm",- deyən Prezident İlham Əliyev 2020-ci il fevralın 15-də Münhen Təhlükəsizlik Konfransında tarixi faktlarla beynəlxalq ictimaiyyətə növbəti dəfə mesaj verdi: "Sual olunur: əgər Dağlıq Qarabağ qədim Ermənistan ərazisidirsə, niyə paytaxtın adı qədim erməni adı ilə adlandırılmayıb. Çünki paytaxtın qədim adı Xankəndidir - Xanın kəndi. Stepanakert, çünki Şaumyanın adı Stepan idi, kert Ermənistanda şəhər deməkdir, elə deyilmi?" Münhen görüşündən cəmi səkkiz ay sonra "ədalət qoruyucuları"nın məsələyə laqeydliyi, Ermənistanın yeni ərazi iddialarının baş qaldırması mütləq zəfərimizi şərtləndirən sonuncu amillər oldu. Azərbaycan döyüş meydanında Ermənistana kimin-kim olduğunu göstərdi. Məhz bu 20 ildə bir tərəfdən Qarabağ münaqişəsinin həllinə diplomatik yolla çalışıldı, digər tərəfdən ordu quruculuğuna da xüsusi diqqət yetirildi. Sülh yolu ilə məsələ həll olunmasa, Silahlı Qüvvələr öz sözünü deməli idi və hazırlıqlar da buna uyğun aparılırdı. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasına yüksəlmişdir. Cəmi 44 günlük Vətən müharibəsi ilə Azərbaycan lideri, Ali Baş Komandan 30 illik işğala son qoydu. Azərbaycan BMT qətnamələrini özü icra etdi.

Silahlı Qüvvələrimiz Ali Baş Komandanın rəhbərliyi ilə məğlubedilməz ordu mifini darmadağın etdi. Qənimətlər Parkında nümayiş olunan müxtəlif növ döyüş texnikaları da ordumuzun qəhrəmanlığının əyani sübutudur: "Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim", - deyən ölkə başçısı ərazi bütövlüymüzü təmin edərək tarixi ədalətsizliyi aradan qaldırdı. Növbəti hədəf isə suverenliyimizin tam bərpası idi. Xankəndi və ətraf ərazilərdə məskunlaşmış separatçılar - Gəncə, Bərdə habelə, Xocalı qatilləri sentyabrda keçirilən antiterror tədbirləri nəticəsində indi Azərbaycan qanunvericiliyi çərçivəsində tutduqları əməllərə görə cavab verirlər. Keçirilən tədbirlərlə suveren ərazilərimizdə kök salan separatizmin başı əzildi, cəmi 23 saat 43 dəqiqəyə Azərbaycan öz suverenliyini tam şəkildə bərpa etdi.

Bu gün Azərbaycan xalqının onu qələbədən-qələbəyə aparan güclü lideri var. Müstəqil dövlətçilik tariximizdə ilk dəfədir ki, Azərbaycanın konstitusion quruluşu onun bütün ərazisində tətbiq olunur. Son 105 ildə - Azərbaycan Xalq Cümhuriyyəti qurulan zaman belə buna nail olunmamışdı. Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılaraq Azərbaycanın öz ərazisində konstitusion quruluşunu tətbiq etmək imkanları əlindən alınmışdır. Ardınca isə 1991-ci ildə müstəqilliyimizi yenicə bərpa etdiyimiz zaman torpaqlarımız işğala məruz qaldı. Beləliklə, yenə də respublikamızın bütün ərazisində konstitusion quruluşumuz bərqərar olmadı. Nəhayət, 2023-cü ilin sentyabr ayından sonra xalqımızın milli birliyi, müzəffər ordumuzun əldə etdiyi qələbələr sayəsində buna nail ola bildik. "Dördüncü respublika dövrü" adlandıra biləcəyimiz bu dövr Azərbaycanın hər qarış ərazisində Azərbaycanın bayrağının qaldırılması hadisəsi ilə əbədi olaraq yaşayacaq. "Mən hər bir azərbaycanlının Prezidenti olacağam", - deyən cənab İlham Əliyevə Azərbaycan xalqı daha üç dəfə - 2008, 2013 və 2018-ci illərdə etimad göstərərək ümummilli lider Heydər Əliyevin siyasi kursuna sadiq olduğunu nümayiş etdirdi. Beynəlxalq ekspertlər də etiraf edirlər ki, ötən 20 il ərzində Prezident İlham Əliyev daxili ictimai-siyasi sabitliyin möhkəmlənməsinə, əhalinin təhlükəsizliyi, insanların əsas hüquq və azadlıqlarının qorunmasına nail olub.

"Əsrə bərabər 20 il"də ölkəmizdə digər istiqamətlər üzrə də böyük uğurlara imza atılmışdır. Azərbaycan xalqı əmindir ki, ölkəmiz bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük nailiyyətlərə imza atacaq. 20 ilin nəticələri göz önündədir. Bu gün Azərbaycan qüdrətli dövlətlər sırasında yer alaraq regional liderə çevrilmişdir. Xalqın öz liderinə inamı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğunsabitliyin açarı olmuşdur. Məhz bu yolla bir daha sübut olunmuşdur ki, ölkədə Heydər Əliyev siyasətinə alternativ yoxdur. İlham Əliyev 20 il ərzində inqilabi səciyyə daşıyan islahatları ilə Azərbaycanı iqtisadi baxımdan qüdrətli dövlətə çevirməyə müvəffəq olub, regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqları nəzərə alınmaqla həyata keçirilir.

 

Nurlan ABDALOV,

Respublika .- 2023.- 31 oktyabr, № 238.- S.4.