Xalqın
düşüncə və ideologiyasını uğura və
zəfərə yönləndirən milli-siyasi Lider
Tarix sadəcə hadisələrin təsvir və
təhlili ilə deyil, açılan imkanların - tarixi
şansların və tarixi şəxsiyyətlərin
mövcudluğu ilə xarakterizə olunur. Bu istilahların
biri digərini tamamlamaqla vəhdəti hər hansı ölkənin
işıqlı gələcəyindən sürətli
inkişafının nikbin ruhlu təminatıdır. Tarixi
şəxsiyyətin olmaması ucbatından nə qədər
şanslar istifadə olunmayıb, nə qədər imkanlar
gerçəkləşməyib. Dövlətçiliyi
ümumxalq işinə çevirməyi, qorumağı əməli
surətdə həyata keçirən, xalqa liderlik etməyi
bacaran şəxsiyyət, siyasətçi - diplomat, sərkərdə
və komandanın olması yaranan tarixi şansın gerçəkləşməsi
üçün zəruri və kafidir. Tarixi
şəxsiyyətlərin varlığı
imkansızlıqda da imkan axtarmaq, gələcəyə
hesablanmış, zahirdə görünməyən alt qatlarda
təhlil aparmaq, məğzi anlamaq fürsətidir. Ölkəmizin
yeni tarixinə - ötən əsrin 90-cı illərinin əvvəlinə
müraciət etsək, bunu aydın hiss edə bilərik.
Xalq hərəkatı nəticəsində
siyasətdən xəbərsiz, naşı, səbatsız
diletantların hakimiyyətə gəlməsi ilə siyasi,
iqtisadi, mədəni tənəzzül vəziyyətinə
düşdük, deqradasiya başladı. Hər hansı
hakimiyyət daxildən idarə oluna bilmədiyinə görə
xaricdən asanlıqla idarə olunur. Nəticədə
xalqın ümidləri doğrulmadı. Həmin dövrdə
müstəqil ölkənin bayraqdarı olacaq tarixi şəxsiyyətin
olmaması tarixin təkrarlanması ilə nəticələnməklə
üz-üzə qalmışdı. Belə ki, Azərbaycan
parçalana, xarici ölkələrin təsiri altına
düşə, bununla da müstəqilliyini real olaraq yenidən
itirmək təhlükəsi qarşısında qala bilərdi.
Hakimiyyətdəkilərin səriştəsizliyi
ucbatından ərazilərimizin 20 faizi işğal olundu, əhalimizin
1 milyondan artığı qaçqın və məcburi
köçkün halına düşdü. Vətəndaş
müharibəsi təhlükəsi yaşandı. Onların
acizliyi sayəsində həlli çox mürəkkəb
olmaqla uzun müddət tələb edən
"Qarabağ" problemi yaradıldı. Adətən tarixi
şəxsiyyətlərin ictimai-siyasi fəaliyyəti məhdudlaşdırılanda,
izolyasiya ediləndə və ya necə deyərlər, həmin
meydanda olmayanda cəmiyyətdə siyasi vakuum yaranır,
gücsüzlük və kəsərsizlik formalaşır.
Kənardan idarə olunan xaos vəziyyəti ölkədə
siyasi, iqtisadi və mədəni-mənəvi mühiti dəyişdirməyə
məhkum etsə də, tənəzzül dərinləşdi.
Böyük
şəxsiyyətləri ancaq böyük xalqlar yetişdirir
Müstəqilliyin əldə
olunması üçün yaranmış tarixi şans xaricdən
hazırlanmış ssenariyə uyğun olaraq məqsədyönlü
şəkildə yaradılmış siyasi gərginlik və
zorla cəlb edildiyimiz müharibə nəticəsində,
xalqı gerçək siyasi liderdən süni yolla ayrı
salmaqla əldən çıxarılmaq üzrə idi.
Ancaq xalqımız bu tarixi sınağı uğurla
keçmək üçün Heydər Əliyev fenomenini
düzgün dəyərləndirməklə tarixi şans hələ
tam itirilməmiş bu tarixi şəxsiyyəti siyasət
meydanına dəvət etdi. Axı, böyük şəxsiyyətləri
ancaq böyük xalqlar yetişdirə bilər. Xalqın
böyüklüyü isə dünyaya bəxş etdiyi
dühalarla ölçülür. Dünya
xalqlarının da qəbul etdiyi böyük şəxsiyyət
Heydər Əliyev milli-ictimai şansı düzgün dəyərləndirərək
milyonların görə bilmədikləri işi tək
görməklə Azərbaycanın gələcək sürətli
inkişafının təməlini yaratdı.
Dövlət başçıları tarixi şəxsiyyət olanda yaranan imkanlardan düzgün istifadə edilir. Əvvəlki dövrlərdə fərqli ölkələrin dövlət başçılarının üstünlüyü, məharəti döyüş meydanlarındakı qəhrəmanlıqları ilə müəyyən olunurdu. Sonradan dövrün dəyişməsi, texnologiyaların istismarının geniş yayılması ilə bu meyar sərkərdəlik, komandanlıq məharəti ilə əvəzləndi. Bura müharibələrdən sonrakı, yəni sərkərdəlikdən sonrakı sülh prosesləri də daxildir. Əsl sərkərdə, komandan həm döyüş meydanında, həm də masada - hərbi və diplomatik proseslərdə qalib olur. Tarixdə müharibəni udub, sülhü uduzanlar da mövcuddur. Tarixin müəyyən məqamlarında isə əmin-amanlıq, dövlətin strateji xəttini xalqa bəyan, onu beynəlxalq tribunalarda müdafiə, iqtisadi inkişafı təmin etmək kimi məsələlər öncül mövqe qazandığından qurucu, yaradıcı liderlik məharəti üstünlük əldə etdi.
Hazırda dördüncü sənaye
inqilabı dövründə yaşadığımızdan
dövlət başçılarından həm sərkərdəlik,
komandanlıq, həm ideoloji liderlik, diplomatik məharət, həm
də qurucu, yaradıcı lider olmaq keyfiyyətləri tələb
olunur. Bu xüsusiyyətləri özündə ehtiva edən
dövlət başçısı tarixdə böyük
sosial, mədəni-mənəvi iz qoyur və yaddaşlara əbədi
həkk olunur.
Qonşu
ölkələrin tarixinə müraciət edək:
Rusiya
tarixində Birinci Pyotr apardığı müharibələrlə
yanaşı, həm də dövlətçiliyi və onun
maddi-texniki fundamentini möhkəmləndirən islahatları
ilə bir şəxsiyyət kimi qaldı.
Türkiyə tarixində
Atatürk Osmanlının süqutundan sonra
istilaçılara qarşı müharibə başlamaqla
yeni bir dövlət yaratmaq üçün şans
qazanması və hərblə başladığı işi
quruculuqla başa çatdırması ilə yadda qaldı. Bu
günlərdə Atatürkün qurduğu Cümhuriyyətin
100 illiyi qeyd olundu.
Ulu öndər Heydər
Əliyev müasir inkişaf səviyyəsinə çatmaq
üçün ictimai islahatların, sosial-iqtisadi quruculuq
işlərinin əhəmiyyətini, ölkəmizin
böyük iqtisadi potensialını düzgün dəyərləndirməklə
ən böyük xidmət etdi. Ötən əsrin 70-ci illərində
onun rəhbərliyi ilə gələcək
müstəqil Azərbaycan üçün qeyri-aşkar
şəkildə olsa da, toplanmış sosial-iqtisadi, mədəni-mənəvi
potensial dövlətin özünü təsdiqində
mühüm rol oynadı. Azərbaycanı vətəndaş
müharibəsindən xilas edərək, onun müstəqilliyini
qoruyub saxlamaq, dönməzliyinin bütün dövrlər
üçün təmin olunmasına yönəlmiş beynəlxalq
müstəvidə atdığı addımlar ən ali
mükafatlara layiqdir. Məhz bu tarixi şəxsiyyətin iradəsi,
qətiyyəti, həqiqi siyasi liderliyi, unikal şəxsi
keyfiyyətləri sayəsində Azərbaycan yenidən
sürətli inkişaf mərhələsinə qədəm
qoydu.
Düzgün
vasitə ilə məqsədinə nail oldu
1993-cü ildən Azərbaycanda bütün atributlara malik güclü dövlət quruculuğu ilə yanaşı, dövlətçiliyin inkişafı sahəsində işlər başlandı. Böyük iqtisadi və sosial islahatların, mədəni-mənəvi quruculuq işlərinin həyata keçirilməsi üçün ölkənin suverenliyi vasitə olduğu kimi, ictimai həyatın bütün sahələrində demokratikləşdirmənin reallaşdırılması üçün də güclü dövlətin olması vasitədir. Ulu öndərin təbirincə desək, qanunçuluğun, asayişin və əmin-amanlığın bərpası üçün güclü dövlət məqsəd deyil, vasitədir.
Ümummilli lider siyasi məktəbinin layiqli davamçısı Prezident İlham Əliyev radikallığa və ya mühafizəkarlığa deyil, rasional düşüncəyə əsaslanan təkamül yoluna üstünlük verdi. İstənilən struktur özünüsaxlama instinkti kimi daxili müqavimət qüvvəsinə malik olduğundan sosial-iqtisadi sistemləri, münasibətləri dərhal deyil, öz daxili enerjisi hesabına dəyişdirmək, proseslərin təbii gedişini istiqamətləndirmək əsas taktika oldu. Yeni yaradılmış, formalaşdırılmış dövlətçilik təfəkkürünün möhkəmləndirilməsi üçün mürəkkəb proseslərə müxtəlif rakurslardan yanaşmaqla, problemlər arasında optimal nisbət gözlənilməklə təkamül yolu ilə qarşıdakı qlobal problemlərin həlli üçün zəmin hazırlandı. Beləliklə də köklü dəyişiklikləri, əsaslı yeniləşdirməni birdən-birə deyil, tədricən həyata keçirməklə, yəni öz sələfi kimi məqsəddən başlamadan məqsədə nail olmaq yolunun tərəfdarı olduğunu bildirdi. Bunun üçün də güclü dövlətin formalaşdırılması üçün ən zəruri olan iqtisadiyyatın gücləndirilməsidir. Ulu öndər də deyirdi ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Möhkəm təməllər üzərində qurulmuş ölkə iqtisadiyyatının müasir tələblər çərçivəsində inkişafı ötən 20 ildə xüsusi nailiyyətlər, güclü iqtisadi potensialın yaradılması ilə yadda qaldı. Sxolastik, statistik rəqəmlərlə oxucunu yormadan ən əsas iqtisadi göstəriciləri sadalayaq və mühüm məqamlara nəzər salaq:
ÜDM 4, dövlət büdcəsinin xərcləri 30, strateji valyuta ehtiyatları 47, orta aylıq əməkhaqqı 10 dəfədən çox artıb, yoxsulluq səviyyəsi isə 9 dəfədən çox düşərək 5,5% olub.
Ulu öndərin müəllifi olduğu neft
strategiyasının uğurla davamı sayəsində
iqtisadiyyat şaxələndirilməklə qeyri-neft sektorunun və
sahibkarlığın inkişafına rəvac verildi.
İqtisadi inkişaf parametrlərinə görə ölkəmiz
liderlər mövqeyinə malik oldu. Xarici ölkələrin
iqtisadi maraqları milli dövlətçilik mənafelərimizə
tam uzlaşdırılmaqla iri enerji layihələri (BTC, CQD,
TANAP, TAP) icra edilərək neft hasilatının pay
bölgüsü haqqında sazişin müddəti 2050-ci ilə
qədər uzadıldı.
Yaranan güclü iqtisadi dayaqlar siyasi müstəqilliyə
də təkan verdi. Azərbaycan beynəlxalq aləmlə,
dünya ölkələri ilə bərabərhüquqlu,
qarşılıqlı etimada və əməkdaşlığa
əsaslanan əlaqələrin inkişafında böyük
nailiyyətlər əldə etdi. Ölkəmizin
dostlarının sayı çoxaldı, müttəfiqlik etmək
istəyənlərin sırasına yeniləri əlavə
olundu. Buna görə də 155 ölkənin səsini
qazanan Azərbaycan BMT TŞ-nin qeyri-daimi üzvü
seçildi. 2019-cu ildən 120 dövlətin təmsil
olunduğu, BMT-dən sonra 2-ci beynəlxalq qurum olan
Qoşulmama Hərəkatına (QH) uğurlu sədrliyi səmərəli
fəaliyyətinə görə daha 1 il uzadıldı.
Bunun nəticəsidir ki, QH-nin beynəlxalq miqyasda siyasi
nüfuzu müqayisə olunmayacaq dərəcədə
artıb.
2003-cü
il
Prezident
İlham ƏLİYEV:
Mən bu
böyük etimadı doğruldacağam, bu vəzifənin
öhdəsindən layiqincə gələcəyəm, Heydər
Əliyevin siyasətini davam etdirəcəyəm;
Neft strategiyasını davam etdirərək, qısa
müddət ərzində ölkəmizi hərtərəfli
inkişaf etdirəcəyik. Azərbaycanda bütün sahələrdə
quruculuq işləri aparılacaq, sosial problemlərin həlli
istiqamətində böyük işlər görüləcəkdir;
Azərbaycanın çox güclü ordusu
olmalıdır. O, qarşıda duran bütün məsələləri
həll etmək iqtidarında olmalıdır;
Azərbaycanın torpaqları işğaldan azad
olunmalıdır, bir milyondan artıq qaçqın və
köçkün öz doğma yurdlarına
qayıtmalıdır, ölkəmizin ərazi
bütövlüyü bərpa edilməlidir.
Demokratik cəmiyyət quruculuğunda ictimai
şüurun, xalqın siyasi düşüncə səviyyəsinin,
bir sözlə, dövlətin də xalqla birlikdə
inkişaf etdirilməsi əsas vəzifələrdəndir. Bu baxımdan
da xalqın inkişaf səviyyəsinə uyğun proqramların
qəbulu, layihələrin icrası mühüm şərt
olduğundan xalqın maarifləndirilməsi dövlət
quruculuğunda həlli vacib atributlardan biridir. Belə məqamda
ABŞ-ın 32-ci prezidenti Franklin D.Ruzveltin - "xalqın tərbiyə
olunması dövlət xadiminin ən ali vəzifəsidir"
fikirləri yada düşür. Məhz bu səbəbdən
də ulu öndərin misilsiz xidmətləri sırasında
milli-mənəvi dəyərlərin qorunması, yeni nəslin
vətənpərvərlik ruhunda, dövlətə və
dövlətçiliyə sədaqət əsasında
yetişdirilməsi önəmli yer tutmaqla mühüm əhəmiyyət
kəsb edirdi. Dünyanın müxtəlif
məkanlarında fərqli meyillərin baş verdiyi, əks-tendensiyaların
müşahidə olunduğu, mənəvi dəyərlərin
deqradasiyaya uğradığı bir vaxtda ölkəmizdə ənənəvi
dəyərlərə sadiqlik nümayiş etdirildi. Gələcəyimiz
olan gənclərin öz adət-ənənələrimizə,
ədəbiyyatımıza, incəsənətimizə,
musiqimizə bağlı yetişməsi, möhkəm milli-mənəvi
təməl üzərində, Vətənə, torpağa məhəbbət,
milli ləyaqət uğrunda tərbiyələnməsi
üçün ciddi addımlar atıldı.
Son illər
ərzində Azərbaycanda vətənpərvər,
güclü, milli ruhda tərbiyə almış gənc nəslin
yetişməsi haqqında Prezident İlham Əliyev
demişdir: "Biz elə gənc nəsil yetişdirdik ki,
onlar həm yüksək mənəvi, həm də yüksək
fiziki keyfiyyətlər göstərərək, uzun illər ərzində
işğal altında olan torpaqları azad etdilər və
Şuşa kimi alınmaz qalanı faktiki olaraq yüngül
silahlarla, əliyalın azad etdilər". Həqiqətən
də ailələrdə, məktəblərdə,
bütövlükdə cəmiyyətimizdə aparılan
siyasət, Qarabağ, Zəngəzur kimi tarixi
torpaqlarımız haqqında təbliğat öz bəhrəsini
verdi. O torpaqları heç vaxt görməyən,
ancaq ailə-məktəb-cəmiyyət tandeminin təsiri ilə
böyüyən gənclər xalqımızın tarixi
missiyasını şərəflə yerinə yetirməsində
əvəzsiz rol oynadılar. Xalqın liderə
olan ehtiyac və inamının mühüm faktor olduğunu dəqiqliklə,
çox korrekt qiymətləndirən ulu öndər vaxtilə
Azərbaycan xalqının həmişə güclü
olduğunu, onu səfərbər etmək lazım gəldiyini
bildirirdi. Səfərbərlik dedikdə, təkcə
hərbi potensialın səfərbərliyi deyil, cəmiyyət
həyatının bütün sahələrini əhatə
edən səfərbərlik nəzərdə tutulur. Çünki millətin, xalqın müxtəlif sahələrə
paylanmış gücü-qüdrəti içərisində
iqtisadi, intellektual, mədəni-mənəvi və psixoloji
potensialın məqsədyönlü şəkildə səfərbər
olunmasından söhbət gedir. Hər
şeydən əvvəl, çətin mümkün olan nəzəri
və əməli fəaliyyət imkanlarının vahid ideya,
vahid məqsəd ətrafında səfərbər
olunması reallaşdırılır, gerçəkləşdirilir.
Məhz bu halda əsrlər ərzində buraxılan səhvləri,
uğursuzluqları aradan qaldıraraq vəziyyəti ölkəmizin
xeyrinə dəyişməklə regionun geosiyasi xəritəsini
yenidən çəkmək olar. Bunun üçün,
ilk növbədə, hərbi güc balansında, informasiya
mübarizəsində və beynəlxalq ictimai rəyin, siyasi
simpatiyaların istiqamət vektorunda müsbət dəyişiklik
mütləq idi. Çünki
qarşı tərəfin işğal etdikləri
torpaqlarımızı özümüzə sülh yolu ilə
qaytarmağı təzyiq vasitəsi olaraq kompromis kimi təqdim
etmələri problemin həllinə ümidləri
azaldırdı. Bundan başqa, Ermənistanın
dövlət rəsmilərinin təhdid xarakterli bəyanatlarla
çıxış etməsi problemin sülh yolu ilə həllinə
olan ümidləri tam sıfıra endirmişdi. Bu və ya digər səbəblər, hər
şeydən əvvəl, milli-mənəvi vətənpərvərlik
hisslərinin bütün potensialını səfərbər
etməklə ordu quruculuğunu aktivləşdirdi. Modern
və güclü ordu quruculuğunu müəyyən
funksional asılılığın analitik düsturu kimi
müəyyən edən Prezident bu
asılılığın arqumentləri olan müasir silahlar
və texnika ilə təchiz, hərbi zavodlar yaratmaqla
müdafiə sənayesini formalaşdırmaq, hərbi təyinatlı
müxtəlif yerli, müasir məhsullar istehsal etmək,
ordunun döyüş qabiliyyətini, hərbçilərimizin
peşəkarlığını yüksəltmək, sosial-məişət
şəraitini yaxşılaşdırmaq və s. kimi məsələləri
ön plana aldı. Müharibə şəraitində
yaşadığımızdan, ölkəmizin ərazi
bütövlüyünü bərpa etmək ən ümdə
vəzifəmiz idi. Buna görə də
müstəqilliyimizin ən böyük qarantı olan Azərbaycan
Silahlı Qüvvələrinin maddi-texniki bazasını
möhkəmləndirmək üçün 2003-cü ildən
sonrakı dövrdə hərbi xərclər 15 dəfədən
çox artırıldı. Nəticədə
Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu
sırasına daxil oldu.
Vaxtı
çatmış ideya
Qeyd etdiyimiz kimi, cəmiyyətdə insanların səfərbər
olunması, vahid konseptual ideya ətrafında cəmlənməsi
ictimai inkişafa təkan verməklə məqsədin
gerçəkləşməsinə səbəb olur. İctimai tərəqqinin
səviyyəsi liderlərin səviyyəsindən
asılı olmaqla hərəkətverici qüvvəsi məhz
fərqlənənlərin qalxdığı yüksəkliyin
potensial enerjisi ilə ölçülür. Çünki müəyyən çətin problemi
həll etmək üçün liderin yüksək səviyyəsi
kifayət edə bilir. Sonrası isə
xalqın öz içərisindən çıxmış,
cəmiyyəti inkişaf etdirən liderə inam bəsləməsidir.
Liderlər siyasi və milli olmaqla iki qrupda təsnif
olunur. Hər iki liderlik keyfiyyətlərinin bir şəxsdə
birləşməsi unikal hal olmaqla milli və ümumbəşəri
dəyərlərin vəhdətinə nail olmağa imkan
verir. Yeni ideyalarına görə fərqlənən
liderlərin səbəb olduğu ictimai tərəqqi bu
ideyaların xalqa çatdırılması və maddi-ictimai
potensial arasındakı koordinasiyanın effekliyindən
asılıdır.
Yazdıqlarımızın
daha bir nümunəsi üçün 2019-cu il
oktyabrın 3-də "Valday" Beynəlxalq Diskussiya Klubunun
sessiyasına qayıdaq. Həmin sessiyada Prezident İlham
Əliyev Ermənistan baş nazirinin "Qarabağ Ermənistanın
hissəsidir və nöqtə" bəyanatının yalan
olduğunu vurğulayaraq dedi: "Qarabağ tarixi, əzəli
Azərbaycan torpağıdır. Beləliklə,
Qarabağ Azərbaycandır və nida işarəsi".
Həmin dövrdə dünyaya, beynəlxalq aləmə bir
diplomatik mesaj olan "Qarabağ Azərbaycandır!" fikri
günlər, aylar ötdükcə kəlama, aforizmə
çevrildi, dillər əzbəri oldu, hamımızın
ruhuna qida olmaqla ürək yanğımıza su çilədi
və nəhayət, vətənpərvərlik duyğularımızı
coşduran bir ideya oldu. Bu ideyanın təxminən bir il ərzində mövcud şəraitdə
gerçəkləşməməsi o demək deyildir ki,
ideyadan imtina edilib və ya unudulub. Fenomenal
yaddaşa, qeyri-adi intuisiyaya, rasional düşüncəyə,
güclü məntiqə malik Prezident İlham Əliyevə
bəlli idi ki, hadisələr həmişə müəyyən
bir ideyanın kontekstində cərəyan edir. Ona görə də ideyaları münbit şərait
yaranmadan, vaxtı çatmadan reallaşdırmağa
çalışmağı deyil, ictimai-tarixi zərurətdən
çıxış edərək həyata keçirməyi əsas
götürdü.
Belə məqamda
cəmiyyət üzərində möhkəm hakimiyyətə
malik olan ideyalar haqqında V.Hüqonun dediklərini
xatırlamaq yerinə düşərdi: "Dünyanın
heç bir ordusu vaxtı çatmış ideyanın
gücü qarşısında duruş gətirə bilməz".
Necə ki, Ermənistan silahlı qüvvələri və Qarabağdakı
qanunsuz erməni hərbi birləşmələri
"Qarabağ Azərbaycandır!" ideyasının
qarşısında 44 gün +23 saat duruş gətirə bilmədilər.
Çətini
deyil, qeyri-mümkün olanı həll etdi
İdeya aydın olduqda, görülən işin
uğurla nəticələnəcəyinə daxili inam, bu
yöndə ardıcıl və fasiləsiz templi siyasət məqsədin
əldə olunmasına imkan yaradır. Çətinlik
dərəcəsindən asılı olaraq bütün
problemləri, həmçinin həllinin
qeyri-mümkünlüyü fərz olunanları təsnif edərək
həlli mümkün problemlərə proyeksiyalamaq
mövqeyində israrlı olmaq tələb edir. Eyni zamanda çətin mümkün olanı
qeyri-mümkün olandan seçə bilmək kimi məxsusi,
spesifik keyfiyyətlər də zəruridir. Böyük maraqları kiçik maraqlardan,
mühümü qeyri-mühümdən fərqləndirməklə
hadisələrin, problemlərin həlli
ardıcıllığını düzgün seçmək,
lazım gələndə pauza verməklə həlli prosesini
uzatmaq liderlərə xas xüsusiyyətlərdir. Məhz o liderlər qeyri-adi, təkrarsız təfəkkürə,
irrasionallıqdan kənar prinsipiallığa, siyasi iradəyə
malik olduqları üçün ekstraordinar qərarlar qəbul
etməyə qadirdilər.
Məşhur sərkərdə Napoleon deyirdi ki, çətin
olanla qeyri-mümkün olanı fərqləndirmək
dahilikdir.
Vaxtilə işğal altında olan ərazilərimizin tamamilə
azad olunmasını, hər kənddə, hər qəsəbədə,
şəhərdə üçrəngli
bayrağımızın dalğalanacağının
qeyri-mümkünlüyünü fərz edənlər az deyildi. Çünki
"Gülüstan"dan, "Türkmənçay"dan
üzü bəri parçalana-parçalana, itirə-itirə
gəlirdik. Mövcud dünyada, şərin
xeyiri, gücün haqqı üstələdiyi bir zamanda
hansısa ideyanın həyata keçməsi ancaq xəyal
olardı. İdeyalar ancaq güclü, ali
məqsədi cari məqsədlərdən fərqləndirməyi,
gerçəkliyin müxtəlif rakursları arasında əlaqəni
görməyi bacaran fövqəl keyfiyyətli liderlərin əqli
və qüvvəsi ilə həyata keçir və öz
ardıcıllarını tapması müqabilində
yaşayır. İdeyanın
mümkünlüyünü qəbul edənlərdən də
ucada dayanan isə onu reallaşdırmağın
yollarını bilən, mövqe və məqsəd
ardıcıllığını əzmkarlıqla
yürüdən fenomenal liderlər, şəxsiyyətlərdir.
Həmin insanlar bilik və qabiliyyətlərindən,
taleyin qismətindən millət və xalq yolunda istifadə
etməklə milli inkişafın öncül qüvvəsinə
çevrilməyi bacarırlar. Bu baxımdan qlobal layihələrin,
əsas problemimiz olan - Azərbaycanın ərazi
bütövlüyünün və suverenliyinin tam bərpasının
təsəvvür edilməyəcək dərəcədə
müqavimətlərə, çətinliklərə
baxmayaraq, gerçəkləşdirilməsi məhz Prezident,
Müzəffər Ali Baş Komandan İlham Əliyevin
prinsipial mövqeyi, əzmi, iradəsi, qətiyyəti və
dahiliyi ilə bağlıdır.
Məhz Prezidentimizin sayəsində çoxəsrlik
milli dövlətçilik tariximizin qızıl
dövrünü yaşayırıq. Belə ki, əsrlərlə
bölünmüş, ağır məhrumiyyətlərə
məruz qalmış xalqımız silsilə qələbələrin,
misli görünməmiş yüksəlişin, bənzəri
olmayan tərəqqinin şahididir. Son 20
ildə kökü 200 ildən də artıq müddətdən
qaynaqlanan, neçə-neçə nəslə acı tale,
iztirablar, məşəqqətlər yaşadan bir problem
kökündən həll edildi. Erməni
yalanı, iftirası, böhtanına son qoyulmaqla
yaratdıqları əsatirlər, miflər də
dağıdıldı. Tarixi ədalət
bərpa olundu. Necə deyərlər, çətini
deyil, qeyri-mümkün olanı həll etdi. Bununla da dövlətimizin
başçısının adı hərb və sülh
tarixinə Müzəffər Ali Baş Komandan və Qalib
Prezident kimi həkk edildi. Bu gün
artıq Azərbaycan postsovet məkanında öz ərazi
bütövlüyünü və suverenliyini tam bərpa
etmiş yeganə, dünyada isə çox nadir ölkələrdən
biridir.
2023-cü
il
Prezident
İlham ƏLİYEV:
Biz Heydər
Əliyevin 100 illiyini il boyunca qeyd edirik.
Onun siyasətinə, onun tarixi irsinə hörmət göstərərək,
onun siyasətini davam etdirərək qeyd edirik;
Son 20 il ərzində verdiyim bütün vədlər,
qarşıma qoyduğum bütün vəzifələr icra
edildi. Bu illər ərzində Azərbaycan
gücləndi, Azərbaycan dünya miqyasında özünəlayiq
yerini tuta bildi. Artıq Azərbaycanla
dünyada hesablaşırlar.
Elə
bir güclü ordu yaratdıq ki, bu gün Azərbaycan
Silahlı Qüvvələri istənilən vəzifəni
şərəflə yerinə yetirə bilər və biz bunu
döyüş meydanında sübut etdik;
Biz torpaqlarımızı geri qaytarmışıq, ərazi
bütövlüyümüzü bərpa etmişik. Böyük
Qayıdış Proqramımızın birinci mərhələsinin
sonunda - 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda
yaşayacaq, bütövlükdə isə Qarabağ və
Şərqi Zəngəzurda 140 min insan yaşayacaq.
Həqiqətin
meyarı müqayisədir
Cəmiyyətin bütün sferalarında doğru ilə
yalanı, orijinalla saxtanı, əsli ilə surətini,
dürüstlə riyakarı, gerçəklə feyki fərqləndirmək
üçün, ilk növbədə, müqayisəyə əsaslanırıq. Həqiqətə
varmaq, gerçəyi bilmək naminə bəzən
faktların müqayisəsinə, bəzən də həmin
sahədə qəbul edilmiş vahid etalona müraciət
edirik. Hətta dövlət notariusları,
səlahiyyətli qurumlar belə bir çox sənədləri
təsdiqləyəndə "əsli ilə
düzdür" formulundan istifadə edirlər. Həyatda bir çox ölçü vahidlərinin
etalonu beynəlxalq aləmdə müvafiq təşkilatlar tərəfindən
uyğun yerlərdə saxlanılır. Bu
etalonların özləri də müəyyən zaman vasitələri
ilə korrektə olunurlar. Məsələn,
vaxt, zaman anlayışı Qrinviç rəsədxanasının
etalonu ilə müqayisəli şəkildə istifadə
olunur. Bir sözlə, demək olar ki, həqiqətin
ölçü vahidi, meyarı müqayisədir.
Bu
baxımdan da son 20 ildə ölkəmizin hansı inkişaf
yolu keçdiyini, haradan-haraya gəldiyini, nələr əldə
etdiyini, hansı nailiyyətlər, uğurlar
qazandığını, necə sınaqlardan
çıxdığını, çətinlikləri dəf
etdiyini görmək üçün müqayisə ən
yaxşı metodologiyadır. 20 il bundan əvvəl
məhz bu gün Prezident İlham Əliyevin andiçmə mərasimindəki
gələcəyə hesablanmış konseptual baxış
xarakterli nitqində bəyan etdiyi fikirlərdən iqtibaslar edək:
- Mən
bu böyük etimadı doğruldacağam, bu vəzifənin
öhdəsindən layiqincə gələcəyəm, Heydər
Əliyevin siyasətini davam etdirəcəyəm;
- Neft
strategiyasını davam etdirərək, qısa müddət ərzində
ölkəmizi hərtərəfli inkişaf etdirəcəyik.
Azərbaycanda bütün sahələrdə quruculuq işləri
aparılacaq, sosial problemlərin həlli istiqamətində
böyük işlər görüləcəkdir;
- Azərbaycanın
çox güclü ordusu olmalıdır. O, qarşıda
duran bütün məsələləri həll etmək
iqtidarında olmalıdır;
- Azərbaycanın
torpaqları işğaldan azad olunmalıdır, bir milyondan
artıq qaçqın və köçkün öz
doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi
bütövlüyü bərpa edilməlidir.
20 il bundan əvvəl söylənilən bu
fikirlərin hamısı sözü ilə imzası identik
olan dövlət başçımız tərəfindən
həyat həqiqətlərinə çevrilmişdir. Bunu hər birimiz öz həyatımızda da, cəmiyyətdə
də hiss etmişik, görmüşük. Necə deyərlər, görünən dağa nə
bələdçi. Buna baxmayaraq, deyilən
fikirlərlə bugünkü reallıqlar arasında
qarşılıqlı birqiymətli uyğunluq yaratmaq,
müqayisə aparmaq gerçəkliyin əyani təzahürü
olar.
Gətirdiyiniz iqtibaslar Heydər Əliyev siyasi kursuna,
tarixi irsinə, dühasına sadiqlik, iqtisadiyyat, sosial həyat,
ordu quruculuğu və o illər üçün ən əsas
problemimiz olan Qarabağ probleminin həllinə yönələn
fikirlərdəndir.
Qayıdış
Konsepsiyası
Geosiyasi və
qlobal müstəvidə mövcud trendləri aydın görən,
siyasi məharəti, yüksək mənəvi keyfiyyətləri
və kommunikasiya bacarığı ilə beynəlxalq aləmdə
də böyük nüfuz qazanan Prezident, Müzəffər
Ali Baş Komandanımız İlham Əliyevin 2023-cü ildəki
analoji fikirləri dediklərimizi tam mənasında təsdiq
edir:
- Biz Heydər
Əliyevin 100 illiyini il boyunca qeyd edirik.
Onun siyasətinə, onun tarixi irsinə hörmət göstərərək,
onun siyasətini davam etdirərək qeyd edirik;
- Son 20 il ərzində verdiyim bütün vədlər,
qarşıma qoyduğum bütün vəzifələr icra
edildi. Bu illər ərzində Azərbaycan
gücləndi, Azərbaycan dünya miqyasında özünəlayiq
yerini tuta bildi. Artıq Azərbaycanla
dünyada hesablaşırlar.
- Elə
bir güclü ordu yaratdıq ki, bu gün Azərbaycan
Silahlı Qüvvələri istənilən vəzifəni
şərəflə yerinə yetirə bilər və biz bunu
döyüş meydanında sübut etdik;
- Biz
torpaqlarımızı geri qaytarmışıq, ərazi
bütövlüyümüzü bərpa etmişik.
Böyük Qayıdış Proqramımızın birinci mərhələsinin
sonunda - 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda
yaşayacaq, bütövlükdə isə Qarabağ və
Şərqi Zəngəzurda 140 min insan yaşayacaq.
Göründüyü
kimi, dövlətin və xalqın gələcəyi ilə
bağlı tarixi missiyanı öz üzərinə
götürməklə nəyi, nə vaxt və necə etməyi
çox dəqiq və aydın bilən əsl lider olan
Prezident İlham Əliyev tarixi qələbələrə
imza ataraq güclü, müstəqil və suveren Azərbaycanın
firavan gələcəyinə doğru zəfər yolunu inamla
davam etdirir.
Hər bir ideya özünün hadisəyə
çevrilərək reallaşması və tükənməsi
prosesidir. Bəzən hadsələrin müddəti bir insan
ömrünə sığmayan ideyalarla bağlı olur.
İdeyanın formalaşmasından onun tam
reallaşmasına qədər olan zaman kəsimi təbii
olaraq hadisənin müddəti hesab olunur. Öz
ideyalarını gerçəkləşdirməsi tarixi şəxsiyyətlərə
xas olan xüsusiyyətlərdəndir. Bəzən
siyasi və milli liderlərə, tarixi şəxsiyyətlərə
məxsus ideyaların reallaşdırılması, onların
həyata keçirilməsi, yəni ideyanın maddiləşməsi
prosesi baş vermir. Tarixdə buna dair
nümunələr mövcuddur. Bu ya
ideyanın öz ardıcıllarını tapması yolu ilə,
ya da genetik - bioloji varisliklə tamamlanır.
Elm, sənət,
mülkiyyət sahələrindən fərqli olaraq dövlət
quruculuğu, geopolitik strategiyalar sahələrində,
ümummilli və ümumbəşəri idealların,
amalların kim tərəfindən davam
etdirilməsi dünyəvi xarakter daşıyır. İdeyalarının əbədiliyi naminə tarixi
şəxsiyyətlər ideyalarının ictimai prosesə
çevrilib yaşaması üçün də seçim
edirlər. Bu, həm də sosial-mənəvi,
ictimai-siyasi sferada əbədilik qazandırır. Şəxsiyyətlərin, öndərlərin
ictimai proseslərə çevrilən böyük müddətli
ideyalarının onların hər iki mənada
davamçıları tərəfindən
yaşadılması mahiyyət etibarı ilə fərqlənmir.
Ulu öndər Heydər Əliyevin xalqa müraciətini yada
salaq: "İnanıram ki, mənim axıra çatdıra
bilmədiyim taleyüklü məsələləri,
planları, işləri sizin köməyiniz və dəstəyinizlə
İlham Əliyev başa çatdıra biləcək". Göründüyü kimi, varislik əsasında
edilən seçimlə ideyaların yaşadılması mədəni-mənəvi,
genetik əlamətlərlə sıx bağlıdır.
Ulu
öndər ikinci hakimiyyəti dövründə
rüşeym şəklində
formalaşdırdığı Qərbi azərbaycanlıların
taleyinə biganə qalmama ideyasını "1948-1953-cü
illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki
tarixi-etnik torpaqlarından kütləvi surətdə
deportasiyası haqqında" 18 dekabr 1997-ci il
tarixli Fərmanı ilə təsdiqlədi. İlk
dəfə idi ki, bu məsələyə ən yüksək
səviyyədə münasibət bildirilirdi.
Məhz bu ideya da Ulu Öndərin siyasi varisi
Prezident İlham Əliyev tərəfindən ictimai-siyasi
prosesə çevrilərək reallaşma mərhələsinə
qədəm qoydu. Belə ki, ötən il
dekabrın 24-də dövlətimizin başçısı Qərbi
Azərbaycan İcmasının inzibati binasında yaradılan
şəraitlə tanış oldu və Qərbi Azərbaycandan
olan bir qrup ziyalı ilə görüşdü.
Görüşdə Qərbi azərbaycanlıların tarixi
yaşayış yerlərinə qayıtmaları
üçün Qayıdış Konsepsiyasının
vacibliyini vurğulayaraq dedi: "Biz birgə səylərlə
Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da
işləməliyik. Qarabağ münaqişəsi həll
olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ
budur".
Bəli, əsas məsələ odur ki, inamı itirməyəsən, bu yöndə fəaliyyət göstərəsən. Onda istəyimizə nail ola bilərik. Qeyd etdiyimiz kimi, əzmlə, fədakarlıqla və inadkarlıqla, usanmadan çalışmalıyıq ki, ideyanı münbit şəraitdə və uyğun vaxtda reallaşdıraq. Bizim gələcək nəsillər barədə düşünən milli-siyasi Liderimizin, siyasət ustadımızın olması da buna tam əminlik yaradır. Bu gün güclü xalq, güclü dövlət, güclü lider formulu Azərbaycanın güc mənbəyidir. Siyasəti də güclülər ölkəsinin mənafeyi naminə istədikləri kimi, zəiflər isə bacardıqları kimi yürüdürlər, zəiflər də güclülər qarşısında onunla barışmaqdan başqa heç nə bacarmırlar.
Hümbət
MUSAYEV
Respublika .- 2023.- 31 oktyabr, № 238.-
S.3.