Sabaha böyük inamla addımlayan müasir Azərbaycan

 Böyük Azərbaycan xalqı 20 il öncə İlham Əliyevi lider seçməklə dünyaşöhrətli dahi şəxsiyyət Heydər Əliyevə olan inamını, etibarını bir daha nümayiş etdirdi, özünün, dövlətinin işıqlı sabahına səs verdixoş gələcəyə ulu öndər yolu ilə addımlamaq arzusunu reallaşdırdı. Oktyabr ayının 31-də Prezident İlham Əliyev Respublika sarayında müasir Azərbaycanın qurucusu Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu şərəflə, vicdanla davam etdirəcəyinə sədaqət andı içdi: "...Mən bu gün bu yüksək kürsüdən əziz Prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək deyirəm: Əziz Prezident, əsərin olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik".

"Azərbaycan Respublikasının prezidenti seçilməyimlə mənə göstərilmiş bu böyük etimada görə Azərbaycan seçicilərinə, Azərbaycan vətəndaşlarına, bütün Azərbaycan xalqına öz dərin təşəkkürümü bildirirəm. Mən bu böyük etimadı doğruldacağam, bu vəzifənin öhdəsindən layiqincə gələcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm".

Prezident İlham Əliyevin

2003-cü il oktyabrın 31-də keçirilən andiçmə mərasimindəki nitqindən

Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində qısa zaman kəsiyində Azərbaycanın böyük uğurlara imza atdığını, bütün sahələrdə dinamik inkişafa nail olunduğunu, ölkəmizin beynəlxalq aləmdə nüfuz qazandığını bildirən Prezident İlham Əliyev ulu öndərin irsinə sadiq qalacağına, onun ideyalarını həyata keçirəcəyinə, dahi liderin yolunu davam etdirəcəyinə söz verdi. 1993-2003-cü illərdə əldə olunan nailiyyətlərə nəzər salan Prezident müstəqil dövlətimizin 10 il ərzində keçdiyi çətin və şərəfli yolda böyük uğurlara sahib olmasının, Cənubi Qafqaz regionunda beynəlxalq səviyyəli irimiqyaslı layihələrin ölkəmizin iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilməsinin məhz ulu öndərin xalqı, dövləti qarşısında əvəzsiz xidmətlərinin, gərgin əməyinin nəticəsi olduğunu bildirdi. Ölkə başçısı gənc, müstəqilliyini yenicə qazanmış bir ölkənin dövlətçilik baxımından çox qısa müddətdə beynəlxalq təşkilatlarda uğurlu fəaliyyət göstərməsinin, nüfuzlu qurumlarda təmsil olunmasının, dünya miqyasında möhkəm mövqe tutmasının uzaqgörən, məqsədyönlü siyasət sayəsində mümkün olduğunu vurğuladı. Müstəqil Azərbaycanın dünya ölkələri ilə ikitərəfli əlaqələrini, çoxşaxəli regional əməkdaşlığını nəzərə çatdıran dövlət başçısı bu istiqamətdə fəaliyyətin bundan sonra daha da genişləndiriləcəyini, ölkədə iqtisadi islahatların dərinləşdiriləcəyini, hazırda ümumi daxili məhsulun formalaşmasında 70 faiz payı olan özəl sektorun inkişafı üçün daha əlverişli şəraitin yaradılacağını bildirdi.

Beynəlxalq münasibətlərin qurulması, dünya ölkələri ilə əlaqələrin genişləndirilməsi, bu kontekstdə ölkəmizə investisiya axınına nail olunmasını Heydər Əliyevin düşünülmüş siyasətinin əsas istiqamətini təşkil etdiyini vurğulayan Prezident İlham Əliyev Azərbaycanda sərmayə qoyuluşunun çox yüksək səviyyədə olduğunu, bütün mənbələrdən qoyulan investisiyaların həcminin 15 milyard dollar təşkil etdiyini, adambaşına xarici sərmayənin həcminə görə ölkəmizin keçmiş sovet respublikaları arasında ön sıralarda qərarlaşdığını, hətta bəzi Şərqi Avropa ölkələrini qabaqladığını qeyd etdi. Ölkə iqtisadiyyatının inkişafında ulu öndərin neft strategiyasının Azərbaycana böyük sərmayələr gətirdiyini bildirən dövlət başçısı 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" ilə ölkəmizin neft-qaz ehtiyatlarını dünya bazarlarına çıxardığını, Xəzər dənizinin Azərbaycana aid olan hissəsində xarici şirkətlərlə uğurlu əməkdaşlığın həyata keçirildiyini diqqətə çatdırdı. Böyük qaz ehtiyatlarına malik olan "Şahdəniz" yatağında uğurlu işlərin aparıldığını, Bakı-Ərzurum qaz kəmərinin tikintisinə vəsait qoyulduğunu və yaxın illərdə Azərbaycan qazının Avropaya çatdırılacağını deyən ölkə başçısı neftdən əldə olunan gəlirlərin xalqın rifahına xidmət edəcəyini dövlət siyasətinin prioriteti olduğunu vurğuladı: "Gələcəkdə Azərbaycan öz iqtisadi potensialını inkişaf etdirdikcə, Azərbaycanda yeni neft yataqları kəşf olunandan sonra, Bakı-Tbilisi-Ceyhan neft kəməri istifadəyə veriləndən sonra, əlbəttə, ölkəmizin imkanları daha da artacaqdır. Hər il Azərbaycana milyardlarla dollar vəsait daxil olacaqdır. Bu vəsaitlə Azərbaycanda bütün sahələrdə quruculuq işləri aparılacaq, sosial problemlərin həlli istiqamətində böyük işlər görüləcəkdir". Dövlət başçısı onu da vurğuladı ki, bütün bu uğurlar Azərbaycanın gələcəkdə sürətli inkişafına, hərtərəfli tərəqqisinə imkan verəcək. Ölkəmizin hərtərəfli inkişafı üçün düşünülmüş planlar mövcuddur: Azərbaycan güclənəcək, zənginləşəcək, hərtərəfli inkişaf edəcək, müasir Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin yolu ilə qələbələrə doğru gedəcək.

Bəli, o illərdən 20 il ötüb. Sözü imzası qədər keçərli olan Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu, düşünülmüş siyasət nəticəsində bu gün ölkəmiz dünya miqyasında qüdrətli, qalib Azərbaycan olaraq tanınır. Bu gün nəinki regionda, bütün dünyada dövlətimizin maraqları nəzərə alınır. Son 20 il Azərbaycanın sürətli inkişaf və modernləşmə dövrü kimi xarakterizə olunur. Bu müddətdə ölkə başçısının düşünülmüş islahatları, verdiyi müdrik qərarlar Azərbaycanı inkişaf edən ölkələrdən birinə çevirib, onun rəhbərliyi ilə həyata keçirilən konsepsiyalar, aparılan sosial-iqtisadi siyasət bütün sahələrdə önəmli dönüş yaradıb. "İqtisadi inkişaf sürətinə görə Azərbaycan qabaqcıl ölkələr sırasındadır. Biz bu maddi dəyərləri, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik", - deyən Prezident İlham Əliyevin ölkəyə rəhbərliyinin ilk illərindən başlamış genişmiqyaslı təhsil islahatları bu günuğurla davam etdirilir. 2004-cü ildən etibarən səhiyyə sahəsində həyata keçirilən islahatlar daha da genişlənmiş, ölkə səhiyyəsi sürətlə inkişaf mərhələsinə qədəm qoymuşdur. İcbari Tibbi Sığortanın tətbiq edilməsi genişmiqyaslı islahatların bariz nümunəsidir. Dünya arenasında Azərbaycanın artan nüfuzuidmana dövlət qayğısı sayəsində hər il ölkəmizdə keçirilən beynəlxalq səviyyəli müxtəlif idman yarışları, o cümlədən dünyaAvropa çempionatları Azərbaycanın idman ölkəsi olmasını bir daha sübut edir.

İlham Əliyevin 20 illik prezidentliyi dövründə hər sahədə qazanılan saysız-hesabsız nailiyyətlər Qalib Azərbaycan kəlməsində öz əksini tapır. Qətiyyətli, iradəli, uzaqgörən, yüksək idarəetmə məharətinə malik liderin rəhbərliyi ilə əldə olunan uğurların fonunda suveren, ərazi bütövlüyünü tamamilə təmin etmiş, heç bir ölkədən asılılığı olmayan, humanist ideyalara sadiq müstəqil Azərbaycan dayanır. 30 illik işğala son qoyaraq imzasını imzalar içində təsdiq edən Müzəffər Sərkərdənin rəhbərliyi ilə Qalib Azərbaycan sabaha inamla addımlayır.

Mehparə ƏLİYEVA

Respublika .- 2023.- 31 oktyabr, № 238.- S.4.