İrəvana yeddi məktub

Tanınmış yazıçı-publisist, ictimai-siyasi xadim H idayət Orucovun "Burdan min atlı keçdi" kitabını vərəqlədikcə, illərin isti-soyuğunu qəlbində yaşadan, yaddaşında xoş xatirələri çözələyən yazıçının qələmə aldığı əzəli türk torpaqları olmuş Qərbi Azərbaycanda soydaşlarımızın yaşadığı ictimai-siyasi şəraitin, ədəbi-mədəni mühitin, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının keçdiyi yolun, görkəmli azərbaycanlı ictimai və dövlət xadimlərinin fəaliyyətinin, bütövlükdə Qərbi azərbaycanlıların illər boyu məkrli erməni siyasətinə qarşı apardıqları mübarizənin canlı şahidinə çevrilirsən sanki...

Kitabın "İrəvana yeddi məktub" bölməsində isə müəllif ötən əsrin 70-ci illərindən başlayaraq İrəvanda genişlənən anti-Azərbaycan, antitürk siyasətini, xüsusilə də həmin dövrdə ermənilərin Heydər Əliyev şəxsiyyətinə qısqanclıq, paxıllıq, hətta düşmənçilik münasibətini əks etdirən müşahidələrini qələmə alıb. Kitabın "İrəvana yeddi məktub" adlı bölməsində müəllif yazır:

"Gevork Eminin "Ermənistan haqqında yeddi nəğmə"sindəki şişirtmələri də oxumuşam, S.Kaputikyanın "Karvanlar hələ yoldadır"ındakı, V.Petrosyanın "Erməni eskizləri"ndəki uydurmaları da. B.Ulubabyanın, S.Xanzadyanın, H.Şirazın, Z.Balayanın, K.Simonyanın... qatı şovinizm qoxuyan, qonşu xalqlara qarşı nifrət, soyqırımı hissləri aşılayan, həqiqətdən, məntiqdən uzaq cəfəngiyyatlarıyla da çoxdan tanışam... Xeyli vaxtdır içimdə "Yeddi məktub"u yazmağa ciddi ehtiyac duyuram. Və son aylarda hiss edirəm ki, daha yazmamaq mümkün deyil. Ona görə qələmə üz tuturam və yaza-yaza mənə elə gəlir ki, yazdıqlarım yalnız "Bakıdan İrəvana məktublar"dır...".

Yeri gəlmişkən, onu da qeyd edək ki, ermənilərin öz havadarlarına arxalanaraq açıq şəkildə həyata keçirdikləri millətçilik siyasətini tənqid etmək, xalqımızın dahi oğlu Heydər Əliyev şəxsiyyətinə düşmənçilik münasibətlərini onlarla bir məkanda çalışa-çalışa qələmə almaq o dövrdə müəllifdən böyük cəsarət tələb edirdi. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyini qeyd etdiyimiz bir vaxtda XX əsrin ikinci yarısında və XXI əsrin əvvəllərində dünyanı heyrətləndirən siyasət korifeyi, dövlətçilik patriarxı, dünyaşöhrətli dahi şəxsiyyət haqqında ilk yazılardan olan "İrəvana yeddi məktub" bu gün də aktualdır. Oxucu marağını nəzərə alaraq qəzetimizin bu sayından etibarən həmin məktubları ardıcıllıqla təqdim edirik:

14 iyul, 1969 I məktub

İlk unudulmaz epizod 1969-cu ilin payızına gedib çıxır: 10 oktyabrda Akademik Dram Teatrının binasında Cəfər Cabbarlının anadan olmasının yetmiş illiyinə həsr olunmuş təntənəli toplantının tənəffüsündə o vaxtın vəzifəli şəxslərindən biri həyəcanlı halda Ermənistan nümayəndə heyətinə yaxınlaşdı:

- Xahiş edirəm, bura keçin, - səhnənin sağ böyründəki truppa müdirinin otağını (indi qonaq otağıdır) göstərib dedi, - Heydər Əlirza oğlu qonaqlarla görüşmək istəyir.

Biz tezcə göstərilən otağa daxil olduq.

...Biz truppa müdirinin otağında nə qədər gözlədik, iki dəqiqəmi, üç dəqiqəmi, bəlkə bir az çox, yadımda deyil, o yadımdadır ki, bu anlaradək hələ yalnız arxadan görə bildiyim respublika rəhbərini gözlərim önündə canlandırmağa, o illərdə mənə çox qeyri-adi görünən görüşə mənən hazırlaşmağa cəhd edirdim. Heydər Əliyev bircə anda otağa daxil oldu və təbəssümüylə sanki otağın işığını bir az da artırdı. Azərbaycanın yüksəkvəzifəli rəsmisi nümayəndə heyətinin başçısını Birinci katibə yenidən təqdim elədi, başçı isə bir-bir bizi tanıtdırmağa başladı. Birinci yerdə Luiza dayanmışdı, - o illərdə cavan, cazibədar qadın, peşəkar sənətşünas, - respublika rəhbərinin əlini tez buraxmaq fikrində deyildi:

- Heydər Əlirza oğlu, Sizin barənizdə Ermənistanda əfsanələr dolaşır, - dedi, - ona görə də bura gəlməyə hazırlaşanda rəfiqələrim, dostlarım mənə tapşırıblar ki, Sizə doyunca baxım və təəssüratlarımı qayıdandan sonra onlarla bölüşüm.

Heydər Əlirza oğlu erməni xanımın sözünə dərhal münasibət bildirdi:

- Mən də onlara hörmət edirəm. Mənim valideynlərim Ermənistandandır...

Çöhrələrdəki təbəssüm gülüşə çevrildi, sanki otağın işıqları bir az da gücləndi.

Oriylə Ararat təqdim olunandan sonra növbə mənə çatdı.

Sergeyin mən barədə təqdimat kartı:

- İstedadlı şair, Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru...

Heydər Əlirza oğlu əlimi möhkəm sıxaraq düz gözlərimin içinə baxdı:

- Belə gənc?! Çox şadam!

"Belə gənc?!" sualı-nidası, şübhəsiz, tutduğum vəzifəylə bağlıydı.

Gözlərinin dərinliyi, qətiyyət, müdriklik ifadələri, güclü qartal baxışları əbədi həkk olundu yaddaşıma.

Luizaya bu məqamda layiq olduğu qiyməti vermək lazımdır: "Heydər Əlirza oğlu, Sizin barənizdə Ermənistanda əfsanələr dolaşır" deyimi həqiqəti dəqiq əks etdirirdi. Mən də, nümayəndə heyətinin başqa üzvləri də həmin həqiqətin içindən çıxıb gəlmişdik. Azərbaycana rəhbər seçildikdən sonrakı ilk aylarda Qərbi Azərbaycanda onun haqqında o dövr üçün əfsanələr dolaşırdı: "Filan müftəxor, filan korrupsiyaçı rüşvət alarkən yaxalandı - həbs olundu"; "filan nazir səfərdən geri çağırılıb, işdən qovuldu"; "Heydər Əliyev mühafizəsiz, müşayiətsiz şəhəri gəzir, mağazalara baş çəkir, növbəyə durub ərzaq alır, natəmiz ticarət işçilərini özü cəzalandırır" və s. və i.a. Ona görə də İrəvandan baxanda Luizanın deyimi yalnız gerçəklik idi, Luizanın səriştəsi həqiqəti olduğu kimi (bir az obrazlı) ifadə edə bilməyindəydi.

Birinci katib cəmisi dörd-beş dəqiqəlik bu görüşdə (başqa respublikalardan gələn nümayəndə heyətləriylə də görüşməliydi) ədəbi əlaqələrin möhkəmləndirilməsi, mədəniyyətlərin qarşılıqlı zənginləşdirilməsi məsələlərindən professional səviyyədə bir neçə söz dedi, şəhərin görməli yerlərində olmağımızı tövsiyə etdi. Vidalaşanda Luiza yenə respublika rəhbərinin əlini buraxmadı. Sən demə, "qara qızın dərdi varmış":

- Heydər Əlirza oğlu, görürsünüz, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru Hidayət Orucov da buradadır. O, çox gənc yaşında qüdrətli bir teatr kollektivinə başçılıq edir. Bakıda da erməni teatrının yaxşı ənənələri olub. Bu sənət ocağını bərpa etmək məsələsi isə ildən-ilə keçir. Biz ümid edirik ki, Siz bu məsələni tez bir zamanda həll edəcəksiniz.

Luiza elə danışırdı - sanki Bakıda erməni teatrının bərpası çoxdan gündəmdəydi, sadəcə, qərar verilməsi qalmışdı. Mənsə bu barədə ilk dəfəydi eşidirdim.

Birinci katibin baxışlarındakı sual ermənilərin dördünü də çaşdırdı. Demədi: "açarıq", ya "həll edərik". Çox dəqiq münasibət:

- Tapşırıq verərəm, məsələni öyrənərlər. Koçinyana salam deyin. Sağ olun!

Dərhal bir az qabağa gedərək deyim ki, Heydər Əlirza oğlu məsələnin öyrənilməsi üçün uyğun tapşırıq vermişdi. İrəvana çatandan sonra Azərbaycanın mədəniyyət naziri Zakir Bağırov mənə telefon açdı, teatrımızla maraqlandı, dedi ki, vəziyyəti, problemləri öyrənmək üçün Gənc Tamaşaçılar Teatrının direktoru Bala Qasımovu İrəvana göndərmək istəyir. Bu təklifi məmnuniyyətlə qəbul etdim və hələ Zakir müəllimlə söhbət edə-edə nədənsə qulağımda Cəfər Cabbarlının yubileyində Luizanın Heydər Əlirza oğluna Bakıda erməni teatrının "bərpası" barədə müraciəti və dediyi sözlər səsləndi. Telefonun dəstəyini yerinə qoyub fikirləşdim: "Heydər Əlirza oğlu bir gedişlə azı iki məsələni həll edir - həm İrəvanın Azərbaycan teatrının vəziyyətini, problemlərini öyrənir, həm də Bakıda erməni teatrının açılması perspektivini nəzərdən keçirir".

Peşəkar teatr xadimi Bala Qasımov gəldi, üç gün İrəvanda qalıb bizim teatrı dərindən öyrəndi. Məsələnin canını bilmirdi, mən də açıb-ağartmadım, amma bir dəfə söhbəti Bakıda erməni teatrının məsələsi üstünə gətirib dedim ki, buna qətiyyən ehtiyac yoxdur, çünki Xankəndidəki Erməni Dövlət Dram Teatrı respublikada kifayət qədər tamaşaçı toplaya bilmir. Ehtiyac hiss ediləndə Xankəndi teatrının Bakıya qastrol səfərini təşkil etmək olar.

Bala müəllimi yola salandan sonra Zakir Bağırova zəng çaldım, fikrimi açıq bildirdim, dedim ki, bizə diqqətiniz üçün minnətdaram, ancaq Bakıda erməni teatrının açılması məsələsinin müzakirəsinə ehtiyac yoxdur...

Zakir müəllim həm heyrətlənirdi - bunları haradan bilirəm, həm də narahat olurdu ki, telefonda çox açıq danışıram (özü də İrəvandan!). Sonralar Bakıda erməni teatrının açılmasının perspektivsizliyi barədə Ermənistan rəsmilərinə və ziyalılarına saysız-hesabsız şərhlər verməli oldum. Millətçi-şovinist dairələr ictimaiyyət arasında belə fikir formalaşdırmağa cəhd edirdilər ki, Bakıda erməni teatrının açılmasına qəti etiraz edən mənəm. Əslində isə mən həqiqəti söyləyirdim.

Çox illər ötəndən sonra, 1 avqust 1994-cü ildə Məhəmməd Füzulinin 500 illik yubileyi üzrə Dövlət Komitəsinin iclasında Heydər Əlirza oğlu deyəcəkdi: "Vaxtilə, 70-ci illərin əvvəllərində mənə deyirdilər ki, Ermənistanda, İrəvanda Azərbaycan Dövlət Dram Teatrı yaratmışıq. Özünə də C.Cabbarlının adını vermişik. Amma teatrın binası yox idi. Ermənistanın rəhbərləri hər dəfə məni görəndə deyirdilər ki, biz İrəvanda Azərbaycan teatrı yaratmışıq, Siz nə üçün Bakıda erməni teatrı açmırsınız? Mən də cavabında deyirdim ki, Stepanakertdə erməni teatrı var".

Yenə o deyimə qayıdıram: "Heydər Əlirza oğlu, Sizin barənizdə Ermənistanda əfsanələr dolaşır". İrəvanda bu əfsanələri məmnunluqla dinləyirdim və Bakıda 4-5 dəqiqəlik o unudulmaz görüşdə də bu həqiqət məndə bir daha təsdiqlənirdi. Bundan fəxarət hissi duyur və düşünürdüm: sanki əfsanələrdən qopub gələn, qədim yunan ədəbiyyatının, "Dədə Qorqud"un, Nizaminin və Şekspirin ölməz qəhrəmanlarını xatırladan bu şəxsiyyət - cavan, enerjili Azərbaycan rəhbəri, doğrudanmı erməni paxıllığına, qısqanclığına, nəhayət, düşmənçiliyinə son qoya biləcək?

Bütün xalqımız kimi, mən də çox istərdim belə olsun. Lakin...

Əfsanələr, səngiyə-səngiyə olsa da, Cabbarlı yubileyindən sonra təxminən ilyarım da dolaşdı Ermənistanı. Bir fakt da yadıma düşür: Ermənistanda Sovet hakimiyyəti qurulmasının əlli illiyi münasibətilə 1970-ci ilin 28 noyabrında İrəvanın Opera və Balet Teatrının binasında keçirilən təntənəli yubileydə Leonid Brejnevdən sonra, bütün çıxış edənlərin, o sırada Sovet respublikalarının rəhbərləri içində ən çox alqışlanan Heydər Əliyevin çıxışı oldu. O da aydınca hiss olunurdu: Leonid Brejnevə alqışlar əsasən Baş katibə "protokol" alqışlarıydı, Heydər Əliyevin tez-tez alqışlanması isə onun çıxışının dərin mündəricəsi, mənası ilə bağlıydı.

Salonun orta sıralarından birinin mərkəzində əyləşib qürur hissi ilə dinlədiyim dərinməzmunlu həmin çıxışı bu gün də iftixarla xatırlayıram: Heydər Əliyev təfəkkürünün dərinliyi, məntiqinin ardıcıllığı, natiqliyinin təsir gücü təkcə salonu deyil, tədbirə canlı yayımla baxan bütün Qərbi Azərbaycanı sehrləmişdi. Ertəsi gün və sonra bəzi ermənilər, pörtmüş halda olsalar da, həmin çıxışdan danışırdılar.

Ermənistan o illərdə sözün tam mənasında durğunluq içindəydi. Hansısa tarixi şəxsiyyətin yubileyini təmtəraqla, həftə uzunu qeyd etməklə, yaxud uydurma "Erebuni-2750"ni geniş keçirməklə və ya hansısa milli mərasimlərin təbliğiylə baş qatmaq artıq xalqı bezikdirmişdi. Belə tədbirlərin qatı millətçilik və şovinizmin təbliğatına çevrilməsi göz qabağındaydı. El arasında uydurma "Erebuni-2750" haqqında gülməli lətifələr yaranırdı və görkəmli komik artist Frunzik Mkrtçyan belə lətifələri yüksək rəsmilərin iştirak etdiyi tədbirlərin bədii hissəsində səhnədən də səsləndirirdi.

Ona görə də Azərbaycanın yeni rəhbərinin apardığı köklü islahatlar, quruculuq, yaradıcılıq ehtirası, millətçi-şovinist dairələr istəməsələr də, diqqət çəkirdi və Azərbaycana sonsuz həsədlə baxılırdı.

Ancaq "əfsanələr" vaxt keçdikcə, 1970-ci ilin payızında qeyd olunan Ermənistanın sovetləşməsinin 50 illiyi bayramı vaxtları, məsələn, 1969-cu ilin payızında keçirilən Cəfər Cabbarlının yubileyi günlərinə nisbətən səngiyirdi, mənfi fikirlər, hələ ki, açıq söylənilməsə də, köhnə və yeni əfsanələr əvvəlkitək müəyyən kiçik dairələrdə gəzib-dolaşırdı. Azərbaycan inamla dirçəliş yoluna qədəm qoyduqca, tərəqqiyə və inkişafa nail olduqca, erməni millətçilərinin köhnə xəstəliyi - qısqanclıq, paxıllıq hissləri, kin-küdurət artıq qarşısıalınmaz olurdu…

Respublika .- 2023.- 31 oktyabr, ¹ 238.- S.10.