O, kinonu çox sevdiyi üçün aktyor olub
Bir zamanlar
"mən aktyor olacağam" deyən,
"Fantan tülpan"
filminin uzun müddət təsiri altında qalan və kinoya olan sevgisini özündən qova bilməyən kinoaktyor Ənvər Həsənovun
avqustun 17-də 74 yaşı
tamam olur. Onun adı
çəkiləndə gözlərimiz
önündə ilk öncə
"Uşaqlığın son gecəsi" filmində yaratdığı Murad obrazı canlanır.
1965-ci ildən taleyini
"Azərbaycanfilm" kinostudiyası
ilə bağlayan və burada "Dəli Kür", "Uşaqlığın son gecəsi",
"Yeddi oğul istərəm", "Bizim
küçənin oğlanları",
"Dərviş Parisi
partladır", "Babək",
"Arxadan vurulan zərbə" kimi 50-dən
artıq filmdə bir-birindən maraqlı obrazlar yaradan Ənvər Həsənovla
Mərdəkandakı bağ
evində görüşdük.
Fransa istehsalı olan filmlərin təsiri altında aktyor olmaq həvəsinə düşdüyünü dilə
gətirən müsahibim
bu qərardan peşman olmadığını
bildirdi:
- Mən kinonu çox sevdiyim üçün aktyor oldum. "Azərbaycanfilm"
kinostudiyasına gələndə
cəmi 15 yaşım
vardı. 1966-cı ildə Adil İskəndərovun aktyorluq
studiyasına gələndə
Arif Babayev "İnsan məskən salır" filminin çəkilişlərinə başlamışdı. A.İskəndərov məni rejissor köməkçisi kimi onun yanına göndərdi. Daha sonra
rejissor kimi fəaliyyət göstərdim.
O zamanın bütün
korifey sənətkarları
ilə çalışmışam.
Evdəkilərin təkidilə
ali təhsil
diplomu almaq üçün sənədlərimi
M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna
(indiki İncəsənət
Universitetinə) verdim.
Qəbul
imtahanında A.İskəndərov,
H.Qurbanova məni görəndə çaşıb
qaldılar, çünki
mən artıq həm aktyorluq kursunu bitirmişdim, həm də kinostudiyada çalışırdım.
Söhbət əsnasında Ənvər
müəllim çəkildiyi
filmlərdən böyük
həvəslə, bir
az da
həyəcanla danışdı:
- Bilirsiniz, insanlar köhnə filmlərimizi
niyə çox sevirlər, çünki orada səmimiyyət, xoşbəxtlik, hörmət,
adət-ənənələrimiz qabarıq şəkildə
nümayiş olunur.
Kino üçün iş
vaxtı anlayışı
yoxdur. Günlərlə yatmadığımız, çörək yemədiyimiz,
yağışın, qarın
altında qaldığımız
zamanlar olub. Buna hər adam
dözə bilmirdi. 56
il kinostudiyada
işləmişəm, bunun
25 ilini mən demək olar ki, evdə olmamışam.
Günlərim dağda, dərədə,
müxtəlif şəhərlərdə
çəkiliş meydançalarında
keçib.
Rejissor Əlisəttar
Atakişiyev "Qərib
cinlər diyarında"
filimini çəkirdi,
Şamil Mahmudbəyov
isə "Dərviş
Parisi partladır"
filmi üzərində
işləyirdi. Ə.Atakişiyev Qərib obrazının
ssenarisini mənim üçün yazdığını
bildirmiş və hazırlaşmağı tapşırmışdı.
Kinostudiyanın o zamankı rəhbərliyi
eyni vaxtda hər iki filmə
çəkilməyə icazə
vermədi, buna görə başqa aktyor dəvət olundu, çox uğurlu da rol alınmışdı.
Mənim xoşbəxtliyim ondadır
ki, məşhur bəstəkar, rəssam, rejissor, operatorlarla birlikdə çalışmışam. Çəkildiyim
filmlərin uğur qazanmasında çəkiliş
qrupunun böyük əməyi olduğunu dana bilmərəm.
"Uşaqlığın son gecəsi" filmini 70-ə
yaxın, "Yeddi oğul istərəm"
filmini isə 128 ölkə alıb. Kiyevdə keçirilən
kinofestivalda "Uşaqlığın
son gecəsi" filminə
5 nominasiya üzrə
mükafat verilib.
Bunlar bizim milli sərvətimizdir.
Hər dəfə həmin filmlər telekanallarda nümayiş olunanda gözlərim dolur.
Evinin müxtəlif guşələrini
şəkillərlə bəzəyən
görkəmli aktyorun
xatirələri isə
bitib tükənmir:
"2019-cu ildə Fransa
kinemotoqrafçıları Azərbaycanda "Aleksandr
Dümanın Qafqaza gəlişi" adlı
film çəkirdi. O zaman
Jerar Depardye Bakıya gəlmişdi. Mən həmin filmin çəkilişləri üçün
Fransanın nümayəndə
heyətinə kömək
edirdim. Andrey Mironov, Yuri Nikulin, Pyer Rişar, Jerar Depardye bağda qonağımız
olublar. Kino sahəsi
külli miqdarda maliyyə tələb edir. İndiki cavan aktyorların
püxtələşməsi üçün illər tələb olunur. İlk növbədə, aktyorun görünüşü, diksiyası
çox vacibdir".
Türk
kinosunun məşhur aktyorları ilə dostluq etdiyini deyən Ə.Həsənov
1980-ci ildə Kadir İnanır, Fatma Girik, Türkan Şoray, Süleyman Baylı ilə festivalda tanış
olduğunu qeyd etdi.
Ümummilli lider Heydər Əliyevlə bağlı
xatirələrini bölüşən
həmsöhbətim ulu
öndərin hakimiyyətdə
olduğu illərdə
şəhər komsomol
komitəsinin müfəttişi,
operativ komsomol dəstəsinə daxil olduğunu vurğuladı:
-Heydər Əliyev hər il kinostudiyanı, pavilyonları, çəkiliş meydançalarını gəzir, aktyorlarla tanış olurdu. Onunla ilk görüşüm məhz kinostudiyada baş verdi. Ulu öndər Azərbaycan kinosunu çox sevir, bu sahədə çalışanlara qayğı göstərirdi. Həmin dövrdə keçirilən bütün tədbir, konfrans və qurultaylarda operativ komsomol dəstəsi hər zaman Heydər Əliyevin yanında olurdu, mən isə həmin dəstənin qərargah rəisi idim. Zərifə xanım Əliyeva ilə bağlı gözəl xatirələrim var. İndiki Heydər Əliyev adına Sarayda Azərbaycan komsomolunun 32-ci qurultayı keçirilirdi. Mühafizə dəstəsindən bir əməkdaş mənə yaxınlaşaraq Zərifə xanımın məni görmək istədiyini dedi. Dərhal onun yanına getdim, görüşdük, söhbətləşdik. Bir qədər keçəndən sonra İlham Əliyev və Mehriban xanım Əliyeva içəri daxil oldular. Zərifə xanım dedi: "Ay nə yaxşı, İlham gəldi". Mən ayağa qalxdım. Onlarla görüşəndən sonra məni İlham Əliyevə təqdim etdi".
Müsahibim, həmçinin bənzərsiz müğənni Müslüm Maqomayevlə bağlı xatirələrini də bölüşdü. Məlum oldu ki, bir zamanlar Moskva şəhərində qonşu küçələrdə yaşayan bu iki dost birlikdə çox zaman keçiriblər. M.Maqomayevin ömür-gün yoldaşı Tamara Sinyavskaya da ona böyük hörmət edirdi. Bütün bunları danışarkən aktyor gah xəyala dalır, gah köks ötürür, gah da gülümsəyirdi.
Son bir neçə il ərzində ard-arda bir neçə yaxın dostunu itirən Ənvər Həsənov kədərini gizlədə bilmədi, faciəvi şəkildə itirdiyi həyat yoldaşı Möminat xanımı yada salaraq hər gün onun şəkli ilə söhbətləşdiyini dedi.
50 yaşında "Əməkdar artist", 70 yaşında isə "Xalq artisti" fəxri adları alan Ənvər Həsənov həyatı boyu heç nəyin peşmançılığını çəkmədiyini vurğulayır. Onun çox maraqlı, eyni zamanda şərəfli və keşməkeşli həyat yolu ilə yaxından tanış olarkən, fotoalbomları vərəqləyərkən içində hələ də kinoya olan sevgisinin sönmədiyini, filmlərə çəkilmək arzusunda olduğunu hiss etdim. Sevimli aktyorumuz Ənvər Həsənovun kinoda deyəcək sözünün hələ bitmədiyinə əmin oldum.
Aygün İBRAHİMOVA
Respublika 2024.- 6 avqust (№
165).- S.10.