Xurşidbanu Natəvan: lirik şair, istedadlı rəssam

 

Cavanşirlər Ziyadoğlu Qacarlar kimi iki böyük nəslin nümayəndəsi olan Xurşidbanu Natəvan gözəl şair olmaqla yanaşı, həm istedadlı rəssam idi. Onun bədii tikmələrdən ibarət "Gül dəftəri" buna sübutdur. Dövrünün parlaq istedada və qabaqcıl ideyalara malik, xan nəslinin nümayəndəsi olan Natəvanın həyatı çox keşməkeşli olmuşdur.

 

Xan qızı adı ilə şöhrətlənən Xurşidbanu Natəvan 6 avqust 1832-ci ildə Şuşada Mehdiqulu xanın ailəsində dünyaya gəlmişdir. O, Mehdiqulu xan Cavanşirin yeganə övladı və Qarabağ xanlığının banisi İbrahimxəlil xanın nəvəsidir. Mehdiqulu xan Xurşidbanuya öz anasının adını vermişdi. Xan qızı ailənin yeganə övladı və Qarabağ xanlıqlarının sonuncu vərəsəsi olduğu üçün sarayda onu "Dürrü yekta" (Tək inci), el arasında isə "Xan qızı" deyə çağırmışlar. Xurşidbanu Natəvan gözəl tərbiyə və təhsil almışdır. İlk tərbiyəçiləri sarayın təcrübəli dayə və mürəbbiyələri olmuş, təhsilini isə alim və sənətkarlardan almış, dini elmlərlə yanaşı, dünyəvi elmlərə də yiyələnmişdir. Onun dünyagörüşünün, bədii zövqünün formalaşmasında Qasım bəy Zakir, Mirzə Adıgözəl bəy, Əhməd bəy Cavanşir kimi tanınmış, şəxsiyyətlərin yaradıcılığı, ədəbi söhbətləri, məsləhətləri böyük rol oynamışdır. 1845-ci ildə Mehdiqulu xanın vəfatından sonra onun bütün hüquqları qızına keçmişdir.

 

Xurşidbanu Natəvan lirik şair, gözəl rəssam idi. Xan qızı ərəb və fars dillərini mükəmməl bilmiş, Nizami, Füzuli və Nəvai kimi böyük şairlərin yaradıcılığı ilə yaxından tanış olmuş, həmin klassiklərdən bəhrələnmişdir. Natəvan təkcə şair kimi deyil, həm də xeyirxah insan kimiböyük nüfuz qazanmışdır. O, kasıblara əl tutmuş, kimsəsizlərə sahib çıxmışdır. Natəvan ədəbi mühitdə də fəal iştirak etmişdir. Şuşada "Məclisi-üns" ədəbi məclisini təşkil edərək bütün xərcləri öz üzərinə götürür. 1873-cü ildə Şuşadan yeddi kilometr aralı olan Sarıbaba təpəsindəki su mənbəyindən şəhərə su kəməri çəkdirir. Eyni zamanda böyük su anbarı tikdirir, hovuz, hamambuzxana düzəltdirir. Şuşa şəhər əhalisinin istirahəti üçün yaşadığı evin günbatanında bağ saldırır. Xurşidbanunun ən böyük arzularından biri isə Araz çayından Mil düzünə su kəməri çəkdirmək olub. Xan qızı bu işi başlasa da başına gələn faciə və acınacaqlı hadisələr səbəbindən kanalın çəkilişi yarımçıq qalır. 1850-ci ildə rus ordusunun general-mayoru Xasay bəy Usmiyevlə ailə quraraq, Dağıstana köçür. Lakin Xan qızının ailə taleyi uğursuz olur. Bir müddət sonra isə Tiflisə gəlir.

 

Qoyubdur intizarında, neçin gəlməz, neçin gəlməz?

 

Həmişə ahu zarında, neçin gəlməz, neçin gəlməz?, - deyən qəm şairi Natəvanın yaradıcılığının bir qismini hüznlü eşq qəzəlləri təşkil edir.

 

Onun yaradıcılığını dörd yerə ayırmaq olar. Bura aşiqanə, təbiət gözəlliklərini vəsf edən, müasirlərinə həsr etdiyi mənzumələr və hüznlü şeirlər daxildir. Natəvan nə qədər faciələr yaşasa da şair həssas və sevgi dolu olub. O, güclü Azərbaycan qadını nümunəsidir. Qəlbi hər zaman xeyirxahlıqla, mərhəmətlə döyünən Xan qızının əməlləri el arasında dastana, rəvayətə dönmüşdür. Deyirlər ki, qızılgülün lap təzəcə çıxdığı vaxt kasıb kişi Xurşidbanu Natəvana bir dəstə qızılgül gətirir. Xan qızı ona təşəkkür etdikdən sonra 100 şahı bağışlayır. Kişi xanıma dua edərək, xudahafizləşib gedir. Bütün bunları kənardan müşahidə edən ev darğası deyir: "Xanım, o qızılgülün qiyməti lap yuxarısı 2 şahıdır. Bir dəstə gülə 100 şahı verməniz məni çox təəccübləndirdi. Səxavətin də bir sərhədi var". Natəvan isə cavabında deyir: "Bizim yerlərdə səxavəti pulla ölçməzlər, bunu yaxşı bilirsən. O kişi ehtiyac içində boğulur. Gülü bəhanə edib yanıma gəlmişdir. Onu heç cürə əliboş yola salmaq olmazdı. Hər kasıbı sevindirəndə aldığım həzzin dərəcəsi ölçüyə gəlmir". Onu xalqa sevdirən əsas cəhətlərdən biri də səxavəti, mərhəməti idi.

 

Xurşidbanu Natəvanın Aleksandr Düma ilə görüşləri, dostluğu da dillərdə dastana çevrilib. Bu, tarixi hadisə olmaqla yanaşı, həm də böyük cəsarət idi. Azərbaycan qadınının o dövrdə inkişafı, mükəmməl biliklərə sahib olması və zəngin dünyagörüşünün göstəricisi idi. Onlar ilk dəfə 1858-ci ildə təsadüf nəticəsində Bakıda görüşmüşlər. Həyat yoldaşı Xasay bəyin fransız dilini yaxşı bilməsi bu dostluğu daha da möhkəmləndirmişdir. Belə ki, Bakı məhəllələrinin birinin polismeysteri Piquliyevskinin evində qonaq olan Aleksandr Düma Qarabağ xanının qızı, məşhur şairə Xurşidbanu Natəvan və onun həyat yoldaşı knyaz Xasay Usmiyevlə tanış olurbu, onlar arasında səmimi dostluq münasibətlərinə çevrilir. Görüş zamanı Düma Natəvanla şahmat oynayır. Oyun zamanı Xan qızı fransız yazıçını mat edir. Həmin vaxt Natəvan Dümadan yaşca xeyli kiçik idi. Şairənin cəmi 26, Dümanın isə 56 yaşı var idi. Natəvan Dümaya öz əlyazmalarından birini hədiyyə edir, fransız yazıçı isə ona şahmat bağışlayır. Həmin şahmat hazırda Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyində saxlanılır. Natəvanın Bakıdan Şıx kəndinə çəkdirdiyi daş yol haqqında Aleksandr Dümanın "Qafqaza səyahət" kitabında geniş məlumat verilmişdir.

 

Xurşidbanu Natəvan yaradıcılığa ənənəvi şərq mövzusunda şeirlərlə başlayıb. Onun "Gülün", "Qərənfil" kimi qəzəlləri məhəbbət, təbiət gözəlliklərinə həsr olunub. Şairin şeirlərinin bir hissəsi isə qəm, kədər dolu ahu-zardır. Bu, onun tale-qisməti, alın yazısı idi. 16 yaşlı oğlunun ölümündən sonra Natəvan çox sarsıntı keçirir, çəkdiyi əzabları misralara köçürür. Onun "Ağlaram", "Olaydı", "Getdi", "Sənsiz", "Ölərəm" və digər şeirləri bədbin ruhu, qəm-qüssəsi ilə seçilir. Xan qızı xalqın maariflənməsi, təhsil alması, ədəbiyyatın inkişafı, Şuşanın abadlaşması istiqamətində çox işlər görüb.

 

Xurşidbanu Natəvan 1897-ci il oktyabr ayının 1-də Şuşa şəhərində dünyasını dəyişib. Ağdamın "İmarət" qəbiristanlığında dəfn edilib. Onu da qeyd edək ki, Natəvanın xatirəsinə hörmət əlaməti olaraq Bakıda və Şuşada əzəmətli büstü ucaldılıb. Azərbaycan torpaqlarını işğal edən ermənilər Şuşanı ələ keçirərkən Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün heykəllərini güllələmişlər. Hətta Natəvanın heykəli də daxil olmaqla, hər üç heykəli qiymətli metal kimi xarici ölkələrə satmağa çalışmışlar. Lakin Azərbaycan dövlətinin səyi nəticəsində hər üç heykəl Bakıya gətirilmişdir. Torpaqlarımız işğaldan azad edildikdən sonra "güllələnmiş heykəllər" yenidən Şuşada ucaldılıb. Dövlətimiz Xan qızı Xurşidbanu Natəvanın xatirəsini əziz tutur. 2022-ci il martın 14-də Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb. Hazırda ölkəmizdə Xurşidbanu Natəvanın adına küçə, klub, kitabxana və məktəb var. Xan qızının əlyazmaları, şəxsi əşyaları və geyimləri nadir eksponat kimi arxiv və muzeylərdə saxlanılır.

 

Ramidə YAQUBQIZI

Respublika  2024.- 6 avqust (№ 165).- S.10.