Diaspor Gənclərinin V Yay Düşərgəsində

 

Laçında keçirilənGənclər Yaşıl Dünya NaminəDiaspor Gənclərinin V Yay Düşərgəsində  Laçınlılar Laçındamövzusunda panel baş tutub.

 

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiyaanalitik təhlil şöbəsinin müdiri Vəsilə Zeynalovanın moderatorluğu ilə keçirilən paneldə Azərbaycan Tibb Universitetinin müəllimi, Tibb elmləri üzrə fəlsəfə doktoru İkram Rüstəmov, ADA Universitetinin müəllimi və “Qarabağ Dönüş” təşkilatının sədr müavini Gülməmməd Məmmədov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakültəsinin dekanı Elnur Əliyev çıxış ediblər. Panelin keçirildiyi Laçın şəhər 2 nömrəli tam orta məktəbin iştirakçılarından İkram Rüstəmovun və Vəsilə Zeynalovanın vaxtilə oxuduqları məktəb olması və illərlə ayrı düşdükləri bu doğma təhsil ocağına yenidən qayıtmaları xüsusilə diqqətçəkən bir məqam olub.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən bu barədə aldığımız məlumata görə, panel iştirakçıları düşərgənin qədim Azərbaycan torpağı olan Laçında keçirilməsi, laçınlıların 31 ildən sonra öz doğma yurdlarına geri dönməsi barədə danışıblar. Diaspor gəncləri ilə görüşdə laçınlılar həyat hekayələrini danışıb, Laçına qayıtmağın sevincini bölüşüblər. Paneldə Vəsilə Zeynalovanın müəllifi olduğu “Mənə bir Laçın verin” videoçarxı və Gülməmməd Məmmədovun uğurlu təhsil həyatını əks etdirən film nümayiş olunub.

 

İştirakçılar azad Laçında belə bir görüşün keçirilməsini yüksək qiymətləndirib, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, qəhrəman Azərbaycan ordusuna təşəkkür edib, şəhidlərimizə Allahdan rəhmət diləyiblər. Laçınlılar bu görüşün təşkilinə görə Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlıqlarını bildirib, verilən məlumatların informasiya müharibəsinin iştirakçısı olan gənclər üçün vacib olduğunu xatırladıblar.

 

Paneldə düşərgə iştirakçısı gənclər də çıxış edərək öz təəssüratlarından danışıblar. Kanadadan olan iştirakçı, Abdulla Şaiqin nəticəsi Aran Rəfipur laçınlıların hekayəsinin ona çox təsir elədiyini və bu panelin ən çox sevdiyi panel olduğunu söyləyib. Gürcüstandan olan Laşa İsabalayev “Laçınlılar Laçında” panelinin düşündüklərindən daha emosional keçdiyini və digər yoldaşları kimi özününgöz yaşlarını saxlaya bilmədiyini deyib. Litvadan olan Humay Mustafazadə panelin keçirildiyi Laçın şəhər 2 nömrəli orta məktəbin çox gözəl olduğunu vurğulayaraq, laçınlıların danışığından çox təsirləndiyini və həm düşərgəyə, həm də panelə gəlməyindən məmnunluğunu ifadə edib. Fransadan düşərgəyə qatılan Murad Məlikzadə əslən Laçından olduğunu və laçınlılarla görüşdən, onların hekayələrini dinləməkdən böyük zövq aldığını, belə tədbirlərin keçirilməsini çox dəstəklədiyini dilə gətirib.

 

Mustafa MUSTAFAYEV

Respublika  2024.- 6 avqust, (¹ 165).- S.10.