Azərbaycanlıların deportasiyası tarixin yaddaşında

 

İkinci Dünya müharibəsindən sonra Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların Ermənistandan köçürülüb onların sayının minimuma endirilməsi, burada hayların sayının artırılması əsas məsələ kimi qarşıya qoyulmuşdu. Əlbəttə, erməni vandalları məqsədlərini reallaşdırmaq üçün Moskvadakı ermənipərəst qüvvələrin razılığını da almışdılar. Beləliklə, xaricdən ermənilərin gətirilməsi işini həyata keçirmək üçün respublikanın rəhbər kadrlarını səfərbər edib xarici ölkələrə yola salırdılar. Onlara Ermənistanı çox varlı, qonaqpərvər, millətpərəst ölkə kimi təqdim etmələri tapşırılırdı. Fransa, İran, ərəb ölkələri və digər ərazilərdən Ermənistana xeyli sayda haylar köçüb gəldilər. Gələnlərin az bir qismini şəhərdə, qalanları isə kəndlərdə, xüsusilə də azərbaycanlılar yaşayan kəndlərdə yerləşdirdilər.

 

1946-cı ilin oktyabr ayında İrəvan şəhərində keçirilən partiya fəallarının iclasında bildirildi ki, Moskvada İ.Stalinlə əlaqə yaratmışıq, hətta ona məktub da ünvanlamışıq. Stalindən xahiş etmişik ki, Ermənistana xaricdən gətirilən ermənilərin sərbəst yerləşdirilməsi üçün 200 minə yaxın azərbaycanlı Azərbaycanın Kür-Araz ovalığına köçürülsün. İclasda Arutyunov bildirdi ki, bu məsələ ilə Beriya, MikoyanDeqanazov da yaxından məşğul olurlar.

 

1947-ci il noyabr ayının 27-28-də Ermənistan KP MK-nın büro iclası keçirilirdi. İclasa 9 rayonun katibi dəvət olunmuşdu. Büroda Arutyunov məruzə ilə çıxış etdi. O, xaricdən gətirilən ermənilərin yerləşdirilməsi məsələsindən danışaraq qeyd etdi ki, biz bu məsələ ilə çoxdan məşğul idik. Yoldaş Mikoyan, Beriya, Deqanazov söz vermişlər ki, hərtərəfli kömək etsinlər. Mən Moskvada olarkən Bağırov və Beriyanın yanında olduq. MikoyanDeqanazov da orada idilər. Söhbət xaricdən gətirilən ermənilərdən düşdü. Mikoyan dedi ki, bu məsələni həll etmək Arutyunov üçün çox çətindir. Yoldaş Bağırov müdaxilə edərsə, həm Azərbaycan, həm də Ermənistan üçün çox əlverişli olar. Azərbaycanda, Mingəçevirdə aparılan tikinti işləri nəticəsində 600 min hektar suvarılan torpaq istismara verilib, orada çalışmaq üçün işçi qüvvəsi çatışmır. Və belə gedərsə, torpaqların bir hissəsi səmərəsiz qalar. Ermənistan isə xaricdən 500 min erməni gətirir. Bunları ev, başqa tələbatlarla təmin etmək tək Ermənistanın gücündə deyil. Bu məsələdə iki respublika bir-birinə kömək etməlidir. Xüsusilə Bağırov yoldaşın köməyinə böyük ehtiyac var. Beriya da Mikoyanın fikrini təsdiqləyib, Ermənistanda yaşayan soydaşlarımızın Azərbaycana köçürülməsi barədə Mikoyanın təklifini dəstəklədi və bu işə kömək edəcəyini vəd etdi. Qərara alındı ki, bu barədə ikimizin imzası ilə Stalinə məktub yazaq. Mən İrəvana zəng vurub Ermənistanda yaşayan azərbaycanlıların sayını öyrəndim. Məktubu yazdıq.

 

O vaxt Ermənistanda 4 azərbaycanlı 1-ci katib var idi. Vedi rayonunun birinci katibi Əli Məmmədovdan başqa üç nəfər azərbaycanlı katib iclasda iştirak edirdi.

 

Tədbirdə Basarkeçər Rayon Partiya Komitəsinin birinci katibi Talıb Musayevə söz verildi. O, qətiyyətlə bu məsələnin əleyhinə olduğunu bildirdi. Qeyd etdi ki, 1918-ci ildə daşnak qırğınından sağ qalmış azərbaycanlılar sovetləşmə dövründə vətənə qayıtdılar indi öz vətənlərində yaşayırlar. Daşnakların onların başına oyun açdıqlarını hələ unutmayıblar. Onu da heç kəs unutmayıb ki, 1918-ci ilə kimi Ermənistanda yaşamış, 1918-ci il qırğınından can qurtarıb qaçan azərbaycanlıların böyük əksəriyyəti Kür-Araz sahilində qızdırmadan, yatalaqdan qırılıblar. 1918-ci ildə Ermənistanda 575 min azərbaycanlı olduğu halda, indi bu rəqəm 250 mindən artıq deyil. İndi Ermənistanda 100-dən çox kənd mövcuddur, yalnız İrəvandan 40-50 kilometr uzaqda olan Vedi Qarabağlar rayonlarında 25 boş kənd var. Bu köçürmə kampaniyası heç könüllü deyil.

 

Yığıncaqda Talıb Musayevin kəskin ciddi çıxışı çox pis əhvali-ruhiyyə yaratdı. Ermənistan rəhbərləri azərbaycanlı katibdən belə bir sərt reaksiya gözləmirdilər. İclasda Talıb Musayevə ikinci dəfə söz verildi ki, o, çıxışında səhvə yol verdiyini bildirsin. Talıb Musayev cəsarətli addımlarla yenidən tribunaya yaxınlaşdı, Ermənistan KP MK-nın millətçi, şovinist katibi Arutyunovun qarşısında şux dayanaraq dedi: "Mən sözümü dedim, köçürülməyə zidd deyiləm. O şərtlə ki, Basarkeçər dağlıq rayondur, bu ərazinin əhalisini isti yerlərə köçürmək məqsədəuyğun deyil. Basarkeçər Ermənistanın ən böyük taxılçılıq rayonudur, 25 min hektar əkin sahəsi var. Maldarlıqda tütünçülükdə respublikanın qabaqcıl rayonlarındandır. Rayonda iqtisadiyyatı yüksəldən ancaq azərbaycanlılardır. Bu qədər böyük işçi qüvvəsini köçürmək olarmı? Bir rayon rəhbəri kimi mənə xəyanət toru hazırlayırsınız, qorxmuram, bilirsiniz edin".

 

Bir neçə gündən sonra Basarkeçərə İrəvandan köç maşınları göndərildi. Talıb Musayev rayonun azərbaycanlı ziyalıları ilə iclas keçirdi. İrəvandan gələn "elçilərə" rədd cavabı verdi, maşınları geri qaytarıldı. Talıb Musayevin qətiyyəti ilə köçün qarşısı alındı. Lakin çox keçmədən Ermənistan KP MK-nın büro iclasında o, tutduğu vəzifədən azad oldunduVedi rayonuna aşağı vəzifəyə göndərildi.

 

Bundan sonra 1948-1953-cü illərdə erməni xəyanəti nəticəsində 150 min soydaşımız Qərbi Azərbaycandan deportasiya olundu.

 

1953-cü ildə İ.Stalinin ölümündən sonra soydaşlarımızın köçürülməsi prosesi dayandırıldı, ailələr yenidən doğma yurdlarına döndülər...

 

SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948-ci il 10 mart tarixli qərarları Azərbaycan xalqına qarşı tarixi cinayət aktı idi. Bu qərarlar əsasında 1948-1953-cü illərdə yüz əlli mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki ata-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunmuşdur.

 

Hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin repressiya qaydaları tətbiq edilmiş, minlərlə insan ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişmələrinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşlar.

 

1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi torpaqlarından kütləvi surətdə deportasiyası hərtərəfli tədqiq edilmiş, bu məqsədlə 18 dekabr 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən Fərman imzalanmış, bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilmişdir.

 

Qədir ASLAN

Respublika  2024.- 6 avqust, (№ 165).- S.9.