Qlobal Cənub və Qlobal Şimal arasında körpülər qurulur

 

Ötən illər ərzində ölkəmiz beynəlxalq səviyyəli tədbirlərin keçirilməsində böyük təcrübə əldə edib. COP29 tədbirinin keçirilməsi ərəfəsində Bakı bir neçə mühüm beynəlxalq tədbirə də ev sahibliyi edib. Həmçinin Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması Azərbaycanın mötəbər iqlim dəyişmələri konfransına ev sahibliyi missiyasını layiqincə həyata keçirəcəyinə əsas verir. Builki COP konfransının Bakıda keçirilməsi ölkəmizin "yaşıl enerji", o cümlədən günəş və külək enerjisi sahəsində imkanlarını dünyaya nümayiş etdirməsi baxımından əlverişli fürsətdir.

 

Dövlətimizin beynəlxalq inteqrasiyası geniş və çoxşaxəlidir. Yəni Azərbaycan bu çərçivədə Qlobal Şimalla Qlobal Cənub arasında körpü rolunu oynayacaq. Prezident İlham Əliyev iyulun 20-də "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı bildirib ki, biz Qlobal Cənub və Qlobal Şimal arasında körpülər qururuq: "Bizim COP-la bağlı gündəliyimiz proqnozlaşdırılabilən, aydın hədəflərə, məqsədlərə, nəticələrə köklənmiş gündəlikdir. Deyə bilərəm ki, qərardan altı ay keçdikdən sonra biz daha az hücuma məruz qalırıq. Ancaq onu bilirik ki, tədbir yaxınlaşdıqca bu ittihamların və hücumların sayı artacaqdır. Ədalətsiz və ikili standartlara əsaslanan işıqlandırmaya gəlsək, biz bilirik ki, COP tədbirinin biri Qlazqoda - Böyük Britaniyanın neft hasil etdiyi bir bölgəsində keçirilirdiheç kəs o zaman Böyük Britaniyanı ittiham etmirdi ki, onların neft və qazı var. Bu, məhz bizim dediklərimizin həqiqi olduğunu sübut edir... Biz inkişaf etmiş ölkələrlə fəal şəkildə işləyirik. Biz Qlobal Cənub və Qlobal Şimal arasında körpülər qururuq. Bizim üstünlüyümüz ondan ibarətdir ki, dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etmişik. 120 ölkənin iştirakı ilə orada yekdil şəkildə sədr seçilmişdik və sədrlik müddətimiz də uzadıldı. Sədrliyimiz dövründə biz böyük nüfuz qazandıq".

 

Məsələ ondadır ki, ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdə hətta bir-birinə qarşı düşmən mövqedən çıxış edən dövlətlər də iştirak edirlər. Hətta ABŞ-Rusiya münasibətlərinin ən mürəkkəb dönəmlərində belə, bu ölkələrin baş qərargah rəisləri Bakıda bir neçə dəfə bir araya gəliblər. Bütün bunlar Azərbaycanın həqiqətən də müstəqil dövlət olmasından, müstəqil siyasət yürütməsindən irəli gəlir. Bu baxımdan, Bakıda keçiriləcək COP29 tədbiri Qlobal Şimalla Qlobal Cənub arasında vacib təmas nöqtəsi, həm də bir dialoq platforması olacaq. Tədbirin əsas mahiyyəti iqlimlə, "yaşıl enerji" və bu kimi digər məsələlərlə bağlı olsa da tərəflər arasında dialoqa öz töhfəsini verəcək, bir körpü rolunu oynayacaq, onlar arasında məhsuldar və effektiv dialoqun keçirilməsinə gətirib çıxaracaq. Xüsusən də geosiyasi mübarizənin kəskinləşdiyi dövrdə Qlobal Cənubla Qlobal Şimal arasında təmasların qurulmasına hazırda daha çox ehtiyac var. İnkişaf etməkdə olanyoxsulluqdan, iqtisadi sıxıntılardan əziyyət çəkən ölkələrə yardım edilməsi getdikcə daha çox aktuallıq kəsb edir. Bu gün inkişaf etmiş ölkələrin buna daha çox imkanı var. Buna nail olmağın yollarından biri də beynəlxalq platformalar çərçivəsində dialoqun aparılmasından, Qlobal Cənubla Qlobal Şimal arasında körpünün qurulmasından keçir.

 

Qeyd edək ki, COP29-un gündəliyində dayanan əsas məsələlərin müzakirəsi məqsədilə 26-27 iyul tarixlərində Şamaxıda nümayəndə heyətlərinin rəhbərləri səviyyəsində qeyri-formal məsləhətləşmələr keçirilib. COP29-da iqlim maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) qəbulunun Paris Sazişi üçün sınaq testi olacağını vurğulayan baş danışıqçı Yalçın Rəfiyev danışıqlarda irəliləyişə nail olmaq baxımından tədbirəqədərki sessiyalararası dövrdə Azərbaycan tərəfinin nazirlər, nümayəndə heyətlərinin rəhbərləri və ekspertlər səviyyəsində dialoqun aparılmasını təşviq etməyə davam edəcəyini, tərəflərlə aparılan dialoqa əlavə töhfə verilməsi məqsədilə "nazirlər cütlüyü"nün (MisirDanimarka) müəyyən olunduğunu diqqətə çatdırıb. Baş danışıqçı NCQG üzrə hazırkı mətnin daha da təkmilləşdirilməsinin vacibliyinə toxunaraq Tərəfləri səylərini artırmağa çağırıb.

 

Yalçın Rəfiyev Paris Sazişinin 6-cı maddəsinin tam şəkildə işlək vəziyyətə gətirilməsinin COP sədrliyinin ikinci əsas prioriteti olduğunu qeyd edərək fikir ayrılıqlarının mövcud olduğu məsələlərdə dövlət və beynəlxalq danışıqlar qrupları tərəfindən konstruktivlik nümayiş etdirilməsinin vacibliyini vurğulayıb.

 

Onu da qeyd edək ki, avqustun 1-də COP29-un sədrliyi "İqlim fəaliyyəti fotoobyektivdə" adlı beynəlxalq foto müsabiqəyə başlayıb.

 

Dünyanın hər yerindən fotoqraflar iqlim dəyişmələrinin mahiyyətini öz fotoobyektivləri vasitəsilə ifadə etməyə, iqlim problemlərinin icmalara, landşaft və ekosistemlərə təsirini nümayiş etdirməyə dəvət olunurlar. Fotomüsabiqənin konseptual xətti COP29 konfransının mövzuları ilə uyğun olaraq dünyanın hər yerində məskunlaşan icmalara, onların mədəni həyatı və ətraf mühitin qorunmasındakı roluna, eyni zamanda iqlim dəyişmələrinin landşaft və ekosistemlərə təsiri, bu təsirlərə məruz qalan florafaunaya yönəlib. Belə ki, meşələrin və biomüxtəlifliyin mühafizəsi, su ehtiyatlarının idarə olunması, dayanıqlı kənd təsərrüfatı, iqlim dəyişmələrinə adaptasiya, mədəni irsin qorunması kimi mövzular layihənin tematik əsasını təşkil edir.

 

Ümumilikdə, müsabiqəyə qəbul edilən fotoşəkillər "İqlim dəyişmələrinin təsirləri", "İqlim həlləri və innovasiyalar", "Gənclər və təhsil", "Florafauna" olmaqla dörd müxtəlif kateqoriya üzrə təsnifatlandırılacaq.

 

Azərbaycanda keçiriləcək bu böyük beynəlxalq tədbir dünyaya bir çox müsbət yeniliklər bəxş edəcək, iqlim dəyişmələri ilə mübarizəyə öz töhfəsini verəcək.

 

Bayram SALMANOV

Respublika  2024.- 6 avqust, (№ 165).- S.6.