Vətən, xalq və müasir Azərbaycan naminə

 

2017-ci il fevral ayının 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Mehriban xanım Əliyeva Birinci vitse-prezident təyin edilib

 

Daim Vətən və xalq naminə, müasir Azərbaycanın inkişafı, sosial məsələlərin həlli, milli-mənəvi dəyərlərin qorunması uğrunda sadiqlik nümayiş etdirən Mehriban Əliyevanın missiyası bunlarla bitmir. O, həm də Heydər Əliyev Fondunun prezidenti, ICESCO-nun xoşməramlı səfiridir. Bütün bunlar birinci xanımın həyat fəlsəfəsinin əsas qayəsini təşkil edir.  Mehriban Əliyeva ölkəmizin hərtərəfli tərəqqisi istiqamətində görülən işlərə sanballı töhfələr verir. Doğma Vətənin ən böyük təəssübkeşlərindən biri, xalqımızın xoşbəxt gələcəyinə hesablanan bir çox layihələrin müəllifi olmaqla yanaşı, birinci xanım adını şərəflə daşıyır. Dünyaya müasir Azərbaycan qadınının qürur doğuran obrazını təqdim edir.

Mehriban Əliyeva 2004-cü ildən Heydər Əliyev Fonduna rəhbərlik edir. Xalqımızın xeyriyyəçilik ənənələrinin daha geniş miqyasda davam etdirilməsində Fondun göstərdiyi xidmətlər ölçüyəgəlməzdir. Çünki birinci xanımın məhz həmin istiqamətdə həyata keçirdiyi bütün işlər Vətənin tərəqqisi, ölkədə mədəniyyətin, təhsilin, səhiyyənin, idmanın inkişafına hesablanmışdır. Mehriban xanım ölkəmizin qeyri-maddi-mədəni irsinin təbliği və qorunması missiyasını şərəflə yerinə yetirir. Həmçinin ICESCO-nun xoşməramlı səfiri olaraq Azərbaycan tarixini və mədəni irsini, ölkəmizlə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq istiqamətində davamlı fəaliyyət göstərir. Məhz bu səylərin nəticəsi olaraq İçərişəhər, o cümlədən Şirvanşahlar Sarayı və Qız qalası, Qobustan qayaüstü rəsmləri, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi Ümumdünya İrs Siyahısına daxil edilib. Muğam və aşıq sənətimiz, "Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti", "Dədə Qorqud irsi", "Azərbaycan kəlağayı sənəti" Qeyri-Maddi-Mədəni İrs üzrə Reprezentativ Siyahıya salınıb.

Bu baxımdan, 2017-ci il fevralın 21-də Mehriban xanım Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin edilməsi onun zəngin fəaliyyətinin və təşkilatçılıq bacarığının məntiqi nəticəsi kimi dəyərləndirilir. Mehriban xanım Əliyeva özü isə belə demişdir: "Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribanlıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar. Mən sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam".

Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyətində əhalinin həssas təbəqələrinin, o cümlədən keçmiş məcburi köçkünlərin, şəhid ailələrinin, qazilərin problemlərinin həlli xüsusi yer tutur. O, Birinci vitse-prezident kimi ilk müşavirəsini qaçqın və məcburi köçkün ailələrin həyat şəraitinin yaxşılaşdırılmasına həsr etmişdi. Həmin müşavirədən dərhal sonra müvafiq tədbirlər planı hazırlanaraq real işlərə başlandı. Biz onun qayğıkeş Azərbaycan qadını, birinci xanım kimi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməsinin Vətən müharibəsi zamanı və ondan sonrakı müddətdə də şahidi olduq. Şəhid ailələrinə, qazilərimizə daim diqqətlə yanaşır, onların qayğısına qalır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond bu kateqoriyadan olan insanların qayğıları ilə yaxından maraqlanır, onları narahat edən məsələlərin həlli üçün mütəmadi olaraq tədbirlər həyata keçirir. Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən 44 günlük Vətən müharibəsində ağır yaralanan qazilərimiz müalicə və reabilitasiya üçün mütəmadi olaraq Türkiyə və digər xarici ölkələrə göndərilir, onlar yüksək texnologiyalı protezlərlə təmin olunurlar.

İşğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-bərpa işlərində də Mehriban Əliyevanın müstəsna xidmətləri var. Dünyaya səs salan möhtəşəm "Xarıbülbül" musiqi festivalının təşkili birinci xanımın xidmətləri sırasında xüsusi yer tutur. Onun təşəbbüsü ilə reallaşan "Uşaq evləri və internat məktəblərinin inkişafı", "Yeniləşən Azərbaycana yeni məktəb", "Təhsilə dəstək", "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" və digər proqramlar təhsilin inkişafında mühüm rol oynayır. Əhalinin sağlamlığı məsələsinə gəlincə, Mehriban Əliyevanın təşəbbüsü olan "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə", "Tibb müəssisələrinin yenidən qurulması və inşası" kimi bənzərsiz layihələr, bir çox xeyriyyə aksiyaları böyük rəğbətlə qarşılanır, öz müsbət nəticələrini verir. Bu layihələr çərçivəsində Bakıda müasir Talassemiya Mərkəzi, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi, Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya Mərkəzi, Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və Orqan Transplantologiya Mərkəzi, Psixonevroloji Uşaq Mərkəzi və digər səhiyyə ocaqları inşa olunub və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib.

Mehriban xanım Əliyevanın rəhbərliyi ilə tarixi abidələrin bərpası zamanı onların hansı mədəniyyətlərə mənsub olmasına fərq qoyulmur. Aparılan işlər ölkəmizlə yanaşı, Azərbaycanın hüdudlarından kənarda da həyata keçirilir. Bakıdakı Müqəddəs Məryəm kilsəsinin yenidən qurulması, Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsinin və s. belə abidələrin bərpası, Strasburq kafedral kilsəsinin, İkinci Dünya müharibəsi zamanı yanmış və dağıdılmış Berlin qəsrinin, Vatikan arxivlərində qorunan orta əsr əlyazmalarının, Vatikanda Roma katakombalarının bərpası, həmçinin Romanın Kapitolini Muzeyinin "Filosoflar zalı"nın və digər mədəni-dini irs nümunələrinin təmiri bu qəbildən olan işlərdir. Heydər Əliyev Fondu, həmçinin məşhur Luvr və Versal saraylarında bərpa işləri həyata keçirib.

 

Ramidə YAQUBQIZI

 

Respublika.- 2024.- 21 fevral, №39.- S.6.