Dahiləri bir belə tanıyaq!

 

Məmməd Səid Ordubadi

 

XX əsr Azərbaycan ədəbiyyatının "gövhəri" adlandırılan görkəmli nasir, şair, dramaturq, ədəbiyyatşünas, tərcüməçi Məmməd Səid Ordubadi..."Gizli Bakı", "Dumanlı Təbriz", "Qılınc qələm", "Döyüşən şəhər" kimi bir-birindən maraqlı əsərləri ilə oxucularının qəlbində taxt quran bu ədibimiz çoxşaxəli fəaliyyəti ilə yanaşı, Azərbaycan ədəbiyyatına  roman janrının, xüsusilə tarixi romanların  ustadı kimi daxil olub. M.Bağırovun qarşısında diz çökən, Androniklə görüşən, "Sarabskini güllələyin" deyən,  bu  yazıçı çox keşməkeşli ömür yolu keçib...

Əsl adı Məhəmməd olan yazıçı (ərəb dilindən tərcümədə "xoşbəxt" mənasını verən Səid adına üstünlük verib)  Naxçıvanda "Fəqir" təxəllüsü ilə tanınan şair  Hacıağa  bəy   Nənəqız xanımın ailəsində dünyaya göz açıb. Atası "Fəqir" ləqəbini nahaq yerə seçməmişdi, o, doğrudan da fəqir idi. 49 yaşında vəfat edən Hacıağa Fəqir bununla da oğlu Məmməd Səidi taleyin ixtiyarına buraxır. Atası kimi kasıb həyat tərzi keçirən Ordubadi 14 yaşından başlayaraq Ordubaddakı ipək fabrikində fəhləlik edir. Amma o, fəhlə olsa da, təhsilini davam etdirir, Naxçıvan ziyalılarının arasında öz sərbəst düşüncə tərzi ilə seçilir. Atasının şair olmasının ona çox böyük təsiri olub. Bundan əlavə, Məmməd Səidin ədəbi aləmə gəlməsində atasından başqa o dövrün tanınmış ziyalılarından olan "Şərqi-Rus" qəzetinin redaktoru Məhəmməd Ağa Şahtaxtinski böyük rol oynayıb.

Deyilənə görə, Ordubadinin Mir Cəfər Bağırovla münasibətləri yaxşı imiş. Lakin Bağırov hərdən ona qəzəblənib, incidirmiş. Bir gün Bağırov onu yanına çağırır hökmlü səslə deyir: "Sən qatı xalq düşmənisən! Əyləş, indi çekistlər gəlib səni aparacaq!" Ordubadi dizi üstə döşəməyə çökür iki əlini Bağırova uzadıb yalvarır: "Yoldaş Bağırov, sən o Volodyanın canı, mənimlə işin olmasın. Bu qoca vaxtımda məni vətənimdən sürgün etmə. Onsuz da Nikolay mənə sitəm eləyib!". Volodya Bağırovun istəkli oğlu idi. Həştərxanda Ordubadinin qucağında böyümüşdü. Bağırov özünü saxlaya bilməyib gülür. Məsələni anlayan Ordubadi ayağa qalxıb uşaq kimi küsür. "Yox, yoldaş Bəqirov, bundan sonra məni danışdırma. Mən  az qala ölmüşdüm, mənə yazığın gəlmir? Vallah, Volodyaya şikayət edəcəyəm".

II Dünya müharibəsinin qızğın çağı imiş. Bir gün Mircəfər Bağırov Azərbaycanın məşhur mədəniyyət, incəsənət xadimlərini kabinetinə toplayır. Toplaşanlar arasında Süleyman Rüstəmlə yanaşı, Məmməd Səid Ordubadi, Üzeyir Hacıbəyov, Səməd Vurğun başqaları olur. Bir xeyli sükutdan sonra Bağırov katibinə deyir, onu çağır gəlsin. Kabinetin qapısı açılır, Hüseynqulu Sarabskini içəri salırlar. Bağırov onu görcək: "Ay…, Hitleri gözləyirsən?", - deyə üstünə qışqırır. Hamı həyəcan içində baxır, Sarabskinin cavab verəcəyini gözləyirlər. Birdən Sarabski muğamat oxuya-oxuya yalvarmağa başlayır. Rəhbərə muğamat üstündə yalvarır ki, onu bağışlasın. Bağırov imkan vermir ki, muğamat uzansın, Sarabskiyə deyir: "Rədd ol get".

Sonra üzünü kabinetində toplaşanlara tutub soruşur, fikirləşirsiniz, neyləyək bununla? Hamı susur, birdən Ordubadi deyir: "Belə satqını ancaq güllələmək lazımdır". Bağırov müzakirə açmadan toplaşanlara - "yaxşı, azadsınız, gedin", - deyir.

S.Rüstəm elə dəhlizdəcə Ordubadiyə irad tutur ki, bəs, ay insafsız, o idi dedin, indi yazığı məhv edəcəklər. Ordubadi deyir: "Heç narahat olma, Sarabskini xilas etmişəm. Mircəfərlə uşaqlıqdan dostam, xasiyyətini bilirəm, tərsdir, ona desən, əksini edəcək". Həqiqətən , H.Sarabski repressiyaya məruz qalmır.

Məmməd Səid Ordubadi qatarla Andraniklə müsahibə üçün Abramovun mülkünə gedir. Andranikin köməkçisi Karapet ona gözləməyi məsləhət görür. Bir müddət sonra Ordubadi Andraniklə görüşür, Qafqazda baş verən proseslərdən, dövlətlərarası ixtilaflardan danışırlar. Ancaq söhbətin sonuna yaxın Ordubadi fikirləşirsə Andranikdən müsahibə almaq fikrindən vaz keçir.

Sürgün illərində yazıçı  Taisiya Vasilyevna adlı gənc qızla ailə həyatı qurub. Cütlüyün arasında həddindən artıq  yaş fərqi olub. Deyilənə görə, o vaxt Ordubadi Taisiya Vasilyevnanın ata-anası ilə çar üsuli-idarəsi əleyhinə birgə mübarizə yoldaşı olub. Elə həmin  mübarizə dövrü qızın valideynləri öldürülüb.  16-17 yaşında yetim qalan Taisiyanı 40-ı haqlamış Ordubadi himayəyə götürüb, onunla evlənib.

Yazıçı  uzun sürən vərəm  xəstəliyindən sonra 78 yaşında Bakıda vəfat edib.

 

Respublika.- 2024.- 24 fevral, ¹42.- S.12.