Görkəmli ədəbiyyatşünas alim

 

Akademik, ədəbiyyatşünas, pedaqoq, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Feyzulla Qasımzadə 1898-ci il fevral ayının 22-də Bakıda anadan olmuşdur. İslam dininə böyük dəyər verilən, xeyirxah, zəhmətkeş bir ailədə dünyaya gələn F.Qasımzadə çoxuşaqlı ailədə böyüyüb boya-başa çatmış, XX əsrin görkəmli ədəbiyyatşünas alimi kimi yetişməsində valideynlərinin böyük rolu olmuşdur.

Belə ki, atası Səməd kişinin mükəmməl təhsili olmasa da o, dahi Azərbaycan mütəfəkkiri Məhəmməd Füzulinin qəzəllərinin əksəriyyətini, o cümlədən Sədi, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabirin şeirlərini əzbərdən söyləyər anası Püstəxanım ədəbiyyata böyük həvəs göstərər, şeir yazarmış. Elmə, təhsilə xüsusi önəm verən, ən böyük arzusu övladlarına təhsil vermək olan Səməd kişi özünün torpaq sahəsinin bir hissəsini belə məktəb tikdirmək üçün Hacı Zeynalabdin Tağıyevə bağışlamışdı. Atası ailənin ilk övladı olan Feyzullanı əvvəlcə mollaxanada, üç il sonra rus-tatar məktəbində, sonra isə Bakıdakı ali-ibtidai məktəbdə oxutmuşdur.

1916-cı ildə ibtidai təhsilini müvəffəqiyyətlə başa vuran F.Qasımzadə gimnaziyanı bitirdikdən sonra Göyçay qəzasının Qəzyan kənd orta məktəbində müdir, Mərdəkan kənd orta məktəbində müəllim işləmişdir. Ali təhsilini həm Azərbaycan Pedaqoji İnstitutunun dil ədəbiyyat şöbəsində, həm Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində almış, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun aspiranturasını bitirmişdir. 1939-cu ildə "M.F.Axundovun həyat yaradıcılığı" mövzusunda namizədlik, 1955-ci ildə isə "XIX əsr Azərbaycan ədəbiyyatında realist-demokratik cərəyanın inkişafı tarixi" adlı doktorluq dissertasiyasını müdafiə etmişdir.

Zəhmətsevərliyi, fenomenal yaddaşı, fitri istedadı Feyzulla Qasımzadəni mahir pedaqoq kimi tanıtmışdı. O, 1923-1925-ci illərdə Bakı Pedaqoji Texnikumunda, sonralar isə APİ- müəllim işləmiş, Xalq Maarif Komissarlığında metodist-təlimatçı vəzifəsində çalışmışdır. SSRİ EA Azərbay-can filialının Dil Ədəbiyyat İnstitutunda baş elmi işçi, Azərbaycan Pedaqoji İnstitutunda dosent, kafedra müdiri, Azərbaycan Dövlət Universitetində kafedra müdiri olmuşdur. Azərbaycan ədəbiyyatı tarixinin XIX əsr dövrünün ilk tədqiqatçısı olan alim "XIX əsr Azərbaycan ədəbiyyatı tarixi" adlı fundamental tədqiqat əsəri ilə dövrünün ədəbi-elmi cərəyanının ümumi inkişaf istiqamətini həm tarixi, həm nəzəri baxımdan müəyyənləşdirmişdir.

Feyzulla Qasımzadə XX əsrin görkəmli ədəbiyyatşünas alimi kimi şöhrət qazanmış, Azərbaycanın, o cümlədən keçmiş sovetlər birliyinin Şərq dünyasının məşhur alimlərindən, sayılıb-seçilən ziyalılarından biri kimi tanınmışdır. 600-dən çox elmi, 400-dən artıq qəzet jurnal məqaləsinin, 34 kitab, monoqrafiya, dərslik, dərs vəsaiti, müntəxabatın müəllifi olan alim "Xalq aşıq poeziyası", "Tənqidi realizm", "Vaqifin ədəbi məktəbi" s. kitablarında ədəbiyyatımızın tarixi nəzəri məsə-lələrini araşdırmış, böyük klassiklərimizdən M.F.Axundzadə, A.Bakıxanov N.Vəzirov haqqındakı monoqrafiyaları ilə ədəbiyyatşünaslığımızı zənginləşdirmişdir. Tədqiqatçının "Ədəbiyyatdan terminlər lüğəti", "XIX əsr Azərbaycan ədəbiyyatında realist-demokratik cərəyanlar", "XIX əsr Azərbaycan ədəbiyyatı tarixinə dair tədqiqlər" s. əsərləri ədəbiyyatşünaslar üçün əhəmiyyətli mənbədir.

Analitik təfəkkürü, hərtərəfli dünyagörüşü sayəsində Azərbaycan ədəbiyyatşünaslığını yeni bir zirvəyə qaldırmaqla adını elm fədaisi kimi tarixə yazan akademik Feyzulla Qasımzadə yarım əsrdən çox pedaqoji elmi sahədə əvəzolunmaz xidmətlər göstərən müəllim, ədəbiyyatşünaslıq tariximizin inkişafına layiqli töhfələr verən tədqiqatçı-alim kimi onlarla elmlər doktoru, yüzlərlə elmlər namizədi yetişdirmişdir.

F.Qasımzadə iki dəfə "Qırmızı Əmək Bayrağı" ordeninə, "Qafqazın müdafiəsinə görə", "Böyük Vətən müharibəsində əmək igidliyinə görə" medalları ilə təltif olunmuş, həmçinin "Əməkdar elm xadimi", "Əməkdar müəllim" "Qabaqcıl maarif xadimi" fəxri adlarına layiq görülmüşdür. Lakin ömrünü elmə, Azərbaycan ədəbiyyatşünaslığının inkişafına həsr etmiş görkəmli alim ulu öndər Heydər Əliyevin ona "Mirzə müəllim" deyə müraciətini bütün təltiflərindən yüksək hesab edərdi.

 

Mehparə ƏLİYEVA

 

Respublika.- 2024.- 22 fevral, №40.- S.11.