Əbədiləşən ömürlər

 

Vətən müharibəsi şəhidlərinin tanıdılması məqsədilə Masallı Tarix-Diyarşünaslıq Muzeyində "Qəhrəmanlarımızı tanıyaq" layihəsi çərçivəsində keçirilən "Əbədiləşən ömürlər" adlı tədbirlərin təşkili artıq ənənə şəklini almışdır. Növbəti belə tədbir 44 gün davam edən haqq savaşımızda son nəfəsinədək döyüşən şəhid igidlərimiz Məhəmməd Əliyev Ülvi Nüsrətbəyliyə həsr olunmuşdu. Tədbirə şəhid İntiqam Əsgərli adına şəhər 3 saylı tam orta məktəbin müəllim şagirdləri qatılmışdı.

Muzeyin direktoru Əntiqə Tağıyeva tədbiri açaraq dedi ki, odlu-alovlu müharibə meydanlarında qeyrətli oğulların qəhrəmanlığı, Azərbaycan Silahlı Qüvvələrinin misilsiz rəşadəti, ən əsası Prezident-Xalq-Ordu birliyinin sayəsində 30 il düşmənə əsir düşən Vətən torpaqları azad olundu, yeni şanlı tariximiz yazıldı. Ölkəmizin ərazi bütövlüyünün təmin olunası uğrunda hərbi əməliyyatlarda iştirak edən əsgər zabitlərin göstərdikləri şücaət hər birimizdə sonsuz iftixar hissi doğurmaqla bərabər, həm indi parta arxasında yetişməkdə olan gənc nəslin təlim tərbiyəsi, vətənpərvərlik ruhunda yetişmələri üçün böyük əhəmiyyət daşıyır.

Muzeyin kiçik elmi işçisi Nazənin Heydərzadə isə Vətən müharibəsi şəhidi Məhəmməd Əliyev Ülvi Nüsrətbəylinin mənalı, şərəfli ömür yolu haqqında şagirdlərə ətraflı danışdı. Bildirdi ki, Məhəmməd İlham oğlu Əliyev 9 yanvar 1999-cu ildə Masallı rayonunun Böyük Xocavar kəndində anadan olub. 2017-ci ilin yanvar ayında ordu sıralarına yollanıb. Həqiqi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Vilayətinin Şahbuz rayonunda, "N" saylı hərbi hissədə yerinə yetirməklə Vətəninə, dövlətinə ləyaqətlə xidmət edib.

Əsgər Məhəmməd Əliyev 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərkibində haqq savaşımız zamanı 30 il yağı işğalı altında qalan Qarabağın azad olunması uğrunda Füzulidən Şuşaya qədər gedən döyüşlərdə düşmənə qarşı böyük mərdliklə döyüşərək şəhidlik zirvəsinə ucalıb, doğulduğu Böyük Xocavar kənd qəbiristanlığında izdihamla torpağa tapşırılıb. Döyüş meydanında göstərdiyi igidliyə görə "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

14 fevral 1999-cu ildə Masallının füsunkar bir guşəsində, Güllütəpə kəndində dünyaya göz açan Ülvi Arif oğlu Nüsrətbəyli orta məktəbi bitirib Lənkəran Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə daxil olub. Yaxşı oxuyub, ali təhsilini müvəffəqiyyətlə başa vurub. Əsgərlik həyatına cəbhə bölgəsində başlayan Ülvi doğma Azərbaycanın müqəddəsliyinə tapınmaqla ona olan oğulluq borcunu ləyaqətlə verir. Vətən müharibəsi başlayan ilk gündən Füzuli, Cəbrayıl rayonları istiqamətində gedən şiddətli döyüşlərdə hünər göstərib, şəhidlik zirvəsinə yüksəlib.

Şəhid əsgər ölümündən sonra "Füzulinin azad olunmasına görə", "Vətən uğrunda" medallarına layiq görülüb. Mənən qəlblərdə yaşayan igid Vətən sevdalısının yatdığı müqəddəs yer isə Masallı rayonunun Yeni Zuvand kənd qəbiristanlığıdır.

 

Zəfər ORUCOĞLU.

 

Respublika.- 2024.- 18 fevral, №37.- S.11.