Böyük Qayıdışın yeni ünvanı

 

Qollarını geniş , elin gəlir, Xankəndi!

 

Karvan gedir aramsız, gecə qara, yol uzaqdır. Arxada doğma yurd yeri, öndə qarlı dağlar, dayanmaq olmaz. Analar körpələrini bərk-bərk sıxıb sinələrinə, ağlamasınlar, səsləri düşmənə yetməsin, onları duyuq salmasınlar deyə. Qar üstündə, şaxtada ayaqyalın yerimək çətin gəlir insana, addımladıqca taqətdən düşür ayaqları, damarlarında donur qanları. Hərdən bələdçinin sakit-sakit: "Az qaldı, bir az da dözün" - sözləri eşidilir.

Məsuliyyəti böyükdür, düşmənin gülləbaranından sağ qalmış həmkəndlilərini qorxusuz, təhlükəsiz bir yerə çıxarmaq lazımdır. Qarşıda uzun bir yol var, ayazlı, şaxtalı. İnsanlar kor-koranə atır addımlarını, ayaqüstə mürgüləyirlər, gözlərində yuxusuzluq qəmi var, neçə gecə yatmamışlar, yeriyirlər, ac-susuz. Bu, xəyalmı, qorxulu bir filmmi? Yox, gerçəklik, reallıqdır, 1988-ci ilin qarlı qışında Qərbi Azərbaycandan zorla çıxarılan soydaşlarımızın yaşadıqları faciədir. 250 minlik böyük bir köçün acı həyat hekayəsidir. Bəzilərinin üzü Xəzərə, bəzilərinki Qarabağadır. Yox, buranı da çox görəcəklər onlara. Qucaq açıb, yaralarını saran, isidən, ürəkləndirən qarabağlıların da köçü başlayacaqdı az sonra. bu köç uzun, 30 illik bir yol keçəcəkdi. Şuşa, Ağdam, Kəlbəcər, Xocalı, Xankəndi bizə bir xəyal kimi görünəcəkdi. 2020-ci ilin 44 günlük, 2023-cü ilin 23 saatlıq savaşından sonra göy üzündən qara buludlar çəkiləcək, əsir yurd yerlərimiz azadlığa çıxacaq bir zaman göz yaşları ilə yola saldığı köç karvanlarının geriyə qayıdışına şahidlik edəcəkdi. İndi sevinmək növbəsi Xankəndinindir... Analarımız, nənələrimiz taxcasını, boğçasını toplayır, tələsmək lazımdır, papağını hərləyib fırladacaqsan görüş vaxtı gəlib yetişəcək.

Azərbaycan şəhərlərinin əksəriyyətindən nisbətən cavan olması ilə fərqlənir Xankəndi. Arxiv sənədlərinə görə, XVIII əsrin axırlarında Qarabağ xanlarının istirahəti üçün yaşayış məskəni kimi salınıb. Şəhər xanların fəaliyyətinə maksimum şərait yaradılması üçün xanlığın paytaxtı Pənahabadın (indiki Şuşanın) 10 kilometrliyində, nisbətən dağ ətəyində binə edilib. Xanlığın digər vacib şəhər kəndlərinə, Ağdama, Xocalıya, Malıbəyliyə, Kərkicahana digərlərinə yaxın olması da əsas götürülüb. Belə ki, yeni yaşayış məntəqəsi kimi burada da ancaq azərbaycanlılar yaşayırdı. İlk illər ancaq xan ailəsi onun yaxınları yaşadığından el arasında "Xanın kəndi" kimi tanınır, qısa bir müddətdən sonra qəsəbə Xankəndi adını alır.

Qarabağ xanlığının Rusiyaya birləşdirildiyi dövrdə Xankəndi axırıncı Qarabağ xanı Mehdiqulu xanın arvadı Pəricahan bəyimə bağışlanmışdı.

Xankəndi Qarabağ xanlarının istirahət yeri kimi salınsa da, XX əsrdə Azərbaycanın yeni sənaye mədəniyyət mərkəzi kimi inkişaf etməyə başlayıb. Bu işə daim Azərbaycanın ümumi respublika resurslarından böyük dəstək verilib. Bu səbəbdən o, bütün sahələr üzrə digər Azərbaycan şəhərlərindən daha sürətlə inkişaf edirdi. Ermənilərin burada məskunlaşmasına isə 1920-ci illərin əvvəllərində başlanılıb. 1978-ci ilin may ayında Xankəndiyə şəhər statusu verilib. 10 il sonra 1988-ci ildə yerli sakinlər, azərbaycanlılar buradan zorla çıxarılıb. Bu işdə ermənilərə Xankəndidəki 366-cı motoatıcı alayın rus əsgərləri kömək etmişdi. Birinci Qarabağ müharibəsi boyunca Azərbaycan ordusunun bölmələri bir neçə dəfə Xankəndiyə yaxınlaşsa da, şəhəri işğaldan azad etmək mümkün olmayıb.

Gözəl Azərbaycanımızın ən füsunkar yerlərindəndir, Xankəndi. Qarqarçayın sahilində, Qarabağ dağ silsiləsinin şərq ətəyində yerləşən bu şəhərdə 34 məhəllə var idi. Deməli, o, böyük əraziyə malik olub. Bu məhəllələrin çoxu qədim Azərbaycan məhəllələri idi adətən hər məhəllədə bir ya bir neçə məscid, hamam olardı. Təəssüf ki, işğal zamanı o tarixi məhəllələrin bir çoxu məhv edilib. Ermənilər o yerlərdə gözoxşayan, daha doğrusu, tariximizi özündə yaşadan çox şeyin izini siliblər, ancaq florasına gücləri çatmayıb.

Statistikaya görə, Xankəndi onun ətrafında bir çox qiymətli bitki növləri yetişir: Xankəndinin Moşxmaat kəndi ətrafında rast gəlinən adi şabalıd, Azərbaycan endemi olub aşağı dağlıq qurşağın rütubətli-mülayim iqlim şəraitində bitən, Şuşa, Xankəndi ətrafında yayılan "Hirkan ənciri", nəsli kəsilməkdə olan, "Hirkan şümşəsi - pirkal", Topxana, Xankəndi ərazisində rast gəlinən təkdənli buğda s. bu yerlərə xas nadir bitkilərdir.

Xankəndidə bir çox mədəniyyət yerləri olub. Şəhərdə 2 mədəniyyət evi, 2 musiqi, 1 rəqs, 1 rəsm məktəbi fəaliyyət göstərib. Qarabağın ilk rəqs məktəbi məhz Xankəndidə, 1972-ci ildə istifadəyə verilib. 1967-ci ildə Xankəndi şəhəri yaxınlığında, Əsgəran rayonu ərazisində açılışı olan, erməni heykəltaraşı tərəfindən hazırlanan "Biz bizim dağlar" monumental abidə Azərbaycan mədəni irsinin ayrılmaz tərkib hissəsidir.

İndi Xankəndidə üçrəngli bayrağımız dalğalanır. Torpağı, gülü-çiçəyi, axan çayları, buz bulaqları, təbiətin, insan əlinin yaratdığı incilər rahat nəfəs alır. Burada abadlıq işləri gedir, öz doğma sakinlərini qarşılamağa hazırlaşır Xankəndi. Böyük köçün Böyük Qayıdışı möhtəşəm olacaq. Artıq üç ildir ki, işğaldan azad edilmiş torpaqlara köç geri dönür. Bu köç o köçdən deyil, üzlərdə təbəssüm, gözlərdə sevinc yaşı var. Bu köçün üzü Qarabağa, Şərqi Zəngəzuradır. Xankəndi, qollarını geniş , elin gəlir...

 

Zümrüd QURBANQIZI

 

Respublika.- 2024.- 1 fevral, №21.- S.1; 4.