Dahiləri
bir də belə tanıyaq!
Məhəmməd Hadi
Türkün tökülən
qanları bihudə gedərmi?
Diqqətlə
düşün, yoxsa
bu qan həpsi
hədərmi?
Sovet rejiminin
qurbanlarından olan, açıq və üsyankar yazılarına
görə barəsində
ölüm hökmü
çıxarılan vətən sevdalı Məhəmməd Hadi... Şairin tale payına çox çətin, keşməkeşli
bir ömür
düşüb... Yetimlik, nakam eşq, qürbət, aclıq, səfalət... Tənha ömür və naməlum ölüm...
Əsl adı
Ağa Məhəmməd
olan, gəncliyində
özünə Hadi (ərəbcə: doğru
yol göstərən)
təxəllüsünü
seçən şair Şamaxı şəhərində dünyaya
gəlib. Hələ
9 yaşında ikən
atasını itirən
Hadi çox keçmir
ki, anasız
da qalır. Belə ki, anası
onu qohumlarının himayəsinə verir, ikinci dəfə ərə gedir. İbtidai
təhsilini Şamaxıda
məhəllə məktəblərinin
birində alan Hadi sonralar Abbas
Səhhətin atası
Əliabbas əfəndinin
təsis etdiyi məktəbdə oxuyur. Ərəb və fars dillərini öyrənir. Ərəb
dilini
mükəmməl şəkildə öyrənməsinə
kömək edən himayədarı isə
Mustafa Lütfi İsmayılzadə
olur.
Şamaxıda baş verən
güclü zəlzələdən
sonra şairin taleyinə doğma elini tərk etmək yazılır. Bu
hadisə
Ömər Faiq Nemanzadənin xatirələrində
qeyd olunur: "Baş vermiş dağıdıcı zəlzələdən
sonra bir çox şamaxılılar kimi Məhəmməd Hadi də doğma şəhərini tərk
etməyə məcbur
olmuş,
evlərinin ənqazını (tör-töküntü)
200 manata sataraq Kürdəmirə getmişdi".
Şair
Kürdəmirdə əvvəlcə
ticarətlə məşğul
olur. Ticarətin onun dünyasından uzaq olması işin tez
bir zamanda sonlanması ilə nəticələnir.
Şair orada bir müddət müəllimlik edir. Daha sonra isə
Hadi İstanbula gedir. Orada yüksək rütbəli şəxsi
təhqir etdiyi üçün həbs edilir və Saloniki
şəhərinə sürgün olunur. Yunanlar Hadini türk cəsusu zənn edib öldürmək istəyirlər. Ölümün
pəncəsindən şairi bir keşiş xilas edir. Sürgündən
vətənə qayıdan
Hadi bir xeyli müddət ruhi
xəstəxanada müalicə alır.
Əsərlərinin dili
kimi taleyi də çətin olan yurdsuz-yuvasız şair həyatdan
küsür və xəstəliklə
mübarizə aparır.
Şair
ona həyat verən anası və onu həyata
bağlayan sevgilisi tərəfindən tərk
edildiyi üçün
ömrünün sonuna qədər
tək yaşayıb,
ailə qurmayıb. Deyilənə görə,
onun sevdiyi qız başqa birinə
- zəngin, varlı bir oğlana ərə gedib. Ən yaxın dostlarından biri Abdulla Şaiq bu haqda
yazırdı:
"Bir dəfə Hadiyə subaylığın daşını
atmağı tövsiyə
etdim. O, çox ciddi halda dedi:
Allah bəlalarını
versin, bu qadınlarda bizi anlayacaq baş, hiss edəcək ürək var?"
Yaşadıqlarından
dolayı içkiyə
meyil edən Hadini sanki bir
bədbinlik, pessimizm izləyirdi. Hadinin
dilinin çətinliyini bir çox ədiblər də yazırdılar.
Dili çətin idi,
amma istədiklərini
deyə bilir, lakin
Hadini heç kim başa düşmürdü.
Qürurlu şair ömrünün son aylarında
öz şeirlərinə
"sığınır".
Təəssüf ki, mətbuatda şeir
çap etdirməklə
yaşamaq mümkün
olmur. Əlacı kəsilən Hadi acından
ölməmək üçün hər
gün yazdığı
şeirləri "Qubernator"
bağında satmaqla pul qazanır. Nimdaş
geyimli məğrur şair qazandığı pula yalnız
qara çörək,
soğan və araq ala bilir.
Deyilənə görə, dostu
Abdulla Şaiq içkiyə
aludə olduğu üçün onu tənqid edibmiş. Şair isə
mütəəssir bir halda:
"Eh, Şaiq, həyatı
başdan-başa faciələrlə
keçmiş bir bədbəxtdən nə
gözləyirsən! - söyləmiş
və acı-acı ağlamışdır".
Bir dəfə sərxoş halda şeirlərini satan şair dostu Şaiqə rast gəlir, "Hərarətli şeirlərim"
adlı
mənzuməsini ona uzadıb deyir: "Al, beş manat ver!". Şaiq cibində olan on manatı ona verir.
Hadi on manat verəni diqqətlə süzdükdə,
Şaiqi tanıyır,
pulu geri qaytarıb, onu qucaqlayır,
gözləri yaşarır, mütəəssir
halda deyir: "Şaiqciyim, bağışla,
tanımadım".
Deyilənlərə görə, günlərin bir günü Hadi yarıkeflənmiş vəziyyətdə
qəbiristanlıqdan keçirmiş.
Uçuq-sökük qəbirlərdən
birində dişləri
ağaran kəlləni
görmüş, onun
dirilərə güldüyünü
zənn edib
dərin
fikrə qərq olmuş, həzin-həzin
söyləmişdir:
Bu matamgahi-dünyaya gülürdü
sanki ölmüşlər,
Yer üstündə bəşər
ağlar, gülər
xakə gömülmüşlər.
Ömrünün son günlərini Gəncədə
keçirən şairin
ölümünün vaxtı
və onun səbəbi uzun illər
naməlum qalır. Əli
Nəzmi onun 1920-ci il
may ayında Gəncədə
soyuqdəymədən vəfat
etdiyini
yazır.
Abdulla Şaiq isə belə yazırdı:
"Hadi, təxminən,
1919-cu ilin axırları,
20-ci illərin
əvvəllərində Gəncədə
birdən-birə qeyb oldu".
Bəli,
o, yox olub. Xoşbəxt ailədə
doğulan, amma heç vaxt ailə, yuva sahibi olmayan, ömrünü
xalqının mədəniyyətinə sərf etmiş didərgin şair, azadlıq bülbülü
öz həqiqətlərinin
arxasınca
uçub...
Respublika.-
2024.- 3 fevral, ¹23.- S.12.