Dünyaşöhrətli alim

 

Bu gün dünyaşöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadənin doğum günüdür.

Lütfi Rəhim oğlu Ələsgərzadə 1921-ci il fevralın 4-də Bakıda anadan olub. İbtidai təhsilini 16 saylı orta məktəbdə alan Lütfinin ailəsi 1932-ci ildə İrana köçüb. Lütfi Zadə burada orta təhsilini başa vurduqdan sonra Tehran Universitetinin elektrik mühəndisliyi fakültəsinə qəbul olub. Tehran Universitetini bitirdikdən sonra Amerika Birləşmiş Ştatlarına gedib. O, 1944-cü ildən 1959-cu ilədək Massaçusets Texnologiya İnstitutunda və Kolumbiya Universitetində magistr, doktorluq elmi dərəcələrini qazanıb. 1959-cu ildən Berkli Universitetində çalışan Lütfi 1963-cü ildə elektrik mühəndisliyi və kompüter elmləri kafedrasının rəhbəri təyin olunub. O, sözügedən ali təhsil ocağında ömrünün sonuna qədər professor və "Soft Computing" İnstitutunun direktoru kimi fəaliyyət göstərib.

Lütfizadəyə şöhrət qazandıran bu gün istehsalatda geniş istifadə olunan, dünya elmində inqilab sayılan qeyri-səlis məntiq (Fuzzy Logic) nəzəriyyəsidir. Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına qeyri-səlis çoxluq adlı yeni ifadə gətirib. Lütfi Zadənin elmə verdiyi bu töhfə təbiətdə və cəmiyyətdə cərəyan edən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaradıb. Məhz bu nəzəriyyədən sonra Yaponiyanın "Mitsubishi", "Toshiba", "Sony", "Canon", "Sanyo", "Nissan", "Honda" və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq texnologiyasından foto və videokameraların, paltaryuyan maşınların, vakuum kimyəvi təmizləyicilərin istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında istifadə ediblər.

Lütfi Zadə bununla yanaşı, "Təəssüratlar nəzəriyyəsi", "Sistemlər nəzəriyyəsi", "Sözlə işləyən kompüter nəzəriyyəsi", "Optimal süzgəclər nəzəriyyəsi" kimi dünya elminin inkişafında, onun yeni əsaslar üzərində qurulmasında mühüm rol oynayan elmi kəşflərin də müəllifidir. Görkəmli alim barədə "Müasir elmin korifeyi", "Dünya dahilərsiz yaşaya bilmir" kitablarının yazılması, "Uzaq və yaxın Lütfi Zadə" sənədli filminin çəkilməsi, Lütfi Zadə İrsi və Süni İntellekt Assosiasiyası, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının yaradılması Lütfi Zadənin dünya elmindəki rolunu bir daha təsdiqləyir. Alimin müəllifi olduğu vəziyyətlər fəzası, dinamik sistemlərin idarəolunma və müşahidəolunma nəzəriyyələri hazırda müasir idarəetmədə vacib rol oynayır. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini araşdırır, layihələndirir və tətbiqini həyata keçirir.

Lütfi Zadənin zəngin elmi fəaliyyəti dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib. O, 2011-ci ilin fevralında texnologiyaların inkişafına verdiyi töhfələrlə mədəniyyətlərarası dialoqun qurulmasında göstərdiyi xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif edilib. 2021-ci il yanvarın 21-də isə "Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında" Sərəncam imzalanıb. Dünyaşöhrətli alim son dəfə 2008-ci ildə "BakuTel" beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransında iştirak üçün Bakıya gəlib. Lütfi Zadə, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində təşkil olunan tədbirdə iştirak edib. Tədbir çərçivəsində dünyaşöhrətli alimə elmdə göstərdiyi xidmətlərə görə AMEA-nın fəxri diplomu təqdim olunub.

AMEA Rəyasət Heyətinin 2016-cı il aprelin 20-də keçirilmiş iclasında Lütfi Zadə "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı"na layiq görülüb. 1989-cu ildə isə o, qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə Yaponiyanın elm adamlarına verilən ən yüksək "Honda" mükafatı ilə təltif olunub.

Qeyd edək ki, Lütfi Zadə Berkli Universitetinin ömürlük professoru seçilmiş yeganə şəxsdir. O, həmçinin NASA və NATO-nun aparıcı mütəxəssislərindən idi. Berkli şəhərində öz adına olan "Institute Zadeh-ZIFT" İnformasiya Texnologiyaları İnstitutuna da rəhbərlik edən Lütfi Zadə alman alimi Maks Plankdan sonra dünyada ikinci alimdir ki, sağlığında həm özünün, həm də nəzəriyyəsinin adını daşıyan elmi mərkəz yaradılıb.

Lütfi Zadə bir çox xarici ölkə akademiyalarının üzvü olmaqla yanaşı, mötəbər cəmiyyətlərin və fondların çoxsaylı mükafatlarına layiq görülüb, medallarla təltif edilib, xarici dövlət və ictimai təşkilatların fəxri doktoru olub. Görkəmli alim, həmçinin ABŞ Milli Mühəndislik Akademiyasının üzvü, fəxri akademiki seçilib.

Lütfi Zadə AMEA İnformasiya Texnologiyaları İnstitutunun "İnformasiya Cəmiyyəti Problemləri" və "İnformasiya Texnologiyaları Problemləri" jurnallarının fəxri baş redaktoru vəzifəsində də çalışıb.

Dünyaşöhrətli alim 6 sentyabr 2017-ci ildə ABŞ-ın Kaliforniya ştatında 96 yaşında dünyasını dəyişib. Alimin nəşi öz vəsiyyətinə uyğun olaraq Azərbaycana gətirilib və Fəxri xiyabanda dəfn edilib.

 

Nəzrin ELDARQIZI

 

Respublika.- 2024.- 4 fevral, №24.- S.11.