Qəhrəmanlar hər
zaman doğulmur...
Qəhrəman xalqın qəhrəman övladları olur. Ata-analarımız övladlarını məhz bu ruhda-döyüş zamanı düşmənin gözünə dik, cəsarətlə baxmaq ruhunda tərbiyə edirlər. Xalqımızın qəhrəmanlıq tarixində Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun xüsusi yeri var.
Biləsuvarın Əliabad kəndində bir qış günündə - 1988-ci il fevralın 7-də dünyaya göz açmış Mübariz öz qanıyla yazdığı qalibiyyət dastanı ilə təkcə Ağakərim kişinin, Şamama ananın yox, milyonlarla ata-ananın övladına çevrilmişdir. Vətənin hər qarışını müqəddəs sayan, bu yolda hər şeyə hazır olan Mübariz ailənin ən sevimli-sonbeşik övladı idi. Amma yaşa dolduqca, il üstünə il gəldikcə, torpaqlarımızın işğal altında olması onun qanını coşdurur, düşmənə nifrət hissini artırır, ona rahatlıq vermirdi.
Hərbi xidmətini başa vurub kəndə qayıtdıqdan sonra da bu hisslər onu rahat buraxmırdı. Sanki işğal altında olan torpaqlarımız onu köməyə səsləyirdi. Bu hisslər Mübarizi yenidən hərbi paltar geyinməyə vadar etdi. Bu dəfə o, gizir kimi Tərtər bölgəsində torpaqlarımızın müdafiəsinə qatıldı. İndi Mübariz daha qətiyyətli idi. Bişib bərkimiş, cüssəli, düşmənə meydan oxuyan bir Vətən əsgəri olmuşdu. İllər boyu ürəyində gəzdirdiyi qisas Vətəni, torpağı, hər şeydən, şirin canından belə əziz və uca tutan Mübarizi təkbaşına düşmən üzərinə apardı. Onda Mübarizin cəmi 22 yaşı var idi.
Elin igid oğlu Mübariz ürəyinin hökmü ilə yenidən əlinə silahı elə bu məqsədlə götürmüşdü. Mənfur düşmənlərimizin arzularını ürəklərində qoymaq, onların necə nankor, qorxaq olduqlarını sübut emək üçün...
2010-cu il iyun ayının 18-dən 19-na keçən gecə bir qəhrəmanlıq səhifəsi yazdı Mübariz. Təkbaşına, heç bir təhlükədən, ölümdən belə çəkinmədən düşmən kazarmasına hücum edərək onlarla erməni əsgərini məhv etdi. Və bu qeyri-bərabər döyüşdə özü də şəhidlik zirvəsinə ucaldı. Xalqımızın qəhrəman oğlunun bu misilsiz şücaəti düşmənlərimizi vahiməyə salmış, uzun müddət özlərinə gələ bilməmişdilər. İyul ayının 22-də Mübariz İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi bütün türk dünyası tərəfindən böyük sevinclə qarşılandı. Bəli, qəhrəmanlıq unudulmur. Mübariz kimi oğulların qəhrəmanlıq yolu gələcək tarixi, misilsiz qələbələrimizin təməli oldu. Yüzlərlə, minlərlə Vətən oğlu Mübariz kimi igidlərin qəhrəmanlığından ruhlanaraq torpaqlarımızın azad olunmasında əsl hünər göstərdilər. 44 günlük Vətən müharibəsində torpaqlarımız əsl sahibinə qovuşdu. Azərbaycan ordusunun yenilməz hünəri dünyaya səs saldı.
Biləsuvarın Əliabad kəndinin mərkəzində yerləşən el ağsaqqalı Hacı Ağakərim İbrahimova məxsus ev indi əsl ziyarətgahdır. 2010-cu ilin 19 iyun tarixindən başlayaraq bu ev, müqəddəs ocaq bir gün də olsun qonaq-qarasız olmur. Yaxından-uzaqdan gələn dəstə-dəstə qonaqlar bu müqəddəs ocağı ziyarət edirlər. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun dünyaya göz açdığı, kövrək addımlarını atdığı, ilk dəfə "ana", "Vətən" söylədiyi bu ocağa yüksək hörmət və ehtiramlarını bildirirlər.
Bu evdə, bu həyətdə hər şey Mübarizi xatırladır. Hər addımda, bağlı-bağçalı, yaraşıqlı həyətin hər guşəsində qəhrəman Mübarizin nəfəsi duyulur. Elə qəhrəmanın valideynləri - Hacı Ağakərim kişinin, anası Şamama ananın, qardaşları Bəhruzun, Rəşadın da ən böyük təskinlikləri budur. Evin ən kiçik övladı olan Mübariz onların gözü qarşısında böyüyüb, məktəbə gedib, hərbi xidmətə yollanıb. Qəhrəmanlıq zirvəsinə aparan igidliyin, hünərin qığılcımları elə bu illərdə yaranıb.
Şəhidlik uca zirvədir. Bu zirvə Mübariz kimi Vətənin hər qarış torpağını əziz tutan oğullara yaraşır... Mübariz İbrahimov da Vətəninin müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmət və rəşadət göstərərək qəhrəmancasına həlak oldu. Şəhidliyin, qəhrəmanlığın məkanı, zamanı olmur. Şəhidlər xalqın kimliyini, mənliyini qoruyub işıqlı sabahımıza boylanan azadlıq pöhrələri, yüksəlişə, ucalığa can atan könül dünyamızdır. Heç kimə bənzəmədən öz ömrünü Vətənə bağışlayan oğullardı qəhrəmanlar.
Qəhrəmanımız yaşasaydı, fevralın 7-də 36 yaşı tamam olacaqdı. Qəhrəmancasına əbədiyyətə qovuşanların yaşı da əbədi olur. Biləsuvar torpağının ilk Milli Qəhrəmanı Mübariz İbrahimovun əziz xatirəsi Vətənə, torpağa bağlı insanların ürəyində əbədi yaşayacaq. Ruhun şad olsun, elin Mübariz oğlu!
M.MİRZƏ
Respublika.- 2024.- 12 fevral, №31.- S.8.