Vətənin Pəncəlisi
Yazının sərlövhəsi heç də
təsadüfi seçilməyib. "Hər zaman xalqım, Vətənim,
torpağım üçün canımdan keçməyə
hazıram. Və həmişə özümə arzu
etmişəm ki, Vətənim üçün şəhid
olum. Azərbaycan Respublikasının üçrəngli
ay-ulduzlu bayrağına bükülüb dəfn olunum".
Söhbət 2013-cü ilin avqustunda ailə qurduğu zaman
özünə şəhidlik arzulayan və "Azərbaycan
oğluyam" mahnısının sədaları altında
qol qaldırıb oynayan Aprel şəhidi Pəncəli
Teymurovdan gedir. Bəli, bu gün dillər əzbəridir Pəncəli
Teymurov. Qəhrəmanlığı ilə yaddaşlara əbədi
həkk olunub.
Pəncəlinin hərbiyə yolu 1999-cu ildən
başlayır. Hərbi xidmət zamanı kəşfiyyatçı
peşəsinə yiyələnir və mahir kəşfiyyatçı
olur və xidməti başa vurduqdan sonra könüllü
olaraq fəaliyyətini yeni yaradılan Azərbaycan Xüsusi Təyinatlı
Qüvvələrinin kəşfiyyatçı taborunda davam
etdirir və 17 il Azərbaycan ordusunda şərəflə
xidmət edir.
Pəncəli 2016-cı il aprelin 3-də qəhrəmancasına
şəhid olur. Aprelin 11-i isə doğulduğu Astara
rayonunun Əzərüd kəndində son mənzilə yola
salınır.
Uşaq ikən Pəncəli 1992-ci ildə
baş vermiş Xocalı soyqırımının
kadrlarını izləyəndə hərbçi
olacağına və düşməndən intiqam
alacağına söz vermişdi. O, illər sonra
sözünü tutdu. Xocalı faciəsi zamanı azərbaycanlıları
öldürən erməni hərbçi general rütbəsi
almağa gedərkən onu izləyir və əlverişli məqamda
məhv edir. Bu olay erməni ordusunu lərzəyə salır,
böyük çaxnaşma yaradır.
Pəncəli kəşfiyyatçı kimi
daim düşmənin arxa cəbhəsində xidmət
göstərir. Bu xidmətlərdən biri də 2015-ci ildə
olur. O, Kəlbəcərdə kəşfiyyat dəstəsi
ilə birlikdə verilmiş gizli tapşırığı həyata
keçirməli, düşmənin hərbi texnikasını
məhv etməli idi. Tapşırıq üzrə
düşmənin hərbi texnikasına əvvəlcədən
hazırladıqları partlayıcı maddələri yerləşdirirlər.
Səhərin sükutunu böyük gurultu pozur.
Qığılcımlar ətrafa yayılır. Pəncəli
Teymurov isə olanları uzaqdan müşahidə edir. Bu
partlayışın səsi hər tərəfdə
eşidilir. Ermənistan Silahlı Qüvvələrində
böyük çaxnaşma yaranır. Düşmən
ordusunun bir neçə yüksək rütbəli hərbçisi
vəzifəsindən uzaqlaşdırılır, rütbələri
aşağı salınır.
Məlumatlara görə, Pəncəlinin peşəkarlığı nəticəsində
düşmən ordusuna məxsus bir neçə hərbi
texnika, ağır artilleriya və iyirmidən çox hərbçi
məhv edilir. Pəncəlinin bu uğuru qarşı tərəfin
böyük qəzəbinə səbəb olur. Pəncəli
4 erməni zabitin və 20 əsgərin olduğu "Ural"
markalı maşını partladaraq onların
hamısını məhv edir. Bu qəhrəmanlıqlardan
sonra Pəncəlinin başına bir milyard erməni dramı
qoyulur, lakin nə qədər cəhd etsələr də onu ələ
keçirə bilmirlər. Bir dəfə erməni hərbçiləri
Pəncəlini tutmaq üçün pusquya salırlar, o isə
21 gündən sonra pusqudan çıxaraq növbəti dəfə
düşməni şoka salır.
Pəncəli bir çox xarici ölkələrdə
təlimlər keçmişdi. Türkiyənin Xüsusi Təyinatlılar
Komandanlığının "Yurdda sülh, cahanda
sülh" adlı medalına layiq
görülmüşdü. Xüsusi əməliyyatları
uğurla başa vurduğundan 2015-ci ildə Prezident İlham
Əliyevin sərəncamları ilə "İgidliyə
görə", ölümündən sonra "Vətən
uğrunda" medalları ilə təltif olunub.
Qardaşı Familin söylədiklərindən:
"Pəncəli məndən böyük idi. Evin kiçik
oğlu mən olmuşam. 7 uşaq olmuşuq. Bizim
yaxşı günlərimiz Pəncəlinin əli
çörəyə çatandan sonra başladı. Pəncəli
Silahlı Qüvvələrin Xüsusi Təyinatlı
Qüvvələrində çalışdığı
gündən bütün ailəmizin maddi çətinliklərini
yola verməyə başladı. Ailəmizin bütün
üzvlərinin toy şənliklərində
yardımçı oldu. Birimizə ev tikdi, birimizin toyunu
etdi... Məni o oxutdu. Bu gün öz kəndimizdə millətimizin
balalarına ingilis dilini öyrədirəm. Özü ali təhsil
ala bilmədi, ancaq məni oxutdu".
Anası Vahimə xanımın xatirələrindən:
"Həmin aprel günlərində bir də baxdım ki,
televizorda şəhidlər haqqında xəbərlər
gedir. Pəncəli ilə xidmət edən zabit və gizirlərin
adlarını çəkirdilər. Deyirdilər ki, şəhid
olublar. Əllərim göydə, dizim yerdə qaldı. O
soyuq qarlı qış günlərində nə evdə
duruş gətirə bildim, nə çöldə. Hava da
birdən-birə dəyişdi, qar yağmağa
başladı. Dedim görəsən bir dəfə Pəncəlinin
səsini eşidə bilərəm?
Aprelin 3-nə kimi zəng çaldıq, cavab
vermədi. Ancaq özümü sakitləşdirirdim ki, Pəncəliyə
heç bir şey olmaz. Yoxluğunu qətiyyən
ağlıma gətirmirdim. Elə hey gözüm yolda,
qulağım səsdə idi. Aprelin 10-u axşam saat 5
olardı. Ürəyim köksümdə
çırpınırdı. Evin qapılarını
açıb çölə çıxmaq istədim. Bu
zaman bir quş içəri girdi. Gəlinə dedim ki, ay
qız, pəncərəni aç, o quşu burax havaya, burda
ürəyi partlayar. Qapı-pəncərəni taybatay
açdıq, quş evdən çıxmadı.
Başladı başımın üstündə qanad
çalmağa. Bir də gördüm ki, Famil
qışqırır ki, ay ana, Pəncəli şəhid
olub...
Haraydan səksənib, başımı
götürüb həyətə çıxanda
gördüm ki, həyət adamla doludur. Bir nəfər dedi
ki, icra nümayəndəliyindən deyirlər ki, gəlib
yolda tabuta baxsınlar, sonra həyətə aparaq.
Özümü ələ alıb təmkinimi pozmadım,
dedim ki, oğlumun tabutunu gətirin, açın özüm də
baxım. Pəncəli ölümündən əvvəl mənə
vəsiyyətini etmişdi. O vəsiyyəti qulaqlarımda
cingildədi. Sakitcə balamın buz kimi üzünə
baxdım. Dedim aparın dəfn edin. Dərd mənim dərdimdir,
onu oğlumun adına layiq çəkməliyəm. O zabitlər,
o gizirlər bu dövlətin gərəyi, sütunu idilər.
17 yaşından Vətəni qorumağa başladı, bizi
yox, Vətəni seçdi. Vətəni qorudu".
M.MİRZƏ
Respublika.- 2024.- 13 fevral,№32.- S.10.