Rəşadətli döyüş yolu

 

İkinci Qarabağ müharibəsində Vətən uğrunda canını fəda edib milyonların ürəyində özünə əbədi məkan quran qəhrəmanlardan biri də Murad Ocaqdurdu oğlu Nefesovdur. Masallı elində boya-başa çatan bu Vətən sevdalısının döyüş meydanında göstərdiyi misilsiz şücaəti dövlət tərəfindən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninə, "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" medallarına layiq görülüb.

44 günlük haqq savaşımızda tarix yazıb ölümsüzlüyə qovuşan Murad Nefesovun 23 yaşı tamam oldu. Qısa ömür yolunda bütöv bir xalqın qəhrəmanlıq simvolunu yaşadan igid Azərbaycan oğlunun doğum günü münasibətilə Masallı Rayon Mərkəzi Kitabxanasında tədbir keçirildi.

Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda edən şəhidlərin xatirəsini anmaqla başlanan tədbirdə kitabxananın əməkdaşı Şəmsurə Nəsirova bildirdi ki, gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsi olan Murad Nefesovun timsalında Vətən uğrunda canından keçən şəhidlər hər yerdə, hər zaman böyük ehtiramla yad edilir, adları xalqımız tərəfindən sonsuz  sevgi və məhəbbətlə çəkilir.

Kitabxananın əməkdaşı Gülər Piriyeva şəhidin döyüş yolundan, göstərdiyi şücaətdən söz açdı. Vurğulandı ki, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Xocavənd və Şuşa döyüşlərində əsl qəhrəmanlıq nümunəsi göstərib. Murad Nefesov 7 noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşdə  son damla qanına qədər vuruşaraq şəhidlik zirvəsinə ucalıb.

 

Zəfər ORUCOĞLU.

 

Respublika.- 2024.- 13 fevral,№32.- S.10.