Güneydən səslər
Nağıllar
Güney Azərbaycan folklorunun aparıcı qoludur
“Türk dünyasında gənc nəslin
yaşadıqları ölkələrdə məktəblərdə
öz ana dilində təhsil almaq imkanı olmalıdır”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci il noyabrın
11-də Səmərqənddə keçirilən Türk
Dövlətləri Təşkilatının IX Zirvə
görüşündəki çıxışında bəyan
edib.
Dövlət başçısının bu fikri
yaddaşımızı bir qədər təzələmək
üçün sanki bir təkan oldu. Azərbaycanlıların
daha kompakt yaşadığı Güney Azərbaycanını
göz önünə gətirdik. Quzeydə hələ də
yetərincə tanınmayan Güney barədə
düşüncələrimizin fonunda onun ədəbiyyatını,
nəsrini, poeziyasını, yazar soydaşlarımızın
mücadiləsini ifadə edən nümunələri
xatırladıq.
Qəzetimizdə "Güneydən səslər..."
rubrikası altında Güney ədəbiyyatının,
folklorunun, mədəniyyətinin, incəsənətinin ən
gözəl nümunələri ilə oxucularımızı
da tanış edirik.
Azərbaycan xalq nəsrinin zəngin poetik qəlib və ölçülərini, şifahi
nitqin ifadə gözəlliklərini əks
etdirən, geniş həyat faktı və hadisələrini əhatə edən nümunələrindən biri
də nağıllardır.
Başqa sözlə,
nağıl böyük
bir dövrün geniş lövhəsini və ya hər
hansı bir fərdin həyatının
müəyyən bir anını və geniş bir dövrünü əks etdirməyə imkan verən nəqletmə, təhkiyədir. Nağıllar
epik növün digər növlərindən,
dastan, lətifə, əfsanə
və rəvayətlərdən,
məsəllər və
xalq hekayətlərindən
sabit forma əlaməti
ilə fərqlənir.
Bu əlamətlərdən biri nağılın bəzən qaravəlli, yaxud pişrov adlanan və nəzm şəklində
söylənilərək dinləyicilərin
diqqətini cəlb edən xüsusi müqəddimə ilə
başlamasıdır:
Hamam, hamam içində,
Xəlbir
saman içində,
Dəvə dəlləklik elər
Köhnə hamam içində.
Qeyd edək ki, Güney Azərbaycanın kənd və şəhərlərindəki
ağbirçək və
ağsaqqalların dilindən
yazıya alınan, müxtəlif ərazilərin
ağız ədəbiyyatı
nümunələri arasından
toplanan mətnlər digər ərazilərdə
yayılan folklor mətnləri ilə mövzu, motiv, süjet xətti etibarilə bir-biri ilə yaxınlıq təşkil edir. Filologiya üzrə fəlsəfə doktoru, dosent Mətanət Maşallahqızı (Abbasova)
yazır ki, bəzi nağıl mətnlərinin
natamamlığı, oxşar
süjet xətti, obrazları üzərində
müqayisə apararkən
bu folklor mətnlərinin vaxtilə
Sultan Tulunun hazırladığı
"Xorasandan masallar və xalq hekayələri"
kitabındakı "Quyruqsuz
tülkü", "Keçəl
Həsən", "Oğlan
və div", "Sultanın
üç oğlu",
"Qoca kişi və üç qızı", "Pəri
qız" və s. nağıl mətnlərinin
tam variantlarına uyğun
gəldiyini görürük.
"Fatma xanım", "Əli bəyin cevizləri", "Həcərin
gəlin getməsi"
və digər nağılların ideyası
ata-babaların müdrik
fikirlərinə, hikmətli
deyimlərinə bağlıdır.
Mətanət Maşallahqızının
müşahidələrinə görə, Güneydə
folklor üzrə tərtib edilən kitabların bir çoxunda janrlararası əlaqə və oxşarlığa bəzi
hallarda diqqət yetirilməyib, bəzən
mətnlərin janrı
düzgün müəyyənləşdirilməyib.
Nağıl mətnlərinin
əksəriyyətini xalq
arasında geniş yayılan "İbrahim", "Qoca kişi", "Çobanın qızı",
"Padşahla vəzirinin
nağılı", "İki qardaş",
"Şah Abbas" və
s. nağılları əhatə
edir...
XIX əsrin ikinci yarısından etibarən
Azərbaycan nağıllarının
toplanması işinə
başlanmış və
proses bu günədək
davam edir. Ancaq 1923-1939-cu illər intensiv toplanma və nəşr mərhələsi olub.
Azərbaycan nağılları-heyvanlar haqqında nağıllar
("Tülkü və
qurd", "Hiyləgər
keçi", "Çil
madyan", "Qoca aslan", "Ovçu Pirim" və s.); sehrli nağıllar ("Məlikməmməd", "Şəms
və Qəmər",
"Ağ atlı oğlan", "Sehirli üzük" və s.);
ailə-məişət nağılları
("Yeddi qardaş, bir bacı", "Usta Abdulla", "Yetim
İbrahim", "Daşdəmirin nağılı" və
s.); tarixi nağıllar
("İsgəndərin buynuzu
var", "Quş dili
bilən İsgəndər",
"Baftaçı Şah
Abbas", "Saleh və Valeh"
və s.) kimi dörd qrupa bölünür.
Təqdim etdi:
Esmira FUAD,
filologiya elmləri doktoru.
Respublika.- 2024.- 13 fevral, ¹32.- S.10.