Ölməzliyin ən
yüksək zirvəsi
Şəhidlik ölməzliyin ən yüksək
zirvəsidir. Bu zirvə müqəddəs, şərəfli,
amma çox məsuliyyətli, çox çətin,
ağır, keşməkeşli zirvədir. Bu zirvəyə
çatmaq heç də asan deyil. Həm də bu zirvəyə
çatmaq üçün vətənpərvər, yurdsevər
hissli, elə-obaya məhəbbət duyğulu, ailəcanlı,
mehribançılıq və səmimiyyət əsas meyar
olmalıdır. Bu meyarlara sahib olmaq üçün ailə,
məktəb və ədəbiyyat aşılanmalıdır:
- Səməd Vurğun "Azərbaycan", Abbas Səhhət
"Vətən", Mirzə Ələkbər Sabir, Cəlil
Məmmədquluzadə - vətən ağrılı, millət
yanğılı, Məmməd Araz - vətəndaşlığı
ölçüsü ilə.
Anamızın anası, qibləgahımızın qibləsi, doğma Azərbaycanımızın hissəsi, parçası olan Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş soydaşlarımızın bir neçəsi haqqında danışmaq istəyirik.
Əliyev Teymur İman oğlu 26.03.1991-ci ildə Göygöl rayonunun Toğanalı kəndində anadan olub. 2020-ci il Tovuz döyüşlərindən sonra iyul-sentyabr aylarında səfərbər olunan Teymur Əliyev sentyabr ayında çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Teymur Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində, Cəbrayılın, Füzulinin, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Ailəsi ilə sonuncu dəfə 7 oktyabr tarixində əlaqə saxlayan Teymur Əliyev Hadrut istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Uzun müddət nəşi tapıla bilməmişdir. 14 dekabr 2020-ci ildə Göygöl Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Prezident İlham Əliyevin sərəncamına əsasən Teymur Əliyev ölümündən sonra "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edildi.
Onu da qeyd edək ki, anası Aypara Məcid qızı Mövlayeva əslən Qərbi Azərbaycanın Göyçə mahalı Basarkeçər rayonu Qoşabulaq kəndindəndir.
Məmmədov Cavad Səfiyar oğlu 25 may 1980-ci ildə Qərbi Azərbaycanın Basarkeçər rayonu Qoşabulaq kəndində doğulub. Çox vətənpərvər və yurdsevər baş leytenant bu hissləri babası Əhməd Lətif oğlundan, əmiləri Nadir və Yadigardan, əmisi oğlu, 1993-cü ildən 1996-cı ilin sonuna qədər Azərbaycan Milli Ordusunda zabit olmuş, Qarabağ döyüşlərinin fəal iştirakçısı Məmmədov Novruz Nadir oğlundan aşılamışdır. C.Məmmədov əvvəlcə Gəncə Aqrar Universitetini, sonralar isə Gəncə Pedaqoji Universitetini bitirmiş, bir neçə il İsmayıllı rayonunda kimya-biologiya müəllimi işləmişdir. Daha sonra ailəsi ilə birlikdə Gəncə şəhərinə köçüb. Onu da qeyd edək ki, 1988-ci il deportasiyasından sonra İsmayıllının Kənəyə kəndində məskunlaşmışlar. İndi də ailə üzvlərinin bir qismi və ən yaxın qohumları İsmayıllı rayonunda yaşayır. İlk günlərdən könüllü olaraq cəbhəyə gedən Cavad Məmmədov 28 sentyabr 2020-ci ildə Murov uğrunda gedən vuruşmada şəhidlik zirvəsinə ucalıb. Gəncə Şəhidlər Xiyabanında dəfn olunub. Onun xatirəsinə İsmayıllının Soltankənd kənd məktəbinin həyətində abidə-bulaq inşa edilib.
Cavad Məmmədov "Rəşadət" ordeni, "Vətənə xidmətə görə", "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunub.
Abdullayev Aleksandr Şaban oğlu da 30 aprel 1963-cü ildə Göyçə mahalı Basarkeçər rayonu Qoşabulaq kəndində doğulub. Atası Şaban milis kapitanı, anası Oksana rusəsilli, Ukraynadan idi. Onlar 1988-ci il deportasiyası zamanı Göygöl rayonunda məskunlaşıblar. 1990-cı ildən könüllü cəbhəyə gedən Aleksandr həmişə cəbhənin ən qızğın döyüşlərində fəal iştirak edib. O vaxt Goranboyun, Ağdərənin qızğın döyüşlərində fərqlənməklə, 18 iyul 1992-ci ildə döyüş tapşırığını yerinə yetirib qayıdarkən həlak olub. Göygöl Şəhidlər xiyabanında torpağa tapşırılıb. Övladları Hüsniyyə və Xəyal atalarının şəhid adını uca tutur, daima onun məzarını ziyarət edir, qərənfillərlə bəzəyirlər.
Mürsəlov Azər Əsgər oğlu - 9 may 1972-ci ildə Göyçə mahalının Qoşabulaq kəndində anadan olub. Məlum hadisələrdən sonra İsmayıllı rayonunun Kəlbənd kəndində məskunlaşmışlar.
İtirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımları ilə heç bir qeyrətli Azərbaycan övladı razılaşa bilməzdi. Həmin vaxt, igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşməndən qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək vətən yolunda şəhid oldular. Belə oğullardan biri Mürsəlov Azər Ağdamın Şelli kəndi uğrunda gedən döyüşlərdə şəhid oldu. İndi İsmayıllı rayonu Kəlbənd kənd orta məktəbi onun adını daşıyır. Taleyin qismətinə bax, acı, ağır, amma şərəfli, müqəddəs tale. Göyçədə doğuldu, Rusiyanın uzaq şaxtalı, boranlı-qarlı Sibirində əsgəri xidmətdə oldu, Qarabağda mərdanə, kişi kimi vuruşdu, şəhidlik zirvəsinə ucaldı, ölməzliyə qovuşdu, İsmayıllıda əbədi məskən saldı - dəfn olundu Kəlbənd kəndində.
Abdullayev Zeynal Səlim oğlu 7 mart 1969-cu ildə Göyçə mahalı Qoşabulaq kəndində anadan olub. Göyçənin məşhur Kalbayılar nəslində - vətənpərvər, yurdsevər, mərd və qorxmaz bir ailədə böyüyüb boya-başa çatıb. Nəinki bütöv Azərbaycanımızda, habelə İranda, İraqda, Türkiyədə, hətta Orta Asiyada tanınan şair Xəstə Bayraməlinin (Xudiyev Bayraməli Abbasəli oğlu - 1899-1952, əvvəllər Hüseynquluağalı, sonralar Nəriman Nərimanovun şərəfinə adlandırılan Göyçənin Nərimanlı kəndində yaşayıb) bacısının oğul nəvəsidir. Onlar əvvəlcə İsmayıllı rayonunda, daha sonra Göygölün Göyçəkəndində məskunlaşıblar. Füzuli rayonunda yaxşı, mərd, qorxmaz döyüşçü kimi tanınıb, fərqlənib, ona görə bölmə komandiri olub. 1994-cü ildə Füzulinin Alxanlı kəndində minaya düşərək şəhidlik zirvəsinə ucalıb. Göyçəkənd kənd məktəbi Zeynal Abdullayevin adını daşıyır. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Tahir DÜNYAMALIOĞLU,
Nizami BƏŞİROĞLU
Respublika.- 2024.- 16 fevral, №35.-
S.10.