Dahiləri bir belə tanıyaq!

 

Ənvər Məmmədxanlı

 

Tanınmış yazıçı, nasir, kinodramaturq, ssenarist, tərcüməçi Ənvər Məmmədxanlı... XX əsr Azərbaycan nəsrində lirik-romantik üslubun yaradıcılarından olan bu yazıçı istər müasir, istərsə tarixi mövzularda dəyərli əsərlər yazaraq nəsr dramaturgiyamızda iz qoyub. Daha çox  "Buz heykəl", "Od içində", "Ananın ölümü", "Silahlı dağlar", "Qanlı möhür" pyesləri ilə geniş oxucu kütləsi qazanıb. Hüseyn Cavidin qızını sevən, ömrünün sonuna kimi heç vaxt evlənməyən  bu yazıçının tale payına  tənhalıq düşüb...

Göyçayda anadan olan Ənvər Məmmədxanlı orta məktəbi elə orada bitirdikdən sonra N.Nərimanov adına Sənaye Texnikumunda təhsil alıb.

Azərbaycan Neft Akademiyasına daxil olsa da, ali təhsilini yarımçıq qoyub. İxtisasca mühəndis olan  Ənvər Məmmədxanlının ali məktəbi yarımçıq qoyub yazıçılıqla məşğul olması ailələrində söz-söhbətə səbəb olub. Atası bu səbəbdən  ömür boyu ondan narazı qalıb.

Deyilənə görə, yazıçının  atası Qafar kişi Müsavat Partiyasının üzvü olub, buna görə  dörd il həbsdə yatıb. Həbsdən çıxdıqdan sonra isə yenidən tutulacağını hiss etdiyi üçün Gürcüstana qaçıb orada da vəfat edib. Sonralar Ənvər Məmmədxanlı soraqlaşa-soraqlaşa gedib atasının məzarını tapıb Mirzə Fətəli Axundovun dəfn olunduğu yerdə torpağa tapşırıb. Bununla da o son borcunu yerinə yetirib.

Yazıçı xalq şairi Rəsul Rza ilə həm xalaoğlu, həm əmioğlu olub. Ənvər Məmmədxanlı "Babək" romanını qələmə alsa da, romanı tamamlaya bilməyib. Yazıçının ölümündən sonra Anar həmin romanı "Babək" kinossenarisini birləşdirib "Azərbaycan" jurnalında çap etdirib.

Deyilənə görə, Ənvər Məmmədxanlı Hüseyn Cavidin qızı Turan xanımla bir-birini seviblər, amma qovuşa bilməyiblər. Bəzi mənbələrdəki məlumata görə, hətta nişanlanıbmışlar. Lakin H.Cavidin sürgün edilməsi Ə.Məmmədxanlını qorxudub o, nişanlısından uzaqlaşıb. İllər Sonra H.Cavid bəraət aldıqdan sonra Ə.Məmmədxanlı Turan xanıma yenidən evlilik təklif etsə , o  belə cavab verib: "Mən qorxaq Ənvəri sevməmişdim, sevdiyim Ənvər cəsur biri idi". Buna görə özünü bağışlaya bilməyən yazıçı həyatı boyu ailə qurmayıb. Turan xanım da bunu bildiyi üçün  ərə getməyib ömrünün sonuna kimi Ənvər Məmmədxanlının bacısı Həbibə xanımla rəfiqəlik edib.

Yazıçının ən yaxın dostlarından biri Əvəz Sadıq olub. Mehdi Hüseynlə isə heç yola getməyiblər. Gah dalaşıb, gah da barışan yazıçılara bir gün Mircəfər Bağırov neftçilər mövzusunda birlikdə ssenari yazmağı tapşırıb,  hər ikisi  işləməkdən imtina etsələr , bir neçə il sonra "Fətəli xan" filminin ssenarisini bir yerdə yazıblar. Münasibətləri soyuq olsa da Ənvər Məmmədxanlı ilk dəfə Mehdi Hüseyndən Turan Cavidə görə xahiş edib ki, onu işə götürsün. Mehdi Hüseyn xanımı işə götürüb.

Çox qürurlu romantik insan olan Ənvər Məmmədxanlının qəribə özünəməxsus dünyası olub. Təbiət qoynunda təkliyə çəkilib saatlarla xəyal etməyi xoşlayırmış.  Bəzən xoş məclisdə, ya şirin bir söhbət əsnasında o birdən-birə öz dünyasına qapılar, elə bil gözlərinə hansısa uzaq bir xatirənin kölgəsi çökərdi o zaman xəbər alanda: " olub sənə?" dalğın-dalğın cavab verərdi: "Həyatım ağrıyır".

Risk etməyi çox sevən yazıçının heç nədən qorxusu olmayıb. Cəfər Xəndanın dediyinə görə, bir dəfə Stalinqradda, döyüş xəttinin lap yaxınlığında olarkən qəflətən həyəcan siqnalı eşidilibmiş. Hamı təbii ki, qaçıb gizlənib, bircə Ənvərdən başqa. O, həyətdə  o baş-bu başa gedərək heç olmamış kimi gəzib.

Deyilənə görə,  yazıçı Mircəfər Bağırova sözünü çəkinmədən, qorxmadan deyə bilirmiş. Hətta dəfələrlə Bağırovla söz güləşdirməsinin nəticəsi olaraq Yazıçılar İttifaqından uzaqlaşdırılıb, adı hər yerdə qara siyahıya salınıb.

Ömrünün son illərində mədəsi  onu çox incidib. Tək yaşamaq, gəldi bişirib yemək, kimsəni əziyyətə salmamaq xatirinə öz-özünə qulluq eləmək, xəstəliyinin əsas  səbəblərindən olub. 76 yaşında qəfil xəstəxanaya yerləşdirilən yazıçı orada cəmi dörd gün yatıb.  Axırıncı gecə  sabaha yemək yox, qəzet gətirilməsini istəyib. Səhərisi isə həyatla əbədi vidalaşıb...

 

Respublika.- 2024.- 17 fevral, ¹36.- S.12.