Dünya elminin parlaq siması

 

Ayın görünən tərəfindəki krater Nəsirəddin Tusinin adını daşıyır

 

stedadın möcüzələri... Adətən əfsanəvi insanların qurub yaratdıqlarını, kəşf ixtiralarını görəndə söyləyirlər bu ifadəni. Həmin möcüzələrin sərhədləri isə bəzən dünyanı aşıb keçir, o əfsanələr öz fədakarlıqları ilə adlarını da əbədiləşdirirlər. Dünya elminin möcüzələri sırasında bir ad da xüsusi hörmətlə çəkilir: Nəsirəddin Tusi. Filosof, astronom, riyaziyyatçı, tarixçi, maliyyəçi, ilahiyyatçı, hüquqşünas dövlət xadimi. Alimin yaradıcılığı ensiklopedik səciyyə daşıyır.

Nəsirəddin Tusinin adı çəkiləndə istər-istəməz Marağa rəsədxanası yada düşür. Öz həcminə görə Şərqin bütün məşhur rəsədxanalarını geridə qoyan bu rəsədxananı məhz o tikdirib: Xacə Nəsirəddin Əbu Cəfər Məhəmməd ibn Məhəmməd ibn Həsən Tusi 1201-ci il fevralın 17-də Tus şəhərində anadan olub. Elə "Tusi" nisbəsi ilə tanınmışdı.

Elmin müxtəlif sahələri ilə dərindən maraqlanan Nəsirəddin Tusi astronomiya, riyaziyyat, fizika, tibb, fəlsəfə, etika məntiqə həsr olunmuş yüzdən artıq əsərin müəllifidir.  Ancaq alimin yaradıcılığında astronomiya  riyaziyyat üzrə tədqiqatlar xüsusi yer tutur. Riyaziyyata həsr etdiyi əsərləri yalnız ərəbcə, astronomiya üzrə tədqiqatlarını fars ərəb dillərində yazmışdır. "Şəklül-qita" (Bütöv çoxtərəfli haqda risalə), "Came`ül-hesab" ("Lövhə tozun köməyi ilə hesab toplusu"), "Dairənin ölçüsü", "Təhrir Əqlidis" ("Evklid "Başlanğıcı"nın təsviri") kimi kitabları xüsusi yer tutur. Dörd hissədən ibarət "Zici-İlxani" ("İlxanilərin astronomik cədvəlləri") əsərinə görə alimin adı dünya astronomik tarixinə düşüb.

Çağdaş tədqiqatçıların çoxunun hər şeydən öncə, riyaziyyatçı hesab etdiyi Nəsirəddin Tusinin əsərləri  yalnız Şərqdə deyil, həmçinin Avropada həndəsə triqonometriyanın inkişafında mühüm rol oynamışdır. Onun "Bütöv dördtərəfli haqqında risalə" adlı əsəri Avropada triqonometriyanın inkişafında əhəmiyyətli rol oynamış bir mənbə kimi məşhurdur. Dünya elm tarixində ilk dəfə bu əsərdə triqonometriyaya müstəqil elm sahəsi kimi yanaşılır. Əsər ingilis, rus fransız dillərinə tərcümə edilmişdir. Cəbr sahəsində araşdırmaları içərisində  bütün dərəcələrdən kökalma metodu Binom düsturu daha çox tanınır. Alimin əsərləri Bakı, Paris, Berlin, Vyana, Oksford, Kembric, Leypsiq, Münhen, Florensiya, Qahirə, İstanbul, Moskva, Sankt-Peterburq, Kazan şəhərlərinin muzey kitabxanalarında saxlanılır.

N.Tusi Şərq dünyasında etikaya dair "Əxlaq-i Nasiri" adlı məşhur əsəri ilə Marağa rəsədxanasının banisi kimi xüsusi rəğbət qazanmışdır. 1235-ci ildə Nəsirəddin Tusi "Əxlaq-i Nasiri" əsərini tamamlayır, lakin bir müddət sonra müəyyən narazılığa  görə həbs olunaraq Ələmut qalasına salınır. O, burada sürgün həyatı yaşayır.

Alim 1242-ci ildə tamamladığı məşhur "Şərh əl-İşarət" (Əbu Əli ibn Sinanın "İşarələr qeydlər" adlı fəlsəfi risaləsinə şərh) əsərinin sonunda yazırdı: "Mən bu  kitabın əksər fəsillərini olmazın dərəcədə ağır bir şəraitdə yazdım. Ürək bundan artıq sıxıntı çəkə bilməzdi".

1253-cü ildə Çingiz xanın nəvəsi Hülakü xanın Yaxın Şərqə yürüşü başlayır onun qoşunları 1256-cı ildə fəth olunmaz sayılan Ələmut qalasını  tutur. İsmaililər dövlətinin hakimiyyətinə son qoyulur, Tusi digər alim məhbuslar  azad edilir. Tusi Hülakü xanın şəxsi məsləhətçisi təyin olunur.

1260-cı ildə Hülakü xan Elxanilər adlanan yeni dövləti üçün paytaxt kimi əvvəlcə Azərbaycanın qədim mədəni mərkəzlərindən olan Marağanı, sonra isə Təbrizi seçir. Elə həmin vaxt Tusi Marağa rəsədxanasının tikintisinə başlayır.

Nəsirəddin Tusinin astronomiya riyaziyyat elmləri sahəsindəki xidmətlərini geniş şəkildə tədqiq edən professor Həbibulla Məhəmmədbəyli yazır ki, görünür, Tusi rəsədxana qurmaq  haqqında çoxdan fikirləşirmiş. Bağdad alınan kimi Hülakü xandan icazə alıb işə başlaması da bunu təsdiqləyir. O, bir il ərzində rəsədxananın tikiləcəyi yeri müəyyənləşdirir, eyni zamanda astronomik cihazlar hazırlayır, müxtəlif şəhərlərdən burada yaradılacaq kitabxana üçün qiymətli kitablar gətizdirir, rəsədxanada araşdırmalar aparmaq məqsədilə dünyanın bir çox yerlərindən alimlər dəvət edir. Tusi özü "Zici-Elxani" adlı əsərində bu barədə belə yazır: "Hülakü xan ətraf vilayətlərdən astronomik müşahidələr apara bilən alimləri çağırmağı tələb etdi: Dəməşqdən Müvəidəddin Ordini, Mosuldan Fəxrəddin Marağayini, Tiflisdən Fəxrəddin İxlatini, Qəzvindən Nəcməddin Dəbiranini".

Tanınmış tarixçi Hacı Xəlifə özünün "Dünya haqqında kitab"ında baş verən hadisələri belə təsvir edir: "Xacə Nəsir Marağadakı astronomiya rəsədxanasının tikintisinə başlamaq üçün lazım gələn məsarifi Hülaküyə deyəndə o məbləğin böyüklüyünü şübhə ilə soruşdu: "Yəni ulduzlar haqqında elm belə faydalıdır ki, rəsədxanaya bu  qədər pul xərcləyək? Nəsirəddin isə bir təcrübə apararaq xana deyir: "Hökmdar, ... əgər biz səmada baş verən hadisələrin mahiyyətini irəlicədən bilsək, yer üzündə həmişə belə rahatlıq hökm sürər".

Rəsədxananın tikintisinə 1259-cu  ildə Marağa şəhərinin qərbindəki təpənin döşündə başlanılır. Professor Həbibulla Məmmədbəyli belə bir ehtimal irəli sürmüşdür ki, o dövrün astronom coğrafiya mütəxəssisləri hələ Kolumbdan çox-çox qabaq qərb yarımkürəsində sonralar Amerika adlandırılmış materikin varlığından xəbərdar imişlər.

Marağa rəsədxanası tətbiqi astronomiyanın inkişafında da müstəsna rol oynayıb. Tusi Marağa rəsədxanasının nəzdində təşkil etdiyi məktəbdə özünün davamçılarını hazırlayırdı. Mütəfəkkirin  fəlsəfi məktəbinin görkəmli  nümayəndələri arasında Nəcməddin Qəzvini, Qutbəddin Şirazi, Cəmaləddin Hilli daha çox məşhurdur. Onlar da müəllimlərinin fəlsəfi mövqeyindən çıxış etmişlər.

XIV əsrdə Tusinin nəvə-nəticələri Marağadan Ordubada köçmüş, orada Ordubadilər sülaləsinin əsasını qoymuşlar. 1935-ci ildə Beynəlxalq Astronomiya İttifaqı Ayın görünən tərəfindəki kraterə Nəsirəddin Tusinin adını vermişdir.

Alim 1274-cü il iyunun 25-də Bağdadda vəfat etmiş, Bağdad yaxınlığındakı Kazımeyn  şəhərində, Kazımiyə məscidində dəfn olunmuşdur.

 

Zümrüd QURBANQIZI

 

Respublika.- 2024.- 17 fevral, ¹36.- S.11.