Vətən sevgisi
44 günlük haqq savaşımızda Vətən, millət yolunda canından keçərək tarix yazan, ölümsüzlüyə
qovuşan igidlərdən
biri də Azərbaycan Silahlı Qüvvələrinin baş
leytenantı Əlimərdan
Fəttah oğlu Quluzadədir. Əlimərdanın
27 illik ömür yolu Vətənə sevgi nümunəsidir. Cismən bu həyatdan vaxtsız getsə də, göstərdiyi hünərlə
Vətən səmasının
əbədi parlaq günəşinə çevrilib.
Əlimərdan Quluzadə 1993-cü ildə Masallı rayonunun Birinci Yeddioymaq kəndində anadan olub. Vətənə sevgi, düşmənə nifrət ruhunda formalaşan Əlimərdan hərb sənətinə maraq göstərib.
Cəmşid Naxçıvanski adına hərbi liseyi bitirib, 2011-ci ildə isə Heydər Əliyev adına Hərbi Akademiyaya daxil olub. 2015-ci ildə leytenant, 2018-ci ildə baş leytenant hərbi rütbələrində Vətəninin keşiyində durub. Nümunəvi hərbçi kimi xüsusi peşəkarlıq göstərərək əsgərlərin, zabitlərin hörmətini qazanıb. 2016-cı il Aprel döyüşlərində Vətən naminə ölümə meydan oxumaqla düşmənə, sözün əsl mənasında qan uddurub.
Baş leytenant İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Neçə-neçə oddan-alovdan zəfərlə çıxan cəsur komandir 6 oktyabrda düşmənin xain gülləsinə tuş gəlib. Boya-başa çatdığı doğma kəndində torpağa tapşırılıb. Əbədi ürəklərdə yurd-yuva quran Vətən aşiqi ölümündən sonra "Cəbrayılın azad olunmasına görə", "Vətən uğrunda" medalları ilə təltif olunub.
Vətən, torpaq uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalanlar heç zaman ölmürlər. Masallı camaatı öz qəhrəman oğlunu unutmur, onu özlərinə iftixar mənbəyi bilirlər. Bu günlər isə şəhid Əlimərdan Quluzadənin doğum günündə məzarını ziyarət etdilər, əziz xatirəsinə ehtiram əlaməti olaraq üstünə gül dəstələri düzdülər.
Zəfər
ORUCOĞLU.
Respublika.- 2024.- 25 fevral, №43.- S.11.
.