“Əkinçi” ilə söz əkib, söz biçənlər

 

Azərbaycan mətbuatı ictimai fikir tariximizin zəngin inkişaf yolunda sanki bir mayak olub. Köhnəlmiş, əski qaydaların girdabında boğulan, qaragüruhçu, savadsız mollaların təsiri ilə ölüsünün diriləcəyini gözləyən tragikomik şeyx nəsrullahların qanunlarının əsirinə çevrilmiş cəmiyyətin xilas yolu həm mətbuatın inkişafından keçirdi. Əlbəttə ki, küçələrdə xoruz döyüşdürən əyripapaq qoçulardan, axar sulara məktub atıb Həzrət Abbasdan cavab gözləyən bisavad əyanlardan, teatra getmək haramdı, qız uşağına savad vermək ayıbdır deyən toplumdan hər hansı tərəqqi gözləmək özü elə sadəlövhlük idi. Çünki zaman o zaman idi ki, poçtxananın qarşısında keşik çəkərkən yuxuya gedən Novruzəlinin şüurundakı kəndçi babanın övladı təhsil ala bilməz, kəndxuda Xudayar bəyin ulağı belə övrətindən urvatlı olar, Kefli İsgəndərin fırıldaqçı mollanın oxuduğu quranın tərcüməsini tələb etməsi isə günah hesab edilərdi. Bəzi hallarda da uzaq Firəngistandan Qarabağa çör-çöp yığmağa gələn Müsyö Jordan ağanın Şahbaz bəyi oxumaq üçün Parisə aparması müsibət adlandırılırdı. Öz oxu ətrafında fırlanan dünyanın Azərbaycan adlı məmləkətində xalqın taleyi sadəcə bir nöqtədə dairə vururdu. Millətin avam bir mühitdən nicatı, qurtuluşu isə yalnız uzaq diyarlarda oxuyub, savad almaqla bitmirdi. O səbəbdən, millətin öz içində, vətənində o mühiti yaratmaq yüksək tərəqqiyə çatmaq mütləq idi. Bunun üçün xalqda potensial da var idi.

 

Həsən bəy Zərdabi ziyasının nurunda, narahat qəlb çırpıntılarının atəşində "Əkinçi" ilə təməl daşı qoyulan Azərbaycan mətbuatı söz-söz, cümlə-cümlə ucaldı, kərpic-kərpic hörüldü. 1875-ci il iyulun 22-də nəşrə başlayan "Əkinçi"nin ilk sayında Həsən bəy Zərdabi türk millətinin yaşamasını, inkişafını, elm mərifət sahibi olmasını arzulayır dönə-dönə vurğulayırdı ki, millətin ayılması üçün onun mütləq maariflənməsi gərəkdir. Cəmi 56 nömrəsi işıq üzü görən milli mətbuatımızın təməl daşı olan "Əkinçi"dən sonra "Ziya", "Ziyayi-Qafqaziyyə", "Kəşkül", "Şərqi-rus", "Həyat", "İrşad", "Füyuzat" kimi mətbuat orqanları bu müqəddəs missiyanı davam etdirdilər. Sonrakı dövrlərdə zəngin Azərbaycan mətbuatının parlaq səhifələrində "Molla Nəsrəddin" kimi nəhəng, dövrünün cəsarətli, zəmanəsinə meydan oxuyan mətbu orqanları da yer aldı. Bütün bunlar isə xalqın özünüdərk, milli oyanış, yenilik maarifçilik sahəsində inkişafına səbəb oldu.

 

Zaman keçdikcə insanlar anlamağa başladılar ki, gələcək rifah gözəl həyat yalnız elm biliklə mümkündür. qədər savad sahibi olsalar, övladlarını oxudub, təhsilə cəlb etsələr, bir o qədər tərəqqi edəcəklər. Artıq onlar üzərlik tüstüsündə şəfa axtaracaq, bir abbası verib mirzələrə ərizə yazdırmaq üçün boyunlarını büküb dayanacaq, Qərbin göydə gəzdiyi təyyarəsinə şeytan arabası deyəcəklər. Bir zamanlar cəhalət, avamlıq girdabında boğulan millətin oğlu, qızı həkim olacaq, müəllim , mühəndis . Bütün bunları isə xalqa aşılayan, düzgün yol göstərən milli mətbuat oldu. Həsən bəy Zərdabinin təməlini qoyduğu Azərbaycan mətbuatı özünəməxsus inkişaf yolu keçdi. Ötən əsrin əvvəllərindən başlayaraq ziyalılar, xalqımızın qabaqcıl insanları milli mətbuat yaratmaq uğrunda uzun illər gərgin mübarizə apardılar. "Əkinçi"nin nəşri Zərdabi ilə yanaşı, o dövrün ziyalı zümrəsinin qələbəsi idi. Çünki qəzet xalqımızın mədəni həyatında mühüm bir hadisəyə çevrilmişdir. Azərbaycanda milli mətbuatın yaranması ictimai fikir tarixində olduğu kimi, realist ədəbiyyatın, xüsusilə, poeziyanın təbliğində mühüm rol oynamışdır. Çünki bu sahənin böyük cəfakeşləri, ömrünü mətbuatın püxtələşməyinə sərf etmiş insanlar çox idi. Zamanla bir-birini əvəz edən nəsillər, onların nümayəndələri Azərbaycan mətbuatına xidmət etməklə tarixin ən şərəfli, şöhrətli səhifəsində yer aldılar.

 

Ölkəmizdə bu sahənin inkişafında ən böyük xidməti ulu öndər Heydər Əliyev göstərmişdir. Uzaqgörən liderin öz çıxışlarında, "Siyasətçilər gələcək siyasəti, jurnalistlər isə gələcək nəsilləri düşünürlər", - deyərək mətbuata verdiyi dəyər həm jurnalistlərə inamını ifadə edirdi.

 

Ulu öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirir, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirirdi. Məhz Heydər Əliyevin sayəsində ana dilimizə olan ögey münasibət aradan qadırıldı, milli dil siyasəti yürüdüldübu siyasət medianın inkişafında müstəsna rol oynadı. Azərbaycan dilində qəzetlərin sayı artırıldı, televiziyada verilişlərin Azərbaycan dilində yayımı genişləndirildi. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində ixtisaslı kadrların hazırlanması istiqamətində mühüm addımlar atıldı. Ötən əsrin sonlarında ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı müasir mətbuatın inkişafında yeni dövrün başlanğıcı da oldu. Ölkə başçısının 1998-ci il 6 avqust tarixli sərəncamı ilə senzuranın ləğv edilməsi ölkədə azad sözə, azad fikrə böyük meydan açdı. Bu ənənələr dövrümüzdə də davam edir.

 

Prezident İlham Əliyev ulu öndərin ənənələrini layiqincə davam etdirir. Artıq ölkədə mətbuata fərqli baxış, münasibət var. Azad mətbuat, azad söz dövlətin cəmiyyətə yanaşma tərzinin və media siyasətinin nəticəsidir. Eyni zamanda mətbuat hüquqi, demokratik cəmiyyətin sivil mübarizə meydanıdır. Biz bunun bariz nümunəsini 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində yenilməz ordumuzun döyüş meydanında apardığı mübarizə ilə bərabər, Ali Baş Komandanımızın informasiya savaşında qalibiyyətində gördük. Azərbaycan əsgəri cəbhədə hünər göstərib qalib oldusa, dövlətimizin başçısı da dünya mediasının bəzi qərəzli, məkrli mətbuat orqanlarının, nəhəng informasiya agentliklərinin hücumları qarşısında siyasi-diplomatik bacarığı ilə qələbə çaldı. Bunun nəticəsi olaraq cəmi bir neçə ildən sonra, 2023-cü il 22 iyul tarixində işğaldan azad edilmiş Şuşada ilk dəfə Milli Mətbuat Günü münasibətilə "Mediada qlobal trendlər, yeni çağırışlar" mövzusunda Beynəlxalq Media Forumu keçirildi. Dünyanın 20-dən çox ölkəsindən gəlmiş xarici media nümayəndələri və ekspertlərin iştirak etdiyi Şuşa Forumunda Azərbaycan həqiqətləri bir daha beynəlxalq aləmə çatdırıldı. 30 il davam edən işğaldan sonra media nümayəndələri xarici mətbuatın iştirakı ilə öz peşə bayramlarını Azərbaycan mədəniyyətinin beşiyi Şuşada keçirdi. Azərbaycan Prezidenti İlham Əliyevin Milli Mətbuat Günü münasibətilə ölkəmizin media nümayəndələrinə təbrik məktubunda deyilirdi: "Vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr vermiş Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirməli, saxtayalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutmalı, vətəndaşlarımızın dolğundüzgün məlumat əldə etmək hüquqlarını təmin etməli, cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışmalıdırlar".

 

Ramidə YAQUBQIZI

Respublika  2024.- 21 iyul, (¹ 152).- S.8.