MİLLİ SƏRVƏTİMİZ QARABAĞ ATLARI

 

"Yaxşı at igidin yaraşığıdır" deyən babalarımız atı özünün sadiq dostu və silahdaşı hesab ediblər. Əsasən qızılı-kürən rəngində olan Qarabağ atlarının şöhrəti dünyaya yayılmışdır. Yaşıl dağların şehli yamaclarında, güllü-çiçəkli biçənəklərində yemlik yeyib, buz bulaqların lilpar gözündən su içən bu atlar dağ-minik at cinsinə aiddir. Haqqında danışdığımız dünyaca məşhur Qarabağ atlarının 4 növü var. Maymun, Qarnıyırtıq, Əlyetməz (buna Ceyran da deyilir) və Toxmaq. Bu növ atların ən əsas xüsusiyyətlərindən biri yüksək sürətlə qaçmalarıdır. Hündür boya, çevik və möhkəm bədən quruluşuna malik bu atlar həm də gözəl görünüşə sahibdirlər. Nazik dərisi, yumşaq və parıltılı tükləri bu atlara daha da gözəllik verir. Yalı və quyruğunun uc hissəsi isə tünd-şabalıdı rəngdə olur.

 

XVIII-XIX əsrlər Qarabağ atçılığının "qızıl əsri" hesab edilir. Həmin dövrdə bu atların ən tipik nümunələri əsasən Qarabağ xanları - Pənahəli xan, İbrahimxəlil xan, Mehdiqulu xan, Cəfərqulu xanXurşidbanu Natəvanın zavodlarında yetişdirilib. Bu atların cins kimi təkmilləşdirilməsində və dünyada şöhrət qazanmasında adıçəkilən şəxslərin böyük rolu olub. Onu da qeyd edək ki, Qarabağ atları o zaman da bir çox beynəlxalq sərgilərdə təmsil olunub və yüksək yer tutublar. Xan qızı Natəvanın "Əlyetməz" adlı atı 1867-ci ildə Ümumrusiya at sərgisində, "Xan" adlı at isə həmin il Fransada keçirilən sərgidə gümüş medala layiq görülmüşdür. "Xan"ın qızılı-kürən rəngi fransız xanımlarını heyran etmişonlar saçlarını qızılı-kürən rəngində boyamağa başlamışdılar.

 

Aparılan tədqiqatlar və müxtəlif tarixi mənbələrdən belə qənaətə gəlmək olur ki, Qarabağ atları qədim zamanlarda Azərbaycan ərazisində mövcud olmuş Manna, Midiya atlarının, əsasən də Nesey (Xəzərin cənub-qərbində yerləşən Nesey düzənliyinin adı ilə) atlarının nəslindəndir.

 

Onu da qeyd edək ki, digər məşhur at cinslərinin formalaşmasında Qarabağ atlarından istifadə olunmuşdu. 1839-cu ildə Don Atçılıq Zavoduna xeyli sayda Qarabağ atları gətirilmiş və Donun aparıcı at zavodu sayılan Platovun zavodu, demək olar ki, Qarabağ atları ilə komplektləşdirilmişdi. Həmçinin bu at cinsi dünyanın bir sıra tanınmış insanlarına hörmət əlaməti olaraq hədiyyə edilmişdir. 1956-cı ildə sovet hökumətinin başçısı Nikita Xruşov Böyük Britaniyaya səfəri zamanı İngiltərə kraliçası II Yelizavetaya "Zaman" adlı Qarabağ atını hədiyyə etmişdir. Təsadüfi deyil ki, kraliça Qarabağ atlarına belə qiymət vermişdir: "Əgər bütün dünyanın atları bir üzükdürsə, Qarabağ atları bu üzüyün qaşıdır". Hətta son illərə kimi II Yelizavetanın özəl mərasimlərində Qarabağ atlarının şousu göstərilmişdi. 2022-ci ilin may ayında isə Britaniyadakı Vindzor sarayında mərhum kraliçaya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından "Şöhrət" adlı Qarabağ atı hədiyyə olunmuşdur. Bu şərəfə qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan da layiq görülmüşdür. Belə ki, 2021-ci il iyunun 15-də işğaldan azad edilmiş Qarabağ bölgəsinə - Şuşa şəhərinə rəsmi səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana "Zəfər" adlı Qarabağ atı bağışlanmışdır.

 

1946-cı ildə Xalq Torpaq Komissarlığının xüsusi komissiyası Qarabağ atlarının geniş yayıldığı Ağdam, Şuşa, Xocavənd, Bərdə, Yevlax, Tovuz rayonlarını gəzmiş və Qarabağ atının xarakterik əlamətlərini özündə saxlamış 60 baş cins at seçmişdir. 1948-ci ilin yazında Yevlax rayonunun Xaldan quşçuluq sovxozunda zavodun əsası qoyulsa da, ərazi yay aylarında həddən artıq isti olduğu üçün əlverişli hesab edilməmiş, zavod 1949-cu ildə Ağdam rayonunun Eyvazxanbəyli kəndinə köçürülmüşdür.

 

Qarabağ atları yaraşığı, dözümlülüyü, sürətliliyi və başqa keyfiyyətlərinə görə nəinki Cənubi Qafqazda, hətta Rusiya, Polşa, İngiltərə, Fransa kimi ölkələrdə də məşhurlaşmışdı. İngilislər bu atları hind süvari qoşunu üçün almışlar. Təəssüflər olsun ki, Ermənistan tərəfindən Qarabağ torpaqlarının işğalı nəticəsində 1993-cü ildə Ağdam Atçılıq Zavodu da didərgin düşmüşdür. Qarabağ atları zamanında ərazidən çıxarılıb və düşmən əlinə keçməsinə imkan verilməyib, 1994-cü ildən Ağcabədi rayonunun Xamtorpaq ərazisində yerləşdirilib. Atçılığın inkişafı hər zaman dövlətin diqqətində olub və 2007-ci il 27 fevralda "Atçılıq haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olunub. 2007-ci il 8 oktyabrda Azərbaycan Respublikasının Nazirlər Kabineti "Atçılığın inkişafı üzrə Proqram"ı təsdiq edib, 2017-ci il fevralın 22-də isə Prezident İlham Əliyev Azərbaycan Respublikasında Qarabağ at cinsinin inkişafına əlavə dəstək haqqında Sərəncam imzalayıb.

 

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində yenilməz ordumuz ərazilərimizi düşmən tapdağından xilas edib, yurd yerlərimizi azadlığına qovuşdurdu. Beləcə, Böyük Qayıdış planına uyğun olaraq Qarabağa mərhələli şəkildə qayıdış başlayıb. Ağdam da yenidən qurulur. Burada aparılan möhtəşəm quruculuq işləri sayəsində Ağdam Atçılıq Zavodu da öz fəaliyyətini bərpa edəcək və dünyaşöhrətli Qarabağ atları yenə yaşıl biçənəklərdə, laləli dağlarda cövlan edəcək.

 

Ramidə YAQUBQIZI

Respublika .- 2024.- 21 iyul, (№ 152).- S.12.