Azad
mətbuat: demokratiyanın əsas göstəricisi
Hər bir millətin, dövlətin inkişafında,
formalaşmasında onun mətbuatının böyük rolu
var. Məlum olduğu kimi, XIX əsrin II yarısında Azərbaycanın
iqtisadi və ictimai inkişafı milli mətbuatımızın
yaranmasını zəruri edib.
O zaman
Bakıda müstəqil mətbəə açmaq çox
çətin, hətta qeyri-mümkün idi. Ona
görə də Həsən bəy Zərdabi Bakı
Quberniya mətbəəsinə müraciət edib. "Əkinçi" qəzetinin nəşrinə
icazə məsələsi 7 ildən çox vaxt aparıb.
Nəhayət, 1875-ci il iyulun 22-də
işıq üzü görüb. Bununla da
milli mətbuatımızın əsası qoyulub.
Həsən bəy Zərdabinin yaratdığı
"Əkinçi" qəzetinin dəst-xətti əsasən
bir ideya üzərində qurulmuşdu. H.Zərdabi və
onunla birlikdə bu qəzetdə çalışan bir
sıra maarifpərvər, demokratik naşirlər Şərqin
geriliyini, ətaləti həqiqi azadlığın
olmamasında görürdülər. Onlar
öz sözlərini dolayı yolla olsa da, bu qəzet vasitəsilə
xalqa çatdıra bilirdilər. Xalqın
başa düşəcəyi sadə dildə yazılan bu qəzetdə
belə fikirlərin səslənməsi, təbii ki, Azərbaycanı
əsarət altında saxlayan imperiya məmurlarını
ciddi narahat edirdi.
O
dövrdə Həsən bəy Zərdabi yazırdı:
"Hər kəsi çağırıram - gəlmir,
göstərirəm - görmür, deyirəm - qanmır. Axırda gördüm ki, onları haraylayıb
çağırmaqdan, onlara deməkdən başqa bir qeyri-əlac
yoxdur. Olmaz ki, mənim sözümü
eşidənlərdən heç bir qanan olmasın, necə
ki, bir bulağın suyunun altına nə qədər bərk
daş qoysan, bir neçə ildən sonra su tökülməkdən
o bərk daş mürur ilə əriyib deşilir, habelə
söz də. Ələlxüsus doğru
söz. Belədə qəzet
çıxarmaqdan savayı bir qeyri-əlac yoxdur. Heç olmaz ki, doğru söz yerdə qalsın.
Hər bölgədə on qəzet oxuyandan
birisi oxuduğunu qansa, onların qədəri ilbəil artar.
Sonra düşmənin düşmənliyi, dostun
doğruluğu və dost göstərən doğru yolun
doğru olması aşkar olar".
"Əkinçi"nin taleyi ilk gündən keşməkeşli
olub. Çünki H.Zərdabinin ideyaları hər
addımda o dövrün sərt qaydaları ilə
toqquşurdu. "Əkinçi"
çar hakim dairələrinin müqavimətini qırır,
onlarla mübarizəyə girir, tutarlı mühakimələrlə
susdururdu. "Əkinçi"nin
hökumət mətbəəsində nəşri prosesində
müxtəlif əngəllər yaranırdı. Qəzet ayda iki dəfə 300-400 tirajla nəşr
olunurdu. İlk vaxtlar Həsən bəy Zərdabi
həm naşir, redaktor, həm də korrektor və mürəttib
olub. Xalqı cəhalətdən, fanatizmdən
uzaqlaşdırmaq, onlara hüquqlarını anlatmaq,
xalqın savadlanmasına kömək məqsədilə
"Əkinçi" misilsiz iş görüb. İlk
sayından başlayaraq bu mətbu orqanda "Daxili xəbərlər",
"Əkin və ziraət" xəbərləri, "Elmi
xəbərlər", "Təzə xəbərlər"
kimi rubrikalar altında müxtəlif mövzularda yazılan məqalələr,
həmçinin Nəcəf bəy Vəzirovun, Əsgər ağa
Goraninin Moskvadan, Məhəmmədtağı Əlizadə
Şirvaninin Şamaxıdan, Heydərinin Dərbənddən
göndərdikləri məktublar, Seyid Əzim Şirvaninin
şeirləri və Mirzə Fətəli Axundovun "Vəkili-naməlum-millət"
imzası ilə məqalələri dərc olunurdu.
Müxtəlif dillərdə yazılan məqalə və
xəbərləri isə Zərdabi özü Azərbaycan
dilinə tərcümə edirdi.
Həsən bəy Zərdabi ilk gündən
"Əkinçi" vasitəsilə xalqı maarifləndirməyin
təbliğini öz qarşısında məqsəd qoyub. Qəzetdə
kəndli həyatına, kəndli təsərrüfatına, əkinçilik
mədəniyyətinə, suvarma işlərinə, əmək
alətlərinə dair məqalələr çap etməklə
böyük ədib kənd təsərrüfatında geriliyi
aradan qaldırmağa çalışıb. Eyni zamanda ayrı-ayrı məqalələrdə
xalqımızın mədəni həyatına dair materiallar
da dərc edilib. Ən başlıcası isə Həsən
bəy Zərdabi məhz "Əkinçi"nin səhifələrində milli
oyanışın xüsusiyyətlərini, milli birliyi yaratmaq
məsələsini qoyub.
Xalqın başa düşəcəyi sadə dildə
yazılan bu qəzetdə belə fikirlərin səslənməsi,
təbii ki, Azərbaycanı əsarət altında saxlayan
imperiya məmurlarını ciddi narahat edirdi. Məhz buna görə də
1877-1878-ci illərin Rusiya-Türkiyə müharibəsinin
başlanması ərəfəsində
"Əkinçi"nin vəziyyəti
daha da ağırlaşıb. Bu zaman çar
senzurası qəzetin siyasi xarakterli məsələlərə
toxunmasını qadağan edib. Belə bir
şəraitdə 1877-ci ilin sentyabrında qəzetin nəşrini
dayandırmaq haqqında hökumət sərəncam verib.
Cəmi 56 nömrəsi dərc olunan
"Əkinçi" qəzeti çox tez bağlansa da,
xalqımızın mədəniyyət salnaməsində
böyük iz qoyub. Bu qəzetin Azərbaycan milli mətbuat
tarixində açdığı yol, yaratdığı ənənələr
çox uğurlu, uzunömürlü olub.
Digər
tərəfdən, Azərbaycan ədəbiyyatı və mətbuatının
bütün qabaqcıl xadimləri, hətta
"Əkinçi" bağlanandan 20-30 il
sonra da onun əhəmiyyətini itirməyən maarifçi
ideyalarına sahiblənməyə ciddi fikir veriblər. "Əkinçi" zəhmətkeş xalqa təmənnasız
və sədaqətlə xidmətin, ictimai və milli zülmə
qarşı mübarizəsinin, doğma mədəniyyət və
ana dilinin tərəqqisi yolunda yorulmadan
çalışıb. Qəzet dünya
elminin nailiyyətlərini yaymağın, xüsusilə,
demokratik mətbuatı inkişaf etdirməyin nümunəvi
örnəyi, çar Rusiyasının əsarəti
altında olan xalqımızın sabahını
düşünən hər kəs üçün bir cəsarət
nümunəsi olub. "Əkinçi"dən
sonra hər bir azərbaycanlıda qəzetə, oxumağa, məlumatlanmağa
həvəs yaranıb. Məhz ortada olan nümunə və
xalqın qəzetin istəyini əsas götürən
ziyalılarımız "Əkinçi"dən sonra
bir-birinin ardınca yeni mətbuat orqanlarının əsasını
qoyublar: "Ziya" ("Ziyayi-Qafqasiyyə"), "Kəşkül",
"Kaspi", "Şərqi-rus" və digər qəzetlər,
"Molla Nəsrəddin", "Füyuzat",
"Kirpi" və digər jurnallar. Bir sözlə,
1875-1877-ci illərdə "Əkinçi" qəzetinin fəaliyyət
göstərməsi haqlı olaraq xalqımızın tarixində
mühüm ədəbi hadisə kimi qiymətləndirilir.
XX əsrin əvvəllərində Azərbaycanda
onlarla qəzet və jurnal nəşr edilib və Azərbaycanın
görkəmli yazıçıları, alimləri, sənət
adamları bu mətbuat orqanlarında fəal iştirak ediblər.
"Əkinçi" və XX əsrin əvvəllərində
nəşr olunan qəzetlərdəki yazılarda demokratiya və
söz azadlığı ideyaları təbliğ edilib.
Məhz buna görə də çəkinmədən
demək olar ki, Azərbaycan milli mətbuatının
bünövrəsi sayılan "Əkinçi" qəzeti
Azərbaycan tarixinə yazılan şərəfli səhifələrdən
biridir.
149 ildir ki, "Əkinçi"dən başlayan Həsən
bəy Zərdabinin saldığı bu yol çox uğurlu və
perspektivli şəkildə davam edir.
Ulu
öndər Heydər Əliyev 1993-cü ilin iyununda xalqın
təkidi ilə hakimiyyətə gəldikdən sonra
bütün sahələrdə olduğu kimi, mətbuatda da əsaslı
və müsbət dəyişikliklər baş verdi. Hələ keçmiş
sovet hakimiyyəti illərində Azərbaycana rəhbərlik
etdiyi dövrdə milli mətbuatın inkişafının
qayğısına qalan ümummilli lider müstəqil Azərbaycanın
ictimai həyatında azad və inkişaf edən mətbuatın
roluna xüsusi əhəmiyyət verib. Bu
kontekstdə ulu öndər Heydər Əliyevin rəhbərliyi
ilə kütləvi informasiya vasitələrinin maddi-texniki
bazasının yaxşılaşdırılması, mətbuat
işçilərinin sosial təminatının yüksəldilməsi
istiqamətində ciddi tədbirlər görülüb.
Prezident Heydər Əliyevin 1998-ci il 6
avqust tarixində imzaladığı "Azərbaycan
Respublikasında söz, fikir və məlumat
azadlığının təmin edilməsi sahəsində əlavə
tədbirlər haqqında" Fərmanla mətbuatda və
digər kütləvi informasiya vasitələrində Dövlət
Sirlərini Mühafizə edən Baş İdarə ləğv
edilib, bununla da mətbuat üzərində illər boyu
mövcud olan senzura aradan qaldırılıb. Senzuranın
ləğvi ilə Azərbaycan mətbuatının
inkişafında yeni dövrün başlanğıcı
qoyulub və jurnalistlərin sərbəst fəaliyyət
göstərməsi və maneəsiz informasiya toplaması
üçün lazımi hüquqi-normativ baza
yaradılıb. Bununla da Azərbaycan mətbuatının
tamamilə müstəqil şəkildə inkişaf etməsi
üçün əlverişli mühit
formalaşdırılıb. Mətbuat
orqanlarının azad fəaliyyətinə yaradılan şərait,
qanunvericilik bazasının təkmilləşdirilməsi
istiqamətində görülən tədbirlər ölkədə
fikir plüralizminin genişləndirilməsinə yol
açıb. Sonrakı dövrdə də
ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə
mühüm işlər görülüb, informasiyanın sərbəst
şəkildə yayılması, vətəndaşların məlumat
almaq imkanlarını artırmaq üçün bir sıra tədbirlər
həyata keçirilib. 1999-cu ildə
"Kütləvi informasiya vasitələri haqqında"
yeni qanunun qəbulu media təsisatının
inkişafını təmin edib. 2000-ci
ilin mart ayında Prezident Heydər Əliyevin Sərəncamı
ilə "2000-2001-ci illərdə kütləvi informasiya
vasitələrinin maddi-texniki şəraitinin
yaxşılaşdırılması üzrə tədbirlər
Proqramı" təsdiq olunub, 2003-cü ilin mart ayında Azərbaycan
jurnalistlərinin qurultayında Azərbaycan Mətbuat
Şurası yaradılıb.
Ümummilli Lider Heydər Əliyevin əsasını
qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham
Əliyevin 2003-cü ildən etibarən ölkə
başçısı kimi fəaliyyət göstərdiyi
dönəmdə də mətbuatın inkişafı
üçün çoxsaylı tədbirlər
görülüb, əhəmiyyətli nəticələr əldə
edilib.
Bu kontekstdə həm hüquqi əsaslar, həm də
Azərbaycan mətbuatının maddi-texniki bazası daha da
gücləndirilib. Prezident İlham Əliyevin 2008-ci il
31 iyul tarixli "Azərbaycan Respublikasında kütləvi
informasiya vasitələrinə birdəfəlik maliyyə
yardımı göstərilməsi haqqında" Sərəncamı
mühüm əhəmiyyətə malikdir. Bununla
kütləvi informasiya vasitələrinin "Azərbaycan"
Nəşriyyatına olan borcları tamamilə ləğv edilib.
2008-ci ildə
"Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin
inkişafına dövlət dəstəyi Konsepsiyası"nın qəbul olunması ilə bağlı qərar
qəbul edilib. Məhz bu Konsepsiyada mətbuatın
inkişafını təmin edəcək, Azərbaycan
dövlətinin və xalqının maraqlarına xidmət edəcək
müddəalar öz əksini tapıb. Konsepsiyanın
qəbulu müstəqil Azərbaycan mətbuatının
inkişaf tarixində növbəti mərhələ kimi dəyərləndirilməlidir.
Prezident
İlham Əliyev milli mətbuatın yaradılmasının
140 illiyi münasibətilə Mətbuat Şurasının
İdarə Heyətinin üzvləri ilə
görüşü zamanı mətbuatın fəaliyyətinin
hər bir insanı maraqlandırdığını qeyd edərək
bildirib ki, insanlar bütün məlumatı mətbuatdan
alırlar: "Ona görə, hər bir ölkədə, o
cümlədən Azərbaycanda mətbuat qərəzsiz
olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir,
insanları məlumatlarla tam şəkildə təmin etməlidir.
Hesab edirəm ki, biz bunu Azərbaycanda
görürük. Çünki bu gün
Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə
qalxıbdır. Mən həm operativlik, həm
milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın
fəaliyyətini yüksək qiymətləndirirəm".
Dövlət başçısı mətbuata qayğı siyasətinin bundan sonra da davam edəcəyini bildirərək deyib: "Prezident kimi mən azad medianın inkişafı üçün bundan sonra da səylərimi əsirgəməyəcəyəm. Jurnalistlərin məişət problemlərinin həlli üçün də bundan sonra da biz öz addımlarımızı atacağıq".
Məhz dövlətin yüksək səviyyəli diqqət və qayğısı sayəsində Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır. Ölkə mediası müasir çağırışlara cavab verməklə səmərəli fəaliyyət mexanizmi formalaşdırıb. Həyata keçirilən uğurlu media siyasəti, o cümlədən dövlətin diqqət və qayğısı nəticəsində həm də media ictimai institut kimi öz üzərinə düşən vəzifələri uğurla yerinə yetirir. Qeyd edək ki, Prezident İlham Əliyevin mətbuata birdəfəlik maliyyə yardımlarının ayrılması, jurnalistlərə fəxri adların verilməsi barədə sərəncamları ölkə mətbuatının inkişafına öz töhfəsini verib.
Həyata keçirilən tədbirlərin nəticəsidir ki, media nümayəndələrinin məsuliyyətli yanaşma və fəaliyyəti milli maraqların qorunması baxımından müstəsna əhəmiyyət kəsb edir. Bu sahədə peşə məsuliyyətinin artması isə obyektivliyin təmin olunmasını şərtləndirib. Hazırda hərtərəfli diqqət və qayğı ilə əhatə olunan Azərbaycan mətbuatı müasir informasiya cəmiyyəti quruculuğu, sosial ədalət və şəffaflığın təmin edilməsi, siyasi mədəniyyətin inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanması və təbliğində mühüm rol oynayır. Azərbaycan mətbuatı jurnalist etikasına əsaslanaraq, obyektivlik, qərəzsizlik prinsipləri əsasında fəaliyyət göstərir, milli maraqların keşiyində dayanır.
Zəngin tarixi ənənələrə malik Azərbaycan milli mətbuatı xalqımızın azadlıq amallarının gerçəkləşməsinə, mənəvi dəyərlərinin qorunmasına, müstəqil dövlətçiliyimizin qurulması və inkişafına mühüm töhfələr verib.
Azərbaycan mətbuatının yüksək dövlət dəstəyi və qayğısı ilə əhatə olunması, bu istiqamətdə ardıcıl və məqsədyönlü islahatların həyata keçirilməsi nəticəsində mühüm nailiyyətlərin əldə olunması sistemli fəaliyyətin uğurlu göstəricisidir.
Bayram SALMANOV
Respublika .- 2024.- 21 iyul, (№ 152).- S.8.