Vətən yolunda qələmilə savaşan jurnalist

 

Milli Qəhrəman Alı Mustafayevin xatirəsinə

 

Deməyin insan var dərdsiz-kədərsiz,

 

Deməyin insanlar düşüncəsizdir.

 

Nədənsə, birinə yaşamaq əziz,

 

Başqa birisinə ölmək əzizdir.

 

O, ölümü seçdi, ölüm isə ona heç yaraşmırdı. Alını deyirəm, bu misraların müəllifi, telejurnalist, publisist, şair Alını. Beş il jurnalistika fakültəsində bir yerdə oxuyub, bir dəfə olsun xətrinə dəymədiyim, xətrimə dəyməyən Alını bu gün jurnalistlərin peşə bayramı günündə oxuculara necə təqdim edəcəyimi bilmirəm. Alı Mustafayev həm Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ şəhididir. Bax, bütün bunları cəmisi 39 illik bir ömür kitabına sığışdıra bilmişdi, mənim şəhid tələbə yoldaşım.

 

yaxşı ki, xatirələr var. Xatirələr təkcə həyatın müəyyən məqamlarının yaddaşımıza köçürülməsi demək deyil, həm tarixdir. İndi xəyal məni 48 il öncəyə aparır.

 

1976-cı il 1 sentyabr... Azərbaycan Dövlət Universiteti (indiki BDU) jurnalistika fakültəsinin 3796-cı qrupunun ilk dərs günü. Bu sətirlərin müəllifi onların arasında idi. Auditoriyaya, daha doğrusu, kiçik dərs otağına ilk daxil olan fakültənin dekanı Seyfulla müəllim həmin gün mənim qrup nümayəndəsi təyin olunduğumu deyəndə çox həyəcanlandım. Axı bu çətin, məsuliyyətli işin öhdəsindən necə gələcəkdim? Nəsə demək istəyirdim ki, arxa partalarda oturan uşaqlardan biri: "Seyfulla müəllim, biz bu təyinatı dəstəkləyirik", - dedi. Dönüb baxdım. Bu, adını bir qədər sonra öyrəndiyim Alı idi. Beləcə, tələbəlik həyatımız başlandı.

 

Deyirlər ki, tələbəlik ömrün ən mənalı, qayğısız illəridir. Bəlkə belədir, ancaq gəlin etiraf edək ki, o illər heç hamı üçün qayğısız, çətinliksiz ötüb keçmir. Çünki hərə bir mühitdən, fərqli-fərqli ailələrdən gəlir atasız, maddi vəziyyəti çətin olan tələbələr o illərin sevincindən çox ağrısını yaşayırlar. Beşillik tələbə həyatında bu qənaətə gəlmişdim. Məsələ burasındadır ki, o zamanlar tələbələrə təqaüdü qrup nümayəndələri paylayırdılar. Bunun üçünsə mən hər ayın sonunda universitetin əsas binasına gəlir, müəyyən məbləğdə pulu götürüb yenidən ozamankı Kommunist (indiki İstiqlaliyyət) küçəsində yerləşən jurnalistika fakültəsinə qayıdırdım. Çox vaxt tək gedirdim, ancaq hərdən Alı mənə yoldaşlıq edirdi. Çünki onun bu təqaüdə çox ehtiyacı vardı. Vədə tamamında: "Bu gün gedirik?", - deyə soruşar, mən bəzən: "Yox, bu gün kitabxanaya gedəcəyəm, sabaha seminarımız var axı" - deyib səhərisi günə saxlamaq istəyərdim. Bir dəfə: "İstəyirsən, taksi ilə gedib gələrik" - deyəndə, mən : "Taksiyə pulun varsa, niyə məhz bu gün getməyimizi israr edirsən?", - deyib zarafata zarafatla cavab verdim. Sonra əlini cibinə salıb: "Olanım, bax, budur", - deyib cibindəki son qəpiklərini göstərdi, ardınca da özünü sındırmadan: "Bax a, sizi mənə görə tanıyacaqlar", - dedi. Bilmirəm nədənsə, bu sözləri tez-tez söyləyərdi. Qəribədir, sonralar başqalarının yanında jurnalistikadan, qrup yoldaşlarından söz düşəndə dəfələrlə, özü qürurla deyirəm ki, "Alı ilə bir qrupda oxumuşuq...".

 

Alı atasını erkən itirmiş, anasının himayəsində böyümüşdü. Universitetə öz halal zəhməti, çalışqanlığı sayəsində daxil olmuş, çətinliklə oxumuşdu.

 

Mən öz dırnaqlarım, öz əllərimlə,

 

Gah paltar qazandım, çörək qazandım.

 

Bəzən qovrulub alın tərimlə,

 

Ümid çırağının oduna yandım

 

Bəzən atalılar xor baxdı mənə,

 

Yox, yox, mən onlardan heç incimədim.

 

Qəlbimin gücünə inanıb yenə,

 

Gələcək günlərə ümid bəslədim.

 

Elə bu ümidlərin işığında bir gün jurnalist diplomu ilə Azərbaycan Dövlət Televiziya Radio Verilişləri Komitəsinin qapısından içəri girəndə həyatın ona yaşatdığı acıları tez bir zamanda unutduracağına da çox inanmışdı. Lakin ermənilərin torpaq iddiaları, Qarabağ müharibəsi başlayanda yuxusuna haram, yenicə şirinləşməyə başlayan həyatına sanki zəhər qatıldı Alının. Ona qədər "Günün ekranı" xəbərlər proqramında maraqlı, məzmunlu, günlə səsləşən süjetləri ilə tanınan Alı artıq özünü başqa bir ampluada təqdim etməyə başladı. 1990-cı il yanvarın 20-də Bakının qana boyanmış küçələrində ölümün üstünə gedib çəkdiyi, lentə köçürdüyü kadrlar ona rəğbəti bir az da artırdı. İndi tamam dəyişmiş, başqalaşmışdı, qarşımızda bir Vətən sevdalısını görürdük. Oğlu Turala yazdığı şeirdə söylədiyi: "Məndən sənə var qalar, dövlət, Sənin dövlətindir, varındır Vətən", - misraları bir nəsihət, vəsiyyət idi. Özünün Vətən yolunda qələmlə savaşdığını deyən şair övladına "sən qılınc götür", götür ki, "Sərhədə dönməsin Araz kimi Kür" - söyləyirdi, bu torpağın, bu xalqın böyüklüyünə, onun polad biləkli, vuran oğullarının tükənmədiyinə inanırdı.

 

Alının televiziya ekranında görməyə adət etdiyimiz Qarabağın ən qaynar nöqtələrindən hazırladığı reportajlar bir savaş idi, o, "Vətən!" - deyib hayqırırdı. Birinci helikopter qəzasında aldığı yaraları sağalmamış təkrar cəbhəyə yollanmışdı. 1991-ci il noyabrın 18-də erməni quldurların Xocavəndin Qaradağlı kəndində kütləvi qırğın törətməsi xəbərini elə yataqda eşitmiş, səhəri gün yerinə gələrək Ağdama yola düşən qrupa rəhbərliyi öz üzərinə götürmüşdü. Səhhətindəki ağır problemlərə baxmayaraq, onu heç kəs bu yoldan çəkindirə bilməmişdi. Noyabrın 20-də Ağdamdan Azərbaycanın dövlət hökumət rəsmilərini, yüksəkrütbəli hərbçiləri Qaradağlıya aparan hərbi helikopter ermənilər tərəfindən vuruldu.

 

Alı Qarabağ müharibəsinin ilk şəhid jurnalisti oldu, bir vaxt "Dəli bir ağlamaq keçir könlümdən" şeirini söylədiyi "Şəhidlər Xiyabanına köçdü". zamansa əlində mikrofon haqsızlığa qarşı çıxdığı həmin yerdə özünə "əbədi mənzil qurdu" Alı. O müqəddəs yerdə dəfələrlə olmuşam. Hər dəfə məzarı qarşısında dayananda onun lal, sükut dolu baxışlarından o qədər suallar oxuyurdum ki... Sanki demək istəyirdi: "Bəs qisasımız vaxt alınacaq, yüzlərlə, minlərlə oğulların qanı hopmuş torpaqlarımız, işğal edilmiş ərazilərimiz daşnak tör-töküntülərinin tapdağında çoxmu inildəyəcək? İnsanın sinəsini güllə kimi dəlib keçən bu suallara cavab tapa bilmirdim, ancaq inanırdım. İnanırdım ki, torpaqlarımız bir gün azad olunacaq. Elə Alının özünün dediyi kimi, "əgər şəhid varsa, demək, vətən var, şəhidlər dünyada ən böyük haqdır, ruhlar bu torpağı qoruyacaqdır". Qorudu da. Azərbaycan əsgəri düşməni diz çökdürdü.

 

Tarixi zəfərimizdən sonra Şəhidlər Xiyabanına növbəti ziyarətimi xatırlayıram. 2021-ci ilin 20 Yanvarını. Yenə Alının məzarı qarşısındaydım. Özü demişkən, dəli bir ağlamaq keçirdi könlümdən, qəmdən, kədərdən, qüssədən yox, sevincdən. Qarşısında həmişə mat qaldığım suallarına cavab tapmışdım: torpaqlarımız azaddır, üçrəngli bayrağımız Qarabağda, Şərqi Zəngəzurda qürurla dalğalanır. Şəhid ruhları şaddır!..

 

Vətəni canından artıq sevdi, bu yolda ölümü seçdi Alı, seçilmək üçün yox, onu yaşatmaq üçün...

 

Zümrüd QURBANQIZI

Respublika  2024.- 21 iyul, (№ 152).- S.7.