Əkinçi Xalqın
işıqlı siması
XV əsrin ortalarında Avropada çap sənətinin kəşfi və kitab nəşrinin genişlənməsi bəşər tarixində yeni eranın, elm, bilik və savadlanmanın əsasını qoydu. Bu kəşfi etmiş Qutenberqin adı ilə bağlanan həmin epoxa dünya tarixinin yeni elmi kəşflər mərhələsini yaxınlaşdırdı, yazıb-oxumağı bacaran bütün dünyada məlumatın yayılmasının yeni üsullarını ortaya çıxardı. Qərbdən fərqli olaraq bu üsul, yəni qəzetçilik işi "Şərqin mürgülü təbiətinə zidd olduğu üçün" (Əhməd bəy Ağaoğlu) bu coğrafiyada bir az gec təşəkkül tapdı. Şərq-islam aləminin Misir, İran, Türkiyə kimi nisbətən öndə gedən ölkələrinə qəzetin gəlişi ən azı 200 il ləngidi. Şərti olaraq "Müsəlman Şərqi" adlandırılan bu ölkələr bəlli ictimai-siyasi səbəblərdən uzun müddət Avropa sivilizasiyasından uzaq düşsə də, XIX əsrin ortalarından ticarət və sənayenin inkişafı sayəsində dirçəlməyə başlamışdı. Artıq bu dövrdə Qərbin bir çox dəyərləri və texnologiyaları çətinliklə olsa da, Şərq ölkələrinin həyatına və insanların şüuruna nüfuz edirdi. Amma bu halda belə mətbuat Şərq ictimai mühitinə çətinliklə yol tapırdı.
XIX əsrin əvvəllərindən başlayaraq olduqca dramatik hadisələr yaşayan Azərbaycanda ana dilində ilk mətbuat nümunəsi Avropada ilk kütləvi qəzetin nəşrindən təxminən 260 il sonra işıq üzü gördü. 1875-ci il iyulun 22-də gün işığına çıxmış "Əkinçi" adlanan bu qəzet tarixi zərurətdən doğaraq, sözün həqiqi mənasında millətin əkinçisi oldu.
"Əkinçi"yə qədərki tarixi şəraitdə qəzet və çap işinin vəziyyəti
Azərbaycanda dövri mətbuatın yaranmasını bir sıra tarixi-siyasi amillər zəruri etmişdir. XVIII əsrin axırlarından başlayaraq çar Rusiyasının Qafqazda işğal siyasətini genişləndirməsi, Cənuba doğru irəliləyərək yeni ərazilər ələ keçirməsi Azərbaycan xanlıqlarının müstəqilliyini itirməsi ilə nəticələnmişdi. 1813-cü ildə "Gülüstan müqaviləsi"nin imzalanması isə bu tarixi əraziləri İranla Rusiya arasında ikiyə bölmüşdü.
Şimali Azərbaycanın Rusiyanın tərkibinə keçməsi regionda yeni siyasi və hərbi vəziyyət yaratmışdır. Bütövlükdə müsəlman dünyasının ümumi tənəzzülü fonunda baş vermiş bu proseslər tarixən müstəqil dövlətə və zəngin ədəbi-mədəni irsə malik olmuş Azərbaycan üçün əsl milli faciə idi. Çünki vətən bölünmüş, milli qüvvələr parçalanmış, sabaha inam zəifləmiş, ümidsizlik çoxalmış, siyasi-iqtisadi şərait ağırlaşmışdı. Rus işğalından sonrakı illərdə Azərbaycanın münbit torpaqlarına, o cümlədən Qarabağa və ətraf qəzalara İrandan erməni ailələrinin köçürülməsi vəziyyəti daha da kəskinləşdirmişdir. Xalqın ruhunu qidalandıran, onun mənəvi dəyərlərini yaşadan mədəni mühit də xeyli solğunlaşmışdı. Müstəqil yaşamış xalq indi böyük bir imperiyanın əyalət sakinləri kimi ictimai-mədəni proseslərdən kənarda qalmışdı.
Belə bir şəraitdə sayca az olsa da, milli problemləri dərk edən və vəziyyətdən çıxış yolu axtaran yeni ziyalı nəsil yetişirdi. Professor Şirməmməd Hüseynovun qeyd etdiyi kimi, məhz "ürəyində vətəndaşlıq hissi, qanında və tarixi yaddaşında azadlıq və müstəqillik ruhu daşıyan milli qeyrət sahibləri vətənin düşdüyü təhlükəni bütün ağırlığı və məsuliyyəti ilə dərk etməyə bilməzdilər". XIX əsrin ortalarından tarix səhnəsinə çıxmış milli qeyrət sahibləri - Abbasqulu ağa Bakıxanov, İsmayıl bəy Qutqaşınlı, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi və başqa ziyalılar elmi, ədəbi və publisistik əsərlərində milli fəlakətlərdən danışmağa, ictimai problemləri qabartmağa, həyəcan təbili çalmağa başladılar.
Milli uçurum qarşısında qalmış xalqın, ilk növbədə tarixi yaddaşını yaşatmaq, Vətən tarixini yazmaq, xalqa öz kimliyini anlatmaq vacib idi. İlk belə addımı böyük maarifçi-alim, tarixçi, şair və tərcüməçi A.Bakıxanov atdı. "Hər bir ölkənin tarixi orada yaşayan xalqın özü üçün xüsusən faydalıdır. Çünki tarix ona öz millətinin təbiət və adətlərindəki xüsusiyyətləri bildirər, qonşu tayfaların rəftarından məlumat verər, müxtəlif xalqlarla saxlanan əlaqələrin xeyir və zərərini ona məlum edər" - deyən A.Bakıxanov müxtəlif dövrlərdə yazılmış mötəbər mənbələr əsasında qələmə aldığı məşhur "Gülüstani-İrəm" əsəri ilə (1846) xalqın tarixi yaddaşını möhkəmlətdi. Bu əsəri "fəzilət və şöhrət iddiası ilə deyil, bəlkə bu ölkədə mənsubiyyəti etibarilə fəxr etmək üzündən" yazdığını dilə gətirən böyük mütəfəkkir millətin öz tarixindən xəbərdar olmasını çox vacib sayırdı. A.Bakıxanova görə, "tarix elə bir danışmayan natiqdir ki, sələflərin (ata-babaların) vəsiyyətlərini bütün təfsilat və təriflərilə xələflərə (övladlarına) bildirir, ehtiyac və rifah səbəblərini, tərəqqi və tənəzzül yollarını anladır. Gələcəkdə törəyə biləcək əhvalatı keçmişin libasında insanların ibrət nəzərinə çatdırır".
Millət üçün fəzilətin "mənzum kəlmələrdən və mövhimi (xəyali) qaydalardan ibarət olmadığını" deyən A.Bakıxanov dövri mətbuat orqanlarında çalışıb jurnalistika fəaliyyəti ilə məşğul olmuş ilk azərbaycanlıdır. O, 1828-ci ildən Tiflisdə hökumət orqanlarının rus və gürcü dillərində nəşr etdiyi "Tiflisskiye vedomosti" qəzetinin, 1832-ci ildən isə onun fars və Azərbaycan (türk) dillərində buraxılan "Tiflis əxbarı" əlavəsinin aparıcı redaktoru və əməkdaşı olmuşdur. Bu əlavə nəşr rəsmi bülleten xarakteri daşısa da, milli mətbuatımızın ilk işartısı sayıla bilər. Ensiklopedik zəkaya malik olan A.Bakıxanov "Tiflisskiye vedomosti" və rus dilində əlavə kimi həftədə bir dəfə çıxarılan "Tatarskiye vedomosti"nin hazırlanmasında da fəal iştirak edirdi.
1841-ci ildə Tiflisdə "Zakavkazskiy vestnik" rəsmi qəzeti nəşrə başlamışdır. 1845-ci ilin yanvarında isə qəzetin Azərbaycan dilinə tərcümə edilmiş ilk nömrəsi işıq üzü görmüşdür. Qəzet "Qafqazın bu tərəfinin xəbəri" adı ilə həftədə bir dəfə 4 səhifə həcmində çıxırdı, bütün materialları rəsmi xarakterli idi. Platon İosselianinin redaktorluq etdiyi qəzet gürcü və Azərbaycan dillərində cəmi 50 nüsxə tirajla buraxılmış, nəşrin təxminən 11 nömrəsi işıq üzü görmüşdü.
1846-cı il yanvarın 5-dən A.Konstantinovun redaktorluğu ilə Tiflisdə "Kafkaz" adlı ikinci qəzet fəaliyyətə başlamışdır. Əvvəllər həftədə bir dəfə, sonralar isə üç dəfə çıxan bu qəzetdə Azərbaycan ziyalılarının, o cümlədən A.Bakıxanov, M.F.Axundzadə, M.Ş.Vazehin bir sıra yazıları dərc olunmuşdur. Qəzet 1852-ci il iyulun 1-dən yarırəsmi, yarıözəl (şəxsi) mətbuat orqanına çevrilmişdir.
Bu dövrdə böyük mütəfəkkir M.F.Axundzadə və müqtədir şair-filosof M.Ş.Vazeh də mətbəə açmağa, türk (Azərbaycan) dilində kitab və dövri mətbuat çap etməyə cəhd göstərmişdilər. Çünki Qafqazda yaşayan digər xalqların (rus, gürcü, erməni, yəhudi və s.) dillərində qəzet, jurnal və kitablar nəşr olunduğu halda, hətta 30-40-cı illərdə açılmış yeni tipli məktəblərdə belə türk dilində oxumağa dərs kitabları və tədris vəsaitləri yox idi. Buna görə də M.F.Axundzadə hələ 1848-ci ildə Qafqaz canişini E.A.Qolovinə müraciətində türk dilində kitab və qəzet çap etmək üçün ayrıca mətbəə açmağın zəruriliyini əsaslandırmışdır. Lakin bütün səylərinə - qəzet açmaq və ana dilində kitab çapı üçün mətbəə yaratmaq sahəsində qatlaşdığı əziyyətlərə baxmayaraq, o, çar hökumətinin yaratdığı maneələr ucbatından həmin missiyanı gerçəkləşdirə bilməmişdir.
Həsən bəy Zərdabi fenomeni və "Əkinçi"yə doğru gedən yollar
1861-ci ildə Rusiyada təhkimçilik hüququnun ləğvi və ölkədə bir sıra sahələrdə islahatların aparılması, o cümlədən mətbuat azadlığı ilə bağlı bəzi liberal addımların atılması əyalətlərdə geniş əks-səda verirdi. Bu baxımdan, 1865-ci ildə "Mətbuat nizamnaməsi"nin qəbul edilməsi, bəzi inanılmış və imtiyazlı şəxslərə qəzet çıxarmaq hüququnun verilməsi mütərəqqi addım oldu. Nisbətən mülayimləşmiş ictimai-siyasi vəziyyət o dövrdə qaynar ictimai-mədəni həyat yaşayan neft Bakısının ziyalılarını da hərəkətə gətirmişdi.
Məhz bu proseslərin nəticəsi idi ki, 1871-ci ildə Bakıda rus dilində ilk qəzet - kiçikhəcmli həftəlik "Bakinskiy listok" nəşrə başladı. Qəzetin naşiri Sankt-Peterburqdan Bakı Realnı Gimnaziyasına müəllimliyə göndərilmiş alman mənşəli Xristian Sink idi. Əsasən Bakı quberniyasının ictimai-mədəni və ticarət həyatını işıqlandıran "Bakinskiy listok"da türk (Azərbaycan) dilində də məqalələrin çap olunmasına icazə verilmişdir. Bəzi tədqiqatlarda qəzetin türk dilində verdiyi materiallarda yerli məmurların və ruhanilərin xalq kütlələrini aldatmasının tənqid olunduğu ehtimal edilir. Lakin alimlərin son tədqiqatları bu ehtimalın əsassız olduğunu göstərir, çünki Sankt-Peterburq (Rusiya) arxivlərindən bütün nüsxələri tapılmış qəzetdə türkcə heç bir yazıya rast gəlinməmişdir. Bununla yanaşı, iki il ərzində (1871-1872) mövcud olmuş bu qəzetin materialları və X.Sinkin səmərəli fəaliyyəti nəşrin mahiyyəti haqqında təsəvvür yaratmaqla bərabər, onun "ictimai tərəqqiyə müsbət təsir göstərmiş olduğunu" da deməyə əsas verir. Bu qəzetin "Əkinçi"nin çapı üçün də müəyyən zəmin yaratdığını demək mümkündür, ən azı ona görə ki, H.Zərdabi X.Sinklə eyni məktəbdə çalışır və qəzetdə ara-sıra məqalələr yazırdı.
Azərbaycan Milli Mətbuatının tarixi 1875-ci il iyulun 22-dən - böyük maarifçi Həsən bəy Zərdabinin nəşr etdiyi "Əkinçi" qəzeti ilə başlayır. Çar senzurasının Azərbaycan (türk) dilində qəzet-jurnal çapı üçün yaratdığı bütün əngəllərə, çeşidli bürokratik maneələrə səbirlə sinə gərmiş H.Zərdabi uzun məşəqqətlərdən sonra "Əkinçi"nin nəşrinə icazə ala bilmiş, mətbəə və hürufat (şrift) problemlərini təkbaşına həll edərək öz vəsaiti hesabına qəzetin çapına nail olmuşdur.
1865-ci ildə Moskva Dövlət Universitetini bitirdikdən sonra bir müddət Tiflisdə, Qubada və Bakıda dövlət idarələrində çalışmış H.Zərdabi övladı olduğu xalqın düşdüyü ağır vəziyyəti görür, cəhalətdən qurtulmaq və milli tərəqqiyə nail olmaq üçün yollar arayırdı. Onun istinad etdiyi əsas yol millətin maariflənməsi idi. "Zəmanəyə müvafiq məktəbxanələr açdırıb küçə və bazarlarda qalan uşaqları oxutmaq" üçün yaratdığı xeyriyyə cəmiyyəti (1872), əsasını qoyduğu milli teatr da (1873) bu böyük maarifçi-demokratın xalqın gözünü açmaq, elm-təhsilə yiyələnib irəli getmək ideallarına xidmət edirdi. Lakin böyük maarifçinin özünün yazdığı kimi, həmin dövrdə "cəmiyyəti-xeyriyyə bina tutmadığından, teatro oynanan otaq boş qaldığından" xalqı haraylayıb çağırmaqdan, onu qəflət yuxusundan ayıltmaq üçün qəzet nəşrindən başqa çıxış yolu tapmır. Beləliklə, H.Zərdabi dünyaya geniş nəzərlərlə baxmaq üçün qəzet nəşr etməklə xalqa ictimai göz verməyi qərara alır.
Zülməti işıqlandırmaq üçün yandırılmış şam
"Əkinçi" qəzeti geridə qalmış xalqı qəflət yuxusundan oyatmaq, o dövrün zülmətini işıqlandırmaq üçün yandırılmış şam idi. Tezliklə məlum olacaqdı ki, bu qəzet xalqın ictimai gözü, onun milli oyanışında tarixi bir mərhələ, toplumun taleyi üçün mübarizə meydanına çıxmış fenomenal şəxsiyyət olan Həsən bəy Zərdabinin xalqı "ümmətdən millətə çevirmək" yolunda atdığı çox tarixi bir addımdır.
Tarixi məlumatlara görə, "Əkinçi" nəşrə başlayanda bütövlükdə Qafqazda dövri mətbuat orqanı kimi 11 qəzet fəaliyyət göstərirdi. Bunlardan 2-si rus, 5-i gürcü, 4-ü erməni dilində idi. "Əkinçi" o dövrün rəsmi sənədlərində "tatar" dili kimi qeyd olunan Azərbaycan türkcəsində ilk müstəqil mətbuat nümunəsi idi. Bu qəzeti nəşr etməklə H.Zərdabi xalqımızın tarixində, onun ictimai şüurunun inkişafında, milli tərəqqisində misilsiz rol oynadı. "Əkinçi"nin nəşri zülmətdə işıq oldu, feodal buxovlarında qalmış mövcud ictimai-mədəni mühitdə bir canlanma yarandı, əsrlərlə dini fanatizmin və xurafatın girovuna çevrilmiş milli şüurda oyanışın ilk işartıları göründü.
H.Zərdabi öz "Əkinçi"si ilə xalqı oyanışa, yeniliyə boylanıb Avropaya baxmağa, dövrün tərəqqi etmək çağırışlarına cavab verməyə səsləyirdi. "Qəzetin muradı xalqın gözünü açmaqdır" deyən böyük maarifçi qəzetin dərviş kimi nağıl danışmasına qarşı çıxır və hesab edirdi ki, mətbu orqanının borcu işlərin yaxşı və yaramazlığını ayna kimi xalqa göstərməkdir. Feodal qaydalarına və geriliyin hökm sürdüyü şəraitdə məişətdə və şüurlarda orta əsr qalıqlarına, köhnə adət-ənənələrə qarşı çıxaraq bu köhnələri yeni qaydalarla əvəzləmək "Əkinçi"nin əsas missiyası idi. H.Zərdabi zəmanənin dəyişdiyini, elm və təhsilin önə çıxdığını, güclənmək üçün elmə, savada, işıqlı zəkaya sahib olmağın vacibliyini göstərirdi. Böyük millət fədaisi hələ 1875-ci ildə qəzetin 5-ci sayında xəbərdarlıq edirdi ki, "bizimlə rəqabət və düşmənlik cəngi aparan millətlər elm və təhsilə yiyələnirlər. Ona görə "gərək biz də elm, təhsil edək ki, onlara zindəganlıq cəngində qalib olmasaq da, onların bərabərində dayanıb duraq. Yoxsa... bizlər miruz zindəganlıq cəngində məğlub olub tələf olacağıq". Bu səbəbdən də H.Zərdabi qəzet səhifələrində təhsil almaq, elmə yiyələnmək məsələlərinə böyük diqqət yetirirdi.
Qəzetin əsas missiyası dini rəvayətlər dinləməkdən başqa heç bir elmi məlumat ala bilməyən xalqı maarifləndirmək, onun gözünü açmaq, şüuruna təsir göstərmək, əhalini dünyada gedən işlərdən hali etmək idi. Buna görə də "Əkinçi"nin səhifələrində maarifləndirici məlumatlar üstünlük təşkil edirdi. Sözünün təsirli alınması üçün Həsən bəy tez-tez qonşu xalqlardan, o cümlədən həmin dövrdə sürətlə təşkilatlanan və məktəblər açıb uşaqlarını oxudan qonşu ermənilərdən misallar çəkir, müqayisə aparmaqla öz soydaşlarını hərəkətə gətirməyə çalışırdı. Amma qəzeti yaymaq, gərəkli məlumatları öz oxucusuna çatdırmaq işində H.Zərdabinin ciddi çətinlikləri var idi, çünki hətta təhsilli, vəzifəli məmur soydaşları da "padişahın qəzeti olmadığı üçün" onu alıb oxumaqdan imtina edir, hətta "Əkinçi"yə qarşı çıxır, həcv yazırdılar. Bu mənada Qarabağ mülkədarı kapitan Hadinin qəzetə yazdığı satirasına Seyid Əzim Şirvaninin verdiyi aşağıdakı cavab xarakterikdir:
Xaçpərəstlər hamısı açdı gözün, düşdü qabaq,
Dalda qaldıq, tökülüb cəhl ilə biz, ay sarsaq!
Bəs nə vaxtı bizə qismət olacaq göz açmaq?
Əqlə gəl, tarıya bax, bəsdi bu qəflət, Hadi!
Böyük şairimiz bir az sərt yazıb, amma "Əkinçi"nin sadiq dostu M.F.Axundzadə mülkədara bundan da kəskin cavab verib. Bu cavab o dərəcədə sərt olub ki, Zərdabi etik mülahizələrə görə hətta onu "Əkinçi"də çap etməyib.
"Əkinçi"nin özəlliyi bunda idi ki, qəzet bütün məntiqə zidd bir şəraitdə, yəni qəzetin çıxmağı üçün ictimai mühitin, hakimiyyətin meylinin, hətta oxucunun olmadığı bir şəraitdə çap olunurdu. Hər şeyin bu qəzetin əleyhinə olduğu bir şəraitdə "Əkinçi" müstəsna olaraq onun naşirinin - Həsən bəy Zərdabinin səyi və dönməz iradəsi hesabına çıxırdı. Zərdabi bu qəzetin təkcə naşiri və redaktoru deyil, həm də ədəbi əməkdaşı, müxbiri, korrektoru, mürəttibi, qəzetin abunə və yayım üzrə müvəkkili idi. Bir çox işlərdə ona həyat yoldaşı Hənifə xanım kömək edirdi. O, Zərdabinin şagirdləri ilə birlikdə qəzetin ünvanlara çatmasına nəzarət edir, ayrı-ayrı nümunələri seçir, bükür, bağlayır, ünvanları yapışdırır və poçta təhvil verirdi.
"Əkinçi" bir məktəb və xalqın siması oldu...
Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər bəy Gorani və maarifçi-demokrat ideyaları uğrunda mübarizə aparan bir çox başqa ziyalılar da millətin inkişaf yoluna işıqsaçan qəzetin ətrafına toplanmışdılar. Onlar mürtəce qüvvələrə, cəhalət və zülmətə, avamlıq, gerilik və mühafizəkarlığa qarşı kəskin yazılarla çıxışlar edir, milli şüurun oyanmasında böyük xidmətlər göstərirdilər.
Ağır siyasi, senzura və maliyyə şəraitində çap olunsa da, "Əkinçi" millətin tribunası, söz meydanı və bir jurnalistika məktəbi oldu. Çünki Həsən bəyin qəzet, qəzetçilik, jurnalistika haqqında böyük təcrübəsi var idi. Rusiyanın qabaqcıl mətbuatının təcrübəsini, ənənələrini, yazı-pozu üsullarını, qəzetçilik-naşirlik mədəniyyətini yaxşı bilirdi. Bundan başqa, Avropa mətbuatı ilə yaxından tanış idi.
Qəzetdə "Daxiliyyə", "Əkin və ziraət xəbərləri", "Elm xəbərləri", "Tazə xəbərlər" şöbələri vardı. 6-cı sayından sonra "Məktublar" şöbəsi də açıldı. Təkcə kənd təsərrüfatına deyil, həm də elm, maarif, mədəniyyət, incəsənətə həsr olunan, dini mövhumata qarşı yazılan məqalələrin verildiyi "Əkinçi" Bakıda çap olunsa da, az müddət ərzində ümumrusiya müsəlmanlarının qəzetinə çevrildi. Onu əvvəlcə Qafqazda, Dağıstanda, sonralar Volqaboyunda, Sibirdə, Mərkəzi Asiyada oxuyurdular.
"Əkinçi"nin sifəti bütövlükdə Azərbaycan xalqının sifəti, bizim millətimizin sifətidir və onun əslində işıqlı sifətidir, aydın, gözəl sifətidir ki, çox çətin şəraitdə o üzündəki pərdələri - əsarət pərdəsini, savadsızlıq pərdəsini, cəhalət pərdəsini zorla bu millətə tətbiq olunan müxtəlif - həm dini, həm də siyasi-ictimai zülm pərdələrini xalqın üzündən götürə-götürə, onun gözünü aça-aça, onu dünyanın inkişaf eləmiş xalqlarının getdiyi yollarla getməyə, aparmağa çalışırdı (Sabir Rüstəmxanlı). Və tarix göstərdi ki, xalqın bu amallarına qovuşmasında "Əkinçi" öz rolunu ləyaqətlə oynaya bildi.
1877-ci ildə Rusiya ilə Türkiyə arasında müharibənin başlanması, digər tərəfdən isə "Əkinçi"nin cəmiyyət həyatına təsirinin güclənməsi və Zərbabinin tənqid hədəflərinin fəallaşması qəzetin vəziyyətini xeyli ağırlaşdırdı. Həmin il buraxılmış 20-ci nömrəsindən (bütövlükdə qəzetin 56 sayı işıq üzü görmüşdü) sonra qəzet bağlandı. H.Zərdabi demək olar ki, sürgün olundu və 16 il doğma kəndi Zərdabda yaşamağa məhkum edildi.
"Əkinçi"nin əkdiyi toxumlar, gec də olsa, cücərdi. Onun bağlanmasından iki il sonra Səid və Cəlal Ünsizadə qardaşlarının təsis etdikləri "Ziya" ("Ziyayül-Qafqaziyyə") (14 yanvar, 1879) və "Kəşkül" (yanvar 1883) qəzetləri nəşrə başladı. İctimai mövzulara toxunmayan, əsasən islam birliyi və ədəbiyyat məsələlərindən bəhs edən bu nəşrlərdə elmi yeniliklərə və maariflənmə mövzusuna da diqqət yetirilirdi.
Azərbaycan mətbuatının intibahı XX əsrin əvvəllərindən başladı. 1903-cü ildə Məhəmmədağa Şahtaxtlının redaktorluğu ilə "Şərqi-rus"un Tiflisdə fəaliyyətə başlaması, ətrafına Mirzə Cəlil, M.Ə.Sabir, Ömər Faiq Nemanzadə, Abbas Səhhət, Firudin bəy Köçərli kimi demokratik dünyagörüşlü qələm sahiblərini toplaması mətbuat tariximizdə yeni mərhələ açdı. Rusiyada inqilabi hərəkat illərində yaranan "Həyat" (7 iyun 1905), "İrşad" (16 dekabr 1905), "Füyuzat" (1 noyabr 1906), "Molla Nəsrəddin" (7 aprel 1906), sonralar "Həqiqət" (25 dekabr 1909), "İqbal" (sentyabr, 1912), "Açıq söz" (2 oktyabr 1915) kimi qəzetlərin nəşrə başlaması azad sözün inkişafına, milli problemlərin qəzet səhifələrində müzakirəsinə imkan yaratdı.
Əlbəttə, bu qəzetlərin fəaliyyəti, milli məfkurə və istiqlal ideyalarının geniş yayılması 1918-ci ilin 28 mayında Azərbaycan Cümhuriyyətinin yaranması ilə nəticələndi. Hər bir azərbaycanlının milli qürur mənbəyinə çevrilmiş, müsəlman Şərqində ilk demokratik hakimiyyət qurmuş bu müstəqil dövlətin mövcudluğu dövründə isə ölkədə söz və mətbuat azadlığı bərqərar olmuşdur.
Qulu MƏHƏRRƏMLİ,
Bakı Dövlət Universitetinin
Multimedia və
elektron kommunikasiya kafedrasının
müdiri,
filologiya elmləri doktoru,
professor.
Respublika .- 2024.- 21 iyul, (№ 152).- S.6.