Xalqın əbədi sevgisini qazanan Lider
Ulu öndər Heydər
Əliyev 22 iyul
1990-cı ildə Moskvadan
Naxçıvana gəlmişdir
Görkəmli dövlət xadimi, müasir, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin ölkəmizin ictimai-siyasi,
iqtisadi və mədəni inkişafındakı
xidmətləri əvəzedilməzdir. Ulu öndər
ölkəmizin hərtərəfli
inkişafı məsələlərini
daim diqqət mərkəzində saxlamış,
milli liderə xas müdrik siyasəti, yüksək idarəetmə bacarığı
ilə Azərbaycanın
tərəqqisinə nail olmuşdur.
İctimai-siyasi, sosial-iqtisadi yüksəlişlə
yanaşı, xalqımızın
tarixinin öyrənilməsi,
elm, təhsil, mədəniyyət
sahəsi ümummilli liderin qayğısı ilə əhatə olunmuşdur. Dahi şəxsiyyət
Heydər Əliyevin hakimiyyətdə olduğu
illər Azərbaycan tarixinin çox mühüm mərhələsi,
eyni zamanda intibah dövrüdür.
Ulu öndərin Azərbaycana
rəhbərliyinin birinci
mərhələsində, eləcə
də 1982-1987-ci illərdə
SSRİ Nazirlər Soveti
sədrinin birinci müavini və Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü olduğu illərdə respublikamızın
sosial-iqtisadi, ictimai-mədəni
həyatında əsaslı
dəyişikliklər baş
vermiş, tənəzzülün
qarşısı alınmış,
bütün sahələrdə
dinamik inkişaf üçün möhkəm
özül yaranmışdı.
Ali rəhbər vəzifədə işlədiyi
vaxtlarda əlində olan bütün imkanlardan istifadə edərək dövlətçiliyimizə
xidmət edən, daim xalqının gələcəyini düşünən,
onun mənafeyini hər şeydən üstün tutan dahi lider elə
həmin illərdə
dövlətimizin inkişaf
strategiyasını müəyyənləşdirmiş,
Azərbaycanın tərəqqisinə
hədəflənmiş uzaqgörən
siyasət yürüdərək
milli dövlətçiliyimizin
əsasını qoymuşdur.
SSRİ Nazirlər Soveti
Sədrinin birinci müavini vəzifəsindən,
Siyasi Büro üzvlüyündən istefa
verdikdən sonra Moskvada yaşayan Heydər Əliyev doğma vətənində
baş verən siyasi prosesləri böyük narahatlıqla
izləyirdi. 1990-cı ilin Qanlı Yanvarında Ermənistanın işğalçılıq
siyasətinə qarşı
etirazını bildirən,
dinc əhalinin sovet ordusu əsgərləri
tərəfindən qətlə
yetirilməsini, əliyalın,
silahsız insanların
qanının tökülməsini
qətiyyətlə pisləyən
dahi şəxsiyyət
20 Yanvar hadisələrinin
səhəri günü
ölkəmizin Moskvadakı
daimi nümayəndəliyinə
gəlib bəyanat verərək sovet ordusunun Bakıya basqın edib görünməmiş vəhşiliklər
törətməsində, çoxlu
insan qırğını
ilə nəticələnən
hərbi müdaxilədə
mərkəzi hakimiyyət
orqanlarını günahlandırmışdı.
Bu hadisələrdən qısa
müddət sonra dünyaşöhrətli müdrik
siyasətçi 1990-cı il iyul ayının 20-də Bakıya,
iki gün sonra isə Naxçıvana qayıtmışdı.
Sonralar ulu öndər həmin illəri belə xatırlayırdı: "Moskvada
məni təqib edirdilər... Hətta Yanvar hadisələrindən
sonra hərəkətlərimə
görə mənə
qarşı repressiya planları hazırlanmışdı
və onları həyata keçirmək istəyirdilər. Bakıya
gələndə xalq
tərəfindən mənim
gəlişim böyük
ruh yüksəkliyi ilə qəbul olundu, lakin hakimiyyətdə
olan ayrı-ayrı şəxslər tərəfindən
Bakıda yaşamağıma
imkan verilmədisə
də, mən Naxçıvana gələndə
Naxçıvan ayağa
qalxdı, Naxçıvan
məni qucaqladı, bağrına basdı. Görünür, mənim Naxçıvana
gəlməyim taleyin işi imiş". Həmin gün Naxçıvan şəhərindəki mərkəzi
meydana 100 mindən çox insan toplaşmışdı. Moskvadan doğma
elinə qayıdan ulu öndər ümumxalq məhəbbəti
ilə qarşılandı.
Heydər Əliyev meydanın
mərkəzində hərarətli
alqışlar, əzəmətli
şüarlar altında
qısa çıxışı
ilə xalqına sonsuz məhəbbətini,
sevgisini ifadə etdi, hər zaman onun yanında
olduğunu bildirdi.
Heydər Əliyev Naxçıvana
gəldiyi illərdə
muxtar respublika Ermənistan tərəfindən
blokadaya salınmışdı. Paytaxt Bakı
ilə həm dəmir yolu, həm də avtomobil yolu əlaqəsi kəsilmiş,
əhalinin vəziyyəti
olduqca çətinləşmişdi.
Ümummilli liderin Naxçıvana
gəlişi ilə xalq əzab-əziyyətdən
qurtuldu. Həmin dövr
Azərbaycan SSR Ali Soveti
və Naxçıvan
MSSR Ali Sovetinə seçkilər
ərəfəsi idi və bu məqamdan
uzaqgörənliklə istifadə
edən naxçıvanlılar
yekdilliklə ulu öndərin namizədliyini
irəli sürdülər.
30 sentyabr 1990-cı ildə keçirilən seçkilərdə Heydər
Əliyev Azərbaycan
SSR Ali Sovetinə və
Naxçıvan MSSR Ali Sovetinə
deputat seçildi.
Naxçıvanda yenidən siyasi
fəaliyyətə başlayan
ümummilli liderin sayəsində muxtar respublikada hökm sürən ağır vəziyyətin aradan qaldırılması istiqamətində
əhəmiyyətli addımlar
atıldı.
1990-cı
il noyabrın
17-də Naxçıvan Muxtar
Respublikası Ali Sovetinin
ilk sessiyasına sədrlik
deputatlar tərəfindən
Heydər Əliyevə
həvalə edildi. Sessiyada Azərbaycan milli dövlətçiliyinin dirçəlişi
prosesinin həyata keçirilməsi ilə bağlı məsələlər
geniş müzakirə
olundu, mühüm tarixi qərarlar qəbul edildi. Muxtar respublikanın rəsmi adından "sovet sosialist" sözləri çıxarıldı,
"Naxçıvan Muxtar
Respublikası" adlandırılması
haqqında qərar qəbul edildi, Ali Sovetin adı dəyişdirilərək "Ali Məclis" adlandırıldı.
Ulu öndərin sədrliyi ilə keçirilən sessiyada dahi liderin təşəbbüsü
ilə ilk dəfə
olaraq Azərbaycan Demokratik Respublikasının
üçrəngli bayrağı
Naxçıvan MR-in bayrağı
kimi qəbul edildi.
Naxçıvanda ictimai-siyasi şəraiti stabilləşdirmək üçün böyük işlər görüldü, getdikcə güclənən erməni təcavüzünün, düşmənin yaratdığı blokadanın ağır nəticələrinin qarşısının alınması üçün düşünülmüş çevik siyasət yürüdüldü. Naxçıvanın təhlükəsizliyi təmin edildi, muxtariyyət statusu möhkəmləndirildi, sosial-iqtisadi tərəqqi, elmin, təhsilin inkişafı istiqamətində məqsədyönlü tədbirlər görüldü.
1991-ci il sentyabr ayının 3-də Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinə Sədr seçilməsi bütövlükdə Azərbaycanın milli maraqları baxımından böyük hadisə idi. Bu hadisədən dərhal sonra gərgin ictimai-siyasi şəraitdə bir sıra mühüm qərarlar qəbul olundu. Qanlı Yanvar faciəsinə siyasi qiymət verildi. Naxçıvan əhalisi SSRİ-nin qorunub saxlanması barədə referendumdan imtina etdi, muxtar respublikada kommunist partiyasının yerli orqanlarının fəaliyyəti dayandırıldı, 20 Yanvar - Ümumxalq Hüzn Günü, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edildi, ilk demokratik islahatlar keçirildi, milli sərhəd qoşunları yaradıldı və keçmiş sovet ordusu muxtar respublikanı tərk edərkən hərbi hissədəki silah-sursat və texnika bütövlükdə Naxçıvanda saxlanıldı.
90-cı illər Naxçıvan Muxtar Respublikasının ən ağır dövrü idi və ümummilli lider Heydər Əliyev düşünülmüş qərarları ilə qısa zamanda muxtar respublikanı olduqca çətin və mürəkkəb şəraitdən çıxara bildi. O zamanlar Naxçıvanın işğalı düşmənin ən birinci hədəfi olsa da, ümummilli lider cəsarətlə, qətiyyətlə doğma yurdunu erməni təcavüzündən qorudu, düşmən əlinə keçmək təhlükəsindən xilas etdi. Ulu öndər Heydər Əliyev məsuliyyətli və taleyüklü qərarları ilə Naxçıvan bir qarış torpağına belə düşmən ayağının dəyməsinə imkan vermədi.
Lakin Azərbaycanda daxili və xarici vəziyyət get-gedə daha da mürəkkəbləşirdi. Bir tərəfdən tarixi ərazilərimiz Ermənistan tərəfindən işğal olunur, digər tərəfdən respublika daxildən çalxalanırdı. Yurdumuzun başının üstünü qara buludların aldığı bu çətin günlərdə yeganə ümid yeri ulu öndər Heydər Əliyev idi. Xalq öz nicatını dahi oğlu, o zaman Naxçıvana rəhbərlik edən Heydər Əliyevdə gördü. 1993-cü il iyunun 9-da xalqın təkidilə ulu öndər Heydər Əliyev Bakıya qayıtdı.
Mehparə
ƏLİYEVA
Respublika .- 2024.- 21 iyul (№ 152).- S.4.