Yeni medianın prioritetləri

 

Azərbaycan Milli Mətbuatının yaranmasından 149 il ötür. Əsası Həsən bəy Zərdabi tərəfindən 1875-ci ildə qoyulan "Əkinçi" qəzetinin nəşrə başladığı tarix Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur.

 

Çox mürəkkəb siyasi dövrdə nəşrə başlayan, 1875-1877-ci illərdə fəaliyyət göstərən qəzetin ümumilikdə 56 nömrəsi işıq üzü görüb. "Əkinçi"nin nəşri bütün Qafqazda böyük əks-səda doğurub. Xalqın milli oyanışında böyük rol oynayan qəzetin iki il sonra fəaliyyəti dayandırılıb.

 

Milli mətbuatımızın ilki olan "Əkinçi"dən sonra XIX əsrin sonlarında "Ziya" (1879), "Kəşkül" (1880), "Kaspi" (1880-1890-cı illər) qəzetləri nəşrə başlayıb. XX əsrin əvvəllərində C.Məmmədquluzadə, M.Şahtaxtinski, S.Hüseyn, Ö.Faiq Nemanzadə, Ü.Hacıbəyov yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə aparıblar. Bu gərgin mübarizə nəticəsində "Molla Nəsrəddin" (1906), "Şərqi-rus" (1903), "Həyat" (1905), "Açıq söz" (1915), "Azərbaycan" (1918) kimi milli qayəli qəzetlər nəşr olunub.

 

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra milli-mənəvi dəyərlərə qayıdış prosesi mətbuat sahəsindən də yan keçməyib. Hazırda respublikada müxtəlif dillərdə çox sayda qəzet və jurnallar nəşr olunur, onlayn xəbər portalları fəaliyyət göstərir.

 

İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan reallıqlarını dünya ictimaiyyətinə çatdırılmasında jurnalistikanın təbliğat rolu danılmazdır. Məhz Azərbaycan Prezidenti İlham Əliyevin xarici media nümayəndələrinə verdiyi çoxsaylı müsahibələr sayəsində bütün dünya Qarabağla bağlı acı həqiqətləri duydu, mənfur düşmənin hiyləgər planları barədə məlumatlandırıldı. 2020-ci il 8 noyabr tarixində Zəfər Günü ilə taclanan qələbəmiz hələ də dünya mediasının gündəmindədir.

 

Azərbaycan Prezidenti İlham Əliyevin 2023-cü il iyulun 21-də "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində iştirakı və media nümayəndələrinin suallarına verdiyi cavablar uzun müddət dünya mediasında müzakirələrə səbəb oldu. "Heydər Əliyev İli" çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı keçirilən Foruma 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılmışdı.

 

Forum çərçivəsində mediainformasiya-kommunikasiya sahəsində qlobal səviyyədə mühüm aktuallıq kəsb edən məsələlər müzakirə olunub. Habelə dünyanın tanınmış və nüfuzlu media rəhbərləri, ekspertləri rəqəmsal dövrdə jurnalistikakommunikasiyada yeni alətlər, rəqəmsal transformasiya, müasir informasiya mühitində media menecmenti və dayanıqlı media biznes modellərinin yaradılması, yeni mediada istehlak tendensiyaları və media savadlılığı, dezinformasiyafeyk nyusla mübarizə üsulları, jurnalistlərin təhlükəsizliyi və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 

Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılış mərasimindəki çıxışında ölkəmiz, xüsusilə Qarabağ bölgəsi üçün bunun çox möhtəşəm bir tədbir olduğuna diqqət çəkib. Prezident bəyan edib ki, Şuşa Qələbəmizin, sülhün rəmzidir, çünki məhz Şuşa azad olunduqdan sonra İkinci Qarabağ müharibəsi başa çatdı.

 

Dövlət başçısı həmin dövrdə Türkiyənin Azərbaycana mənəvi dəstəyindən danışaraq deyib: "İkinci Qarabağ müharibəsi zamanı Türkiyə, onun rəhbərliyi və xalqı ilk gündən, ilk saatlardan bizimlə çiyin-çiyinə dayanmışdı. O zaman Prezident Ərdoğanın Qarabağ müharibəsinin ilk saatlarında verdiyi "Azərbaycan yalnız deyil!" bəyanatı, bizim üçün çox böyük bir dəstək idi".

 

Böyük Qayıdış Proqramı barədə danış

 

arkən Prezident İlham Əliyev 30-dan çox şəhər və kəndin Baş Planının təsdiqləndiyinə, bir çox kəndlərin təməlinin qoyulduğuna diqqət çəkib. Eyni zamanda həm Qarabağ, həm Şərqi Zəngəzur rayonlarına təxminən növbəti üç il ərzində 150 mindən çox insanın qaytarılacağını qeyd edib. O, həmçinin bildirib ki, təkcə Qarabağ regionuna 2026-cı ilə qədər 140 min insanın dönməsi nəzərdə tutulur.

 

Dövlət başçısı işğaldan azad olunmuş ərazilərin minatəmizləmə problemi ilə də bağlı danışıb: "Ancaq bizdə olan hesablamaya görə, ərazilərimizdə bir milyondan artıq mina basdırılıb. Ermənilərin bizə verdiyi xəritə təqribən 400 min minanı əhatə edir. Yəni onlar etiraf etdilər ki, 400 mindən artıq mina basdırıblar. Ancaq biz bilirikbu, olduqca dəqiq məlumatdır ki, minaların sayı 1 milyona yaxındır".

 

Ermənilərin Azərbaycan ərazisinə köçürülməsi ilə bağlı tarixi faktlara diqqətçəkən Prezident İlham Əliyev bildirib: "Ermənilər Azərbaycan ərazisində uzun müddətdir ki, yaşayırlar. Onların kütləvi surətdə Qarabağa köçü XIX əsrin birinci yarısında başlayıb. 1805-ci ildə Kürəkçay müqaviləsi nəticəsində Qarabağ xanlığı, ondan sonra imzalanmış Gülüstan və Türkmənçay müqavilələri ilə isə Azərbaycanın digər xanlıqları Rusiya imperiyasının tərkibinə daxil edilmişdir. Ondan sonra daha çox İrandan və Şərqi Anadoludan ermənilərin kütləvi məskunlaşması prosesi başlayıb. Bunu təsdiqləyən çoxlu sənədlər var. Görkəmli dövlət xadimlərinin yazıları, məktubları, açıqlamaları - bütün bunlar tarixən təsdiqlənir. Yəni onlar bu torpaqlara - Qarabağ torpağına qonaq kimi gəlmişdilər, o cümlədən Şuşaya. Onlar iddia edirdilər ki, Şuşa erməni şəhəridir. Birincisi, Şuşa şəhərinin tarixi o qədər də uzaq illərə getmir. 1752-ci ildə Pənahəli xan Şuşada şəhər salıb.

 

2022-ci il Azərbaycanda "Şuşa İli" elan olunub. Şuşanın 270 illiyi qeyd edilib". Həmçinin Prezident İlham Əliyev Şuşanın Baş Planının möhtəşəm olduğunu, 3-4 il ərzində bu şəhərin təkcə Azərbaycanın və Qafqazın deyil, dünyanın ən gözəl şəhəri olacağını da diqqətə çatdırıb.

 

Yeni medianın prioritetlərinin açıqlandığı bir dövrdə Azərbaycanın dünyada haqq səsinin duyulması dövlətin yürütdüyü siyasətin təcəssümüdür. Düzgün informasiyanın auditoriyaya çatdırılmasında media subyektlərinin üzərinə böyük məsuliyyət düşür. Beləliklə, çağdaş jurnalistikanın zamanın tələblərinə uyğun olaraq inkişafı artıq göz önündədir.

 

Aygün İBRAHİMOVA

Respublika .- 2024.- 21 iyul, (№ 152).- S.7.