Ekosistemin
mühafizəsi meşələrdən başlayır
Bu gün bütün dünyada meşə örtüyü kəskin şəkildə azalır, planetin yaşıl örtüyü təxminən 30 faiz təşkil edir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, hər il təxminən 18 milyon hektar meşə sahəsi qırılır. Torpağa, su ehtiyatlarına, iqlimə və bilavasitə insan sağlamlığına verdiyi faydaları nəzərə alsaq, meşələrin qırılmasını bəşəriyyət üçün ciddi təhdid hesab edə bilərik. Bu, iqlim dəyişikliyi, urbanizasiya, kənd təsərrüfatı fəaliyyəti, əkinçilik, qanunsuz ağac kəsmə, şəhərləşmə, torpağın səhralaşması, meşə yanğınları və əhalinin sayının artması nəticəsində baş verir. Dünya Vəhşi Təbiət Fondu 50 ildən çoxdur ki, qanunsuz ağac kəsmə ilə mübarizə aparmaq, meşə sahələrini qorumaq üçün daha çox dövlət qurumları, şirkətlər, icmalar və digər maraqlı tərəflərlə işləyir.
Yer kürəsinin ən qiymətli təbii sərvəti olan meşələr insan həyatı üçün vacib olan oksigen, su, qida kimi əsas maddələri təmin edir, havadakı karbon qazını və zəhərli maddələri udur, nəfəs aldığımız havanı oksigenlə zənginləşdirir. Ən mühüm oksigen mənbəyi olmaqla yanaşı, iqlimə də tənzimləyici təsir göstərən meşələr, nəinki ərazinin havasını təmizləyir, eyni zamanda yağış yağmasını da təmin edir. Bu gün iqlim dəyişmələrinin fəsadlarını aradan qaldırmaq üçün ən təsirli vasitələrdən biri də meşələrdir. Bundan əlavə, meşələr torpağın eroziyasının və daşqınların da qarşısını alır.
Son yüz ildə Azərbaycanda meşələrin sahəsi 3 dəfəyə qədər kiçilib. Bu, ölkə ərazisində yerli su ehtiyatını 20 faiz azaldıb. 1930-cu illərdən başlayaraq respublikamizda meşələr müxtəlif məqsədlərlə qırılıb, adətən sənaye və tikinti ehtiyacları təmin edilib. Meşələrin qırılması Böyük və Kiçik Qafqaz dağlarından Kürə axan suların həcminə də təsir göstərib və çayda suyun səviyyəsi aşağı düşüb. Bu isə Kür vadisində olan Tuqay meşələrində quraqlığa səbəb olub. Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi ölkəmizin ərazi bütövlüyünə qarşı törədilmiş qəsdin və təcavüzkar siyasətin əyani nümunəsi olmaqla yanaşı, minlərlə hektar meşə sahəsinin də məhvinə gətirib çıxarıb. Ermənistan tərəfindən meşələrin kütləvi şəkildə qırılması, yay mövsümündə Sərsəng Su Anbarının suyunun qəsdən qarşısının kəsilməsi 100 min hektardan artıq əkin sahəsinin suvarılmasında ciddi problemlər yaradıb ki, bu da Qarabağ bölgəsində torpaqların eroziyasına və səhralaşmasına səbəb olub.
Qeyd edək ki, Qarabağın ümumi ərazisinin 36 faizini meşələr təşkil edir. 2012-2016-cı illərdə Qarabağda meşələrin qırılması faktı Ermənistandakı göstəricidən 2,3 dəfə yüksək olub. 2014-2018-ci illərdə bölgədə 404 min 800 kubmetr, təkcə 2017-ci ildə Qarabağda 102 min 488 kubmetr meşə məhv edilib. Ümumilikdə, işğal altında olan ərazilərdəki 260 min hektar yaşıl örtüyün 54 min hektarı 30 illik işğal dövründə yer üzündən silinib. Bu müddət ərzində qiymətli ağac növləri - qoz, palıd, Eldar şamı, xurma və xüsusi mühafizə altında olan digər ağaclar oduncaq tədarükü üçün qırılıb, mebel, çəllək və tüfəng qundağı istehsalı məqsədilə Ermənistana daşınıb. Bundan başqa, ermənilər Qubadlı, Füzuli və Cəbrayıl rayonlarının ərazisində yaşı 1600, 900 və 500 il olan Şərq çinarlarını kökündən kəsərək məhv ediblər. 44 günlük Vətən müharibəsindəki qələbəmizdən sonra Prezident İlham Əliyev tərəfindən işğaldan azad olunmuş ərazilərimizdə yenidənqurma və bərpaya başlanılıb. Ölkə başçısının Qarabağa ardıcıl səfərləri ərazilərimizdə ekosistemin bərpasına da imkan yaradıb. Belə ki, 2023-cü il ərzində Zəngilan rayonunda 14,4 min ədəd müxtəlif cinsli ağacdan doldurma-bərpa əkinlərində istifadə olunub. Füzuli, Zəngilan və Ağdam rayonları ərazilərində, əsasən Şərq çinarı olmaqla minlərlə müxtəlif növ ağac əkilib. Ağacəkmə aksiyaları Qubadlıda, Cəbrayılda da aparılır. Ümumiyyətlə, meşələrin qorunması və onun inkişaf etdirilməsi dövlətimizin əsas prioritetlərindən biridir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumatda bildirilir ki, "Azərbaycan Respublikasının meşə fondunun ümumi sahəsi 1213,7 min hektardır. Ölkəmizdə meşə ilə örtülü sahələr 1046,128 min hektar təşkil edir ki, bu da ölkə ərazisinin 12,08 faizi qədərdir. Ölkəmizin meşə ehtiyatlarının 49 faizi Böyük Qafqaz, 34 faizi Kiçik Qafqaz regionunun, 15 faizi Talış, 2 faizi Aran zonasının (Naxçıvan MR ilə birlikdə) payına düşür. Meşələrin mühafizəsi və idarə olunması Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən həyata keçirilir. 2018-2023-cü illərdə Meşələrin İnkişafı Xidmətinin Regional Meşə Təsərrüfatı Mərkəzləri tərəfindən 59297,04 hektar sahədə meşəbərpa tədbirləri, o cümlədən 7939,34 hektarda meşə əkini və toxum səpini aparılıb. 2024-cü ilin yaz mövsümündə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində meşə fondu ərazilərində 501,7 hektar sahədə yeni meşə əkinləri salınıb, 71,8 hektar yanğına məruz qalmış meşə ərazisi bərpa edilib. Ölkə ərazisində əkin mövsümlərində meşəbərpa və yeni meşələrin salınması tədbirləri intensiv olaraq həyata keçirilir".
Ölkəmizdə ekologiyanın qorunmasını dövlət siyasəti səviyyəsinə qaldıran Prezident İlham Əliyev xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılmasını hər zaman diqqət mərkəzində saxlayır. Bu gün respublikamızda xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi istiqamətində işlər uğurla davam etdirilir. 2019-cu ildə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin yubileyinə həsr olunan aksiyada ölkə üzrə bir gündə 650 min ağacın əkilməsi, 2020-ci ildə təşkil edilmiş kütləvi ağacəkmə kampaniyaları, 2021-ci ildə IDEA İctimai Birliyi və ETSN-in birgə təşkilatçılığı ilə həyata keçirilən "Ümumrespublika Yaşıllaşdırma Marafonu" layihəsi əsasında Qarabağ regionu da daxil olmaqla ölkədə 1 milyona yaxın ağacın əkilməsi yaşıllaşdırmaya böyük töhfədir.
Təbiət yasaqlıqlarının yaradılması ekologiya sahəsində strateji xəttin uğurlu davamının məntiqi nəticəsidir. Respublikamızda ətraf mühitin mühafizəsi, nadir və nəsli kəsilmək təhlükəsində olan bitki növlərinin, mühafizə olunan təbiət ərazilərinin inkişaf etdirilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Son illərdə Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması, o cümlədən təbii sərvətlərdən səmərəli istifadə, çirklənmiş ərazilərin bərpası, xüsusən mühafizə olunan təbiət ərazilərinin, meşə və yaşıllıq sahələrinin daha da genişləndirilməsi istiqamətində həyata keçirilən layihələr ətraf mühitin komponentlərinin bərpasında mühüm rol oynayır. Eyni zamanda dövlət başçısı cənab İlham Əliyevin 2024-cü ili "Yaşıl dünya naminə həmrəylik ili" elan etməsi bu sahəyə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Bundan əlavə, ölkəmiz iqlim dəyişmələrinə qarşı mübarizədə əsaslı addımı BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına qoşulmaqla atıb. Belə ki, hər il fərqli ölkədə keçirilən COP-un 29-cu sessiyasına Bakı noyabrın 11-dən 22-dək ev sahibliyi edəcək. COP29-da təkcə iqlim problemləri müzakirə edilməyəcək, həm də Azərbaycanı yüksək səviyyədə inkişaf etmiş ölkə olaraq tanıyacaqlar. COP29-un əsas əhəmiyyəti ölkəmizin "yaşıl iqtisadiyyat"a keçid strategiyasıdır və respublikamızda iqlim dəyişmələrinin fəsadlarının azaldılmasına yönəlib.
İqlim dəyişmələri bəşəriyyət üçün ciddi təhlükədir. COP29 sadəcə ekoloji problemlərin müzakirəsi deyil, həmçinin həll üçün qlobal forum olacaq. Hazırda COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar BMT-nin bu sahə üzrə ixtisaslaşmış orqanları da respublikamızla səmərəli iş aparırlar. "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində görüləcək işlərə aid tərtib edilmiş tədbirlər planı Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonu da daxil olmaqla bütün respublika ərazisini əhatə edir. Ölkəmizin 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması və yaşıllıqların bərpası istiqamətində məqsədyönlü tədbirlər görülür.
Jalə
QƏHRƏMANOVA
Respublika .- 2024.- 20 iyul (№ 151).- S.4.