Kipr türklərinin
azadlıq mücadiləsi
Şimali Kipr Türk
Cümhuriyyəti Sülh Hərəkatının
50-ci ildönümünü qeyd edir
Türkiyə Silahlı Qüvvələri (TSQ) Kipr Sülh Əməliyyatının 50-ci ildönümünü qeyd etmək üçün xüsusi hazırlıq görüb. Bu münasibətlə TCG Anadolu gəmisi Şimali Kipr Türk Cümhuriyyətinə (KKTC) liman səfəri edəcək və 50 gəmi ilə dənizdə parad keçiriləcək. Tədbirlərdə 2 Bayraktar AKINCI TİHA və 4 F-16 döyüş təyyarəsinin iştirakı da gözlənilir.
Baykar tərəfindən təkmilləşdirilən iki Bayraktar AKINCI Hücum İnsansız Hava Vasitələri (TİHA) tarixi bir uçuşla AKINCI Uçuş Tədris və Test Mərkəzindən havaya qalxaraq təxminən 3 saatlıq uçuşdan sonra KKTC Geçitkale Hava Limanına uğurla eniş edib. Səmada orta hesabla 29 min fut yüksəklikdə seyr edilən bu milli İHA-lar 1022 kilometr məsafə qət edib. Bayraktar AKINCI TİHA-lar KKTC-nin 50-ci ildönümü münasibətilə keçiriləcək proqramda nümunəvi uçuşlar yerinə yetirəcək.
Xatırladaq ki, 45 min 118 fut ilə milli aviasiya yüksəklik rekorduna sahib olan Bayraktar AKINCI 2022-ci ildə "TEKNOFEST Azərbaycan" sərgisində iştirak etmək üçün 3 ölkəni keçərək Bakıya gedib. Bu uçuş üçün TİHA Tekirdağ-Çorludan havaya qalxaraq Türkiyə, Gürcüstan və Azərbaycan üzərindən uçuş həyata keçirib. AKINCI da 2022 və 2024-cü illərdə Efes Təlimi çərçivəsində Batmandan havaya qalxaraq İzmirdəki hədəfləri müvəffəqiyyətlə vurub. Bu günə qədər çox sayda milli sursat Bayraktar AKINCI TİHA-ya inteqrasiya edilib və bununla da onun gücünü artırıb.
Tədbir çərçivəsində Türk Ulduzları Akrobatika Komandası şousu ilə yanaşı, 50 nəfərlik top atəşi, marş və yeniçəri orkestrinin, məşhur sənətçilərin iştirakı ilə konsertlər, konfrans, simpozium, məqalə yarışması və idman yarışları olacaq. Bundan əlavə, 50 illik yubiley münasibətilə xüsusi xatirə markaları və sikkələr də buraxılacaq.
Qeyd edək ki, TBMM Baş Assambleyasının Kipr Sülh Hərəkatının 50-ci ildönümü ilə bağlı qəbul etdiyi qərarda Türkiyənin hər cür şəraitdə ŞKTC-yə dəstək göstərəcəyi qeyd olunur. Memorandumda bu, "İki dövlətli həll siyasəti Aralıq dənizi regionunda sabitliyə və davamlı sülhə nail olmağın yeganə yoludur" kimi vurğulanıb. Adada iki ayrı xalqın və iki ayrı dövlətin mövcudluğu artıq gözardı edilməməlidir.
KKTC-nin prezidenti Ersin Tatar memorandumda Kiprdə iki dövlətli həllin yekdilliklə qəbul edilməsindən çox məmnun olduğunu ifadə edərək: "Alınan qərar bizə böyük güc və dəstək verdi. Təşəkkür edirəm, Türkiyə", - deyib.
Qeyd edək ki, 20 iyul Kipr türkləri üçün istiqlal mübarizəsinin ən mühüm günlərindən biridir. Bu gün Kipr türklərinin yenidən doğuşu kimi də tarixə düşüb. Türk Silahlı Qüvvələrinin 20 iyul 1974-cü ildə təşkil etdiyi Kipr Sülh Əməliyyatı nəticəsində türk birliyinin hüquq və təhlükəsizliyi təmin edilmiş və adada bir müddət sülh, əmin-amanlıq hökm sürmüşdür.
Aralıq dənizində yerləşdiyi üçün tarix boyu strateji əhəmiyyətə malik olan Kipr 1571-ci ildə Osmanlı İmperatorluğu tərəfindən fəth edilib və 3 əsrdən çox Osmanlı ərazisi olub.
Osmanlı İmperiyası I Dünya müharibəsində İngiltərə və müttəfiqlərinə qarşı Almaniyanın yanında yer alıb. Məğlubiyyət Kiprə də təsir edib. İngiltərə 5 noyabr 1914-cü ildə adanı ilhaq etdiyini elan edib. Birinci Dünya müharibəsinin sonunda imzalanan Lozanna Sülh müqaviləsi ilə Kipr tamamilə ingilislərin nəzarətinə keçib.
Adada 1974-cü il əməliyyatına aparan prosesin ilk addımları 1950-ci illərdə atılıb. Yunanlar Yunanıstana qoşulmaq üçün fəaliyyətə başlayıblar. Beləliklə, Türkiyə də məsələyə qarışıb. Adada iki icmalı Kipr dövlətinin yaradılması üçün tədbirlər görülüb. Türkiyə, Yunanıstan və İngiltərənin apardığı danışıqlar nəticəsində 1959-cu ildə türk və yunan xalqlarının birgə idarə edəcəyi Kipr dövlətinin yaradılması qərara alınıb. Əldə edilən razılaşmaya görə, Türkiyə, Yunanıstan və İngiltərə qarant ölkələr olub. Başqa sözlə, bu üç dövlətə Kiprdə konstitusiyanı pozmağa yönəlmiş istənilən cəhdə müdaxilə etmək səlahiyyəti verilib.
Kipr dövləti qurulub, lakin sülh əldə edilməyib. Çünki yunan siyasətçiləri heç vaxt Yunanıstanla birləşmək məqsədindən əl çəkməyiblər. Yunanların bu istiqamətdə təşkilatlanması və hərəkətə keçməsi çox çəkməyib. Kipr Respublikasının ilk prezidenti seçilən Makariosun rəhbərliyi ilə qurulan "EOKA" (Kıbrıs Milli Mübarizə Təşkilatı) yunan təşkilatı türklərə qarşı hücumlara başlayıb. Hücumlar artdıqca Türkiyənin adaya müdaxilə etmək planı hazırlanıb. 1964-cü ildə İsmət İnönü hökuməti Türkiyə Böyük Millət Məclisindən Kiprə müdaxilə etmək üçün icazə alıb. Hökumət iyunun 7-də adaya müdaxilə edəcəyini açıqlayıb. ABŞ isə dərhal müdaxilə edib. ABŞ prezidenti Lindon Beyns Conson iyunun 5-də İsmət İnönüyə məktub yazıb. Tarixə "Conson məktubu" kimi düşən məktubda Türkiyədən əməliyyatdan imtina etməsi istənilib. Kiprə müdaxilə planı ABŞ-ın açıq təhdidi ilə dayandırılıb.
Əməliyyatın dayandırılması ilə "EOKA"nın fəaliyyəti daha da güclənib. Xüsusilə, 1967-ci ildən türklərə qarşı təzyiqlər getdikcə artıb, qırğınlar yenidən başlayıb. Məcburi olaraq türklər adanın 3 faiz ərazisində sıxışdırılıb. Xuntaist polkovnik Nikos Sampson 15 iyul 1974-cü ildə Kiprdə qanlı çevriliş edib. Məqsəd Kipr adasını Yunanıstanla birləşdirmək arzusu olan "Enosis"i həyata keçirmək olub.
Türkiyə açıq şəkildə böyük bir soyqırımı hədəfləyən bu çevrilişə qarşı dərhal hərəkətə keçib. Beynəlxalq təzyiqlərə baxmayaraq, Türkiyə zaminlik hüququndan istifadə etməkdən çəkinməyib. Dövrün baş naziri Bülent Ecevit: "Biz adaya əslində müharibə üçün deyil, sülh üçün və təkcə türklərə deyil, yunanlara da sülh gətirmək üçün gedirik", - deyib.
Kipr Sülh Əməliyyatı iyulun 20-də başlayıb, avqustun 18-də uğurla başa çatıb.
Türkiyə ordusu Kipr Sülh Əməliyyatında 498 şəhid verib. Kipr türk tərəfi əməliyyatda 70-i mücahid olmaqla 270 nəfər itirib. Kipr türklərinin verdiyi şəhidlərin ümumi sayı 1672 olaraq qeyd edilib. Əməliyyat sayəsində Kiprin indiki sərhədləri çəkilib. Kipr Türk Federativ Dövləti 13 fevral 1975-ci ildə yaradılıb. 1983-cü il noyabrın 15-də Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) yarandığı elan edilib və Şimali Kipr Türk Respublikasının ilk prezidenti Rauf Denktaş olub.
Esmira YAZKAN ASLANOVA,
"Respublika" qəzetinin
Türkiyə
üzrə müxbiri.
Respublika .- 2024.- 20 iyul (№ 151).- S.6.