Şuşa Forumu Azərbaycan reallıqlarını dünyaya çatdırmağa imkan yaradır
Tarixi Zəfərimizin zirvəsi olan Şuşa işğaldan azad edildikdən sonra beynəlxalq tədbirlərə ev sahibliyi edir. Artıq ənənəvi olaraq dünyanın aparıcı media, təşkilatlarının rəhbərləri, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertlər, tanınmış jurnalistlər müstəqil Azərbaycanın mədəniyyət beşiyində bir araya gəlirlər. Bu tədbirlərin keçirilməsi, ilk növbədə, Azərbaycan həqiqətlərinin, erməni işğalının nəticələrinin beynəlxalq aləmə əyani nümayişinə böyük imkan yaradır. Eyni zamanda regiondakı vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, işğaldan azad olunmuş ərazilərimizdə aparılan quruculuq işləri, keçmiş məcburi köçkünlərin Böyük Qayıdışı və digər məsələlərin müzakirəsi üçün mühüm önəm daşıyır.
İyulun 20-də Prezident İlham Əliyevin də iştirak etdiyi "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimi oldu. Ölkə başçısının Forumda çıxışı zamanı dünyanın müxtəlif ölkələrindən olan jurnalistlərin, beynəlxalq ekspert və politoloqların suallarına verdiyi ətraflı cavablar dünya mediasının gündəmində xüsusi yer aldı.
Forumda Azərbaycan Prezidenti İlham Əliyev regional geosiyasi məsələləri, başqa dövlətlərlə əməkdaşlıq və qarşılıqlı tərəfdaşlıq sahəsində olan inkişafı geniş şəkildə izah edib. Bu baxımdan, Şuşa Forumu dünya dövlətlərinə verilən yeni mesajlarla da yadda qalıb. Bu çıxış tarixi həqiqətlərimizin, postmünaqişə dövrünün reallıqlarının, müasir dövrün çağırışlarının və onların düzgün cavablandırılması yollarının təqdimatı xarakteri daşıyırdı. Həmçinin regionun gələcəyi ilə bağlı hədəflər, strateji inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi üçün geniş diskussiya meydanına çevrildi. Ölkə başçısı onu da qeyd etdi ki, Ermənistanla sülh müqaviləsinin imzalanmasına nail olsaq, Cənubi Qafqazda vəziyyət sağlamlaşacaq. Münasibətlərin normallaşması həm Azərbaycan, həm də Ermənistan iqtisadiyyatı üçün daha genişmiqyaslı perspektivlər açacaq.
Forumda dünyanın ikili standartlara əsaslanan siyasəti fonunda reallıqlara qərəzli yanaşmalara da diqqət yönəldildi. Sözsüz ki, bu natamam, qeyri-dəqiq və manipulyasiya edilmiş hesabatlar birbaşa Qərbdən qaynaqlanır. Bəzi güc mərkəzi olan dövlətlər Ermənistanı himayə etməklə, əslində, öz məqsədlərini güdürlər. Qonşu dövlət sözün əsl mənasında həmin qüvvələrin əlində alətə çevrilib. Bu isə Ermənistanın sosial-iqtisadi cəhətdən inkişafına mane olur. Lakin reallıq ondan ibarətdir ki, Qərb dövlətlərinin əksəriyyəti Azərbaycan ilə tərəfdaşlıqda maraqlıdır. Bu baxımdan, ölkə başçısı Forumda Azərbaycanın reallıqları sırasında iqtisadi uğurlara da xüsusi diqqət yönəldib. Ölkəmizin enerji sektorunda qazandığı uğurlar, yeni əməkdaşlıq formatlarının yaradılması istiqamətindəki mövcud imkanlar, Azərbaycan qazının Avropaya nəqlinin iki dəfə artırılmasının əsas hədəflərinin nədən ibarət olduğu da geniş şəkildə müzakirə edilib. Artıq dünyada körpü rolunu yerinə yetirən ölkəmiz hələ 2021-ci ildə Avropaya 8 milyard kubmetr qaz nəql edib. Bu il isə Avropaya 13 milyard kubmetrə yaxın təbii qaz nəql ediləcək. Ümumi həcm isə 25 milyard kubmetr olacaq. 2027-ci ilin sonuna qədər Azərbaycan Avropaya ixracı 16 milyard kubmetrə çatdırmalıdır. Bu resursların Avropaya mövcud nəqliyyat şəbəkəsi - Cənub Qaz Dəhlizi, həm də onun interkonnektorları vasitəsilə çatdırılması planlaşdırılır. Bu gün qaz amili enerji təhlükəsizliyinin bir nömrəli faktorudur. Forumda çıxış edən Prezident İlham Əliyev xüsusi olaraq bildirdi ki, "Azərbaycan bəlkə yeganə ölkədir ki, bizim regionumuzda və postsovet məkanında Avropa İttifaqı dövlətləri ilə, Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib və imzalayıb. Yəni Avropa İttifaqının 10 üzvü Azərbaycanın strateji tərəfdaşıdır. Biz İslam Əməkdaşlıq Təşkilatının üzvüyük. Biz "OPEC Plus" formatının üzvüyük. Biz neft hasil edən ölkələrlə fəal şəkildə işləyirik. Biz müəyyən təkliflər irəli sürmüşük ki, neftlə zəngin ölkələr maliyyə mənbələrinin toplanılmasında, səfərbər edilməsində necə daha vacib rol oynaya bilər".
Azərbaycan kifayət qədər güclü dövlətdir və onun başlıca missiyası əməkdaşlıqdan ibarətdir və regionda ərazi bütövlüyünü tam bərpa edən yeganə dövlət kimi, düşmənçiliyə deyil, bərabər inkişafa üstünlük verir. Şuşa Forumunda ölkəmizin maraqlarının və hədəflərinin dünyaya çatdırılması ilə yanaşı, həm də böyük geosiyasi güclərə verilən mesajlar da yer alırdı. Regiona müdaxilə etmək istəyən qüvvələr bilməlidirlər ki, Cənubi Qafqazın gələcək siyasi və iqtisadi arxitekturası Prezident İlham Əliyevin mövqeyinə görə sülh, demokratiya və inkişaf üzərində qurulmalıdır. Bununla rəsmi Bakı həm xoş niyyətini, konstruktiv mövqeyini, həm də vasitəçilik təşəbbüslərini dəstəklədiyini ifadə edir. Deməli, Azərbaycan savaşa deyil, əməkdaşlığa, dinc yanaşı yaşamağa istiqamətlənib və regionun hər bir dövlətini də bu yola dəvət edir. Forumda Prezident İlham Əliyev bir daha dünyaya Azərbaycan reallıqlarını çatdırdı və regionda baş verən prosesləri dəyərləndirdi. Dövlət başçımız, həmçinin məğlub Ermənistana, onun havadarlarına və separatçı qüvvələrə növbəti xəbərdarlığını etdi.
Ramidə YAQUBQIZI
Respublika .- 2024.- 23 iyul (№ 153).- S.11.