Şuşadan aydın
baxış: türk birliyi
yüksəlişdə
Dünya
çapında güc mərkəzinə çevrilən
Türk Dövlətləri Təşkilatının
böyük gələcəyi var
"Türk Dövlətləri Təşkilatının gələcək inkişafına dair mənim baxışlarım tamamilə aydındır. Əminəm ki, bu təşkilatın çox böyük gələcəyi var". Bu fikirləri Prezident İlham Əliyev "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında deyib. Təşkilatı daha da yüksək səviyyəyə qaldırmaq üçün ortaq səylərin lazım olduğunu vurğulayan dövlətimizin başçısı bildirib ki, birliyi daha da gücləndirməklə Türk Dövlətləri Təşkilatını dünya çapında güc mərkəzinə çevirməliyik. Bu gün bir neçə beynəlxalq təşkilat var, bəziləri böhran içində, bəziləri tənəzzüldə, Türk Dövlətləri Təşkilatı isə yüksəlişdədir.
Türk dövlətləri və xalqları arasında siyasi-mədəni bağların möhkəmləndirilməsi müasir dövrdə yüksəliş mərhələsinə qədəm qoyub. Qarşılıqlı tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinə yeni baxış bucağından yanaşan Azərbaycan Prezidentinin bildirdiyi kimi, bizi birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər səmərəli fəaliyyətimiz üçün mühüm əsasdır. Dövlət başçısı türkçülük, türk dövlətlərinin birliyi, türk dünyasının güclənməsi ideyasını sözdə deyil, öz real fəaliyyəti ilə gerçəkləşdirir. Xatırladaq ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) yaradılması haqqında saziş məhz Azərbaycanda imzalanıb. 2009-cu ildə Naxçıvanda keçirilən sammitdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə dövlət başçıları bu sazişə imza atdılar. İllər keçdikcə əlaqələr genişləndi və 2021-ci ilin noyabrında bu qurum Türk Dövlətləri Təşkilatına çevrildi. TDT-nin əsas üzvləri olan Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla yanaşı, Türkmənistan və Macarıstan təşkilata müşahidəçi üzv ölkələr kimi qoşuldu. Bu gün türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir. Ümumi sahəsi 4,8 milyon kv.km, ÜDM-i 1,4 trilyon və ticarət dövriyyəsi 855 milyard dollardan çox olan türk dövlətləri nəhəng iqtisadi və müasir hərbi potensiala, enerji resurslarına və nəqliyyat marşrutlarına malikdir. Qlobal ticarət dövriyyəsinin 2,4 faizi, dünya ÜDM-nin 1,6 faizi türk ölkələrinin payına düşür. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin xəritədə coğrafi yerləşməsinə nəzər yetirsək, onların Mərkəzi Asiya, Xəzər hövzəsi, Cənubi Qafqaz, Qara dəniz, Bosfor və Dardanel boğazları, Aralıq dənizi, Avropa kimi vacib regionları əhatə etdiyinin şahidi olarıq. Güclü inteqrasiya həyata keçirmiş bu təşkilat gələcəkdə bütün üzv ölkələrin ayrı-ayrılıqda və Türk Dövlətləri Təşkilatının ümumilikdə geosiyasi çəkilərinin artmasına gətirib çıxaracaqdır.
Müasir dünyamızda daim müxtəlif formatlarda təhlükələr yaranır və əfsuslar olsun ki, dünyanın aparıcı ölkələri bu təhlükələrə qarşı düzgün addımlar ata bilmirlər. Qlobal təhdidlərin çoxaldığı indiki həssas dönəmdə isə türk dövlətlərinin daha sıx həmrəylik nümayiş etdirmələri xüsusilə vacibdir. Bu baxımdan, Türk Dövlətləri Təşkilatının həm türkdilli ölkələr və xalqlar, həm də bütün dünya üçün önəmi bundan sonra daha da artacaqdır. Son illərdə Türk dövlətləri arasında əlaqələr bütün sahələrdə intensiv xarakter alıb və dövrün tələblərinə, baş verən proseslərə uyğun olaraq sürətlə inkişaf etdirilir. Təşkilata üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.
Hazırda Türk Dövlətləri Təşkilatı dünya ölkələri tərəfindən də mötəbər qurum kimi tanınır və üzv dövlətlərin sıx əməkdaşlığı, birgə səyləri ilə təşkilatın nüfuzu gündən-günə artır. Bu gün türk dövlətlərinin birliyi beynəlxalq aləmdə ciddi güc mərkəzi kimi qəbul olunur. Qardaş ölkələrin birgə fəaliyyəti, qəbul etdikləri qərarlar qlobal iqtisadi-siyasi proseslərə təsir edir, digər dövlətlər, təşkilatlar türk dövlətləri ilə əməkdaşlığa böyük maraq göstərirlər.
Azərbaycan üzv dövlətlərlə həm təşkilat daxilində, həm də ikitərəfli çərçivədə sıx münasibətlərə malikdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə bu il iyulun 5-6-da Şuşada 8 ölkə liderinin iştirakı ilə keçirilən TDT-nin qeyri-rəsmi Zirvə görüşünü türk dünyasının növbəti işgüzar toplantısı adlandırmaq olar.
Türk Dövlətləri Təşkilatının İnvestisiya Fondunun yaradılması və nəzərdə tutulan planlar türk birliyinin regional güc mərkəzinə çevriləcəyindən xəbər verir. Təşkilat Türk Ticarət və Sənaye Palatası, İnvestisiya Fondu, Trans-Xəzər Nəqliyyat Dəhlizi, Sağlamlıq Elmi Şurası, modern İpək Yolu, Qardaş limanlar və Tabarruk Ziyarət layihələri, Türk Universitetlər Birliyi və Orhun Dövrü, gənclik və idman layihələri kimi bir çox fərqli istiqamətlərdə üzv və müşahidəçilərin rifahı üçün fəaliyyətini davam etdirir. Təşkilatın bütün layihələri regionda və bölgəmizdən kənarda sülhü təşviq etməyi, eləcə də sosial-iqtisadi inkişafı artırmağı hədəfləyir. Təşkilatlanma prosesini nailiyyətlərlə başa vuran Türk Dövlətləri Təşkilatı "Türk Dünyası-2040" baxışı ilə əməkdaşlığın daha da dərinləşməsinin hədəfləndiyi yeni bir dövrə doğru irəliləyir. Beləliklə, türk dövlətlərinin birliyi üçün mükəmməl bir model formalaşdırılıb. Bu platforma qarşıdakı dövrlərdə daha da inkişaf edəcək. Qarabağ Zəfəri ilə ərazi bütövlüyünü təmin edən Azərbaycan Türk Dövlətləri Təşkilatı kimi mühüm siyasi, iqtisadi, hərbi və mədəni birliyin daha da gücləndirilməsi istiqamətində səylərini artırır. Bu birliyin daha da güclənməsi üçün bütün Türk dünyası dövlətlərinin, müxtəlif ölkələrin tərkibində olan türkdilli muxtar subyektlərin də təşkilata cəlb edilməsi zəruri məsələ hesab edilir. TDT heç bir quruma, birliyə və ölkəyə qarşı qurulmuş təşkilat deyil. Bu təşkilat sadəcə olaraq Türk dünyasını birləşdirmək, onun inkişafını təmin etmək üçün vasitədir. Bu gün Türk Dövlətləri Təşkilatına üzv olan ölkələr arasında əlaqələr qızıl dövrünü yaşayır. Çağdaş dünyada gedən proseslərə hakim olmaq, müəyyən qlobal məsələləri həll etmək üçün TDT-nin daha da güclənməsinə ehtiyac var və bu baxımdan Azərbaycan prosesdə açar rolunu oynayır.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında yaxından iştirak edən Türk dünyası dövlətləri həm 44 günlük Vətən müharibəsində, həm də ondan əvvəlki və sonrakı dövrlərdə, bütün beynəlxalq səviyyəli tribunalarda ölkəmizə dəstək göstəriblər. Hətta Ermənistanın da üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında təmsil olunan qardaş ölkələr İrəvana deyil, məhz Azərbaycana dəstək nümayiş etdiriblər. Bu, Azərbaycan siyasi rəhbərliyinin yürütdüyü düzgün diplomatiyanın, səmimi dostluq, qardaşlıq münasibətlərinin nəticəsində mümkün olub. Azad edilmiş torpaqlarda Özbəkistan və Qazaxıstanın təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb binası və bir incəsənət mərkəzi fəaliyyətə başlayıb. Bir məktəb binasının təməli isə bu yaxınlarda Qırğızıstan Prezidentinin iştirakı ilə Ağdam rayonunda qoyulub. Cəbrayıl rayonunda isə Macarıstanın maliyyə dəstəyi ilə bir məktəb binası inşa ediləcək. İşğaldan azad edilmiş torpaqlarda icra olunan layihələrin podratçılarının əksəriyyəti Türkiyədən olan şirkətlərdir. Eyni zamanda dəmir yolunun bərpası prosesi də sürətlə gedir. Horadiz-Ağbənd dəmir yolunun podratçısı da Türkiyə şirkətləridir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: "Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək nəqliyyat xəttinin həyata keçirilməsi də böyük əhəmiyyət kəsb edir. Xəttin açılması həm bölgədəki bütün ölkələrin rifahına mühüm töhfə verəcək, həm də Türkiyəni dədə-baba yurdumuz olan Orta Asiya ilə birləşdirəcək. Bu prosesin uğurla başa çatması üçün biz Türk dünyası olaraq Azərbaycana dəstəyimizi davam etdirməliyik".
Mustafa KAMAL
Respublika .- 2024.- 24 iyul (№ 154).- S.3.