Şuşa dezinformasiyaya qarşı “mübarizə qalası"na çevrildi

 

 Tarix boyu qlobal müstəvidə selektiv yanaşmalarla üzləşən ölkəmiz bu gün siyasi, sosialiqtisadi hədəfləri və məqsədyönlü fəaliyyəti ilə ön plana çıxır. Ümumiyyətlə, Cənubi Qafqaz kimi geosiyasi proseslərin gərginləşdiyi bir regionda Azərbaycanın lider dövlətə çevrilməsi tarixi uğurdur. Qərbin müdaxilələri, hay təəssübkeşliyinin pik səviyyəyə çatdığı bir dövrdə düşmən üzərində qələbə çalan, 44 günlük Vətən müharibəsində və lokal antiterror tədbirlərində öz gücünü bütün dünyaya sübut edən ölkəmiz bundan sonra da, lazım gələrsə, haqqa söykənən tədbirlərini davam etdirəcək.

 

Unudulmamalıdır ki, Azərbaycan təkcə Ermənistan üzərində qələbə qazanmadı, məhz hayların hamiləri, lobbiçilərin qərəzi, beynəlxalq hüququ tənzimləməli olan təşkilatların çoxüzlü yanaşması onların qoruyub saxlamaq istədikləri "status-kvo" ilə birgə tarixin arxivinə yollandı. Qüdrətli Azərbaycan dövlətinin hər bir uğuru qarşı tərəfdə daha çox qısqanclıq yaratdı, onlar ölkəmizin qlobal təşəbbüslərlə mötəbər tədbirlərə ev sahibliyi etməsini, bəşəri problemlərin həllində unikal yanaşma ortaya qoymasını həzm edə bilmirlər. Məhz bunun nəticəsidir ki, sosial-ictimai mühitdə selektiv yanaşmaların tez-tez şahidi oluruq. Muzdlu media nümayəndələrinin anti-Azərbaycan motivli dezinformasiyalarının təbliğinin sürətləndiyi bir dövrdə Qarabağın incisi Şuşada "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Qlobal Media Forumunun keçirilməsi də məhz yeni dünya nizamında uyğunsuzluğun aradan qaldırılması üçün əsaslı addımdır.

 

Qeyd etmək lazımdır ki, 2-ci Şuşa Qlobal Media Forumu dünya ictimaiyyəti tərəfindən böyük maraqla izlənildi. Yalan məlumatların ifşasına həsr olunmuş Forum dezinformasiya ilə mübarizə baxımından mühüm önəm kəsb edir. Məqsəd marionet media subyektlərinin dezinformasiya yaymasının qarşısını, qismən də olsa, almaqdır. Məlumdur ki, media adına qara ləkə olan bu kimi "obyekt"lərin, saxta qələm sahiblərinin sosial-ictimai mühitə verdikləri zərərin bərpası heçasan deyil.

 

Həqiqətlərin dünyaya çatdırılmasında medianın əvəzsiz gücündən xaincə istifadə edən ermənipərəst qüvvələr geniş auditoriyaları öz yalanlarına inandırmaq istəyirlər. Yaxın keçmişdə olduğu kimi, hələ də bu kampaniyalar davam etdirilir. Qlobal Media Forumunda ölkə başçımızın söylədiyi tövsiyələrinin müəyyən hissəsi məhz bu məsələyə aiddir: "Biz uzun illər ərzində bunun qurbanı olmuşuq, əlbəttə ki, onlardan biri Ermənistan və Azərbaycan arasındakı münaqişə idibütün erməni diasporunun səfərbər olması idi. Ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana qarşı hücum edirdilər, Azərbaycan haqqında yanlış narrativlər yayırdılar və Azərbaycanı reallıqdan çox uzaq olan bir şəkildə təqdim edirdilər". Bununla yanaşı, dövlət başçımız sözügedən prosesin ölkənin biznes potensialını, sərmayə imkanlarını azalda biləcəyini də vurğuladı. Bu, beynəlxalq ictimaiyyətin əsas məsələlərdən diqqətini yayındırır.

 

Qarabağ bölgəsindən didərgin düşmüş insanların 30 ildən çox - doğma yurdlarından uzaqda çətin ömür sürmələrinə səssiz qalanlar anti-Azərbaycan tezislər əsasında çıxış edərək ölkəmizi etnik təmizləmə və digər çirkin ittihamlarla ləkələməyə çalışırlar. Azərbaycan hər vəchlə bu dövr ərzində avropalı məmurları, media nümayəndələrini qaçqın düşərgələrini ziyarət etməyə, dağıdılmış şəhər və kəndləri görməyə dəvət etsə də bu, mümkün olmamışdır. Hətta avropalı rəsmilər ölkəmizə səfərləri zamanı müxtəlif bəhanələrlə azərbaycanlı qaçqınlarla görüşdən imtina etmişlər. Vahid mərkəzdən idarə olunan qüvvələrin daim əks mövqeyi regionda Ermənistanın yenidən dirçəldilməsinə hesablanıb. Xüsusilə, rəsmi Bakının Cənubi Qafqazda aparıcı gücə çevrilməsi kollektiv Qərbin maraqlarına xidmət etmir. Bu səbəbdəndir ki, Azərbaycanın qlobal miqyasda qazandığı etibarı zədələməyə çalışırlar. Qeyd etmək lazımdır ki, ötən ilin sentyabr ayında baş tutan antiterror tədbirlərindən sonra suverenliyimizin tam bərpası qərəzli qüvvələrin qarayaxmalarını daha da intensivləşdirib. Beynəlxalq hüquqa əsaslanan antiterror tədbirlərində yalnız və yalnız hərbi obyektlər hədəfə alınmışdır. Bununla yanaşı, mövcud tədbirlərə qədər və ondan sonra da Azərbaycan daim Qarabağın erməni əhalisinə reinteqrasiya çağırışı etmişdir. Lakin rəsmi İrəvanın tapşırıqları əsasında haylar "şou" yaratmağı daha üstün tutdular. Nəticədə Azərbaycanın sabitlik, birgəyaşayış çağırışlarına paralel olaraq erməni əhalisi bölgəni tərk etdi.

 

Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ABŞ 1992-ci ildə Azərbaycana qarşı sanksiyalar tətbiq edib. Biz işğalın və təcavüzün qurbanı olmuşuqo zaman konqresin ermənipərəst nümayəndələrinin səyləri nəticəsində bizə qarşı sanksiyalar tətbiq edildi. Yəni bu, absurd bir vəziyyətdir ki, humanitar böhrana məruz qalan, bir milyon qaçqını olan, işğal edilmiş əraziləri tamamilə dağıdılan bir ölkə sanksiyalara məruz qalmışdır.

 

İndi də sözügedən mexanizm fərqli trayektoriya üzrə işləyir. Əgər həqiqətən də bəşəri cinayətləri, dünyada baş verən haqsızlıqları ictimaiyyətə bəyan etmək arzusundadırlarsa, 1990-cı illərin əvvələrində müstəqilliyini yenicə bərpa etmiş Azərbaycana qarşı törədilən cinayətləri beynəlxalq ictimaiyyətin diqqətinə daha dəqiq çatdırmalıdırlar. Əgər ikili standartlardan uzaq, şəffaf fəaliyyət göstərilirsə vaxtilə torpaqlarının 20 faizini itirmiş, 1 milyon məcburi köçkünü olan ölkənin haqq səsini dünyaya duyurmaq onlar üçün daha vacib olmalı idi. Ermənistanın etnik təmizləmə siyasətinə nə üçün əngəl olunmadığı isə qlobal güclərin maraq dairəsində belə deyildi. 44 günlük Vətən müharibəsində Gəncə, Bərdə, Tərtər kimi şəhərlərimizə raket hücumları zamanı öz sakitliyini qoruyanlar bu gün qara yaxaraq lobbiçilərə pikant görünməyə çalışırlar.

 

Nurlan ABDALOV

Respublika  2024.- 24 iyul (¹ 154).- S.3.