Zamana Sığmayan Lider: Heydər Əliyevin İdarəçilik və Varislik Fəlsəfəsi" əsəri haqqında

 

Ümummilli Lider Heydər Əliyev xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlər göstərib. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi 30 ildən artıq dövr respublikamızın inkişaf və tərəqqi illəri kimi səciyyələndirilir. Onun 1969-cu ildə hakimiyyətə gəlişi ərəfəsində respublikamız çox ciddi problemlərlə üz-üzə idi. Amma dahi şəxsiyyətin hakimiyyətə gəlişindən sonra Azərbaycanda bütün sahələr inkişaf etməyə başladı. Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı, ilk növbədə, Azərbaycanı parçalanmaqdan, bir dövlət kimi məhv olmaqdan xilas etdi. Ümummilli Liderin çox böyük nüfuzu və insanları öz arxasınca aparmaq bacarığı sayəsində Azərbaycan inkişaf yoluna çıxdı.

 

Dahi şəxsiyyət həyat yolunu necə seçmişdi? – Onu təbiət yetişdirmişdi. Qurub-yaratmaq üçün memarlıq oxumuşdu, Vətən təhlükədə olanda təhlükəsizlik orqanlarında işləmişdi, vətəninin tarixini dərindən mənimsəmək üçün tarix oxumuşdu. Bu biliklərlə Prezident kimi xalqının mövqeyini dünyaya çatdıraraq, hər bir imkandan maksimum istifadə edib Qarabağ məsələsinin həllinə çalışırdı. Çox şükür ki, layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən bu məsələ birdəfəlik həll olundu.

 

Cənab Heydər Əliyev bir dəfə tapşırdı ki, mütləq xəritə olmalıdır. Hər xarici səfərdə bütün siyasi xadimlərə xəritə üzərində Azərbaycan həqiqətlərini izah edirdi. O, Azərbaycanın bütün tarixini gözəl bilirdi.

 

Mən bir tarixçi kimi deyə bilərəm ki, 1917-ci ilin fevralında Rusiyada çarizmin devrilməsindən sonra başqa xalqlar kimi, Azərbaycan xalqının da qarşısında sosial-iqtisadi, siyasimilli inkişaf üçün geniş imkanlar açılmışdı. Dövlət Dumasının Azərbaycandan olan deputatları Rusiyada parlamentarizmin təşəkkülündə və inkişafında iştirak edərək, parlament fəaliyyəti sahəsində böyük təcrübə qazanmışdılar. Bu təcrübə onlara bütün səylərini birləşdirərək qısa müddətdə müsəlman Şərqində ilk dəfə olaraq demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyətini yaratmağa imkan verdi.

 

Azərbaycan nümayəndələri Dövlət Dumasında dəfələrlə çıxış edərək əhaliyə bərabər hüquqlar verilməsini, seçkilərdə bütün əhalinin iştirak hüququnun tanınmasını tələb edirdilər. Onlar hələ 1907-ci ilin mayında II Dövlət Dumasında müsəlman fraksiyasının üzvləri ilə birlikdə təqdim etdikləri qanun layihəsində insanların siyasi və vətəndaşlıq hüquqlarında dinimilli mənsubiyyətlə bağlı məhdudiyyətin ləğvini tələb etmişdilər. Layihədə qadınların hüquq bərabərliyi haqqında da məsələ qaldırılmışdı. Bu, Azərbaycan qadınının hüquq bərabərliyi, onun seçki hüququnun təmin edilməsi istiqamətində ilkinqilabi addım idi. Həmin dövrdə yaranmış siyasi partiyaların və təşkilatların vahid bir məqsədi var idi - bütün milli qüvvələri birləşdirmək, millətin mənafelərini müdafiə etmək, bərabərliyə, hüquq qaydasına və qanunçuluğa nail olmaq.

 

AXC-nin tarixini gözəl bilən Ümummilli lider Heydər Əliyev Azərbaycanda ilk Demokratik Respublikanın qurulmasında yaxından iştirak edənlərin hamısının böyük xidmətlərini yüksək qiymətləndirirdi.

 

Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev də bu tarixə yüksək qiymət verərək, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin keçirilməsi ilə bağlı Sərəncamında qeyd edir ki, Xalq Cümhuriyyəti milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirib. Xalq Cümhuriyyəti XIX əsrin axırları - XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxıb.

 

Bəli, müasir gənclərin Heydər Əliyevdən, İlham Əliyevdən və Mehriban xanım Əliyevadan dəyərlərimizi qorumaq, vətəni hədsiz sevmək, məsuliyyətlilik və həyat yolunu doğru müəyyənləşdirmək kimi öyrənməli çox şeyləri var. Azərbaycan xalqı çox xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ümummilli Lideri var. Biz müstəqil ölkənin vətəndaşı olaraq çox çətin yollardan keçmişik. Bu müstəqilliyin qorunması və möhkəmlənməsi Ümummilli Liderin xidmətləri sayəsində mümkün olub. Heydər Əliyev ölkəmizin müstəqilliyini qorumaqla yanaşı, onun inkişafı naminə çox mühüm işlər görüb. Ulu Öndərin bizim üçün miras qoyduğu irs nəsillərdən-nəsillərə ötürüləcək və əbədi yaşayacaq.

 

Onun irsini həmişə öyrənməliyik. Heydər Əliyevin fəaliyyətini oxuculara, xüsusən də gənclərə çatdırılmasında dosent Sadiq Qurbanovun "Zamana Sığmayan Lider: Heydər Əliyevin İdarəçilik və Varislik Fəlsəfəsi" adlı əsəri çox dəyərli monoqrafiyadır. Geniş və dəyərli mənbələrə əsaslanan, yüksək qiymətə malik əsər 2024-cü il üçün Nazirlər Kabinetinin Dövlət Mükafatları Komissiyasına təqdim olunub.

 

Dilarə SEYİDZADƏ,

 

tarix elmləri doktoru, professor.

Respublika .- 2024.- 1 may, ¹ 88.- S.6.