Əməkdar artist Aygün Bəylər son mənzilə
yola salınıb
Yanvarın 8-də milli musiqi sənətinin
istedadlı nümayəndəsi,
Əməkdar artist Aygün
Hümbətovanın (Bəylər)
cənazəsi son mənzilə
yola salınıb.
AZƏRTAC
xəbər verir ki, mərhumun cənazəsi Suraxanı
rayon Səttar Bəhlulzadə
adına Mədəniyyət Sarayında
matəmsayağı bəzədilmiş
postament üzərinə
qoyulmuşdu.
Salonda həzin
matəm musiqisi səslənirdi.
Sənətkarın tabutu önünə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından
əklil qoyulmuşdu. Cənazənin ətrafına hökumət
qurumları və müxtəlif kollektivlər
adından da əklillər düzülmüşdü.
Aygün Bəylərin yaxınları,
sənət dostları,
tanınmış mədəniyyət
və incəsənət
xadimlər axın-axın
mədəniyyət sarayının
binasına gəlir, istedadlı sənətkara
son borclarını verirdilər.
Vida mərasimində Mədəniyyət Nazirliyinin şöbə müdiri Aynur Kərimova Əməkdar artist Aygün Bəylərin yaradıcılığından danışıb: "Həyatını Azərbaycan musiqi sənətinə həsr etmiş görkəmli sənətkarı son mənzilə yola salırıq. Onun uzun müddətdir xəstəlikdən əziyyət çəkdiyini bilirdik. Əməkdar artistin səhhəti ilə əlaqədar məsələlər ötən müddət ərzində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən Fond tərəfindən nəzarətə götürülmüşdü və müalicəsinə zəruri dəstək göstərilirdi. Müalicəsinə yerli həkimlərlə yanaşı, xarici mütəxəssislərin də cəlb olunduğu Aygün Bəylər bir müddət əvvəl müvafiq müayinələrdən keçmək məqsədilə Türkiyəyə getmişdi. Lakin həkimlərin səylərinə baxmayaraq, Aygün Bəylərin səhhətində ağırlaşma baş vermiş və müğənninin həyatını xilas etmək mümkün olmamışdır. İnanırıq ki, onun ifaları əbədi yaşayacaq. Allah rəhmət eləsin!".
Xalq artisti, bəstəkar Aygün Səmədzadə mərhum sənətkar Aygün Bəylərin vaxtsız dünyadan köçməsinin mədəniyyətimiz üçün çox ağır itki olduğunu söyləyib: "Bizim onunla çox yaxşı münasibətimiz olub. Mənim mahnılarımı ifa edib. Son dəfə konsertindən əvvəl "Tut ağacı" mahnısı ilə bağlı danışmışdıq. Aygün Bəylər haqqında çox danışa bilərəm, amma hazırda çətindir. Onun yerini heç kəs tuta bilməz".
Xalq artistləri Mənsum İbrahimov, Həmidə Ömərova, Əməkdar incəsənət xadimləri Cavanşir Quliyev, Aqil Məlikov, Əməkdar mədəniyyət işçisi Ədalət Dəlidağlı, Əməkdar artist Rəşad İlyasov, bəstəkar-pianoçu, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü Pikə Axundova və başqaları vida mərasimində çıxış edərək Aygün Bəylərin Azərbaycan musiqisinə sonsuz sevgisindən, milli musiqi irsimizin yaşadılması və gələcək nəsillərə çatdırılması üçün gördüyü böyük işlərdən danışaraq, onunla bağlı xatirələrini bölüşüblər.
Mərhumun ailəsi adından çıxış edən Zümrüd Hümbətova bacısının xatirəsinə göstərilən hörmət və ehtirama görə Heydər Əliyev Fonduna dərin minnətdarlığını bildirib.
Sonra sənətkarın cənazəsi son mənzilə yola salınıb.
Mərhum Suraxanı kənd qəbiristanlığında torpağa tapşırılıb.
Allah rəhmət eləsin!
Respublika .- 2024.- 9 yanvar, № 02.- S.7.