Hər iki Vətənin
azadlıq aşiqi
Nə qədər döyüş
var, mübarizə var,
Bayrağım vətəndir,
silahım qələm.
Bu misralar olduqca keşməkeşli həyat yaşayan, ağır sınaqlardan keçən, Tudə - yəni Xalq təxəllüslü azadlıq şairi Əli Tudəyə məxsusdu. Əslən Ərdəbilin Çanaxbulaq kəndindən olsa da, 1924-cü il yanvarın 31-də Bakıda anadan olub. Hələ uşaq yaşlarından taleyi gətirməyən Əliyə tanrı xüsusi istedad vermişdi. Valideynlərini erkən itirən yeniyetmə 13 yaşında olanda artıq şeirləri mətbuatda çap olunurdu. Həyatın ağır yükü çiyinlərinə düşən Əlinin şeirlərinin mövzusu yaşadığı dövrün, mühitin acınacaqlı olayları, qəm-qüssəsi idi. Sanki onu bu dərdlər şair etmişdi. Çəkdiyi iztirablar, ikiyə bölünmüş Vətənin dərdi şairin taleyinə yansımışdı. Ömrünün 50 ilindən çoxunu milli poeziyamızın inkişafına həsr etmiş və Pişəvəri dövründə Təbrizdə çap olunan ilk ana dili dərsliyinin müəlliflərindən biri olmuş şairin bu il 100 illik yubileyidir.
Uşaqlıq illərində rəssamlığa böyük həvəs göstərən Əli beşinci sinifdə oxuyanda şeir yazmağa başlayır. 1937-ci ilin yazında oxuduğu 150 saylı məktəbdə keçirilən bir müsamirədə "Yeni yol" qəzetində yenicə çap olunmuş "Vətən nəğməsi" adlı şeirini oxuyur. Həmin il ovaxtkı Bakı Mərkəzi Pionerlər Evinə (indiki Tofiq İsmayılov adına Uşaq Yaradıcılıq Mərkəzi) gələrək sarayın nəzdində şair Osman Sarıvəllinin, sonra isə İsmayıl Soltanın rəhbərlik etdiyi ədəbiyyat dərnəyinə üzv yazılır. 1938-ci il repressiya dalğası onların da ailəsindən yan keçmir. Cənubi Azərbaycandan olduqlarına görə gənc Əli nənəsi ilə birlikdə İrana sürgün edilir. Burada fəhləliklə məşğul olsa da yaradıcılığını davam etdirir. Miyana-Zəncan dəmir yolunda işləyən gənc 1944-cü ildə Ərdəbilə, 1945-ci ilin may ayında isə Təbrizə gəlir. Onu buralara çəkib gətirən isə yaradıcılıq həvəsi, poeziya vurğunu olması idi. Ərdəbilli şairlərlə birgə "Şairlər məclisi"ndə iştirak edir. Onu da qeyd edək ki, Əli Tudə hər iki vətəndə azadlıq, müstəqillik uğrunda mücadilə edir. Cənubi Azərbaycandan başlanan hərəkatda şair qələmini silaha çevirib mübarizə aparır, milli ruhlu şeirlərilə xalqını istiqlala səsləyir. Ana dilində danışıb, yazmağın qadağan olunduğu bir mühitdə gənc şairin şeirlərinin qayəsi məhz bu ümummilli dərd idi. Lakin o, şeirlərini heç yerdə çap etdirə bilmirdi. Çəkdiyi əzablar, çətinliklər onu cəsarətli və mətin şair, azadlıq aşiqi kimi yetişdirdi.
Əli Tudə Azərbaycan mühacir ədəbiyyatının görkəmli nümayəndələrindən biridir. O, İran tarixində ilk dəfə olaraq Milli Filarmoniya yaradır. Əli Tudənin Bakıdan başlayan yaradıcılıq yolu Təbrizdə formalaşıb yenidən Bakıda şöhrətlənir.
Mən kiməm? Parlayan taclara qənim!
Təbriz bir qolumdur, sənsə bir qolum...
Sənin dar küçəndən
başlanmış mənim
Üfüqlərdən geniş bu döyüş yolum.
Milli demokratik
hökumət irtica qüvvələri tərəfindən
yıxıldıqdan sonra
Bakıda mühacirət
zamanı "Ədəbiyyat
qəzeti" redaksiyasında
ədəbi işçi
vəzifəsində işləyir. Bakı Dövlət
Universitetinin filologiya fakültəsini fərqlənmə
diplomu ilə bitirən şair "Azərnəşr"də redaktor
vəzifəsində çalışmağa
başlayır. Azərbaycan Demokratik
firqəsinin Mərkəzi
Komitəsi Əli Tudəni Bakı Ali Partiya Məktəbinə oxumağa göndərir.
Ümumiyyətlə, bu istedadlı
qələm sahibinin, mübariz şairin, azadlıq aşiqinin taleyinə olduqca təzadlı qismət yazılır. Vətəndən Vətənə sürgün
həyatı yaşayır,
mühacir olur və bütün bunlar şairin yaradıcılığında öz əksini tapır.
Əli Tudə
qələminin və
ruhunun işığında
hər iki Vətən üçün
döyüşürdü. Bakıda Təbriz
üçün, Təbrizdə
Bakı üçün.
Bir dəfə Yazıçılar
İttifaqının Natəvan
klubunda keçirilən
ədəbi-bədii gecədə
Əli Tudə "Mən nə gətirdim" şeirini söyləyir.
Gənc şair həmin görüşdə Məmməd
Səid Ordubadi ilə tanış olur, yazıçı Əliyə "əsl şairsən" deyir.
1948-ci ilin iyun ayında Şuşada Yazıçılar İttifaqının
istirahət evində dincələn Əli Tudə həmin günlərdə "Yaşayanlar
görəcəkdir", "Qartal", "İsa bulağı" və Qarabağa aid bir sıra şeirlər yazır. Həmin şeirlər sentyabr
ayında "Ədəbiyyat
qəzeti"ndə nəşr
edilir. "İnqilab
və mədəniyyət"
jurnalında çap olunan "Bakının işıqları" şeirini
iş otağında ucadan oxuyan S.Vurğun
Əli Tudənin şeirinə münasibətini
gözəl bənzətmə
ilə bildirir: "Bu
vəzn sakit səhrada gedən dəvə karvanının
ləngərli avazını
xatırladır".
Şair
1950-ci ildə usta İbrahimin qızı Şəfiqə adlı xanımla ailə qurur. Həmin ilin dekabr ayında Moskvada keçirilən Azərbaycan
ədəbiyyatı ongünlüyündə
iştirak edən Ə.Tudə iranlı mühacirlərlə görüşmək
fikrinə düşür.
Lakin buna nail olmayan şair
xatirələrində yazır:
"Siyasi mühacir olduğumuza görə sovet inzibati orqanlarında qeydiyyata alınmaq üçün
bizi kiçik bir avtobusa mindirdilər.
Erməni yazıçısı Markar Davtyanı bizə bələdçi
verdilər. Geri qayıdanda isə bizi yazıçı Əvəz Sadığa tapşırdılar. Bizə Moskvada
yaşayan İran siyasi mühacirlərilə
görüşə icazə
verilmədi". Azərbaycan ədəbiyyatı
ongünlüyü təntənə
ilə açılır,
Səməd Vurğun
çıxış edir.
Tədbir ərəfəsində
Əli Tudənin şeirləri ilə tanış olan, sonralar məşhur rus şairi Pavel Antakolski onların bir qismini rus
dilinə tərcümə
edir.
Şair təbiət gözəlliklərindən, eşqdən, məhəbbətdən saysız-hesabsız şeirlər yazsa da, onun yaradıcılığının əsas mövzusu Vətən olub. Əli Tudə azadlıq aşiqi olmaqla bərabər, Vətən sevdalısı, fədaisi idi. Cənubi və Şimali Azərbaycanın görkəmli şairi olub. Cabir Novruz Əli Tudə haqqında yazdığı məqaləsində xüsusi olaraq qeyd edir: "Əli Tudənin kitabında toplanan əsərlərin mövzusu müxtəlif və rəngarəngdir. Fars üsuli-idarəsinin zülmü içərisində baş qaldıran inqilabçı Təbriz gəncliyinin ruhu belədir. Bu ruhda bir alov var. Azadlıq alovu! Dünyanın heç bir irticası bu alovu söndürə bilməz. Əli Tudə yaradıcılığı bu inamın gözəl aynasıdır".
Əli Tudə dəmir iradəli, eyni zamanda həssas qəlbli insan idi. O, təbiətin gözəllik və incəliyini poetik dilə çevirmişdi:
Qoy uca dağların
versin baş-başa,
Yarsın dumanları ortadan yarı.
Bu gözəl hüsnünə etsin tamaşa,
Buludsuz göylərin ağ ulduzları.
Görsünlər qızıldır bu
yer, bu torpaq,
Cənnət göydə deyil,
yerdədir ancaq.
Həyatda gördüyü bütün
çətinlik və
zülmlərə rəğmən,
Əli Tudə olduqca nikbin və həyat dolu insan olub. Poeziyasının fövqündə dayanan Vətənini hər zaman işıqlı və bütöv görmək arzusu ilə yazıb-yaradıb.
Azərbaycan mühacir
ədəbiyyatının mücahidi
Əli Tudə
1996-cı il fevral ayının 26-da Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub.
Ramidə YAQUBQIZI
Respublika .- 2024.- 31 yanvar, ¹ 20.- S.7.