İnsanların ruhunu
silkələyən, ömrünü poeziyaya ərməğan edən şair
Yanvarın 28-də Heydər
Əliyev Sarayında Mədəniyyət Nazirliyinin təşkilatçılığı
ilə Xalq şairi Nəbi Xəzrinin 100 illiyi münasibətilə
"Dəniz, göy, məhəbbət" adlı bədii-musiqili
gecə keçirilib.
1924-cü il dekabrın 10-da Xırdalanda tacir ailəsində anadan olan Nəbi Xəzri (Babayev) doqquz yaşında ikən üç qardaşını itirib, bir müddət sonra isə atası Kərbəlayı Ələkbər yaşananlara dözə bilməyərək rəhmətə gedib. Ailənin ağır yükünü çiyinlərinə almış anası Pərixanım Cəfərqızı xalça toxuyaraq Nəbi və bacısı Şirinbacını böyüdüb. Hələ orta məktəbdə "Böyüyəndə kim olacaqsan?" inşa yazısında balaca Nəbi "mən şair olacağam" qeyd edib. Öz arzusunu gerçəkləşdirmək üçün həyat ona şans verdi.
Nəbi Xəzri Bakının dənizini, Abşeronun qumlu sahilini çox sevird. Bağda otağının pəncərələrini açıq qoyurdu ki, əsən sərin meh və xəzri küləyi içəri yayılsın. Təsadüfi deyil ki, şair 1958-ci ildə "Xəzri" təxəllüsü götürür.
1944-cü ildə Azərbaycan Dövlət Radiosuna elan edilən diktor müsabiqəsindən keçən Nəbi Xəzri yaddaşlardan silinməyən səsi ilə dinləyicilərin sevgisini qazanır. 1965-71-ci illərdə Azərbaycan Dövlət Radio və Televiziya Dövlət Komitəsinin televiziya işləri üzrə sədr müavini işləyir.
Müslüm Maqomayevin xahişi ilə onun musiqisinə şeir yazır. Beləliklə, dünyada məşhur olan "Azərbaycan" mahnısı yaranır.
Nəbi Xəzri həm də dövlət xadimi idi. Dövlət tədbirlərində, xarici ölkələrdə səfərlərdə olurdu. 1973-cü ildə SSRİ Dövlət Mükafatına layiq görülməsi xəbərinin ilk müjdəçisi ümummilli lider Heydər Əliyev olub. Azərbaycan müstəqilliyini yenidən bərpa edəndən sonra bu diqqət və qayğı yenə davam edib, Heydər Əliyev ad günlərində, yubileylərində daim zəng edib şairi təbrik edərdi.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 100 illiyi qeyd edilən şair dramaturgiya və nəsr sahəsində də uğurlar qazanıb. O, respublikanın ictimai-siyası və mədəni həyatında fəal iştirak edib, özündən sonra gələn nəslin vətənpərvərlik ruhunda tərbiyələnməsində böyük işlər görüb.
Nəbi Xəzrinin 100 illik yubileyinə həsr olunan tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, yazıçı-dramaturq İlqar Fəhmi Xalq şairinin yaradıcılığından söhbət açıb. Onun sözlərinə görə, şairin şeirləri ancaq oxuculara deyil, həm də musiqi dünyasına ilham mənbəyi olub. Həmin şeirlərin ritmik, duyğulu ahəngindən təsirlənən bəstəkarlarımız bir çox gözəl mahnılar yaradıblar. Hər gələn nəsil onun poeziyasını və musiqilərini yaşadaraq bu irsi zənginləşdirir. Bu tədbir şairlərə olan ehtiramın təzahürüdür və Nəbi Xəzrinin əsərlərinin bədii dəyərini bir daha ortaya qoyur.
İ.Fəhmi bildirib ki, Nəbi Xəzirnin həyat yolu göstərir ki, sənət fədakarlıq tələb edir. O, həm yaradıcılığı, həm də şəxsiyyəti ilə Azərbaycan poeziyasına və ədəbiyyatına silinməz izlər qoyub.
Nəbi Xəzrinin oğlu Arzu Babayev Xalq şairinin 20 yaşında yazdığı "Söz" şeiri ilə bağlı fikirlərini bölüşüb. O deyib ki, bu poeziyada Nəbi Xəzri öz sözünü deyərək, klassik irsimizin layiqli davamçısı olub. Buna görə onu Məhəmməd Füzulidən sonra "Sözü zirvələrə qaldıran şair" adlandırıblar.
"Qarabağda baş verən hadisələr və həyat yoldaşının vəfatından sonra Nəbi Xəzrinin poeziyasında qəmgin not hiss olunur. Xüsusilə, "Şuşa gəlir", "Kəlbəcər harayı" kimi şeirlərində Nəbi Xəzri sanki gələcək qələbəmizin həsrətini çəkir və eyni zamanda onu görürdü. Onun bu duyğuları xalqımızın mübarizə ruhuna, gələcəyə inamına poetik bir töhfə idi. Nəbi Xəzri sanki həyatında qarşılaşdığı sınaqlardan güc alırdı. Dövlətimiz onun yaradıcılığına daim xüsusi diqqət göstərib. Hazırda şairin xatirəsi yüksək səviyyədə anılır və Nəbi Xəzri irsi yeni nəsillərə çatdırılır", - deyə A.Babayev vurğulayıb.
Daha sonra respublikanın görkəmli əməkdar və xalq artistləri, aktyorlar - Gülüstan Əliyeva, Eyyub Yaqubov, Səbinə Ərəbli, Elmar Qarayev, Almaz Orucova, Nicat Cəfərzadə, Heydər Anatolunun iştirakı ilə Xalq şairi Nəbi Xəzrinin şeirlərinə bəstələnən mahnılar səsləndirilib, şeirləri oxunub.
Aygün İBRAHİMOVA
Respublika .- 2025.- 29 yanvar (№19).- S.15.