Qərbi Azərbaycana
qayıdış haqqımızdır
XX əsrin bəlası – Deportasiya
XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi diyarımızdır, şəhərlərin, kəndlərin adları türk mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu xalqımız yaşayıb...
Məlum olduğu kimi, XIX əsrin əvvəllərində Rusiya imperiyasının Qafqazda apardığı işğalçı müharibələrin gedişində yadelli yağılara qarşı ən güclü müqavimət göstərən İrəvan xanlığı olmuşdur. İrəvanın qəhrəman oğulları Sisianovdan tutmuş, Paskeviçə qədər neçə-neçə rusiyalı generalların çoxsaylı hücumlarına mərdliklə sinə gərmiş, düz 3 dəfə - 1804, 1808 və 1812-ci illərdə işğalçıları məğlub edərək onları torpaqlarımızdan uzaq durmağa məcbur etmişlər. İşğalçılar ancaq 4-cü dəfə - 1827-ci ilin payızında Həsən və Hüseyn xan qardaşlarının qəhrəmancasına qoruduqları İrəvan qalasının müqavimətini çox böyük çətinliklə qıraraq bu şəhər qalanı işğal edə bilmişdilər. Bundan sonra işğalçılar öz erməni əlaltılarının da iştirakı ilə bu əzəli türk-müsəlman yurdunu xristianlaşdırmaq, türksüzləşdirmək, müsəlmansızlaşdırmaq üçün min bir üsula əl atmışdılar. İnzibati-ərazi quruluşunu, idarəçiliyi dəyişərək, tarixi-milli sərhədləri nəzərə almayaraq, bu torpaqları imperiyanın xristian dayaqlarından birinə çevirmək üçün əllərindən gələni əsirgəməmişdilər. 1828-ci ilin martında İrəvan və Naxçıvan xanlıqlarının ərazisini əhatə edən "Erməni vilayəti" adlı bir qurum yaratdılar. Ancaq cəmi on iki il sonra erməni siyasətbazlarının xam xəyallarını gözlərində qoyub bu qurumu ləğv etdilər.
İrəvan xanlığının ərazisində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, öz havadarlarının köməyi ilə azəri türklərinə qarşı xəyanət toru hazırladılar. Belə süni ərazi bölgüsü ilə, əslində azərbaycanlıların Qərbi Azərbaycandan, ata-baba torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu. "Böyük Ermənistan" ideyaları təbliğ olunmağa başlandı. Bu uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına "bəraət qazandırmaq məqsədilə" erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş genişmiqyaslı proqramlar reallaşdırıldı. Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi. "Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə Qərbi Azərbaycandakı soydaşlarımıza qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər.
Birinci Dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən erməni vandalları öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular.
1918-ci ildə ermənilər Qərbi Azərbaycanın müxtəlif ərazilərində, o cümlədən İrəvan şəhərində, Göyçə mahalında, Amasiyada, Zəngəzurda, Dərələyəzdə, Vedidə, Karvansarada və digər yerlərdə analoqu olmayan terror hadisələri törətdilər, minlərlə müsəlman əhali haylar tərəfindən qırğınlara məruz qaldı, diri-diri damlara doldurulub yandırıldı, azərbaycanlılara məxsus olan ev əşyaları zor gücünə əllərindən alındı. Erməni zülmündən yaxa qurtarmaq üçün bir çox azərbaycanlı doğma yurdlarından ayrılıb İrana, Türkiyəyə, Gürcüstana və digər ərazilərə üz tutdu. Çar Rusiyası hər zaman erməni daşnaklarına arxa-dayaq durdu, onları silah-sursatla təmin etdi.
Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru, Dilican dərəsini və Azərbaycanın bir sıra torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı dövrlərdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atdılar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il Kolxozçuların və başqa azərbaycanlı əhalinin "Ermənistan SSR-dən Azərbaycana SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail oldular.
Erməni millətçiləri öz havadarlarının köməyi ilə XX əsrin 50-ci illərindən etibarən Azərbaycan xalqına qarşı mənəvi təcavüz kampaniyasına başladılar. Keçmiş sovet məkanında müntəzəm şəkildə yayılan kitab, jurnal və qəzetlərdə milli mənsubiyyətimizin, klassik irsimizin, memarlıq abidələrimizin ən nəfis nümunələrinin erməni xalqına mənsub olduğunu sübut etməyə çalışırdılar. Eyni zamanda haylar tərəfindən bütün dünya azərbaycanlılarının mənfi obrazını formalaşdırmaq cəhdləri də güclənirdi.
1987-1991-ci illərdə Qərbi Azərbaycandan Mixail Qorbaçovun və digər ermənipərəst qüvvələrin xəyanəti sayəsində 300 mindən artıq soydaşımız tarixi torpaqlarından perik salınmış, deportasiyaya məruz qalmışdı. Tarixi-etnik torpaqlarından deportasiya olunanların problemlərinin həlli məqsədilə 1989-cu ildə "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyi yaradılmışdır. Həmin cəmiyyətin bazası əsasında 2022-ci il avqustun 3-də "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İB-nin hüquqi varisi kimi Qərbi Azərbaycan İcması yaradılmışdır.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 24 dekabr 2022-ci ildə bir qrup Qərbi Azərbaycan ziyalısı ilə görüşmüş və proqram xarakterli nitqində vurğulamışdır ki, 44 günlük Vətən müharibəsində tarixi qələbə qazandıq. İndi isə əsas hədəfimiz Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının reallaşmasıdır. İndi bu məqsədlə geniş iş aparılır.
Qərbi Azərbaycana Qayıdış bizim haqqımızdır. Əminliklə demək olar ki, soydaşlarımız çox tezliklə qəribsəmiş yurd yerlərinə dönəcəklər.
Zaur MƏMMƏDOV,
Azərbaycan
Respublikasının İxracın və İnvestisiyaların
Təşviqi Agentliyinin
İctimaiyyətlə
Əlaqələr Departamentinin Mərkəzi
Kommunikasiya şöbəsinin
aparıcı
mütəxəssisi.
Respublika .- 2025.- 29 yanvar (№19).- S.9.