Azərbaycan-Türkmənistan münasibətləri əməkdaşlığın
geniş spektrini əhatə edir və möhkəm təmələ
əsaslanır
Prezident İlham Əliyev
bu münasibətlərin təkcə ölkəmiz
üçün deyil, bütün Mərkəzi Asiya, Xəzər,
Qafqaz regionu üçün və daha artıq coğrafi məkan
üçün böyük əhəmiyyət kəsb
etdiyini vurğulayıb.
Bu gün Azərbaycanın
və Türkmənistanın ikitərəfli münasibətlər,
regional əməkdaşlıq, regional təhlükəsizlik
problemlərinə yanaşmalarında ortaq cəhətlər
çoxdur. Qeyd edək ki, xalqlarımız əsrlər boyu fəal
əlaqələr saxlamışlar və hazırda müstəqil
dövlətlərimiz arasında münasibətlər bu
möhkəm tarixi zəmin üzərində qurulur.
Xalqlarımız Azərbaycanla Türkmənistan arasında
indiki və gələcək nəsillərin
qarşılıqlı surətdə zənginləşməsinin
əsasını təşkil edən dil, mədəniyyət
və mənəviyyat ümumiliyini yüksək qiymətləndirir.
Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana
yüksək səviyyədə keçən səfəri də
bir daha təsdiqlədi ki, tərəfdaşlığımızın
möhkəm təməli var və bu əməkdaşlıq
yaxşı perspektivləri olan böyük gələcəyə
istiqamətlənmişdir.
Türkmənistanda
Prezident İlham Əliyevin bu səfərini ikitərəfli
münasibətlərin daha da möhkəmlənməsi və
qarşılıqlı surətdə faydalı tərəfdaşlıq
üçün geniş imkanlar yaradılması
baxımından yüksək dəyərləndirirlər.
Buna böyük önəm verən Prezident Qurbanqulu Berdiməhəmmədov
bildirib ki, biz dövlətimizin və xalqlarımızın mənafeyi
naminə, habelə bütövlükdə beynəlxalq
birliyin mənafeyi naminə ikitərəfli münasibətlərin
ən səmərəli yollarını tapmağı
qarşımıza məqsəd qoymuşuq: "Müasir
dövrün əsas problemləri haqqında, ilk növbədə
sülh, təhlükəsizlik və davamlı inkişaf, məsələləri
bəşəriyyətə qarşı təhdid və hədələrə
qarşı mübarizə məsələləri barədə
baxışlarımızın oxşar olması və ya
üst-üstə düşməsi mühüm amildir".
Xəzərin sülh və
əmin-amanlıq dənizinə çevrilməsi, regionda yeni
enerji və nəqliyyat-kommunikasiya layihələrinin həyata
keçirilməsi hər iki xalqın rifahının yüksəldilməsinə
yönəlibdir. Azərbaycan-Türkmənistan münasibətləri
əməkdaşlığın geniş spektrini əhatə
edir və möhkəm təmələ əsaslasnır. Belə
ki, dövlət başçılarının qəbul etdiyi
qərarlar, müvafiq qurumlara verilən tapşırıqlar
qarşılıqlı anlaşma və qardaşlıq ruhunda
operativ şəkildə yerinə yetirilir. Bu həm də
ondan irəli gəlir ki, ortaq tariximiz, ortaq mədəniyyətimiz,
ortaq köklərimiz və dillərimizin
oxşarlığı xalqlarımızı bir-birinə
bağlayır. Cənab İlham Əliyev bunun çox vacib
olduğunu vurğulayıb və bəyan edib ki, münasibətlərimizi
bu baza üzərində qururuq: "Bu gün bu münasibətlər
təkcə bizim ölkələr üçün deyil,
bütün Mərkəzi Asiya, Xəzər, Qafqaz regionu
üçün və bəlkə də, daha artıq
coğrafi məkan üçün çox böyük əhəmiyyət
kəsb edir".
Bu baxımdan Türkmənistanın
Türkmənbaşı şəhərində Azərbaycan
Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Abdullah
Gülün və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun
üçtərəfli görüşünün
keçirilməsini xüsusi vurğulamaq olar. Bu, türk
dünyasında münasibətlərin inkişafına
böyük töhfədir.
İki ölkə
arasında ticarət-iqtisadi əlaqələrin potensialı
da böyükdür.
Bu ilin 10 ayı ərzində
qarşılıqlı əmtəə dövriyyəsinin həcmi
490,8 milyon ABŞ dollarına bərabər olmuşdur. Bu,
keçən ilin müvafiq göstəricisi ilə müqayisədə
təqribən 8 dəfə çoxdur və bu gün Azərbaycan
Türkmənistanın ticarət-iqtisadi münasibətlər
saxladığı dünya ölkələri arasında
6-cı yeri tutur.
Hazırda enerji təhlükəsizliyi
məsələlərinin bütün dünyanı narahat
etdiyi bir vaxtda həm Azərbaycan, həm də Türkmənistan
özünün enerji təhlükəsizliyini tamamilə təmin
etmişdir. Bununla yanaşı, Azərbaycan və Türkmənistan
başqa ölkələrin enerji təhlükəsizliyinin təmin
edilməsində də mühüm rol oynayırlar.
Azərbaycan və
Türkmənistan arasında nəqliyyat sahəsində əməkdaşlıq
məsələlərinin müzakirə edildiyini və
imzalanan sənədlərin real konkret işlər, real layihələr
demək olduğunu bildirən cənab İlham Əliyev bəyan
edib ki, indi Xəzər dənizi regionunda nəqliyyat sahəsində
əməkdaşlığı genişləndirmək
üçün çox böyük potensial vardır:
"Hazırda Azərbaycanı dəmir yolu vasitəsilə
Türkiyə və Avropa ilə eləcə də Xəzər
dənizi vasitəsilə Mərkəzi Asiya ilə birləşdirəcək
Bakı-Tbilisi-Qars dəmir yolu tikilir. Ümid edirəm ki, bu
yeni ipək yolu iki ildən sonra bizim hamımızın sərəncamında
olacaq və hamımız ondan istifadə edəcəyik. Burada
iqtisadi səmərə də var və təbii ki, regional əməkdaşlıq
da. Bu əməkdaşlıqdan hər kəs yalnız
qazanacaqdır."
Prezident İlham Əliyevin
Türkmənistana yüksək səviyyədə keçən
səfərinin nəticələri xalqlarımızın
tarixi dostluq və qardaşlıq ənənələrinə
sadiqliyini, hər iki ölkənin səmərəli əməkdaşlıqda
maraqlı olmasını təsdiq etdi.
Əlizadə
Ş.
Respublika.-
2008.- 3 dekabr.- S.5.