Dünyanın
enerji təhlükəsizliyində Azərbaycanın
mühüm rolu
Enerji siyasəti bu
gün dünyada mühüm və strateji rola malikdir.
Qloballaşan dünyanı enerji təhlükəsizliyi məsələsindən
kənarda təsəvvür etmək qeyri-mümkündür.
Son illər bu problem bəşəri əhəmiyyətli məsələ
kimi dünyanın diqqət mərkəzində qalmaqdadır.
Zəngin təbii sərvətlərə, davamlı
iqtisadiyyata və müasir texnologiyalara malik olan müstəqil
Azərbaycan dövləti dünyanın enerji təhlükəsizliyi
məsələlərinin həllində də aparıcı
mövqe tutur. Qərbin enerji tələbatının ödənilməsinə
önəmli töhfə verir.
Müstəqil Azərbaycan
dövləti hazırda dünyada nəhəng neft ixrac edən
ölkələrdən biri kimi tanınır. Eyni zamanda, qaz
ixrac edən ölkəyə çevrilməkdəyik. Ulu
öndərimiz Heydər Əliyevin uzaqgörənliklə
işləyib hazırladığı, mərhələ-mərhələ
həyata keçirdiyi milli neft strategiyası öz bəhrəsini
verir. "Əsrin müqaviləsi" çərçivəsində
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin reallaşması
sayəsində artıq hər gün 1 milyon barrelə
yaxın yüksək keyfiyyətli Bakı nefti dünya bazarlarına
çıxarılır. Prezident İlham Əliyevin
İtaliyanın nüfuzlu "RAI International"
telekanalına müsahibəsində xüsusi qeyd etdiyi kimi,
"Azərbaycanın enerji ehtiyatları artıq Avropa,
dünya enerji bazarlarına çatdırılır və əlbəttə
ki, Azərbaycan bunlardan yararlanır, iqtisadi inkişaf, eyni
zamanda bir çox sosial problemlərin həlli deməkdir və
ölkənin regional mövqeləri əhəmiyyətli dərəcədə
güclənmişdir".
Bu yaxınlarda beynəlxalq
enerji sammitinin məhz Bakıda keçirilməsi
faktının özü də Azərbaycanın bu strateji əhəmiyyətli
məsələdə aparıcı rola və sanballı
çəkiyə malik olduğunu bir daha təsdiqlədi. Bəşəri
əhəmiyyətli bu beynəlxalq tədbirə
dünyanın bir çox ölkələrinin dövlət və
hökumət başçılarının, o cümlədən
Avropa İttifaqını təmsil edən dövlətlərin
yüksək səviyyəli nümayəndələrinin
qatılması enerji təhlükəsizliyi məsələlərinin
bəşəriyyət üçün nə qədər
vacib olduğunu əyani şəkildə
açıqladı. Təqdirəlayiq haldır ki, Azərbaycanın
bu sahədə qısa zaman kəsiyində əldə etdiyi
nailiyyətlər digər hasilatçılara, o cümlədən
bir çox ölkələrə nümunə göstərildi.
Qeyd olundu ki, Azərbaycanın təşəbbüskarlığı,
bilavasitə iştirakı ilə həyata keçirilən
neft-qaz layihələri nəinki ölkələri, eləcə
də böyük regionları da əməkdaşlıq
baxımından birləşdirir. Ümummilli liderimiz Heydər
Əliyevin milli neft strategiyasının təntənəsi
olan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri
bölgəmizə yalnız iqtisadi deyil, daha çox siyasi
dividendlər gətirib. Enerji təhlükəsizliyi
birbaşa regionun əmin-amanlığına, təhlükəsizliyinə
qarantdır.
Xatırladaq ki, Azərbaycan
dünyada quruda və dənizdə sənaye üsulu ilə
ilk dəfə neft hasil edən ölkədir. Təsadüfi
deyil ki, Azərbaycanı dünya miqyasında "Neft
Akademiyası" adlandırırlar. Ölkəmizin çox
zəngin karbohidrogen ehtiyatları və bunların istismarı
üçün zəngin təcrübəsi var. Ən
müasir texnologiyaların Azərbaycana gətirilməsi, bir
çox mədən-sənaye avadanlıqlarının ölkəmizdə
istehsalı ölkəmizin imkanlarını daha da
artırıb, xərclərin aşağı düşməsinə,
mənfəətin artmasına gətirib çıxarıb.
Bu gün Azərbaycanda
neft hasilatının ümumi həcmi illik 50 milyon tondan
çoxdur. Qarşıdakı illərdə hasilatın həcmi
daha da artacaqdır.
Dövlətimizin
başçısı İlham Əliyev ölkəmizin enerji
siyasətinə xüsusi önəm verərək deyib:
"Azərbaycanda nəhəng qaz yataqları aşkar
edilmişdir və minimum hesablamalara görə, həmin
yataqlarda qazın həcmi bizim daxili tələbatımız və
ixrac əməliyyatları üçün ən azı bir əsrlik
dövr üçün kifayətdir. Bu gün böyük
qaz yataqlarının işlənilməsi uğurla gedir və
hasilat sürətlə artır. Hazırda qaz
ehtiyatlarının işlənilməsinə və eyni zamanda
Azərbaycan qazını Avropa bazarlarına çatdıran
tamamilə yeni və müasir infrastruktur yaradılmasına və
boru kəmərlərinə xeyli sərmayə qoyulmuşdur.
Qazı dənizdəki platformalardan suyun altı ilə quruya
çəkilmiş, sonra isə bazarlara çatdıran
geniş boru kəməri şəbəkəmiz mövcuddur.
Bu baxımdan biz fərəh hissi ilə deyə bilərik ki,
enerji siyasəti sahəsində ölkəmizin
qarşısında duran bütün əsas vəzifələr
uğurla yerinə yetirilmişdir. Bu gün biz daha geniş
enerji tərəfdaşlığı qurmaq,
hasilatçı, tranzit və istehlakçı ölkələrin
tələbatlarına maksimum dərəcədə cavab vermək
üçün hansı əlavə işlərin
görülə biləcəyi barədə gələcəyə,
irəliyə doğru baxırıq".
Geniş ixrac
infrastrukturu yaratmağa nail olan ölkəmiz hazırda 4 boru kəməri
vasitəsilə çoxistiqamətli ixrac potensialına
malikdir. Bu, həm ölkəmizin iqtisadi və siyasi müstəqilliyinin
möhkəmlənməsi, həm də regionun tranzit
imkanlarının genişləndirilməsi baxımından
böyük əhəmiyyət kəsb edir.
Nağıyev
F.
Respublika.-
2008.- 4 dekabr.- S.1.