“Azərsun Holdinq” regionda analoqu olmayan istehsal müəssisələrini
Azərbaycanda yaradır.
Azərbaycanda və ölkə hüdudlarından kənarda ciddi
maraqla izlənən 2008-ci ilin 15 oktyabr prezident seçkiləri kifayət
qədər demokratik, azad, şəffaf şəraitdə
keçməklə respublikamızın davamlı iqtisadi və
demokratik inkişafında keyfiyyətcə yeni mərhələnin
əsasını
qoymuşdur. Seçkilərin yekun nəticələri xalqın öz gələcəyi baxımından iradə və qətiyyət
nümayiş etdirdiyini, habelə Heydər Əliyev siyasi
kursunun alternativsizliyini tam təsdiqləmişdir. Ötən beş ildəki
əzmkar fəaliyyəti ilə xalqın böyük etimadını qazanmış cənab
İlham Əliyevin
seçkilərdəki növbəti qələbəsi də
ölkə vətəndaşlarının
prinsipial mövqeyini əks etdirmişdir. Azərbaycan Prezidenti
cəmiyyət həyatının bütün sahələrində dinamik tərəqqi
və yüksəlişi təmin
etmiş, habelə davamlı iqtisadi nəticələrin əldə
olunması baxımından iş adamlarını,
sahibkarları dəstəkləmiş, onların fəaliyyətinin
stimullaşdırılması istiqamətində
ardıcıl tədbirlər həyata keçirmişdir.
Özəl
sektorda xüsusi yeri,
sanbalı və çəkisi
olan "Azərsun Holdinq"in
prezidenti Abdulbari Gözəl
müxbirimizə demişdir ki, cənab İlham
Əliyevin ikinci dəfə Azərbaycan
Prezidenti seçilməsi ölkə iqtisadiyyatın və
sahibkarlığın inkişafında keyfiyyətcə yeni mərhələ
açacaqdır:
- Azərbaycan
xalqının 2008-ci ilin 15 oktyabr tarixli müdrik seçimi
tamamilə gözlənilən və məntiqi idi.
Çünki son beş ildə Azərbaycanın
qazandığı böyük uğur və nailiyyətləri
öz gündəlik həyatında qabarıq hiss edən Azərbaycan
vətəndaşları bu siyasətə alternativ
görmürdülər. Cənab İlham Əliyev Prezidentlik
dövründəki əzmkar fəaliyyəti ilə hər
bir azərbaycanlının böyük rəğbət və
etimadını qazanaraq milli liderə çevrilmişdir.
Fikrimcə, bu, həm də cənab İlham Əliyevin hər
bir vətəndaşın maraqlarını uca tutması,
çoxluğun mənafeyinə cavab verən siyasət yeritməsi
ilə bağlıdır. Dövlət
başçısı zaman etibarilə o qədər də
böyük olmayan bir müddətdə respublikanı dinamik
inkişaf və tərəqqi yoluna çıxara bildi. Azərbaycan
ötən beş ildə bütün sahələrdə
inkişaf edərək yüksək iqtisadi nailiyyətlərə imza atdı.
Qısaca vurğulamaq kifayətdir ki, ötən beş ildə
Azərbaycanın ümumi daxili məhsul istehsalına görə
dünyada lider dövlətlərdən biri olaraq qalması,
büdcəsini 10 dəfədən çox artırması, sənaye
potensialının 2,7 dəfə yüksəlməsi, milli
sahibkarlığın ÜDM-dəki xüsusi çəkisinin
85 faizə çatması olduqca böyük uğurlardır.
Ötən müddətdə
regionların inkişafı məsələləri də
dövlət başçısının xüsusi diqqət
mərkəzində olmuşdur. Bu istiqamətdə
ardıcıl tədbirlər həyata keçirilmişdir.
İcrası bu gün də uğurla davam etdirilən "Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
Dövlət Proqramı (2004-2008-ci illər)" mahiyyətcə
təkcə davamlı və tarazlı regional inkişafı
deyil, həm də insan amilinin yüksəlişinə xidmət
edən strategiya kimi aktuallığını qoruyub
saxlayır. Dövlət başçısı seçkilər
ərəfəsində bir daha ayrı-ayrı bölgələrə
səfər edərək proqramın yerlərdəki
icrası vəziyyəti ilə tanış olmuş, vətəndaşların
arzu və istəklərini onların özündən
eşitməyə üstünlük vermişdir.
2008-ci ilin dövlət
büdcəsinin, həm də investisiyayönümlü
olması ölkəmizə xarici sərmayələrin cəlbi
baxımından vacib əhəmiyyət daşıyır. Adətən
dövlətin payı və birbaşa sərmayəsi olan
qlobal biznes layihələri iş adamları, xüsusilə
xarici sərmayədarlar üçün daha cəlbedici
görünür. Hökumətin investisiya layihələrinə,
o cümlədən infrastrukturun yeniləşdirilməsinə
xüsusi diqqət yetirməsi, bu sahədə əməli tədbirlərin
həyata keçirilməsi sahibkarların normal fəaliyyətinə
şərait yaradır.
"Ötən
beş ildə ölkə iqtisadiyyatının dinamikası ilk növbədə özəl
sektorun uğurlu fəaliyyəti hesabına mümkün
olmuşdur. Daxili investisiya qoyuluşunun həcminə görə Azərbaycanda
lider şirkətlərdən
olan "Azərsun
Holdinq"in fəaliyyəti bu
baxımdan xüsusi qeyd
olunmalıdır. 2006-cı il mart ayının 23-də Azərbaycan Prezidenti İlham Əliyevin
iştirakı ilə şirkətin ən modern texnologiya əsasında
inşa olunmuş İmişli
Şəkər Zavodunun açılış mərasimi
keçirilmişdir. Cənubi Qafqaz
regionunda ən müasir və
böyük Şəkər Zavodunun fəaliyyətə
başlaması "Azərsun
Holdinq"in təkcə regionların inkişafına deyil, həm
də respublikamızda güclü
sənaye
potensialının formalaşmasına mühüm töhfəsi olmuşdur.
İmişli Şəkər Zavodundan sonra adınız Azərbaycanda Kənd
Təsərrüfatı sahəsinə
yeniliklər gətirən insanların adları ilə birlikdə
çəkilir. "Bu ehtiyac nədən yarandı və bu sahədə hədəfləriniz nədir?"
sualımıza tanınmış iş adamının məntiqli
cavabı oldu. O dedi ki, mən təbiəti və
torpağı çox sevən adamam və özümü torpağın bir parçası hesab edirəm. Çatlamış
torpağa verdiyim suyu təşnə qəlbimə tökmüş kimiyəm. İmişli
Şəkər Zavodunu tikməyə isə məni
ümummilli liderimiz Heydər Əliyev təşviq edib.
Tamamilə
avtomatlaşdırılmış və son texnologiyalarla təchiz
olunmuş İmişli Şəkər Zavodu gündə 5000
ton şəkər çuğundurunu və 1200 ton xam şəkəri
emal etmək gücünə malikdir. Hazırda emal
gücü bir mövsümdə 600-650 min ton şəkər
çuğunduru təşkil edir. Zavodun inşasına və
istifadəyə verilməsinə 100 milyon ABŞ dolları sərmayə
sərf olunmuş və fəaliyyətə başlaması ilə
əlaqədar əlavə 14 milyon dollar dövriyyə vəsaiti
yaradılmışdır. "Azərsun Holdinq" yaxın
illərdə daha 10 milyon ABŞ dolları həcmində əlavə
vəsait cəlb etməklə gündəlik istehsal
gücünü 1500 tona, çuğundur istehsalı üzrə
isə mövsümdə 900 min tona çatdırmaq niyyətindədir.
70 hektarlıq ərazidə müasir tələblər səviyyəsində
inşa olunmuş zavodda 1300-dən artıq insanın daimi
işlə təmin olunması onun milli iqtisadi
inkişafdakı müstəsna rolunu aşkara
çıxarır. Zavodun inşaat-quraşdırma işlərinə
cəlb olunmuş işçilərin 90 faizini Azərbaycan,
qalan 10 faizini isə Türkiyə, Ukrayna, Çexiya,
Polşa, Almaniya və İran mütəxəssisləri təşkil
etmişlər.
İmişli Şəkər
Zavodu qısa müddətdə öz uğurlu fəaliyyəti
və müasir iş metodu ilə Azərbaycan
regionlarının sosial-iqtisadi inkişafına mühüm təkan
vermişdir. "Anadolu Kənd Təsərrüfatı" Məhdud
Məsuliyyətli Cəmiyyətinin və İmişli Şəkər
Zavodunun həyata keçirdiyi şəkər
çuğunduru kampaniyası Azərbaycanda kənd təsərrüfatını
canlandıran mühüm tədbirlərdən biri kimi
vurğulana bilər. Bu strateji müəssisə faktiki olaraq
Azərbaycan fermerlərini geniş miqyasda şəkər
çuğunduru istehsalına başlamağa həvəsləndirmişdir.
Sabirabad, Saatlı, Biləsuvar, Beyləqan, Ağcabədi və
Bərdə rayonları şəkər çuğunduru
istehsalında daha uğurlu nəticələr əldə
edirlər.
2006-cı ilin oktyabr
ayından İmişli Şəkər Zavodunda fermerlərin
istehsal etdiyi şəkər çuğundurunun qəbulu
kampaniyasına başlanılmışdır. Fermerlərin
geniş miqyasda şəkər çuğundurunun becərilməsinə
başlaması minlərlə kəndlinin də işlə təmin
edilməsində mühüm rol oynayır. Şəkər
çuğunduru hər sota yüksək məhsul verən,
çox gəlirli, digər tərəfdən isə
torpağın məhsuldarlığını artıran,
başqa bitkilərin də məhsuldarlığına
müsbət təsir göstərən bitkidir. Şəkər
çuğundurunun becərilməsində məhsuldarlığı
təmin etmək üçün əkin sahəsinə
xüsusi diqqət yetirilməli, yaxşı qulluq edilməli
və gübrələnməlidir. Kənd təsərrüfatı
sahəsində xüsusi yeri olan şəkər
çuğundurunun becərilməsi üçün Azərbaycan
fermerlərinə müasir təsərrüfatla əlaqədar
lazımi texniki və nəzəri dəstək də göstərilir.
"Anadolu Kənd Təsərrüfatı" MMC yüksək
məhsul əldə etmək üçün, keyfiyyətli
toxumun əldə edilməsində, torpağın
hazırlanması, gübrələnməsi və məhsulun
becərilməsində Azərbaycan kəndlisinə hərtərəfli
dəstək verir. Fermerlər əkindən biçinə qədər
müddətdə xaricdən gətirilən müasir təsərrüfat
avadanlıqları ilə təmin edilirlər.
Azərbaycan
"Azərsun Holdinq"in uğurlu fəaliyyəti sayəsində
artıq keyfiyyətli şəkəri ilə də
tanınmağa başlamışdır. Azərbaycanın sənaye
inkişafı üçün böyük əhəmiyyət
kəsb edən zavodun istehsal etdiyi yüksək keyfiyyətli məhsul
dünyanın bir sıra qabaqcıl laboratoriyalarında testdən
uğurla çıxmış, yüksək medallara layiq
görülmüşdür. Respublikamızdakı
"Coca-Cola" və "Pepsi-Cola" kimi nəhəng
şirkətlər qısa zamanda İmişli Şəkər
Zavodunun böyük müştərisinə
çevrilmişlər. "Coca-Cola" şirkəti ötən
il zavodun istehsalı olan şəkəri Belçikada beynəlxalq
laboratoriyada test etdirmiş və alınan nəticələr
məhsulun Avropa keyfıyyətindən də yüksək
olduğunu göstərmişdir. Belə yüksək keyfiyyətli
məhsulun istehsal edilməsi isə, ilk növbədə
İmişli Şəkər Zavodunun ən müasir texnologiya
və biznes konsepsiyaları əsasında fəaliyyət
göstərməsi, güclü kadr potensialı
formalaşdırmasıdır. İmişli rayonundan olan gənclər
zavodun avtomatlaşdırma, elektrik və istehsal kimi
mühüm bölmələrində böyük nailiyyətlər
əldə edirlər.
"Azərsun Holdinq"in ölkəmizin qida sənayesi
sektorunda həyata keçirdiyi
layihələr, yağ, çay, kartontara, Qafqaz konserv, Lənkəran çay
və konserv, Zaqatala fındıq zavodlarından başqa siz
daha hansı layihələri həyata keçirməyi nəzərdə
tutursunuz" sualında da Barı bəyin cavabı ürəkaçan
və sevindirici oldu.
Bundan başqa,
İmişlidə-Azərbaycan Şəkər İstehsalat
Birliyinin ərazisində yeni sənaye kompleksinin də
inşasına başlanmışdır. Burada ildə 180 min
ton istehsal gücünə malik qarışıq, müxtəlif
çeşiddə, iri və xırdabuynuzlu mal-qara, quş və
broyler yemləri, eləcə də xam bitki yağları
istehsal olunacaqdır. Eyni zamanda bu kompleksdə istehsal
gücü günə 300 ton olan şəkər
çuğunduru cecəsi qurutma sexi də inşa ediləcəkdir.
"Azərsun
Holdinq" ölkəyə sərmayə qoyuluşunu
uğurla davam etdirir. Yaxın gələcəkdə şirkət
Kürdəmir rayonunda illik istehsal gücü 12 min ton olan
Süd Emalı Zavodu, habelə illik istehsal gücü 50 min
ton olan Masazır Duz Zavodu, Etil Spirti Zavodu inşa etdirmək
niyyətindədir. Sumqayıt sənaye zonasında 30 milyon
avro sərmayə qoyuluşu ilə qurulacaq kağızın
təkrar emalı fabriki isə Azərbaycanla yanaşı
Dağıstan, Türkmənistan və Gürcüstanın
kağıza olan tələbatını ödəyəcəkdir.
Şirkət bir sıra
sosial layihələrin reallaşmasında da fəal iştirak
edir. Bu baxımdan yaxın gələcəkdə
"Qarabağ" Futbol Klubu üçün nəinki Azərbaycanda,
regionda analoqu olmayan böyük idman kompleksinin inşasinı
nəzərdə tutur. Bununla yanaşı, Binə qəsəbəsində
300 hektarlıq ərazidə sağlamlıq,
yaşayış və ticarət mərkəzlərinin,
universitet və təhsil kompleksinin, qolf
meydançasının tikintisinə
başlanmışdır. 2 milyard dollarlıq bu layihə nəticəsində
yaranacaq nəhəng kompleks "Xəyal adası"
adlanacaqdır. "Xəyal adası" gerçəkdən
xəyallarımızda qurduğumuz fərqli bir şəhərcik
olacaqdır.
"Azərsun
Holdinq"in Azərbaycan iqtisadiyyatının inkişafı
naminə bundan sonra da böyük işlər görmək,
strateji layihələri uğurla gerçəkləşdirmək
əzmindədir. Şirkət fəaliyyət göstərdiyi
bütün sahələrə kompleks yanaşır. Yeni
qurulan müəssisələrin xammalının da Azərbaycanda
istehsalı holdinqin əsas prioritetlərindəndir. Bu həm
istehsal, həm də müəssisələrin
asılılığının minimuma endirilməsi
baxımından mühüm əhəmiyyət kəsb edir.
Xüsusilə də regionların inkişafına xidmət edən
layihələr holdinq üçün əsas hədəflərdəndir.
Minlərlə insanın məşğulluğuna şərait
yaradan bu müəssisələr ildən-ilə güclənir,
inkişaf yolunu tutmuş Azərbaycanı bölgənin
istehsal mərkəzinə çevirir.
Ölkəmizdə
mövcud olan əlverişli və münbit sahibkarlıq
mühitindən səmərəli şəkildə faydalanan şirkət Azərbaycanın Prezidenti İlham Əliyevin
müəyyənləşdirdiyi strateji vəzifələrin həyata
keçirilməsinə bundan sonra da öz töhfəsini verməyə
çalışacaqdır.
İnanırıq ki, İlham Əliyevin yenidən Prezident
seçilməsi Azərbaycanın hərtərəfli
inkişafına, habelə milli sahibkarlar təbəqəsinin
cəmiyyətdəki
mövqeyinin daha da möhkəmlənməsinə
yaxşı imkanlar açacaqdır.
Türkiyə
Cümhuriyyətinin prezidenti Abdullah Gül Azərbaycanda olarkən
Bakıda "Azərsun Holdinq "in maliyyə dəstəyi
ilə inşa edilmiş yeni bir məktəbin
açılış mərasimində olmuşdur. Yeni təhsil
ocağının qırmızı lentini kəsən cənab
Gül öz ölkəsində də yaxşı tanınan
iş adamı Abdulbari
Gözələ belə nəcib əməl uçün dərin
minnətdarlığını bildirdi. Hər iki ölkənin
səfirləri və təhsil nazirləri "Azərsun
Holdinq" rəhbərinin həyata keçirdiyi yüzlərlə
humanitar tədbirdən biri olan təhsilə qayğı layihələrini
alqışladılar.
Rəhimzadə M.
Respublika.- 2008.- 4 dekabr.- S.4.