Ulu öndərimizin siyasi kursu uğurla davam etdirilir

 

XX əsrin son onilliyi bəşər tarixinə sovetlər birliyi kimi nəhəng imperiyanın dağılması, Berlin səddinin aradan  götürülməsi, Varşava müqaviləsinin ləğvi, NATO-nun Şərqə doğru genişlənməsi və ən başlıcası dünya birliyinin yeni müstəqillik qazanmış dövlətlər hesabına zənginləşməsi dövrü kimi daxil olunmuşdur.

Müstəqilliyimizin ilk illərində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağla birlikdə ətraf 7 rayonumuz da işğal olunmuşdur. İşğal olunmuş rayonların bir milyona yaxın əhalisi qaçqın və köçkün vəziyyətinə düşmüşdür. Həmin vaxt hakimiyyətdə olan səriştəsiz iqtidar xalqı birləşdirmək, Ermənistanın təcavüzünün qarşısını almaq əvəzinə, öz şəxsi mənafelərini güdmüş, kürsü davası etmişdilər.

Həmin illərdə respublikada bir neçə dəfə hakimiyyət dəyişikliyi baş vermişdir. Azərbaycanda yenicə yaranmış müstəqilliyi möhkəmləndirmək, demokratik, hüquqi, dünyəvi dövlət yaratmaq, respublikanın ərazi bütövlüyünü qoruyub saxlamaq əvəzinə, ölkə uçuruma yuvarlanmışdı.

Ölkə parçalanır, müstəqilliyimiz əldən gedirdi. Belə bir çətin məqamda 1993-cü ilin iyun ayında xalq öz xilaskarına üz tutdu. Xalqın təkidi və xahişi ilə Azərbaycanda hakimiyyətə qayıdan Heydər Əliyev vətənini və xalqını bütün bəlalardan hifz edib qorudu. Ölkədə tədricən sabitlik, əmin-amanlıq bərpa olundu. Əvvəlcə Ali Sovetin sədri, sonra isə xalqın mütləq səs çoxluğu ilə Prezident seçilən Heydər Əliyev qısa bir müddətdə öz uzaqgörən siyasəti ilə Azərbaycanı dağılmaq, parçalanmaq təhlükəsindən xilas etdi. Daxili və xarici düşmənlərin planları məhv oldu.

Heydər Əliyev bir Prezident kimi özünün bütün varlığını, uzun illərdən bəri topladığı dövlət idarəçiliyi təcrübəsini xalqdan əsirgəmədi, Heydər Əliyevin uzaqgörən siyasəti ilə suveren Azərbaycan dövləti öz gələcəyini qurmağa başladı. Bu siyasət eyni zamanda dövlətçiliyimizin möhkəmləndirilməsı və inkışafı məqsədlərınə xidmət etməyə yönəldildi.

Şərq və Qərb arasında dəhliz yolu olması kimi əlverişli geostrateji mövqeyi nəzərə alınaraq yeni yaranmış müstəqil respublikada iqtisadiyyatın müxtəlif sektorlarının inkişafına yardım göstərildi. Heydər Əliyev Azərbaycanın qonşu region dövlətləri ilə sıx əməkdaşlıq xəttinə sadiq qalmaqla yanaşı, dünyanın aparıcı, nüfuzlu dövlətləri ilə geniş əlaqələr yaradılmasına xüsusi fikir verdi.

Heydər Əliyev müstəqil respublikamızı gələcəyə aparmaq üçün yeni planlar, konsepsiyalar işləyib hazırladı. O, bu plan və konsepsiyaları həyata keçirərkən Azərbaycan dövlətinin strateji maraqlarını nəzərə alır, yeni yaradılmış beynəlxalq münasibətlər ilk növbədə, müstəqil Azərbaycanın maraqları üzərində qurulurdu.

Heydər Əliyev ilk növbədə Azərbaycanın sosial-iqtisadi sahəsinə diqqət yetirdi. O, ölkənin sosial-iqtisadi inkişafına neft sektorundan başladı. Bu, onun yeni bir kəşfi idi, yeni yaratdığı neft strategiyası idi. O, bu strategiyanı həqiqətə çevirdi. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin o zaman çəkilişini çoxları əfsanə hesab etdikləri halda, ulu öndər bunu reallığa çevirdi.

1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanması mərasiminin açılışında ümummilli liderimiz demişdir: "Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, xalqımızın öz sərvətinə özünün sahib olduğunu dünyaya bir daha nümayiş etdiririk. Bu müqavilə Azərbaycan Respublikasının dünya birliyində layiqli yer tutmasına kömək edəcək. Ölkəmizin iqtisadiyyatını dünya iqtisadiyyatı, sərbəst bazar iqtisadiyyatı ilə sıx bağlayacaqdır".

Heydər Əliyev Azərbaycan dövlətinin müstəqilliyinin qorunub saxlanması, onun dünya dövlətləri içərisində tanınması üçün çox böyük işlər görmüşdür. Ulu öndər deyirdi: "Azərbaycanın dövlət müstəqilliyi tarixi hadisədir. Azərbaycan xalqının dövlət müstəqilliyi dönməzdir, əbədidir və bizim borcumuz dövlət müstəqilliyini, əldə etdiyimiz milli azadlığı qoruyub saxlamaqdır. Bizim vəzifəmiz bu müstəqilliyi möhkəmləndirməkdən və gələcək nəsillərə müstəqil, qüdrətli, çiçəklənən Azərbaycan dövləti çatdırmaqdan ibarətdir".

Sevindirici haldır ki, müstəqilliyimizin qorunub saxlanılması, milli dövlətçilik ənənələrinin yaranması və inkişafında, demokratik cəmiyyətin formalaşmasında müstəsna xidmətləri olan Heydər Əliyevin siyasi kursu onun ən layiqli siyasi varisi, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan hərtərəfli və dinamik inkişaf edir, müasir infrastruktur yaradılır.

Cənab İlham Əliyev hələ dövlətimizin başçısı seçilənədək ARDNŞ-in birinci vitse-prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti, millət vəkili, Azərbaycan Nazirlər Kabinetinin sədri kimi yüksək vəzifələrdə çalışmış və hər sahədə böyük uğurlar əldə etmişdi.

Məlum olduğu kimi, Heydər Əliyev Naxçıvanda olarkən Yeni Azərbaycan Partiyasının özəyini yaratmışdır. Qısa vaxtda bu partiya respublikamızda aparıcı partiyaya çevrilmişdir. Bu partiyanın sıralarının artmasında, onun inkişaf etdirilməsində cənab İlham Əliyevin böyük xidmətləri və zəhməti olmuşdur.

Cənab İlham Əliyevin Azərbaycanda neft strategiyasının inkişaf etdirilməsində də çox böyük xidmətləri var. Neft strategiyası qısa zaman kəsiyində özünün bəhrəsini verib. Müasir dövrdə Azərbaycan dövləti öz sərvəti olan neftdən çoxlu mənfəət götürməkdədir.

Prezident İlham Əliyev dövlətçiliyimizin mökəmləndirilməsində, iqtisadiyyatımızın inkişaf etdirilməsində, demokratiyanın genişləndirilməsində, Azərbaycanın bütün dünyada tanınmasında böyük səy və əzmlə çalışmışdır və bu gün də çalışır.

Cənab İlham Əliyevin prezidentlik fəaliyyəti dövründə qəbul etdiyi mühüm dövlət proqramlarından biri "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)"dır. Bu proqramda, eyni zamanda, dövlət siyasətinin əsas istiqamətləri də öz əksini tapmışdır. Proqramın həyata keçirilməsinə Prezident ilk gündən özü nəzarət etməyə başladı. Bunun ardınca yeni digər proqramlar qəbul edildi. Bu proqramdan irəli ələn müddəalara əsasən respublikanın bütün bölgələrində müasir infrastrukturun qurulmasına başlandı. Əhalinin sosial vəziyyəti daha da yaxşılaşdı. Regionlarda yeni xəstəxanalar, məktəblər, uşaq bağçaları, mədəniyyət evləri, kitabxanalar, muzeylər tikildi. Rayonlararası yollar bərpa olundu. Bu vaxta qədər bölgələrdə asfalt yolları olmayan kəndlərə, qəsəbələrə, kəndarası yollara asfalt döşəndi. Rayonlara, kəndlərə qaz kəmərləri çəkilişi sürətləndirildi.

Bütün bu işlərin həyata keçirilməsində Heydər Əliyev Fondunun böyük xidmətlərini qiymətləndirmək vacibdir. Fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri millət vəkili Mehriban xanım Əliyeva respublikada bir sıra iri layihələrin, xeyriyyə tədbirlərinin keçirilməsində, kimsəsiz uşaqların, ahılların şəraitlərinin yaxşılaşdırılmasında çox böyük işlər görmüşdür.

Regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində bölgələrdə tikilən müasir Olimpiya Kompleksləri ölkəmizdə idmanın və olimpiya hərəkatının geniş vüsət almasında, gənclərimizin asudə vaxtlarının səmərəli keçmələri istiqamətində atılmış çox dəyərli addımlardır. Bunun bəhrəsini biz idmançılarımızın Sidney və Pekin olimpiadalarında qazandıqları müvəffəqiyyətlərdə bir daha aydın gördük.

Cənab İlham Əliyevin prezidentliyi dövründə respublikada iqtisadiyyat, enerji, təhsil, səhiyyə, ekologiya və digər sahələr üzrə 50-dən çox dövlət proqramı qəbul edilmiş, onlar uğurla icra olunur.

Bu dövrdə respublika əhalisinin sosial problemlərinin həlli üçün çox iş görülmüşdür. Əməkhaqları, pensiyalar dəfələrlə artırılmış, xalqın yaşayış səviyyəsi yüksəlmişdir. Bütün çadır şəhərcikləri ləğv olunaraq əvəzinə ən müasir qəsəbələr salınmışdır.

Qəsəbələrdə 34 məktəb, 24 tibb məntəqəsi tikilib istifadəyə verilmişdir. Yolları asfaltlanmış, digər kommunal tikintiləri başa çatdırılmışdır.

Son beş ildə respublikada 1600-dən çox məktəb binası tikilmiş və təmir olunmuşdur. Məktəblərin əksəriyyəti yeni avadanlıqlarla təchiz olunmuşdur. Məktəblərin əksəriyyəti kompüterlə təchiz edilmişdir.

Prezident İlham Əliyev təhsil sisteminə həmişə yüksək qiymət verib. Bildirib ki, İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq, görərik ki, onlarda uğurun əsas səbəbi neft-qaz deyil, bilikdir, savaddır, müasirlikdir. Bizdə isə həm bu olmalıdır, həm də əlbəttə ki, təbii ehtiyatlar da var. Bu amillərin sintezi Azərbaycanı çox qabaqcıl müasir ölkəyə çevirəcəkdir.

Son beş ildə 741 min yeni iş yeri açılmış, yoxsulluq həddi 49 faizdən 17 faizə enmişdir. Prezidentin apardığı siyasətin ana xəttini əhalinin sosial-rifahının yüksəldilməsi təşkil edir. Dövlət başçısı sosial inkişafa xüsusi diqqət yetirmiş, bu sahəyə aid 20-yə yaxın fərman və sərəncam imzalamışdır.

Əlil və şəhid ailələri üçün 40-a yaxın yaşayış binası qısa müddətdə tikilib istifadəyə verilmişdir. Prezident İlham Əliyev Naxçıvan, Lənkəran, Şirvan, Sumqayıt, Xaçmaz, Mingəçevir, Yevlax, Biləsuvar və digər şəhərlər və rayonlarda bu mənzillərin sahiblərinə verilməsində şəxsən özü iştirak etmişdir.

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin istifadəyə verilməsi Azərbaycan neftini dünya bazarına çıxarmışdır. Bu, eyni zamanda respublikamızı dünyanın qlobal və regional layihələrinin reallaşmasında önəmli çəkiyə malik olduğunun göstəricisidir. Bununla bərabər, dövlət başçısı Azərbaycan iqtisadiyyatının gələcəyini təkcə neftdə deyil, qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsində görür.

Cənab İlham Əliyev respublikanın daxili siyasəti ilə bərabər xarici siyasətin də uğurla həyata keçirilməsinə diqqət yetirir. Bunu, dövlət başçımızın xarici ölkələrə səfərlərinin uğurlu nəticələrində də bir daha görürük.

Xarici ölkələrin dövlət başçıları ilə görüşlərində BMT, Avropa Şurası, NATO, İKT, YƏT, GUAM kimi nüfuzlu təşkilatlardakı çıxışlarında Prezident həmişə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini, Azərbaycan torpaqlarının geri qaytarılması məsələsini qətiyyətlə qaldırır. Son beş il Azərbaycanın dinamik və hərtərəfli inkişafı baxımından keyfiyyətcə yeni mərhələ oldu. 15 oktyabr prezident seçkilərində, xalq şəffaf və demokratik seçkilərdə növbəti dəfə öz şəksiz liderinə—cənab İlham Əliyevə səs verdi. Seçkilərin tam azad və demokratik şəraitdə keçirildiyini nüfuzlu beynəlxalq təşkilatların çoxsaylı müşahidə missiyaları da təsdiqlədi.

Seçkiləri ATƏT, Avropa Şurası, Avropa İttifaqı, Avropa Parlamenti, ATƏT, DTYNV, MDBPA və digər nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri izləmişlər.

Azərbaycanda keçirilən bu prezident seçkisini dünyanın 30-a yaxın xarici kütləvi informasiya vasitələrinin 92 nümayəndəsi də izləmişdir. Nüfuzlu mətbu orqanların nümayəndələri demokratik keçirilən seçkilərin gedişini bütün dünya ölkələrinə yaymışlar.

İndi Azərbaycan öz inkişafının keyfiyyətcə daha yüksək mərhələsinə qədəm qoyub. Əminik ki, ölkəmiz qarşıdakı beş ildə daha da qüdrətlənəcəkdir.

 

Eyyubov İ.

 

Respublika.- 2008.- 4 dekabr.- S.3.