Azərbaycan dünyada öz memarları ilə
tanınır
Son illər ölkəmizin
paytaxtı Bakı şəhəri sözün həqiqi mənasında
geniş quruculuq meydanına çevrilib. Şəhərin
abadlaşdırılması sahəsində xeyli işlər
görülüb və bu proses uğurla davam etdirilir. Yeni
tikilən müasir yaşayış binaları, bərpa
olunan tarixi-memarlıq abidələri, eləcə də mədəniyyət
ocaqları, yenidən qurulan parklar, yeni salınan yollar və
körpülər Bakının simasını çox dəyişdirmiş,
onun cazibəsini daha da artırmışdır. Bununla belə,
paytaxtda memarlıq və şəhərsalmanın inkişaf
problemləri də var və bunlar öz həllini gözləyir.
Bu və digər məsələlərə aydınlıq gətirmək
üçün Azərbaycan Memarlar İttifaqının
birinci katibi, Şərq Ölkələri Beynəlxalq
Akademiyasının vitse-prezidenti, Beynəlxalq Memarlıq
Akademiyasının professoru, Azərbaycanın əməkdar
memarı Elbəy Qasımzadəyə müraciət etdik.
- Elbəy müəllim,
hazırda Bakının işlənməkdə olan yeni
Baş Planının səciyyəvi xüsusiyyətləri
barədə nə deyə bilərsiniz? Yeni plan əvvəlkindən
nə ilə fərqlənəcək?
- Əvvəla, qəzetiniz
vasitəsilə bir memar olaraq, mətbuat işçilərinə
tövsiyəmi bildirmək istəyirəm. Bu gün mətbuatda
Bakı şəhərinin memarlıq və şəhərsalma
problemləri haqda çox yazılır, ayrı-ayrı
mütəxəssislərə istinadən rəy və təkliflər
irəli sürülür. Tövsiyəm budur ki, belə
spesifik məsələlərə aydınlıq gətirilməsi
üçün məhz həmin sahənin bilavasitə
mütəxəssisi olan şəxslərə müraciət
olunsun. Əks halda, problemin həllinə kömək etmək,
məsələ ətrafında düzgün ictimai rəy
formalaşdırmaq əvəzinə, yanlış fikirlərlə
cəmiyyət içində çaşqınlıq
yaradırıq. Elə memarlıqla bağlı mətbuatda
gedən müzakirələrdə hətta Azərbaycanda bu
gün peşəkar və bacarıqlı memarların
olmadığı haqda rəy yaratmağa
çalışanlar da qlur. Halbuki Azərbaycan istər
keçmiş İttifaq dövründə, istərsə də
bu gün dünyada öz milli-tarixi məktəbi olan və bu
ənənəni uğurla davam etdirən memarları ilə
tanınır.
Bəlkə də belə
səhv fikirlər ucbatındandır ki, bu gün ölkəmizdə
hər hansı bir sahədə iş görülərkən
ora xarici mütəxəssisləri cəlb etmək sanki dəb
halını alıb. O cümlədən uzun müddət
haqqında müzakirələr gedən Bakının yeni
Baş Planının da xarici mütəxəssislərin
iştirakı ilə hazırlanması nəzərdə
tutulub. Əlbəttə, təcrübəli xarici mütəxəssislərin
belə işlərə cəlb edilməsi yenilik deyil. Sovet
dövründə də Bakının ilk Baş Planı
1924-cü ildə xarici mütəxəssislərin
iştirakı ilə hazırlanıb. Şəhərin bundan
əvvəlki baş planlarını da əcnəbi hərbi
mühəndislər işləyiblər. Ancaq
unutmamalıyıq ki, Bakı artıq o dövrün
Bakısı deyil. Bu gün Azərbaycanda istər memarlıq,
istərsə də şəhərsalma sahəsındə
kifayət qədər yüksək səviyyəli kadrlar var.
Onlar illər boyu həm lazımi təhsil alıb, həm də
böyük təcrübə toplayıblar. Etiraf edək ki,
XX əsrin müharibədən sonrakı dövründən
bugünədək Bakını tikən, burada yeni memarlıq
əsərlərini yaradanlar məhz azərbaycanlı memarlar
olub. Əlbəttə, Bakının Baş Planının
işlənməsinə əcnəbiləri məsləhətçi
kimi cəlb etmək olar, lakin bu işi ilk növbədə,
Bakıya ürəkdən bağlı olan, şəhərin,
eləcə də yerli əhalinin xüsusiyyətlərini dərindən
bilən mütəxəssislər görməlidir. Bir az da
obrazlı ifadə etsək, bu iş Bakı təbiətinin hərarətini
duyan, Bakı torpağının barlı-bərəkətli
nemətinin dadını bilən, Bakı ab-havası ilə
yaşayıb yetişən memarlara həvalə
olunmalıdır. Axı, onlar göz açıb, məhz
Bakının Qala divarlarını, Qız qalasını,
Şirvanşahlar sarayını, İsmailiyyəni
görüb və bu şəhərə öz töhfələrini
vermək arzusu ilə yaşayıb, memar olublar. Məncə,
Bakının yenidən qurulması işini də məhz bu
sevgini yaşayanlara həvalə etmək lazımdır.
Bakının yeni
Baş Planını əvvəlki 1986-2005-ci illəri əhatə
edən variantla müqayisə etsək, nəzərə
almalıyıq ki, bu gün ölkədə siyasi,
sosial-iqtisadi münasibətlər artıq tam dəyişib.
Azərbaycan hətta keçid dövrünü arxada qoyub.
Sovet dövründə Baş Plan təsdiqlənərkən
onun sifarişçisi də, icraçısı da yalnız
dövlətin özü olurdu. Yəni bu planı tutan və
ona uyğun aparılan quruculuq işlərini maliyyələşdirən
də dövlət idi. Məsələn, o zaman Baş Plana əsasən,
əhalinin köhnə yaşayış evlərindən yenilərinə
köçürülməsi dövlət vəsaiti
hesabına həyata keçirilirdi. İndi isə bazar
iqtisadiyyatı şəraitində bu kimi işlər əsasən,
fərdi kapitalın, investorların öhdəsinə
düşür. Onlar isə hər bir sahədə olduğu
kimi, şəhərsalmada da şübhəsiz ki, rentabelli
layihələrə kapital yönəldəcəklər.
İnvestorlardan onlar üçün maraqlı və səmərəli
olmayan hər hansı bir tikintiyə sərmayə
qoymasını tələb etmək absurd olardı. Deməli,
yeni Baş Plana görə aparılacaq quruculuq işlərində
sərmayədarların da maraq və imkanları nəzərə
alınmalı, şəhərin inkişaf etdirilməsi
qarşılıqlı fayda əsasında həyata
keçirilməlidir. Ümumiyyətlə, yeni Baş Plan tam
konseptual xarakter daşımalıdır. Orada hər hansı
mütləq dəqiqlik və ya şərtlər göstərilməməlidir.
Dünyanın heç bir ölkəsində bu səviyyədə
Baş Plan hazırlanmır. Planda şəhərin genişləndirilməsi
və inkişafına dair ümumi istiqamətlər müəyyənləşdirilməlidir.
Məsələn, bəzi
fikirlər var ki, Bakı Badamdar qəsəbəsi və ya
Sumqayıt şəhəri istiqamətində genişləndirilməlidir.
Əslində, Bakı özü xaotik olsa da,
inkişafdadır. Bu gün, demək olar ki, Bakı və
Sumqayıt şəhərləri birləşmək üzrədir.
Lakin bu baş verərsə, o zaman Bakı kəndlərinin
Abşeron yarımadası boyunca birbaşa nəqliyyat əlaqələrində
çətinlik yaranar və kəndlər təcrid vəziyyətinə
düşər. Əlbəttə, gələcəkdə
Bakı kəndlərinin də şəhərin özü ilə
birləşməsi gözləniləndir. Lakin bu da Bakı
şəhərinin meqapolisə çevrilmə təhlükəsini
yaradır ki, nəticədə şəhərdə
yaşayış mürəkkəbləşər. Üstəlik,
nəzərə alınmalıdır ki, müxtəlif səbəblərdən
Bakıda əhalinin sayı durmadan artmaqdadır.
Ümumiyyətlə,
daim inkişafda olan hər bir şəhər kimi
Bakının da yeni Baş Planı dinamik şəkildə
olmalıdır. Məsələn, Minsk şəhərinin
yeni Baş Planı iki il öncə təsdiqlənsə də,
artıq həmin plan üzərində dəyişikliklər
edilməsi aktuallaşıb. Yəni bunu həyatın
dinamikası tələb edir və Baş Plan da həmin tələblərə
cavab verməlidir. Moskvada da belədir. Məncə, bu təcrübədən
biz də yararlanmalıyıq. Yəni Baş Plan üzərində
daim təkmilləşmələr aparılmalıdır.
- Bu gün Bakı şəhərində
xaotik inşa edilən tikililər əhalidə narahatlıq
doğurur. Sizcə, qanunvericilik qaydasında belə tikililərin
ləğvinə dair qərar verilərsə, bu işi
praktiki baxımdan həyata keçirmək mümkün
olarmı?
- Xaotik tikililər deyəndə,
biz nəyi nəzərdə tuturuq? Əlbəttə, Baş
Plana uyğun tikilməyən binaları. Lakin söhbətimizin
əvvəlində qeyd etdik ki, Bakının keçmiş
Baş Planı yeni siyasi, sosial-iqtisadi şəraitdə
reallıqlara cavab vermir. Xaotik tikililər həm də bunun nəticəsində
meydana çıxıb. Axı, cəmiyyətin artan tələbatına
uyğun olaraq nə isə tikilməli, yaradılmalı idi.
Dedik ki, artıq dövlət yox, əsasən fərdi kapital
hesabına tikinti işləri aparılır və bu təbii
prosesin qarşısını almaq mümkün də deyil.
Şübhəsiz, yeni tikililər bəzən miqyasına
görə, bəzən də hər bir məhəllənin
şəhərsalma kompozisiyası nəzərə alınmadan
meydana çıxdığı üçün
narahatlıq doğurur, söz-söhbətə səbəb
olur. Bəzən deyirlər ki, bunlar qanunsuz inşa edilib. Lakin
bu, mümkün deyil, heç bir göydələn
özbaşına inşa edilə bilməz. Onların
tikintisinə mütləq qaydada bir neçə hüquqi mərhələni
adlamaqla icazə verilir. Bu, məsələnin qanuni tərəfi.
Deməli, xaotik hesab edilən tikililər ləğv edilərsə,
o zaman həmin obyektlərin dəyəri sahiblərinə
ödənilməlidir. Bu isə sonsuz və lazımsız
maddi məsrəflər deməkdir. Məsələnin bir tərəfi
də var ki, o da həmin binaların ümumiyyətlə,
sökülməsinin fiziki baxımdan mümkün
olub-olmamasıdır. Bu, çox mürəkkəb, həm də
təhlükəli bir iş olardı.
Onu da deyim ki, dünya
şəhərlərinin həyatında belə bir təcrübəyə
təsadüf olunmayıb. Düzdür, Moskvada istismar müddəti
başa çatan standart panel-beton binalar ləğv edilir,
lakin bu, başqa məsələdir və məqsədyönlü
bir addımdır. Bakıdakı xaotik tikintilərə gəlincə,
çıxış yolu, sadəcə, prosesin tənzimlənməsi,
idarə olunmasıdır ki, bu istiqamətdə də yeni
Baş Plan mühüm rol oynaya bilər.
- Xaotik tikililər
Bakının amfiteatr görkəminə də xələl gətirir...
Bəs, Bakının bu görkəminin qorunub
saxlanılması prinsipial əhəmiyyət
daşımır? - Bəli, bu, prinsipial məsələdir. Həqiqətən
Bakının panoramını seyr etdikdə, bir çox
hündürmərtəbəli binaların şəhər
üzərində meşə görüntüsü
yaratdığına təəssüflənirsən. Əlbəttə,
nəticədə, şəhərin amfiteatr görkəminə
xələl gəlib. Lakin dediyimiz kimi, proses idarə olunarsa,
şəhərin təbii landşaftını qorumaq olar və
lazımdır da. Bəzən deyirlər ki, kimdir şəhəri
dənizdən seyr edən ki, onun dəniz fasadının görünüşünü
də saxlamaq lazım gəlsin... Məgər, dəniz gəzintisinə
çıxarkən, Bakını kənardan seyr etmək adama
xoş gəlmir? Deməli, ürəkaçan bir mənzərə
ilə qarşılaşmaq istəyiriksə, Bakının
amfiteatr görkəmini həm memarlıq, həm də təbii-coğrafi
bir nemət baxımından qoruyub saxlamalıyıq.
- Köhnə və yeni
tikililər arasında məzmun və forma
oxşarlığını təmin etmək
üçün hansı şərtlərə mütləq
qaydada əməl edilməlidir?
- Bu da polemikaya səbəb
olan bir məsələdir. Memarlıq tarixi ilə məşğul
olan bəzi mütəxəssislərimiz deyirlər ki, şəhərin
tarixi mərkəzində müasir binalar tikilməməlidir.
Məncə, bu, tam düzgün fikir deyil. Çünki
memarlıq öz epoxasını, müasir zamanı əks
etdirən yaradıcı bir sənətdir. Hər bir insan da
geyimində müasir dövrün tələblərinə
riayət etməyə məcburdur. Ümumiyyətlə,
tarixilik məsələsinə yanaşmada da bəzən səhvə
yol veririk. Məsələn, Bakının bəzi tarixi ərazilərində
qədim üslubda binalar tikilir. Bunlarda klassik Avropa
memarlığının bir çox elementləri
qarışıq bir şəkildə əks olunur. Bunun mahiyyətini
soruşduqda, deyirlər ki, bu, bizim milli-tarixi
memarlığımızdır... Axı, Bakıda bu
üslubda binalar XIX-XX əsrlərdə məhz avropalı memarlar
tərəfindən inşa edilib və özü də Avropa
memarlığını nümayiş etdirib. Məncə, XXI
əsrin memarlığı müasir olmalıdır. Əlbəttə,
Bakının İçərişəhər
Tarix-Memarlıq Qoruğu istisna olmaqla, şəhərin digər
tarixi ərazilərində qədim binalarla yanaşı,
müasir binalar da tikilə bilər. Unutmayaq ki, artıq ötən
əsrin ortalarında tikilən bir sıra binalar da bu gün
tarixi memarlıq abidələri kimi dövlət
qeydiyyatına götürülüb. Yəni 50 il sonra da
müasir binaların bir çoxu tarixə çevriləcək,
memarlıq abidəsi kimi qorunacaq. Qədim və müasir
tikililər arasında oxşarlığı təmin etmək
məsələsində söhbət miqyasdan gedə bilər.
Məsələn, Bakı üçün xüsusi əhəmiyyət
daşıyan "Azneft" meydanında tikilən binalar ətrafdakı
qədim tikililərlə eyni hündürlükdə
olmalı, digərlərinə təzyiq göstərməməlidir.
Burada hər hansı müasir bina ərazinin ümumi görkəmində
özünü qabarıq büruzə verməməli, digər
tikililərlə həmahəng olmalıdır. Məncə, əsas
şərtlər bunlardır.
- Bakının
tarixi-coğrafi simasından söz düşmüşkən,
şəhərin qala divarlarının rəmzi bərpası
ideyasına necə baxırsınız?
- Bu işdə incə
bir məqam var, o da abidənin tarixiliyinin
toxunulmazlığından irəli gəlir. Tarixi abidə
üzərində hər hansı iş, yalnız onun
mühafizəsi və ya ömrünün uzadılması ola
bilər. Odur ki, Qala divarlarını orta əsrlərdəki
sərhədləri hüdudunda bərpa etmək, məncə,
düzgün deyil. Axı, bu, artıq qədim divarlar yox, XXI əsrdə
tikilən divarlar olacaq? Həm də Bakının Qala
divarlarının indiki görkəmi heç də ilkin vəziyyətində
olduğu kimi deyil. Məlumdur ki, ötən əsrdə Qala
divarları üzərində aparılan bərpa işləri
zamanı abidə ilkin görünüşündən bir qədər
fərqli tərzdə qurulub. Bu gün əsas vəzifəmiz
Qala divarlarını indiki halında mühafizə edib, gələcək
nəsillərə təhvil vermək olmalıdır. Təəssüf
ki, yeni dövrdə Qala divarlarının sökülməsi
hallarına da rast gəlinir...
- Neftçilər
prospektində avtomobillərin hərəkətinin
"Azneft" meydanınadək dayandırılması və
prospekt ərazisinin dənizkənarı bulvara qatılması
ideyasına necə baxırsınız?
- Öncə,
xatırladım ki, 1998-ci ilin dekabrında ümummilli liderimiz
Heydər Əliyevin fərmanı ilə dənizkənarı
bulvara Milli Park statusu verilib. O zaman, fərmana əsasən,
Milli Parkın yeni Baş Planının layihəsi
hazırlansa da, ancaq obyektiv səbəblərdən təsdiqlənməmiş
qaldı. Həmin layihədə dediyiniz məsələlər
qismən nəzərə alınıb. Yəni avtomobillərin
tam prospekt boyu yox, onun bir neçə hissəsində, məsələn,
Muzey Mərkəzi və Qız qalası qarşısında,
Əziz Əliyev və Hacı Zeynalabdin Tağıyev
küçələri arasındakı ərazilərdə
yeraltı tunel vasitəsilə hərəkət etməsi təklif
olunurdu. Bu halda, əlbəttə ki, bulvarın ərazisi
genişlənər və piyadaların həmin istirahət
yerinə gediş-gəlişi asanlaşar. Eyni zamanda, layihəyə
əsasən, "Azadlıq" meydanının altında
geniş avtoparkın tikintisi də nəzərdə tutulub. Məncə,
bu məsələyə yenidən baxıla bilər.
Çünki hazırda bulvar ərazisində geniş
abadlıq işləri aparılır, eləcə də yeni
mədəni və kommersiya obyektləri tikilir ki, bu da
yaxın perspektivdə həmin əraziyə əhalinin
axınını artıracaq.
- Maraqlı söhbətə
görə təşəkkürümüzü bildiririk.
Nuriyeva T.
Respublika.-
2008.- 4 dekabr.- S.6.