İlmələrin nəğməsi

 

İncə naxışların, zərif ilmələrin nəğməsini dinləmək istəyirsinizsə, yolunuzu Dəvəçidəki "Pirəbədil" xalça fabrikindən salın.

Əvvəllər kiçik bir sexdən ibarət olub artel adlanan bu müəssisə indi rayonun iri sənaye obyektlərindəndir.

Müsahibim fabrikin direktoru Məleykə Xəlilovadır. Bu qədim el sənətinin mahir bilicilərindən olan Məleykə xanım uzun müddətdir ki, bu sənət ocağına bacarıqla rəhbərlik edir. Məleykə xanım deyir:

1953-54-cü illərdə Dəvəçi qəsəbəsində yeni xalçaçılıq emalatxanası yaradıldı, kəndlərdə isə 50-80 nəfərlik sexlər açıldı.

1954-cü ildə xalça ustaları hazırlamaq üçün ikiillik kurslar açıldı. Qubada açılan bu kurslarda dəvəçili qızlar da təhsil alır, bu qədim el sənətinin sirlərinə yiyələnirdilər. Qeyd edək ki, belə kurslar ilk dəfə Azərbaycanda elə Quba şəhərində açılmışdı. 1933-cü ildə yaradılmış bu təhsil kombinatı Azərbaycanın xalça sənəti tarixində mühüm hadisə idi. Quba təhsil kombinatının 1935-ci ildə ikiillik, 1936-cı ildə isə birillik buraxılışları olmuşdu.

Xalçaçılıq fabriki deyəndə, ilk növbədə sənət ocağını düşünürük. "Pirəbədil" xalça fabriki də sözün əsl mənasında, sənət ocağını xatırladır.

Fabrik münasib, ikimərtəbəli, işıqlı bir binada yerləşir.

Xalqımızın əsrlərdən bəri nənələrdən nəvələrə ötürülərək qoruyub saxladığı bu qədim el sənətimiz, məhz "Azərxalça" Elm-istehsalat Birliyinin hesabına bugünkü səviyyədə qorunub saxlanmış və inkişaf etdirilmişdir.

Bu müəssisədə toxunan xalçalar əsasən dünya bazarına çıxarılır və alıcılar tərəfindən həm də yüksək qiymətləndirilir. Fabrik dövlət sifarişinə bir qayda olaraq artıqlaması ilə əməl edir.

 

"ÇİÇİ", "PİRƏBƏDİL" DİLLƏR ƏZBƏRİ..."

 

Bu sərlövhə unudulmaz şairimiz Hüseyn Arifin şeirinin misrasıdır.

Bəli, "Pirəbədil" xalçasının adı, şöhrəti şeirlərdə də tərənnüm olunub.

Pirəbədil çeşnisi öz koloriti, yüksək zərifliyi, ornament detallarının zərgər dəqiqliyilə işlənməsi, şəkillərin incəliyi ilə şöhrət qazanıb. Burada ən populyar motivlər üslublaşdırılmış qoç buynuzları və nəbati naxışlardır. Xalçanın orta hissəsində "buynuz" motivindən geniş istifadə edilir. İlk baxışda adama elə gəlir ki, xalçadakı ornamentlər müxtəlif səciyyə daşıyır. Lakin xalça ilə yaxından tanışlıq zamanı belə qənaətə gəlirsən ki, kompozisiyadakı bütün bəzək ünsürləri vahid bir ideyaya xidmət edir. Burada el sənətkarları təbiət və əşyalar haqqında öz təsəvvürlərini ilmələrin dili ilə ümumiləşdirmişlər. "Pirəbədil" xalçasında bu yerlərin çölünün, çəməninin, dağlarının rəngi, zəngin bitki və heyvanat aləmi, mavi səması naxışların dili ilə öz əksini tapıb. El sənətkarlarının toxuduğu bu çeşnidə heç vaxt bir xalça digərini təkrar etməyib, hər bir sənətkar ümumi mənzərədən savayı ona öz təxəyyülünün məhsulu olan yeni bir naxış vurub. Bu da sənətkarın öz işinə yaradıcı münasibətin bariz nümunəsidir.

"Pirəbədil" xalçasının rəng və naxış xəzinəsi kimi kompozisiya dünyası da zəngin və mənalıdır. Xalçanın ümumi mənzərəsi öz simmetrik dəqiqliyi, naxışlarının düzülüşü cəhətdən də fərqlənir. Ölçüsü adətən 2,5 x 1,5 metr olan xalçalar beş barmağı olan güldən ibarətdir. Hər barmağın arasında iki dəfə bir çit gülü yə üzbəüz iki qırxdırnaq salınır. Ümumiyyətlə, xalçada beş qırxdırnaq salınır. Xalça midəxil, iki qızılgül, bir əyri, iki cadi və bir böyük zəncirlə haşiyələnir. "Pirəbədil" xalçası özünə məxsus orijinal kompozisiyası, rəmzi mənası, bəzək ünsürləri və rənglərin koloriti ilə də göz oxşayır.

Pirəbədil kəndində, həm də "Herat Pirəbədil" çeşnili xalçalar toxunub. El arasında bəzən buna "Urusiyyət" də deyirlər. Bunun da maraqlı bir tarixçəsi var. 1913-cü ildə rus imperiyasının paytaxtı Peterburqda müxtəlif sənətkarlıq nümunələrindən ibarət sərgi təşkil edilir. Sərgidən   əvvəl   Peterburqdan parça üzərində çəkilib göndərilmiş eskizi o zaman Pirəbədilin məşhur ustalarından Münəvvər Əfəndiyevaya tapşırırlar. Onun toxuduğu xalça Rusiyada keçirilən müxtəlif sərgi və yarmarkalarda nümayiş etdirilərək böyük şöhrət qazandığından sonralar bu çeşninin adı "Urusiyyət" qalır.

"Herat Pirəbədil" xalçasının kompozisiyası Əfqanıstanın Herat şəhərində toxunan çeşninin yerli interpretasiyasından ibarətdir. Lakin "Herat Pirəbədil" öz forma və rənglərinin həllinin koloritliyinə görə Əfqanıstan xalçasından tamam fərqlənir. Bu xalçalar bitki motivlərinin zənginliyi və rəngarəngliyi ilə seçilir.

El sənətkarlarımız toxuduqları xalçalarda nəbati naxışlarından istifadə etməklə yanaşı, quş və heyvanların təsviri ilə yaranmış naxışlardan, həndəsi naxış elementlərindən də istifadə edərək gözəl sənət nümunələri yaratmışlar.

 

TARİXDƏN YARPAQLAR

 

1926-cı ildə bir sıra xalçaçılıq mərkəzlərində, o cümlədən Qubada ətraf kəndlərdə istehsal edilmiş müxtəlif çeşnili xalçalardan ibarət sərgi açıldı. Bu sərgi Zaqafqaziya Dövlət Ticarət İdarəsi tərəfindən təşkil edilmişdi. Sərgidə həm bədii, həm də texniki cəhətdən keyfiyyətli xalça toxuyan ustalar mükafatlandırıldı.

Sərgidə nümayiş etdirilən eksponatlar arasında öz klassik kompozisiyası ilə məhşur olan Pirəbədil kəndində toxunan xalçalar xüsusilə fərqlənirdi. "Pirəbədil" xalçaları sərginin birinci, ikinci və üçüncü mükafatlarına layiq görüldü.

Qeyd edək ki, sərgidə nümayiş etdirilən 210 xalçadan yalnız onu mükafata layiq görülmüşdü.

Sərginin birinci mükafatına 2,5 x 1,5 metr ölçüdə Zibeydə Yarməmmədovanın toxuduğu "Pirəbədil" xalçası layiq görüldü. Xalça bilicisi sənətşünas V.M.Zummer onu "kəndli rəssam" adlandırdı.

İkinci mükafata da elə bu kənddə toxunmuş "Herat Pirəbədil" xalçası layiq görüldü.

Bu sərgidə Pirədəbil ilə qonşuluqda yerləşən Zeyvə kəndində toxunan xalçalar da böyük müvəffəqiyyətlə nümayiş etdirildi.

1929-cu ilin avqust ayında Moskvada Şərq mədəniyyəti muzeyində "Azərbaycan xalçası" adlı sərgi açıldı. Sərgidə cəmi 14 xovlu və xovsuz Azərbaycan xalçası nümayiş etdirilirdi. Nümayiş etdirilən 14 xalçadan biri də "Pirəbədil" xalçası idi.

Min il bundan qabaq ərəb səyyahı Əl-Müqəddəsi xalçalarımıza öz heyranlığını gizlədə bilməyərək belə yazmışdı: "Burada toxunan xalçaların misli-bərabəri yoxdur..."

 

Tağıyev A.

 

Respublika.- 2008.- 4 dekabr.- S.5.